Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Qəbələdə "Əsli və Kərəm" operası nümayiş etdirilmişdir

18 mart 2013 | 16:00

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkil etdiyi “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Qəbələ rayonunda keçirilən tədbirlərin bağlanış mərasimi olmuşdur. Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan mərasimdə çıxış edənlər ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən, milli muğam sənətimizin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərindən danışmışlar.
Sonra yeni istifadəyə verilmiş mədəniyyət ocağının səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operası nümayiş etdirilmişdir. Opera tamaşasında əsas rolları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc solistləri, respublika muğam müsabiqəsinin laureatları Vüsalə Musayeva (Əsli) və İlkin Əhmədov (Kərəm) ifa etmişlər. Tamaşada gənclərlə yanaşı, teatrın təcrübəli solistləri–xalq artisti Şahlar Quliyev (Keşiş), əməkdar artistlər Sabir Əliyev (Şah), Nizami Bağırov (Paşa), solistlərdən Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx) və başqaları çıxış etmişdir.
Xalq dastanının motivləri əsasında yazılmış operanın librettosu bəstəkar Ü.Hacıbəylinin özünə məxsusdur. İnsanın mənəvi gözəlliyini tərənnüm edən operada Kərəm və Əslinin obrazlarının açılmasında əsasən muğamdan istifadə olunmuşdur.
Operanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.
Sonda rejissor Hafiz Quliyev gənclərin ifasından razı qaldığını bildirmişdir. O qeyd etmişdir ki, “Əsli və Kərəm” operası “Leyli və Məcnun” dan sonra muğam partiyalarının uzun olduğu operadır. Bu baxımdan da bu tamaşalarda əsas məsuliyyət xanəndələrin üzərinə düşür. Tamaşanın tamamilə yeni quruluşda səhnələşdirildiyini və rolların əsasən gənclərə həvalə olunduğunu qeyd edən Hafiz Quliyev onların öz işinin öhdəsindən uğurla gəldiyini bildirmişdir. Tamaşa həm rejissor işi, həm də gənclərin obraza girmə məharəti və ifaları baxımından olduqca uğurlu olmuşdur. İfalar tamaşaçılar tərəfindən maraqla qarşılanmış və dönə-dönə alqışlanmışdır.

Keçidlər