Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda 2013-cü ilin I yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərə dair geniş müşavirə keçirilmişdir.

24 iyul 2013 | 09:40

Qəbələ rayon icra hakimiyyətinin akt zalında Qəbələ rayonunda 2013-cü ilin I yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərə dair geniş müşavirə keçirilmişdir. Müşavirədə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli inzibati ərazi nümayəndələri, bələdiyyələr, sahibkarlar və qeyri hökümət təşkilatlarının rəhbərlərinin iştirakı təmin olunmuşdur.
Müşavirəni açıq elan edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev hesabat məruzəsində 2013-cü ilin I yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən söz açmışdır. Diqqətə çatdırılmışdır ki, 2013-cü ilin I yarısında sosial-iqtisadi sahədə Qəbələ rayonunda da işlər uğurla davam etdirilmişdir. Qeyd olunmuşdur ki, rayonun ictimai həyatında baş verən əsas əlamətdar hadisə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin fevral ayının 28-də Qəbələyə səfəridir. Səfər zamanı dövlət başçısı bir çox sosial və iqtisadi xarakterli obyektlərin açılışında iştirak etmiş, inşaası davam edən tikintilərdə işlərin gedişi ilə tanış olmuşdur. Görülmüş işlər barədə fikirlərini bildirməklə bərabər, cənab Prezident qarşımıza yeni-yeni vəzifələr qoymuşdur.
Rayon ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdə dövlət başçısı demişdir: ”Bu gün Qəbələ ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilmişdir. Bakıdan, digər yerlərdən, digər şəhərlərdən, başqa ölkələrdən buraya gələnlərin sayı getdikcə artır. Turizmin inkişafı gələcəkdə yəqin ki, Qəbələ rayonunun iqtisadi inkişafının müəyyən faizini öz üzərinə götürəcəkdir”.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rayon haqqında söylədiyi bu qürurverici fikirlər hər bir qəbələlidə fərəh hissi yaradır, qurub-yaratmaq əzmini daha da artırır.
Bildirilmişdir ki, Qəbələnin ictimai həyatında baş verən əsas əlamətdar hadisələrdən biri də Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət mərkəzi elan olunmasıdır.
Diqqətə çatdırılmışdır ki, ötən müddət ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 126.519 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3.247 min manat, yaxud  1% çox olmuşdur.
Cari ilin I yarısında keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 150 min manat, kənd təsərrüfatında 2.271 min manat,  tikintidə 457 min  manat, nəqliyyatda 84 min manat, rabitədə 37 min manat, ticarətdə isə 4.248 min manat artmışdır.
Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 1.278 manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 23 manat çox olmuşdur.
Sənaye mallarının istehsalında və xidmətlərin göstərilməsində qeyri-dövlət bölməsinin xüsusi çəkisi  71,4 % təşkil etmişdir.
Yarım il ərzində sənaye müəssisələrində çalışan  741 nəfər işçinin orta aylıq nominal əmək haqqı 363 manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 19,6 % çox deməkdir.
2003-cü ilin oktyabr ayından 01 iyul 2013-cü ilədək rayonda 11.373 yeni iş yeri açılmışdır, ondan 9.325-i daimi iş yeridir. 6 ayda açılmış yeni iş yerlərinin sayı isə 430-a bərabərdir.
Əsas kapitala yönəlmiş investisiyanın həcmi 81.952 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 68.559 min manat təşkil etmişdir. Əvvəlki  illə müqayisədə əsas  kapitala  yönəlmiş  investisiyanın  həcmi 457 min manat  artmışdır.
Ötən müddət ərzində rayonda xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.
Yarım il ərzində bübün növ istehlakçı qruplar tərəfindən 40.347,4 min kvt/saat elektrik enerjisi istehlak edilmiş, 2.420,8 min manata qarşı 2.047,1 min manat vəsait toplanaraq  yığım planı 84,6 % yerinə yetirilmişdir.
Təbii qaz istehlakçıları tərəfindən 18.795,8 min kub/metr təbii qaz istehlak edilmiş, istehlak edilmiş, 1.879,6 min manata qarşı 1.826,1 min manat vəsait toplanaraq   ümumi yığım məbləği 97,2 % təşkil etmişdir.
