Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 5 məktəbin və bir uşaq bağçasının açılışı olmuşdur

18 oktyabr 2012 | 15:00

Oktyabrın 17-də Qəbələ rayonunun 6 kəndində 5 yeni məktəb binasının və bir uşaq bağçasının açılış mərasimi olmuşdur. Nic qəsəbə 3 saylı məktəb üçün 360 yerlik, Vəndam qəsəbə 1 saylı məktəb üçün 624 yerlik, Tövlə kənd məktəbi üçün 180, Topbağ və Solquca kənd məktəbləri üçün 80 yerlik məktəb binalarının və Bum qəsəbəsində 25 yerlik uşaq bağçasının açılış münasibətilə keçirilən mərasimlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, Milli Məclisin deputatı Fəttah Heydərov, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış etmişdir. Natiqlər dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilə olan qayğısından bəhs etmiş, ölkədə gənclərin mükəmməl təhsilə yiyələnməsi, onların nüfuzlu ali məktəblərdə oxuması, eləcə də bölgələrdə yeni məktəblərin inşası sahəsində gördükləri işlərdən danışmışlar.
Qeyd edilmişdir ki, son 10 ildə Qəbələ rayonunda 28 yeni məktəb binası tikilmiş və ya əsaslı təmir edilmiş, hazırda isə 180 şagird yerlik Kiçik Pirəlli kənd orta məktəbinin inşası davam etdirilir. Yeni məktəblərin hamısı istilik sistemi ilə təchiz edilmiş, sinif otaqları, fənn kabinetləri və laboratoriyalar, yeməkxana, idman zalı və kitabxanalar müasir səviyyədə qurulmuş, digər məktəblərdə cari təmir işləri aparılmış, maddi-texniki baza gücləndirilmiş, payız-qış mövsümünə hazırlıq məqsədilə odun yanacağı ilə təmin olunmuşlar. Vurğulanmışdır ki, bu il Qəbələ rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 430-u tələbə adını qazanmışdır. İlk dəfə olaraq qəbələli abituriytentlərdən 27-si 600-dən yuxarı bal toplamışdır. Ötən il isə tələbə adını qazanan 343 nəfərdən cəmi 20-si 600-dən yuxarı bal toplamışdı. Bundan əlavə, cari ildə 104 nəfər 500-dən yuxarı bal toplayaraq ali məktəbə daxil olmuşdur. Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrinə görə Qəbələ respublikanın kənd rayonları arasında ilk beşlikdə yer almışdır. Çıxış edənlər müəllim və şagirdləri təbrik etmiş, onlara müasir məktəblərdə yeni-yeni uğurlar arzulamışlar.
Sonra məktəb direktorları, müəllim və şagirdlər, kənd ağsaqqalları ölkədə elmin, təhsilin inkişafına daim qayğı göstərən dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş, bu yeni təhsil ocaqlarının inşasında əməyi olan insanlara təşəkkür etmişlər.
Mərasimlərdə binaların açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş, birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyəsi olan çantalar və məktəbli ləvazimatları verilmiş, təhsil ocaqlarının maddi-texniki bazası ilə tanışlıq olmuşdur.
 

Keçidlər