Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Kənd təsərrüfatı işlərinin gedişi diqqət mərkəzindədir.

25 sentyabr 2012 | 15:00

Kənd təsərrüfatı işlərinin gedişi diqqət mərkəzindədir.

Regionların sosial – iqtisadi  inkişafı Dövlət Proqramlarında rayonun aqrar sahəsi üzrə nəzərdə tutulmuş  tədbirlərin uğurla həyata keçirilməsi  aqrar sahəsinin  inkişafında həlledici rol oynayır. Rayonun iqtisadiyyatının əsasını təşkil edən taxılçılıqda, ekstensiv amillərdən intensiv amillərə keçidlə əlaqədar olaraq, xeyli irəliləyiş nəzərə çarpır. 2012-ci ilin məhsulu üçün  25820 hektar sahədə payızlıq dənli bitkilər əkilmişdir ki, onun da 20120 hektarını buğda, 5700 hektarını isə arpa sahələri təşkil etmişdir. 61968 ton taxıl istehsal edilərək, məhsuldarlıq orta hesabla hər hektardan 24.0 sentner olmuşdur. Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 avqust 2008-ci il tarixli 3004 nömrəli “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzalanmışdır. Həmin “Dövlət Proqramının” icrası ilə əlaqədar olaraq taxılçılığın inkişafına xüsusi diqqət verilir. Məlum olduğu kimi taxılçılığın inkişafına təsir edən mühüm amillərdən biri yüksək məhsuldar toxum növlərinin mövcud olmasıdır.Yüksək məhsuldar toxum növlərinin əldə olunması üçün rayonda 6 özəl toxumçuluq  təsərrüfatı  fəaliyyət göstərir. Həmin təsərrüfatlarda 2012-ci ildə  1759 ton toxum istehsal olunmuşdur.
Torpaq sahibləri tərəfindən indiyədək  2012-ci ilin məhsulu üçün 5912 ha sahədə   yazlıq bitkilər əkilmişdir ki, bunun da 1074 hektarını kartof , 2086 hektarını tərəvəz, 1362 hektarını qarğıdalı, 132 hektarını bostan bitkiləri, 1258 hektarını isə birillik və coxillik otlar təşkil etmişdir. Həmin sahələrdən 7017 ton kartof, 9013 ton tərəvəz, 1868 ton bostan məhsulu, 963 ton qarğıdalı istehsal olunmuşdur. Qarğıdalı yığımı davam edir.
Digər kənd təsərrüfatı sahələrinin inkişafına da diqqət yetirilir. Belə ki rayonun iqtisadiyyatında bağçılıq xüsusi yer tutur və meyvəçilik həmişə rayonun ənənəvi istehsal sahələrindən biri olmuşdur. Hazırda rayonun mövcud bağ sahələri 5603 hektardır. Rayonda konserv zavodu kimi alıcı müəssisənin fəaliyyət göstərməsi bağçılığa diqqəti artırmışdır. Son illərdə 250 hektar sahədə yeni qarışıq meyvə bağları (tumlu və çəyirdəkli) və 199 hektar sahədə yeni fındıq bağları salınmışdır. Həmin bağların 120 hektarı “Gilan” MMC, 130 hektarı isə “İkar” SB MMC tərəfindən salınmışdır. 2012-ci ildə isə meyvə istehsalının təqribən 20000 tona çatacağı gözlənilir və indiyədək 6935 ton meyvə istehsal olunmuşdur.    
Əlavə olaraq daha 150 hektar sahədə qarışıq meyvə bağlarının salınması nəzərdə tutulmuşdur və bu sahədə hazırlıq işləri işləri aparılır. Həmçinin 14 hektar sahədə alma tingliyi salınmışdır.
2012-ci ilin ötən dövrü ərzində Dövlət Meşə Fondu torpaqlarında 32 ha meşə əkini aparılmışdır ki, bunun da 15 hektarını qiymətli meşə cinsi olan palıd qozalartı təşkil etmişdir. 17 hektar sahədə isə qoz-şabalıd cinslərindən ibarət plantasiyalar salınmışdır. Keçən dövr ərzində bağlara və üşümlüklərə qulluq işləri davam etdirilmişdir. 350 ədəd köklü fındıq tingi yetişdirilmişdir.
