Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfrans Qəbələdə

13 mart 2013 | 16:00

Qəbələ şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

Тədbirdə BMMT-yə üzv və təşkilatla əməkdaşlıq edən ölkələrin fövqəladə halların idarə olunması üzrə məsul dövlət qurumlarının rəhbərləri iştirak edir.Konfransın əsas müzakirə mövzusunu mülki müdafiə və fövqəladə hallardan müdafiə sahəsində əhalinin hazırlığında qurumlararası koordinasiyanın təşkili, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması, təsirinin minimuma endirilməsi, risklərin idarə edilməsi, irimiqyaslı fövqəladə hallar zamanı əhalinin həyat təminatının təşkili və beynəlxalq humanitar yardımlarının idarə olunması və digər məsələlər təşkil edir.

Konfransda giriş sözü ilə çıxış edən Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib ki, insan-təbiət münasibətləri zəminində son dövrlər təbii fəlakətlərin baş vermə tezliyinin xeyli artması, xüsusilə qlobal istiləşmənin müşahidə olunması, həmçinin, yaşadığımız  yer kürəsinin özünün təbii xüsusiyyətlərindən irəli gələn sel, daşqın, sunami, zəlzələ, vulkan püskürməsi, torpaq sürüşməsi və digər fövqəladə hadisələr cəmiyyət həyatına bu və ya digər dərəcədə təsir edir, onun əldə etdiyi maddi və mədəni sərvətləri korlayır və məhv edir, ən dəhşətlisi isə, insan itkisinə səbəb olur. Son illər Türkiyədə, Haitidə baş vermiş zəlzələlər, İndoneziyada, Yaponiyada, ABŞ-da baş vermiş sunami və qasırğalar və digər bu kimi təbii fəlakətlər nəticəsində yüz minlərlə insan həlak olmuş, milyardlarla ölçülən maddi ziyan dəymişdir.

Bildirilib ki, bundan başqa, insanın təsərrüfat fəaliyyəti zamanı yaranan müxtəlif xüsusiyyətli texnogen mənşəli fövqəladə hadisələr də cəmiyyət üçün böyük təhlükə mənbəyi olaraq qalmaqdadır. Qeyd olunub ki,  bütün  amilləri nəzərə alaraq, getdikcə artan fövqəladə hal riskləri şəraitində insanların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi mühüm vəzifəyə çevrilir. Bu çətin vəzifənin öhdəsindən gəlmək üçün isə beynəlxalq əməkdaşlıq və qarşılıqlı yardım fundamental əhəmiyyətə malikdir. Bu baxımdan, hazırda yaradılmasının 41-ci ilini qeyd etdiyimiz Beynəlxalq Mülki Müdafiə Təşkilatı fövqəladə hallarla mübarizə üzrə milli qurumların səylərinin beynəlxalq müstəvidə birləşdirmək missiyasını uğurla yerinə yetirməkdədir.

Diqqətə çatdırılıb ki, təşkilat yarandığı vaxtdan fövqəladə hallarla qlobal səviyyədə mübarizə aparılması, bu sahədə aidiyyəti orqanların fəaliyyətlərinin əlaqələndirilməsi, beynəlxalq səviyyədə təcrübə mübadiləsinin təşkili ilə bağlı kifayət qədər effektiv fəaliyyət göstərir. Nazir qeyd edib ki, Azərbaycan Respublikası da fövqəladə hal riskinin yüksək olduğu ərazidə yerləşir. Seysmik cəhətdən aktiv zonada yerləşən ölkəmizdə zaman-zaman güclü və dağıdıcı zəlzələlər olmuşdur. Həmçinin, ölkə ərazisi üçün sel, daşqın, subasma, torpaq sürüşməsi, palçıq vulkanı, meşə yanğınları və digər təbii fəlakətlər xarakterikdir. Eləcə də burada potensial təhlükə mənbəyi olan obyektlər, 0 cümlədən neft-qaz, kimya, dağ-mədən sənayesi obyektlərinin mövcudluğu texnogen fövqəladə halların baş vermə ehtimalını xeyli artırır.

Bu nöqteyi-nəzərdən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi fövqəladə halların effektli idarə olunmasının təşkili məqsədilə maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, fövqəladə hallarla bağlı məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı yardımların təmin edilməsi sahələri üzrə beynəlxalq miqyasda əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Bu məqsədlə, nazirlik bir çox nüfuzlu beynəlxalq və regional təşkilatlarla, 0 cümlədən  xarici ölkələrin müvafiq dövlət qurumları ilə işgüzar və qarşılıqlı səmərəli əlaqələr qurmuşdur.

Konfransda iştirak edən Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf-Əl Sleıbı isə çıxışında Azərbaycanda konfransın təşkil olunmasında  göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə etmişdir. Baş katib qeyd etmişdir ki, bu konfrans beynəlxalq təşkilatın tarixində dönüş nöqtəsi olacaq və üzv dövlətlərin səylərinin birləşdirilməsinə öz töhfəsini verəcəkdir. Tədbirdə Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleybi Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən mükafatlandırılmışdır. Nazir Kəmaləddin Heydərov baş katib Nəvaf-Əl Sleıbıni FHN-in “Əməkdaşlığa görə” döş nişanı ilə təltif etmişdir. Nazir Kəmaləddin Heydərov Beynəlxalq Mülki Müdafiə Təşkilatının birinci dərəcəli “Komandor” medalı ilə təltif olunmuşdur.

Sonra Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv və tərəfdaş olan dövlətlərin fövqəladə halların idarə olunması üzrə məsul dövlət qurumlarının rəhbərləri və nümayəndələrinin çıxışları dinlənilmişdir. Nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilmiş, mülki müdafiə və fövqəladə hallardan müdafiə sahəsində əhalinin hazırlığında qurumlararası koordinasiyanın təşkili, mülki müdafiə sahəsində əhalinin hazırlığı, fövqəladə halların qarşısının alınması və əhalinin həyat təminatının təşkili sahələri üzrə konfrans iştirakçılarının təqdimatları olmuş, mövzu ilə bağlı geniş müzakirələr aparılmışdır.

Konfransda Özbəkistanın fövqəladə hallar naziri Tursinxan Xudaybergenov, Qırğızıstanın fövqəladə hallar naziri Kubatbek Boronov, Latviyanın daxili işlər naziri Rihards Kozlovskis, Malinin daxili təhlükəsizlik və mülki müdafiə naziri Tiefinq Konate, Tacikistanın fövqəladə hallar və mülki müdafiə komitəsinin sədri Xayridin Abdurəhimov, Qazaxıstanın fövqəladə hallar naziri Vladimir Boşko, Belarusun fövqəladə hallar naziri Vladimir Vaşçenko, Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirinin müavini Sergey Şilikov çıxış edərək öz ölkələrində mövcud potensial problemlər və fövqəladə halların aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat vermişdir. Sonda Azərbaycan FHN-nin mülki müdafiə sistemi ilə bağlı təqdimatı olmuşdur. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, polkovnik Mirzə Əsgərovun təqdimatında mülki müdafiə işinin təşkili, FHN tərəfindən işlərin planlaşdırılması və həyata keçirilməsindən bəhs edilmişdir. O, ölkədə bu istiqamətdə bir sıra qanunvericilik aktlarının qəbul edildiyini demişdir.

Konfransın sonunda Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf-Əl Sleıbı çıxış edərək tədbirin təşkilinə görə Azərbaycan Fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərova  minnətdarlığını bildirmiş, burada qazanılan təcrübənin iştirakçı ölkələrə öz töhfəsini verəcəyini vurğulamışdır.

Konfransın sonunda Qəbələ Bəyannaməsi qəbul olunmuşdur.

Keçidlər