Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped yarışının 3-cü mərhələsinə yekun vurulub.

05 may 2017 | 16:00

Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped yarışının 3-cü mərhələsinə yekun vurulub. 18 ölkənin 22 komandasının mübarizə apardığı 2.1 kateqoriyalı yarışın 177 km-lik Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov ümumi təsnifatda liderliyini qoruyub. Mərhələ qalibi isə bizə yaxşı tanış olan, "Synergy Baku"nun keçmiş üzvü, hazırda Avstriyanın "Amplatz BMC" komandasının şərəfini qoruyan sloveniyalı Matey Müqerli olub - o məsafəni 4 saat, 20 dəqiqə, 32 saniyəyə başa vurub. Xatırladaq ki, Matey Müqerli ötən il "Synergy Baku"nun heyətində də bu mərhələnin qalibi olmuşdu. İsrailin "İsrael Cycling Academy" komandasının üzvü Mikel Raim və Ukraynanın "Kolss" komandasının təmsilçisi Vitaliy Buts qaliblə eyni vaxt göstəricinə imza atmaqla finiş xəttini müvafiq olaraq 2-3-cü keçiblər. "Synergy Baku"nun üzvlərinə gəlincə, Kiril Pozdnyakov və Yosip Rumaç finişi ümumi pelotonda keçməklə fotofinişə əsasən 14 və 15-ci olublar. Məhz bu nəticə Kiril Pozdnyakova ümumi təsnifatda liderliyi qorumağa şərait yaradıb və o mavi rəngli "Synergy" köynəyini özündə saxlayıb. Hazırda velosipedçimiz ən yaxın izləyicisi, Ukraynanın "Kolss" komandasının üzvü Oleksandr Polivodanı 39 saniyə qabaqlayır. Aralıq sprintlərində hamıdan çox xal toplayan "İsrael Cycling Academy" komandasının üzvü Mikel Raim ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli "SOCAR" köynəyini özünə qaytarıb. Ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli "AZAL" köynəyi Ukraynanın "Kolss" komandasının üzvü Vitaliy Butsda qalıb. Almaniyanın "Team Sauerland NRW p/b Henley & Partners" klubunun üzvü Feliks İntra isə yenidən ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "ATAHOLDİNG" köynəyi ilə mükafatlandırılıb. Velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təltif edib.

Keçidlər