Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

5 mart ölkəmizdə bədən tərbiyəsi və İdman günüdür.

04 mart 2013 | 16:00

5 Mart – Bədən tərbiyəsi və idman günüdür

5 mart ölkəmizdə bədən tərbiyəsi və İdman günüdür. Bu tarix cənab Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev  Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Cənab Prezident İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı. Və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi. “Azərbaycan artıq dünyanın idman mərkəzlərindən birinə çevrilib” - bu fikri indi böyük fəxrlə söyləmək olar.
Ölkə rəhbərinin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları bu sahədə hər kəsi səfərbər edir. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir olimpiya idman kompleksləri  və nəhəng idman obyektləri fəaliyyət göstərir. Buna bariz misal Qəbələ rayonunda tikilib istifadəyə verilən Olimpiya İdman Kompleksini, “Qəbələ” Futbol klubunun bazasını, stadionları, Cıdır Kompleksini, Atıcılıq Mərkəzini, həmçinin tikintisi davam etdirilən ”Tufan” dağ-xizək yay-qış istirahət kompleksini və “Golf Resort” idman və istirahət mərkəzini göstərmək olar. Bunlarla yanaşı ötən il Rayon İcra Hakimiyyəti tərəfindən Qəbələ şəhər 2 saylı və 3 saylı tam orta məktəblərin idman meydançaları və sadə idman qurğuları əsaslı təmir edilmiş, istifadə müddətini başa vurmuş qurğular yeniləri ilə əvəz edilmişdir. Həmçinin rayonun Tola, Topbağ, Solquca, Nic qəsəbə 3 saylı tam orta məktəblərində yeni idman zalları tikilmiş, Vəndam qəsəbə 1 saylı məktəbin idman zalı isə əsaslı təmir edilmişdir.
Artıq Azərbaycan çox mötəbər beynəlxalq idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi edir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideyallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilir. O cümlədən Qəbələ rayonunda da geridə qoyduğumuz 2012-ci il ərzində bir çox beynəlxalq və Respublika yarışları keçirilmişdir. Belə ki, ötən il “Offroard” avtomobil yarışı üzrə Beynəlxalq turnir, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş Beynəlxalq velosiped turniri, I Qəbələ Kuboku Futbol turniri, “Olimpiya Yol yürüşü” adlı kütləvi-idman tədbiri, Velosiped üzrə Azərbaycan Çempionatı, Oyun Festivalı və s. keçirilmişdir.
2012-ci İl ərzində rayonda 25 kütləvi bədən tərbiyəsi və  idman sahəsini əhatə edən tədbir keçirilmiş və 2000-dən artıq idmançı cəlb edilmişdir. Həmçinin Respublika səviyyəli 35 yarış və birincilikdə 337 nəfər idmançımız iştirak etmişdir. İdmanın şahmat, taekvondo, karate, futbol, armrestliq, sərbəst güləş, boks, kikboksinq, atletika və döyüş növləri üzrə keçirilən respublika və beynəlxalq yarışlarda 15 idmançımız uğur qazanmışlar.
İdmançıların maddi rifah halının, sosial təminatının gücləndirilməsi, onların fəxri adlarla təltif olunması da daim dövlətin diqqətindədir.  2009-cu il fevral ayının 1-dən efirə çıxan “İdman Azərbaycan” kanalı da dövlətimizin idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyəsi oldu.
2012-ci il Azərbaycan idmançıları üçün çox məsuliyyətli və yaddaqalan bir il oldu. Belə ki, cənab Prezident İlham Əliyevin 16 yanvar 2012-ci il tarixli Sərəncamı ilə 2012-ci il Azərbaycanda  “İdman ili” elan edildi, London Yay Olimpiya Oyunlarında Azərbaycan 200-dən çox ölkə arasında 30-cu yeri tutaraq medalların sayına görə 24-cü yerdə qərarlaşdı, Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə baş tutacaq birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edildi ki, bu da özlüyündə dövlətin bu sahədə yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir. Məqsəd ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, yeni idman və Olimpiya komplekslərinin tikilməsi zərurəti, eləcə də idmançılarımızın dünya və Avropa çempionatlarında, rəsmi beynəlxalq yarışlarda yüksək göstəricilərinin təmin edilməsidir. 
Qarşıya qoyulan əsas məqsədlərdən biri odur ki, hər bir gənc idmanla məşğul olsun. Şərt deyil ki, o mütləq idmançı olsun. Amma sağlamlığı möhkəmləndirmək, fiziki mədəniyyəti qaldırmaq üçün mütləq idmanla məşğul olmaq lazımdır. Rayonumuzda demək olar ki, hər növ idmanla məşğul olmaq üçün imkanlar yaradılmışdır. Fiziki cəhətdən sağlam olan insanlar, adətən mənəvi cəhətdən də böyük keyfiyyətlərə malikdirlər. Sağlam bədəndə sağlam ruh olar pirinsipinə söykənərək demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.

Keçidlər