Şriftin ölçüsü :

Saytın rəngi :

Görülən işlər

Görülən işlər

Azərbaycan Respublikası Prezidentinin 2020-cı il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin Qəbələ rayonunda icrası barədə

Məlumat

”Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli fəaliyyət planı”na uyğun olaraq rayon icra hakimiyyəti tərəfindən aşağıdakı tədbirlər icra edilmişdir.

Məlum koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar 2020-ci il ərzində korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı rayonda təlimlər, maarifləndirmə tədbirləri keçirilməsi üçün bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən müraciətlər olmamışdır. Bu barədə hər hansı bir müraciət daxil olarsa qarşıdakı dövr ərzində karantin rejiminin tələblərinə uyğun olaraq rayon icra hakimiyyəti tərəfindən müvafiq köməklik göstəriləcəkdir.

Müasir dövrün əsas tələblərindən biri də vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalar tətbiq etməklə həyata keçirilməsidir. Bu məqsədlə rayon icra hakimiyyətində vətəndaşlar üçün tələb olunan müvafiq sənədlərin elektron qaydada əldə olunması üçün rəsmi internet səhifəsində bütün imkanlar yaradılmışdır.

2020-ci il ərzində rayon icra hakimiyyəti başçısı tərəfindən tabeli qurumların iştirakı ilə onlayn-müşavirələr keçirilmişdir. Keçirilən müşavirələr zamanı etik davranış məsələlərinə toxunulmuş, bu istiqamətdə maarifləndirmə işləri aparılmış, etik davranış qaydalarının pozulması hallarına yol verilməməsi ciddi tapşırılmışdır.

Bununla yanaşı rayon icra hakimiyyətində vətəndaşların müraciətlərinin elektron qaydada qəbul edilməsi ilə bağlı rəsmi internet səhifəsində yaradılmış elektron poçt ünvanı vasitəsilə qəbul olunan hər bir müraciətə böyük diqqət ilə yanaşılaraq onları narahat edən problemlərin maksimum həllinə nail olmağa səy göstərilmişdir.

Həmçinin RİH-də fəaliyyət göstərən Apellyasiya şurası barədə ətraflı məlumat rayon icra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş, rayonda fəaliyyət göstərən sahibkarlar tərəfindən bu müddət ərzində Apellyasiya şurasına hər hansı bir müraciət daxil olmamışdır.

RİH başçısı yanında keçirilmiş bütün Şura iclaslarında və rayon icra hakimiyyətində yaradılmış komissiyalarda qeyri-hökumət təşkilatlarının və eləcə də ictimai təşkilatların nümayəndələrinin iştirakı təmin edilmişdir.

Qəbələ Rayon İcra Hakimiyyətində “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQD nömrəli Qanununa əsasən rayon icra hakimiyyəti yanında başçının müvafiq sərəncamı ilə İctimai Şura yaradılmışdır.

Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində hökumətlə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə rayon icra hakimiyyətinin rəsmi internet səhifəsində “Açıq məlumatlar” bölməsi yaradılmışdır.

”Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli fəaliyyət planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası rayon icra hakimiyyəti tərəfindən bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər