Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan-Koreya arxeoloji ekspedisiyasının yekun işlərinə dair tədbir keçirilmişdir

01 iyul 2013 | 09:00

Qəbələ rayonunda Azərbaycan-Koreya arxeoloji ekspedisiyasının yekun işlərinə dair mətbuat konfransı keçirilmişdir. Rayonun Çuxur Qəbələ kəndində yerləşən Arxeoloji Mərkəzdə keçirilən konfransdan öncə Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn, Qəbələ arxeoloji ekspedisiyasının rəisi, AMEA-nın müxbir üzvi, professor İlyas Babayev, Koreya eskpedisiyasının rəhbəri, Seul Milli Universitetinin professoru Yi Seon-Bok, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədr müavini İrina Zeynalova, arxeoloqlar, tarixçilər, KİV nümayəndələri qazıntı aparılan ərazilərə baxış keçirmişlər. Məlumat verilmişdir ki, Azərbaycan-Koreya arxeoloji ekspedisiyası 2009-cu ilin yayında SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, maliyyə və təşkilatı dəstəyi ilə fəaliyyətə başlamışdır. O vaxtdan etibarən Qafqaz Albaniyası dövlətinin paytaxtı, sonralar isə Azərbaycan və Şərqin tarixində əhəmiyyətli şəhər olmuş Qəbələnin (e.ə.IV-b.e.XVIII əsrləri) üç tarixi ərazisində, eləcə də Paleolit, Eneolit və Erkən Tunc dövlərinə aid şəhərkənarı ərazilərində hər il arxeoloji tədqiqatlar aparılır. Bildirilmişdir ki, Qəbələdəki arxeoloji tədqiqatlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları və Koreyanın bir neçə elmi mərkəzinin mütəxəssislərindən ibarət komanda tərəfindən aparılır. Bu elmi mərkəzlərdən Seul Milli Universiteti (SMU), Çunqbuk Milli Universiteti, Hanşin Universiteti, Hanseo Universiteti və digərlərinin adlarını çəkmək olar. 2013-cü ildə isə tədqiqatlar sahəsi 1500 kvadratmetr olan şəhərin Antik ərazisində davam etdirilmişdir. Dördüncü qazıntı sahəsində e.ə.III-II əsrlərə aid olan tikili qalıqları, içərisində taxıl qalığı olan təsərrüfat küpləri, saxsı qab fraqmentləri tapılmışdır. Əvvəlki üç oval tikilinin yanında yerləşən dördüncü oval tikilinin də qazıntısı qədim Qəbələnin möhtəşəm memarlığından xəbər verdiyindən uğurlu hesab edilə bilər.2013-cü ildə Qəbələ şəhərinin I-XI əsrlərə aid ərazisi olan Səlbirin bir neçə ərazisində şimali-qərb, qərb və cənubi-qərb istiqamətlərində tədqiqatlar aparılmışdır. Qazıntılar nəticəsində şəhərin müdafiə istehkamlarının bəzi hissələri, müxtəlif növ tikililər (şəxsi evlər, istehsalat tikililəri, hovuz, su kəməri, çirkab suları xətti), qəbirlər, eləcə də katakomba tipli qəbirlər, saxsı qablar, bəzək əşyaları aşkara çıxarılmışdır. Bu tapıntılar I-XI əsrlərə aid şəhərsalma və şəhər həyatının səviyyəsini təqdim etməyə imkan verir. Məlumat verilmişdir ki. 2013-cü ildə tapılmış ən maraqlı maddi-mədəniyyət nümunələrinin saxlanılması və mütəxəssislər tərəfindən laboratoriya işlərinin aparılması üçün lazımi şərait yaradılmışdır.

Keçidlər