Üzümçülük Qəbələ rayonu üçün də xarakterik istehsal sahələrindən biri olmuşdur. Hələ sovetlər dövründə rayonda 1000 hektardan artıq üzüm sahələri olmuş və üzümün ilkin emalı müəssisəsi fəaliyyət göstərmişdir. Məlum antialkoqol tədbirləri çərçivəsində həmin üzüm sahələri tamamilə məhv edilmişdir. Lakin son 4 ildə üzümçülük və şərabçılığın inkişafı istiqamətində işlər aparılmışdır. Hazırda rayonda 2 hüquqi və 1 fiziki şəxs tərəfindən yeni üzüm plantasiyalarının salınması istiqamətində işlər aparılır. “Aqro-Azərinvest” MMC tərəfindən 165 hektar sahədə, “Aspi-Aqro” MMC tərəfindən 215 hektar sahədə, fiziki şəxs Fədail Rəhimov tərəfindən isə 26 hektar sahədə yeni üzüm plantasiyaları salınmışdır. “Aqro-Azərinvest” MMC-nin nəzdində 3 min şərti butulka məhsul istehsal edən şərab zavodu, “Aspi-Aqro” MMC-nin  nəzdində isə gücü 1000 ton olan şərabın ilkin emalı zavodu fəaliyyət göstərir.
“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Sərəncamına əsasən rayonda üzümçülüyün inkişaf etdirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin Qəbələ rayon Bitki Mühafizəsi Mərkəzi  aqrar sahədə aparılan uğurlu siyasəti və işləri rayon ərazisində fitosanitar sabitliyin qorunması, bitki örtüyünün karantin tətbiq edilən xüsusi təhlükəli zərərli orqanizmlərdən mühafizə edilməsi, məhsul itkisinin qarşısının alınması üçün  səmərəli mübarizə tədbirlərini həyata keçirir.
Keçən dövr ərzində ziyanvericilərə və alaq otlarına qarşı mübarizə tədbirləri davam etdirilmişdir. Belə ki, alaq otlarına qarşı 8682 hektar, gəmiricilərə qarşı mübarizə məqsədi ilə isə 8160 hektar sahə dərmanlanmışdır.
2012-ci ilin ötən müddəti ərzində toxumçuluq təsərrüfatlarının taxıl anbarlarında Karantin Ekspertizası Laboratoriyasının fumiqasiya dəstəsinin təşkilatçılığı ilə dərmanlama işləri aparılmışdır.
Xüsusi təhlükəli karantin ziyanvericilərinin sərhəd zolaqlarından Respublika və eləcə də rayon ərazisinə keçməsinin qarşısının alınması məqsədi ilə sərhəd zolaqlarında baş idarənin  rəhbərliyi ilə monitorinq qrupu təşkil olunaraq müşahidələr aparılmışdır.
Görüləcək işlərin ən başlıcası olaraq payız dövründə səpiləcək  toxum  materialının funqisidlərlə dərmanlanmasına nəzarəti gücləndirməkdir.
Hazırda rayon üzrə kənd təsərrüfatı işlərini tam təmin edəcək səviyyədə kənd təsərrüfatı texnikası mövcuddur. Belə ki, 2 böyük və 2 kiçik həcmli aqroservis müəssisəsi fəaliyyət göstərir və onlarda 115 ədəd müxtəlif kənd təsərrüfatı texnikası cəmlənmişdir. Bundan əlavə rayon üzrə 457 fiziki şəxsdə müxtəlif kənd təsərrüfatı texnikaları vardır. Bütövlükdə rayon üzrə 90 ədəd taxılyığan kombayn, 53 ədəd tırtıllı və 444 ədəd təkərli traktor, 29 ədəd buldozer, 38 ədəd ekskvator və s. kənd təsərrüfatı texnikası mövcuddur. Kənd təsərrüfatı texnikası parkı da daim təzələnir. 2012-ci ildə 11 ədəd yeni kənd təsərrüfatı texnikası alınmışdır.
Heyvandarlıq  sahəsində də  əhəmiyyətli dirçəliş hiss edilir. Hazırda rayon üzrə iri buynuzlu mal-qaranın sayı keçən ilin müvafiq dövrünə nisbətən 172 baş artaraq 52766 başa, qoyun-keçilər 435 baş artaraq 219425 başa, donuzların sayı 17 baş artaraq 927 başa, quşların sayı isə 10178 baş artaraq 327266 başa çatmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsulları istehsalı da xeyli artmışdır. Belə ki, ət istehsalı 10 ton artaraq 1930 tona, süd istehsalı 420 ton artaraq  14213 tona, yumurta istehsalı 150 min ədəd artaraq  5471 min ədədə, yun istehsalı isə 8 ton artaraq 234 tona çatdırılmışdır.  Rayonda   fərdi   mal - qaranın   baş   sayının    artmasına baxmayaraq, iri buynuzlu maldarlıq komplekslərinin yaradılmasına ciddi ehtiyac vardır və  bu sahədə  1 ədəd 500 başlıq və 1 ədəd 640 başlıq maldarlıq komplekslərinin tikintisinə başlanmış və hazırda tamamlanma işləri aparılır. Bundan əlavə əhalinin quş əti və yumurtaya olan tələbatının ödənməsi məqsədilə rayonda əvvəllər mövcud olmuş broyler quşçuluq kompleksi təmir olunur və ilin axırınadək istifadəyə verilməsi nəzərdə tutulur.