Azərbaycan hökuməti və Dünya bankının maliyyə dəstəyi  əsasında Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində 1-ci mərhələ üzrə işlər davam etdirilmiş, 2-ci mərhələ üzrə tikinti işlərinə  başlanmışdır. Sahil küçəsində plastik borularla 2.500 p/m kanalizasiya xətti çəkilmiş, 2 ədəd subartezian quyusu qazılmışdır. “Qaraçay”, “Duruca” su mənbələrində yerləşən  anbarlar lil və qumdan təmizlənmiş, cari təmir işləri görülmüşdür. Şəhərin küçələrində aparılan abadlıq işləri ilə əlaqədar mövcud su təchizatı  və  kanalizasiya xətlərində təmir-bərpa işləri aparılmışdır.  Yarım il ərzində 103,5 min manat dəyərində  su və kanalizasiya xidməti göstərilmiş, həmin məbləğin 90,1%-i abonentlərdən yığılmışdır.
Qəbələ Telekommunikasiya qovşağı yarım il ərzində 485,0 min manat tarif gəliri proqnozuna qarşı 489,1 min manat gəlir əldə etmiş, proqnoz tapşırığına 100,8% əməl etmişdir.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9%, yəni 44,1 min manat artıq gəlir əldə edilmişdir.
“Azərpoçt” MMC-nin Qəbələ filialı 2013-cü ilin I yarısında 90,9 min manata qarşı  91,5 min manatlıq poçt-rabitə xidməti göstərərək  proqnoz  tapşırığını 101% yerinə yetirmişdir. Dünya Bankının krediti hesabına həyata keçirilən “Maliyyə xidmətlərinin İnkişafı Layihəsi” çərçivəsində struktur islahatları aparılmış, poçt filialının və poşt şöbələrinin avtomatlaşdırılması prosesi həyata keçirilmişdir. Məlikli, Zalam,Yenikənd,Quşlar,Bunud və Bayramkoxalı kənd poçt şöbələri üçün yeni binaların tikilib ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsi tərəfindən 2013-cü ilin I yarısının yekununa görə gəlirlər üzrə proqnozda nəzərdə tutulmuş 2.675,7 min manata qarşı 2.396,7 min manat məcburi dövlət sosial sığorta haqları toplanaraq, yarımillik proqnoza 89,6% əməl olunmuşdur.
Qəbələ rayon Məşğulluq Mərkəzində yarımil ərzində işsiz və işaxtaran kimi 335 nəfər vətəndaş qeydiyata alınmış, onların 12 nəfərinə işsizlik statusu verilmişdir. Qeydiyyatdan keçmiş 335 nəfərdən 130 nəfəri münasib işlə təmin edilmiş, 15 nəfərə işsizlik müavinəti ödənilmişdir.
Rayonun yaşayış məntəqələrinin sel sularından qorunması, kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün suvarma kanalları 233 min kub/metr lildən,  daşqın və selə qarşı mübarizə məqsədilə 488 min kub/metr çay məcrası daş və qumdan təmizlənmiş, 143 kub/metr qabion bəndi vurulmuş, 2.823  kub/metr daş beton bəndi cari təmir edilmişdir.
2013-cü ilin II rübündə Qəbələ şəhərində Kanat yolu, «Tufandağ» dağ-xizək yay-qış istirahət kompleksi, “Karvansaray” otellər kompleksi, 1200 yerlik “Konqres Holl”, “Stend atıcılığı kompleksi”, “Ağdaş-Qəbələ avtomobil yolunun (22 km) yenidən qurulması” layihəsi, “Ağdaş-Qəbələ avtomobil yolunun (22 km) abadlaşdırılması, işıqlandırılması və kommunikasiyaların köçürülməsi” layihəsi, Kiçik Pirəli kənd 180 şagird yerlik tam orta məktəbin binası, “Qəbələ-Küsnət-Laza avtomobil yolu”, “Qəbələ-Oğuz avtomobil yolu (20.5 km)”, “Futbol Akademiyası və stadionlar kompleksi”, “Qəbələ-2 yanğınsöndürmə deposu”, Daxili İşlər Nazirliyinin “N saylı alayı”, “Dəmiraparançay” ərazisində sahilbərkitmə işləri, “Cipsi zavodu”  və “Şərab zavodu” obyektlərində tikinti quraşdırma işləri davam etdirilmişdir.
