Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə İ.B.Qutqaşınlı adına Xalq teatrının 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir

09 dekabr 2022 | 16:42

9 dekabr 2022-ci il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən İ.B.Qutqaşınlı adına Xalq teatrının yaranmasının 60 illik yubileyinə  həsr olunmuş  tədbir keçirilmişdir. Rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin, Qızıl Aypara Cəmiyyətinin rayon şöbəsinin, ağsaqqalların, ictimaiyyət nümayəndələrinin, ziyalılar və teatrsevərlərin iştirak etdiyi  yubiley tədbirində əvvəlcə 44 günlük Vətən müharibəsində şəhadətə yüksəlmiş şəhidlərimizin xatirəsi bir  dəqiqəlik sükutla yad edilmişdir. Sonra teatrın 1960-cı ildən bu ilə qədər keçdiyi yol haqqında iştirakçılara ətraflı məlumat verilmiş, videoçarx vasitəsilə vaxtı ilə teatrda çalışmış və xatirəyə qovuşan teatrın yaradıcıları xatırlanmış, teatrın ötən illər ərzində Bakı şəhərində keçirilmiş Respublika Xalq teatr festivallarında “Gəl qohum olaq”, “Qoz əhvalatı”, “Təzə xadimə” tamaşaları ilə çıxış etməsindən və respublikanın 18-dən çox rayonunda  “Göyçək Fatma” adlı tamaşa ilə qastrol səfərinə çıxaraq tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmasından bəhs edilmişdir. Tədbir zamanı həmçinin, teatrın repertuarından "Rəşid bəy və Səadət xanım", “Göyçək Fatma”, “Gəl qohum olaq”, “Təzə xadimə”, “ Eşqdir mehrabı uca göylərin”, “Hekayəti- Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni- Məşhur” , “Zəfər” tamaşalarının kiçik səhnələri  nümayiş olunmuşdur. Çıxış edənlər Qəbələ rayon Mədəniyyət Mərkəzinin və həmçinin İ.B.Qutqaşınlı adına Xalq teatrının rayonun mədəni həyatındakı rolundan danışaraq teatrın kollektivini təbrik etmiş, kollektivə yeni-yeni yaradıcılıq uğurları arzulamışlar. Yubiley tədbiri tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılanmışdır.

Keçidlər