İnkişaf edən heyvandarlığın yemə olan tələbatının ödənilməsi məqsədilə əkin sahələrinin quruluşunda  müəyyən dəyişikliklərin yaranmasını labüd edir. Belə ki,  bu ildən etibarən yem sahələrinin genişləndirilməsi istiqaməti  əsas  götürülmüşdür. Bununla əlaqədar yemlik qarğıdalı sahələri 189 hektara, yonca sahələri 293 hektara və birillik otlar  301 hektara çatdırılmışdır.
Rayonda  mal-qaranın damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması üçün     8 süni mayalama məntəqəsi fəaliyyət göstərir. 2012-ci ilin ötən dövrü ərzində 957 baş inək və düyələrdə süni mayalama aparılmışdır ki, bu da yüksək məhsuldar heyvanların əldə olunmasına imkan yaradacaqdır. May və iyun aylarında süni mayalama və  damazlıq işləri üzrə keçirilən Respublika  seminar-müşavirəsində Qəbələ rayonunda bu sahə üzrə aparılmış işlər yüksək qiymətləndirilmişdir.
Heyvandarlığın inkişaf etdirilməsində baytarlıq xidmətinin düzgün təşkili mühüm rol oynayır. Qəbələ rayon Baytarlıq İdarəsi 2012-ci ilin yeddi ayında epizotik tədbirlər planına uyğun  olaraq iribuynuzlu heyvanlarda Qarayaraya qarşı 53447 baş heyvanda, Dabaq xəstəliyinə qarşı 51033 baş heyvanda, Depresprioza qarşı 12917 baş heyvanda  profilaktiki peyvəndləmə aparmış, 17574 baş heyvanda isə brüseloza qarşı sereloji müainə aparılmış, nəticədə 17 baş xəstə heyvan aşkar edilmişdir ki, həmin heyvanlar da təsərrüfatdan kəsilərək çıxarılmışdır.
Xırda buynuzlu heyvanlarda Qarayara xəstəliyinə qarşı 216471 başda, Dabaq xəstəliyinə qarşı 99172 başda, brüselloza qarşı REV-1 vaksini ilə peyvəndləmə 39157 başda aparılmışdır. Xırda buynuzlu heyvanlar arasında 3084 baş brüselloz və epidimitə qarşı müainə aparılmış, nəticədə 2 baş xəstə aşkar edilmişdir ki, onlar da təsərrüfatdan çıxarılmışdır.
Quşlar arasında “H”  vaksini ilə 289830 başda, lasota ilə isə 384690  başda peyvəndləmə işi aparılmışdır.  3831 baş it quduzluğa qarşı peyvənd edilmişdir.
Vaxtında profilaktiki tədbirlərin aparılması nəticəsində rayon ərazisində heç bir infeksion xəstəlik aşkar edilməmişdir.
Regionların iqtisadi inkişafı proqramına uyğun olaraq Yenikənd kəndində  Yenikən Baytar Sahə Məntəqəsi üçün inzibati bina tikilir. Hazırda son tamamlama işləri görülür və qısa müddətdə istifadəyə veriləcəddir.
Rayonumuzda digər sahələr kimi arıçılıq sahəsi də inkişaf edir. Hazırda  rayonda 417 arı ailəsi mövcuddur. Rayonda arıçılar cəmiyyəti yaradılmış və qarşıya çıxan problemləri aradan qaldırmaqda arıçılar bir-birinə köməklik göstərirlər.
“Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hər il Bakı şəhərində ənənəvi  keçirilən  arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında qabaqcıl arıçılarımız da iştirak edirlər. Odur ki, rayonumuzda arı ailələrinin sayı və arıçılıq məhsullarının istehsalı  ildən-ilə artır.
Yarmarkada qabaqcıl arıçılarımız Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanlarını almışlar.

Keçidlər