Ötən 6 ay ərzində Qəbələ RİH-nin tərəfindən Qəbələ şəhərinin Həzi Aslanov, Sahil, Musabəyov və Gənclər küçələrində, Bum və Nic qəsəbələrinin mərkəzi küçələrində abadlıq işləri aparılmış və hazırda bu istiqamətdə görülən işlər davam etdirilir. II rüb ərzində Qəbələ şəhərində inşa ediləcək “Akvapark” və Qolf meydançası obyektlərinin tikintisinə hazırlıq işləri həyata keçirilmişdir.
Hesabat dövründə Qəbələ şəhərində 360 şagird yerlik, Zirik kəndində 220 şagird yerlik, Yengicə kəndində 80 şagird yerlik məktəb binalarının tikintisi üçün layihə smeta sənədləri hazırlanmışdır.
2013-cü  ilin  I  yarısı  təhsil ocaqlarının  maddi-texniki  bazsasının  möhkəmləndirilməsi sahəsində də  uğurlu  nəticələrlə  səciyyələnmişdir.
2012/2013-cü  dərs  ili  müvəffəqiyyətlə  başa  çatmış,  müvəffəqiyyət  faizi  99,8%,  keyfiyyət  göstəricisi  isə  59,9%  olmuşdur. İmtahana  buraxılmış  1375  şagirddən  1374  nəfəri  müvəffəq  qiymət alaraq  attestat  almışdır.
Bildirilmişdir ki,  Qəbələnin gözəl təbiəti burada turizmin inkişafı üçün əlverişli şərait yaradır. Bu gün iftixar hissi ilə qeyd etməliyik ki, Qəbələ artıq respublikada deyil, dünyada mühüm turizm mərkəzi kimi tanınmaqdadır. Rayonda dünya standartlarına cavab verən beşulduzlu otellər, unikal istirahət mərkəzləri, mehmanxanalar Qəbələyə turizm axınını gündən-günə artırır. Rayonun kurort və sanatoriya məqsədləri üçün istifadə edilə bilən təbii potensialı böyükdür. Füsunkar təbiət, çoxsaylı qiymətli tarixi abidələr, bir-birini əvəz edən təkrarsız ecazkar mənzərələr, zəngin meşə örtüyü, mineral və qeyri-mineral bulaqlar, heyrətamiz dağ çayları dünyanın müxtəlif yerlərindən gələn turistlərdə zəngin təəssürat yaradır. Rayona turizm axınının yüksəlməsi yerli əhalinin rifah halının yüksəlməsinə xidmət edir.
Qeyd olunmuşdur ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, “Yunesko”nun və “İsesko”nun   xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illər bir sıra beynəlxalq tədbirlərin, xüsusən hər il keçirilən Beynəlxalq Musiqi Festivallarının Qəbələdə keçirilməsi, belə mötəbər tədbirlərə Qəbələnin ev sahibliyi etməsi hər birimizdə böyük məmnunluq və minnətdarlıq hissi doğurur. Belə tədbirlər Qəbələnin dünya miqyasında şöhrətinin yüksəlməsinə xidmət edir. Bütün bu tədbirlər “Evronyus” telekanalında dünya tamaşaçılarına təqdim edilir. Təbii ki, bu da hər birimizi ürəkdən sevindirir.
Gənclər və İdman İdarəsində ötən dövr ərzində 35 tədbir həyata keçirilmişdir. Bunlardan 20 tədbir gənclərlə iş sahəsini, 15 tədbir isə kütləvi bədən tərbiyyəsi və idman sahəsini əhatə edir.
Gənclərlə iş sahəsində Respublika üzrə keçirilən 10 tədbirdə, idman sahəsi üzrə isə 26 yarış və birincilikdə idmançılarımız rayonumuzu təmsil etmişlər. Qəbələ Olimpiya İdman Kompleksi tərəfindən də  İdmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması və bu kimi işlərin görülməsi müntəzəm olaraq davam etdirilir.
2013-cü  ilin 6 ayında 21433 nəfər kompleksin xidmətlərindən istifadə etmişdir. 
