Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

(BƏƏ) Dubay Məhkəmələri Departamentinin Baş direktoru dr.Əhməd Səid Bin Həzimin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Qəbələdə

20 sentyabr 2013 | 09:00

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubay Məhkəmələri Departamentinin Baş direktoru dr.Əhməd Səid Bin Həzimin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri çərçivəsində tanışlıq məqsədilə Qəbələ rayonuna gəlmişlər.  Qəbələ şəhərində qarşılanan qonaqlar rayonun turizm sektoru və istehsal müəssisələrinin fəaliyyəti ilə yaxından maraqlanmışlar. Nümayəndə heyətinə Qəbələ şəhərinin tarixi, rayonda sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə nəzərə çarpan uğurlar haqqında  ətraflı məlumat verilmişdir.  Qeyd olunmuşdur ki,  Qəbələ təbii gözəlliyi, əməksevər insanları ilə respublikamızda  seçilən bölgələrdəndir. Diqqətə çatdırılıb ki, bu gün Qəbələ beynəlxalq tədbirlərə ev sahibliyi edir. Rayonun turizm infrastrukturunda mövcud olan yüksək xidmət və açıq turizm potensialı buraya gələn turistlərin sayının ildən-ilə artmasına  təkan verir. Daha sonra Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisinə baxış keçirən qonaqlara   bildirilmişdir ki,   dağlıq ərazidə yerləşən, istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Diqqətə çatdırılmışdır ki, burada kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaqdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. Artıq altı stansiyada quraşdırma işləri başa çatmışdır. Bir-birindən 1414 metr məsafədə və dəniz səviyyəsindən 1250 metr və 1650 metr hündürlükdə olan stansiyalarda quraşdırma işləri aparılmışdır. Qeyd olunmuşdur ki, hazırda inşa edilən dağ-xizək idmanı bazasının bilavasitə yaxınlığında yerləşən "Qafqaz Resort" otel kompleksi üç otel binasından, SPA sağlamlıq mərkəzindən, əyləncə parkından ibarət olmaqla yay istirahəti üçün bütün imkanlara malikdir. Belə şəraitdə "Qafqaz Resort" otel kompleksində qış istirahət məkanının yaradılması, yəni otelin yaxınlığında dağ-xizək idman növləri üçün kompleksin inşa edilməsi bütün fəsillərdə ekskursiya və digər fəal istirahət imkanlarının mövcudluğu ilə yanaşı, otel yaxınlığında həm də qış idman növləri ilə məşğul olmağa imkan verəcəkdir Qəbələ rayonu ilə tanışlıqdan məmnunluqlarını ifadə edən nümayəndə heyəti  Qəbələ rayonunun füsünkar təbiəti olduğunu vurğulamış, bu yerin  geniş turizm potensialı olduğunu qeyd etmişlər.Daha sonra qonaqlar rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksinə gəlmişlər. Burada nümayəndə heyətinə kompleksin fəaliyyəti barədə ətraflı məlumat verilmiş onları maraqlandıran suallar  kompleksin əməkdaşları tərəfindən cavablandırılmışdır. Rayonun fəaliyyət göstərən istehsal müəssisələrinə baxış keçirən nümayəndə heyəti  Piano fabrikinə baxış keçirmiş,   Qəbələ Konserv zavodunda istehsal prosesini yaxından izləmişlər. Məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən zavodun istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Zavodda təxminən 100-ə qədər müxtəlif növdə qablaşdırılmış məhsul istehsal olunur. Məhsullar “Jalə”, “Bağdan”, “Aycan”, “Zolotoy sad” adlı təbii meyvə şirələri, müxtəlif tamlara malik “İce tea-Jalə” soyuq çayları, həmçinin meyvə dilimlərindən ibarət konservlərdir. Bildirilmişdir ki, zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. Nümayəndə heyəti  zavodda istehsal olunan məhsulların sərgisinə baxış keçirmişlər. Qeyd olunmuşdur ki, zavodun beynəlxalq sertifikatı mövcuddur müəssisələrin məhsulları ölkəmizdən kənarda da kifayət qədər tanınır. Bildirilib ki, son 10 ildə rayonda aparılan tikinti-quruculuq işləri, yeni istehsal müəssisələrinin işə salınması istiqamətində görülən işlər  əhalinin məşğulluğunun təmin olunması üçün geniş imkanlar yaradıb. Qəbələ rayonunda gəlişindən məmnunluğunu ifadə edən Dubay Məhkəmələri Departamentinin Baş direktoru dr.Əhməd Səid Bin Həzimin rayonun onun üçün böyük maraq doğurduğunu ifadə etmişdir. Nümayəndə heyətinə xatirə hədiyyələri təqdim olunmuşdur.

Keçidlər