Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Qəbələdə

02 iyun 2013 | 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” devizi altında keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları tanışlıq məqsədi ilə Qəbələ rayonuna gəlmişlər. Qəbələ Beynəlxalq Hava Limanında qarşılanan qonaqlar rayonun tarixi mədəni abidələri, istehsal müəssisələri və turizm sektoru ilə yaxından tanış olmuşlar. Qonaqlara  rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu gün Respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Beynəlxalq və iri miqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın füsunkar və ecazkar təbiətə malik olduğunu bir daha təsdiq edir. İlk öncə forum iştirakçıları rayon Tarix-diyarşünaslıq muzeyi ilə tanış olmuşlar. Muzeylə tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Muzeyin ayrı-ayrı zallarındakı eksponatlarla tanış olan qonaqların diqqətini 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günədək gəlib çatmış möhtəşəm qala divarının, bürc və darvazasının maketi və orada aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri cəlb etmişdir. Daha sonra qonaqlar "Beltmann" piano fabrikində istehsal prosesini yaxından izləmişlər. Bildirilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada "Beltmann" markalı pianolar istehsal edən yeganə müəssisədir. Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən bu müəssisə inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 pianonun istehsal edilməsi mümkündür. Rayonun tarixi-mədəni abidələri ilə yaxından maraqlanan qonaqlar  Nic qəsəbəsindəki Alban məbədi və Çuxur Qəbələ kəndi ərazisindəki 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin bu günədək gəlib çatmış qala divarının qalıqları, və burada aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, Qədim Qəbələ şəhərinin qalıqlarını və onun ətrafında aşkar edilmiş bir çox arxoloji tapıntıları mühafizə etmək məqsədi ilə 1985-ci ildə burada 480 hektar sahəni əhatə edən Qəbələ tarix – mədəniyyət qoruğu yaradılmışdır. Qeyd olunmuşdur ki, bu sahənin imkanlarını və inkişaf perspektivini nəzərə alaraq son illər Qəbələdə müasir beynəlxalq standartlara cavab verən geniş infrastruktur şəbəkəsi yaradılıb. Bunun nəticəsi olaraq Qəbələyə turist axını da güclənib. Diqqətə çatdırıldı ki, 2005-ci ildən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birlikdə Qəbələdə beynəlxalq ekspedisiyaların birgə tədqiqatlar aparması istiqamətində bir çox işlər görmüşlər 2009-cu ildən isə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə ilk 13 nəfər azərbaycanlı mütəxəssis və 10 nəfər koreyalı mütəxəssislərdən ibarət Azərbaycan-Koreya arxeoloji ekspedisiya qrupu burada tarixi məkanın araşdırılması istiqamətində çox böyük nailiyyətlərə imza atmışlar.Səfər çərçivəsində qonaqlar rayonun turizm imkanları ilə də yaxından maraqlanmışlar. Rayonda yaradılmış müasir turizm obyektlərindən "Qafqaz Riverside", "Qafqaz Resort", "Qafqaz Sport" otelləri, "Fitnes" istirahət-sağlamlıq mərkəzləri, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri nümayəndə heyətində zəngin təəssürat yaratmışdır.

Keçidlər