Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Gənc xilasedici və yanğınsöndürən” adlı respublika birinciliyi və beynəlxalq turnir başa çatmışdır.

08 iyul 2013 | 15:00

Fövqəladə Hallar Nazirliyinin Qəbələdə yerləşən N saylı hərbi hissəsində Ümummilli lider Heydər Əliyevin 90 illiyik yubileyinə həsr edilmiş “Gənc xilasedici və yanğınsöndürən” adlı respublika birinciliyi və beynəlxalq turnir başa çatmışdır. Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilən yarışın bağlanış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Təhsil Naziri Mikayıl Cabbarov, Gənclər və idman Nazirinin müavini İsmayıl İsmayılov iştirak etmişdir. Əvvəlcə qonaqlar yarışın keçirildiyi çadır düşərgəsində bütün komandaların üzvləri ilə görüş keçirərək onların geyimi, fiziki və taktiki hazırlığı, yatacağı və qidalanması üçün yaradılmış şəraitlə tanış olmuş, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanmışlar. Komandalar nümunəvi olaraq yük avtomobilində və yaşayış evində baş verən yanğının söndürülməsi əməliyyatını uğurla başa vurmuş, qısa vaxt ərzində yanğını dəf etməklə insanları müxtəlif vasitələrin köməyi ilə xilas etmişlər. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən komandaların mükafatlandırılması mərasimində çıxış edənlər bildirmişlər ki, bu yarışın əsas məqsədi yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin təbliğidir. Yeniyetmə və gənclər bu yarış vasitəsilə fövqəladə hallar zamanı necə davranmaq qaydalarını öyrənirlər və onlarda bu sahəyə böyük maraq yaranır.
Qeyd edilmişdir ki, ölkəmizin müxtəlif bölgələrində keçirilmiş zona yarışlarında yüksək yer tutan komandalar finala vəsiqə qazanmışdır. Bu yarışın iştirakçısı olan 18 şəhər və rayonun komandası, eləcə də Azərbaycan, Rusiya, Qazaxıstan, Polşa, Belarus və ABŞ-dan olan təmsilçilər beş mərhələdə-“Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə birincilik uğrunda mübarizə aparmışdır. Beynəlxalq yarışda Azərbaycan komandası birinci, Belarus təmsilçiləri ikinci, Qazaxıstan xilasediciləri üçüncü yeri tutmuşdur. Turnirdə Qəbələ, İsmayıllı və Zərdab komandaları müvafiq olaraq I-III yerləri tutmuşlar. Mərasimdə komandalara kubok və hədiyyələr təqdim olunmuşdur.

Keçidlər