Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Körfəz əməkdaşlıq Şurasının (KƏŞ) Baş Katibi Əbdüllətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyəti Qəbələdə

11 iyun 2013 | 15:00

Körfəz əməkdaşlıq Şurasının (KƏŞ) Baş Katibi Əbdüllətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfərləri çərçivəsində Azərbaycanın turizm imkanları ilə tanış olmaq məqsədilə Qəbələ rayonunda olmuşlar. Qəbələ rayonunda hörmətlə qarşılanan nümayəndə heyəti rayonun turizm imkanları ilə yaxından maraqlanmış, fəaliyyət göstərən istehsal müəssisələrində istehsal prosesini yaxından izləmişlər. İlk öncə nümayəndə heyətinin üzvləri inşası davam edən "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisinə də baxış keçirmişlər. Burada qonaqlara   bildirilmişdir ki,   dağlıq ərazidə yerləşən, istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Diqqətə çatdırılmışdır ki, burada kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaqdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. Artıq altı stansiyada quraşdırma işləri başa çatmışdır. Bir-birindən 1414 metr məsafədə və dəniz səviyyəsindən 1250 metr və 1650 metr hündürlükdə olan stansiyalarda quraşdırma işləri aparılmışdır. Qeyd olunmuşdur ki, hazırda inşa edilən dağ-xizək idmanı bazasının bilavasitə yaxınlığında yerləşən "Qafqaz Resort" otel kompleksi üç otel binasından, SPA mərkəzindən, əyləncə parkından ibarət olmaqla yay istirahəti üçün bütün imkanlara malikdir. Belə şəraitdə "Qafqaz Resort" otel kompleksində qış istirahət məkanının yaradılması, yəni otelin yaxınlığında dağ-xizək idman növləri üçün kompleksin inşa edilməsi bütün fəsillərdə ekskursiya və digər fəal istirahət imkanlarının mövcudluğu ilə yanaşı, otel yaxınlığında həm də qış idman növləri ilə məşğul olmağa imkan verəcəkdir. Nümayəndə heyəti rayonun istehsal müəssisələrində olan Qəbələ Konserv zavodu və  Piano fabrikində də istehsal prosesini yaxından izləmişlər. Qonaqlara müəssisələrin fəaliyyəti barədə ətraflı məlumat verilmiş, müəssisədə istehsal olunan yerli məhsullara baxış keçirilmişdir. Daha sonra Əbdüllətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyəti rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksinə baxış keçirmişlər. Bildirilmişdir ki, burada atıcılıq idmanının daha çox yayılan və olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılmışdır. Kompleksin ərazisində olimpiya yarışlarında tətbiq edilən və bütün texniki inventarlarla təchiz olunan sahə də yaradılmışdır. Burada yarışların izlənilməsi üçün ayrıca tamaşaçı bölməsi qurulmuş, nəticələri qeydə alan elektron tablo yerləşdirilmişdir. Bundan əlavə, klubun ərazisində 1200 kvadratmetr sahədə 10 metrlik, 3 min kvadratmetr sahədə isə 25 metrlik tirlər quraşdırılmışdır. Burada uşaq və yeniyetmələr üçün tədris mərkəzi də yaradılmışdır. Ümumilikdə 300 kvadratmetr sahədə silah anbarı, 4,5 hektar ərazidə beş dairəvi və səngər stend atıcılığı meydançası, 4 min kvadratmetr sahədə səkkiz sporting meydançası inşa edilmişdir. Dairəvi və səngər stend atıcılığı avadanlığı Fransadan, sporting avadanlığı İngiltərədən, tir avadanlığı İsveçrədən, elektron tablo isə İtaliyadan gətirilmişdir. Qəbələ rayonu ilə tanışlıqdan məmnunluqlarını ifadə edən nümayəndə heyəti  Qəbələ rayonunun füsünkar təbiəti olduğunu vurğulamış, bu yerin  geniş turizm potensialı olduğunu qeyd etmişlər.

Keçidlər