Qəbələ Olimpiya İdman Kompleksində  2013 – cü ilin yanvar ayında Boks üzrə kişilərdən   ibarət  Respublika  Milli Komandası,   fevral ayında  isə  Boks üzrə qadınlardan ibarət Respublika Milli Komandasının  təlim-məşq toplanışı keçirilmişdir.
2009-cu ildən fəaliyyət göstərən Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində 6 ixtisas üzrə  198 nəfər şagird təhsil alır. Bunlardan 98 nəfəri ümumi orta təhsil bazasından, 100 nəfəri isə tam orta təhsil bazasından olan şagirdlərdir. Mərkəz rayonda fəaliyyət göstərən istirahət mərkəzləri ilə sıx əməkdaşlıq edir, onları ixtisaslı kadrlarla təmin edir. 2013-cü ilin altı ayı ərzində rayon icra başçısı aparatına ümumilikdə 546 ərizə daxil olmuşdur. Bundan 205-i Azərbaycan Respublikasının Prezidenti Administrasiyasından, 17-si Milli Məclisdən, 8-i Nazirlər Kabinetindən, 44-ü isə mərkəzi icra orqanlarından daxil olmuşdur.
Qeydiyyata  alınan ərizələrin hər birinə RİH-də baxılaraq qanunamüvafiq qaydada cavab verilmişdir.
Daxil olan müraciətlərdə ilk növbədə ölkə rəhbərliyi tərəfindən Azərbaycan vətəndaşlarının bu günü və gələcəyi naminə həyata keçirilən geniş-miqyaslı quruculuq işlərindən, yerlərdə müasir tələblərə cavab verən sosial obyektlərin tikilib istifadəyə verilməsindən razılıq hissləri ifadə olunur və cənab prezidentin gördüyü geniş miqyaslı xeyirxah işlər olduqca yüksək qiymətləndirilir.
Eyni zamanda cari ilin altı ayı ərzində rayon icra hakimiyyətində başçı tərəfindən 681 nəfər vətəndaş qəbul edilərək dinlənilmiş, qəbul zamanı səslənən məsələlərin çox hissəsi yerində araşdırılaraq həll edilmiş, icrası vaxt tələb edən məsələlər isə aidiyyəti üzrə tapşırılmışdır.
Cari ilin 6 ayında rayon icra hakimiyyəti başçısının 19 səyyar görüş-qəbulu keçirilmişdir. Qəbullarda 2465 nəfər iştirak etmiş, onlardan 198 nəfər çıxış edərək müxtəlif səpkili təkliflər irəli sürmüşdür.
İrəli sürülən tələblərin və müraciətlərin 186-sı həll edilmiş, 12 məsələnin həlli üçün isə aidiyyatı üzrə nazirlik və komitələrə göndərilmişdir. Bunlar əsasən yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, elektrik dirəklərinin dəyişdirilməsi, yolların asfaltlaşdırılması, yeni məktəb binalrının, səhiyyə, mədəni-maarif obyektlərinin, körpülərin tikintisi, artezian quyularının qazılması və dağ çaylarında sahilbərkitmə işlərinin aparılması ilə bağlı olmuşdur.
Vətəndaşların problemlərinin həllinə göstərilən qayğı və diqqətin nəticəsidir ki, keçən ilin müvafiq dövrünə nisbətən bu ilin birinci yarısında daxil olan müraciətlərdə şikayətlərin sayı nəzərə çarpacaq dərəcədə azalmışdır.
Daha sonra Rayon icra hakimiyyəti başçısısn müavini- aqrar məsələlər şöbəsinin müdiri Rahib Əhmədov, Rayon üzrə Maliyyə İdarəsinin rəisi Namiq Ağayev çıxış edərək təmsil etdikləri sahədə görülmüş işlər barədə məlumat vermişlər. Çıxışlarda qarşıda duran vəzifələrdən bəhs olunmuş, görüləcək işlər müzakirə edilmiş, təkliflər dinlənilmişdir.
Tədbirdə Milli Məclisin deputatı Fəttah Heydərov, Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev iştirak etmişlər. Natiqlər yığıncaqda çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında  qeyd olunan, respublikada sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlərdən, qazanılan uğurlardan söz açmış, rayonda sosial-iqtisadi sahədə aparılan işlərlə bağli öz tövsiyələrini vermişlər.

Keçidlər