Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Koreyalı qonaqlar Qəbələnin tarixi-mədəni məkanları və turizm sektoru ilə yaxından tanış olmuşlar.

21 sentyabr 2017 | 02:00

SEBA (Seul-Bakı) Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin  birgə təşkilatçılığı ilə keçirilmiş“Ariranq”- “Azərbaycanın qəlbini coşdur” adlı mədəniyyət festivalının iştirakçıları Qəbələ şəhəri, onun tarix-mədəniyyət abidələri, müasir infrasturukturu və turizm potensialı ilə yaxından tanış olmuşlar. Nümayəndə heyətinin üzvləri əvvəlcə Qəbələ Mədəniyyət Mərkəzinin inzibati binası ilə tanış olublar. Burada Koreyalı qonaqlar yerli sənətkarların əl işindən ibarət sərgiyə baxıb, rayon mədəniyyət evinin özfəaliyyət kollektivlərinin çıxışlarını maraqla izləyiblər. Sonra nümayəndə heyəti rayonun Çuxur Qəbələ kəndinə gələrək  900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Onlara bildirilib ki, Azərbaycan-Koreya arxeoloji ekspedisiyası 2009-cu ilin yayında SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, maliyyə və təşkilatı dəstəyi ilə fəaliyyətə başlayıb. O vaxtdan etibarən Qafqaz Albaniyası dövlətinin paytaxtı, sonralar isə Azərbaycan və Şərqin tarixində strateji əhəmiyyətli şəhər olmuş Qəbələnin (e.ə.IV-b.e.XVIII əsrləri) üç tarixi ərazisində, eləcə də Paleolit, Eneolit və Erkən Tunc dövlərinə aid şəhərkənarı ərazilərində arxeoloji tədqiqatlar aparılıb. Qeyd edilib ki, Qəbələdəki arxeoloji tədqiqatlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları və Koreyanın bir neçə elmi mərkəzinin mütəxəssislərindən ibarət komanda tərəfindən aparılıb. Arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələri Qəbələdə qədim şəhərsalma və şəhər həyatının səviyyəsini təqdim etməyə imkan verir. Koreyalı qonaqlar həmin nümunələrə Çuxur Qəbələ kəndindəki Arxeoloji Mərkəzin sərgi salonunda baxış keçiriblər. Bildirilib ki, bu eksponatların saxlanılması və mütəxəssislər tərəfindən laboratoriya işlərinin aparılması üçün mərkəzdə lazımi şərait yaradılıb. Qonaqlar Qəbələdə aparılan arxeoloji qazıntı işləri prosesini və Qəbələ rayonunun sosial-iqtisadi inkişafını əks etdirən videoçarxa baxıblar. Rayonun turizm sektoruna maraq göstərən qonaqlar son illər bölgədə inşa edilən müasir beşulduzlu otellərlə yanaşı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə də yaxından tanış olublar. Məlumat verilib ki, kompleksin 4 kanat xəttinin hamısı və 10 xizək yolundan 8-də tikinti işləri başa çatdırılıb, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılıb, bütün dağ-xizək trassası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib və gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb. Qədimliklə müasirliyin qovuşduğu bu əsrarəngiz bölgə ilə tanışlıqdan  zövq alan qonaqlar Qəbələ rayonundan xoş təəssüratlarla ayrılmışlar.

Foto qalereya

Keçidlər