Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgi açılıb.

07 oktyabr 2017 | 02:00

Beynəlxalq Memarlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin, “Gilan Holdinq”in dəstəyi, Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi başa çatıb. İlk öncə müsabiqə iştirakçıları Qəbələ şəhərinin mərkəzindəki Heydər Əliyev Parkına gələrək Ümummilli Liderin abidəsi önünə gül-dəstələri düzmüşlər. Daha sonra III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin münsiflər heyətinin Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevlə görüşü təşkil olunmuşdur. Görüş çərçivəsində RİH başçısı tərəfindən nümayəndə heyətinə rayonun tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı, həmçinin son dövrlərdə bölgədə müasir memarlıq üslubunda  inşa olunan tikililər barədə ətraflı məlumat verilmişdir.
Daha sonra Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində mətbuat konfransı keçirilmişdir. Toplantıda III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin münsiflər heyətinin sədri, Beynəlxalq Memarlıq İttifaqının sabiq prezidenti Vassilis Squtas, üzvlər- Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə, beynəlxalq təşkilatın Şura üzvü Patrik Kolombye, Beynəlxalq Memarlıq İttifaqının sabiq baş katibi Mişel Barmaki, sabiq vitse-prezident Hayder Ali çıxış edərək iki ildən bir Bakıda keçirilən bu müsabiqənin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, bu açıq beynəlxalq müsabiqə dünyanın tanınmış memarları ilə yanaşı, gənc memarların da böyük marağına səbəb olub və burada iştirak edənlərin sayı getdikcə artmaqdadır.
Elbay Qasımzadə Azərbaycanda memarlığın inkişafına göstərilən dövlət qayğısından, gənclərin bu sahəyə marağından danışıb. O, qeyd edib ki, Beynəlxalq Memarlar İttifaqı tərəfindən hazırda dünyada 5 müsabiqə keçirilir ki, bunun biri də Bakı Beynəlxalq Memarlıq Müsabiqəsidir. İlk müsabiqədə Azərbaycanı 4, ikinci müsabiqədə 18, üçüncü müsabiqədə isə 53 memar təmsil edib. Məlumat verilib ki, bu müsabiqədə 22 ölkədən (Azərbaycan, İtaliya, İspaniya, Rusiya, Portuqaliya, Səudiyyə Ərəbistanı, Yunanıstan, Şri Lanka, Vyetnam, Rumıniya, Fransa, Çexiya, Gürcüstan, Əfqanıstan, Yaponiya, Qabon, Pakistan, Malaziya, Qırğızıstan, İran, Cənubi Afrika Respublikası) 156 iştirakçının əsərləri təqdim edilib.
Müsabiqə “İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Həyata keçirilmiş ən yaxşı interyer”, “Həyata keçirilməmiş ən yaxşı layihə”, “Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Memarlıq sahəsində ən yaxşı nəşr”, “Memarlıq sahəsində ən yaxşı jurnalist işi və tənqid» (internetdə yaxud dərc olunmuş)” nominasiyaları üzrə keçirilib. Müsabiqəyə təqdim olunan əsərlər 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən iki gün ərzində qiymətləndirilib. Sonda müsabiqə iştirakçılarının memarlıq əsərlərinin fotoşəkillərindən ibarət sərgiyə baxış keçirilib. Müsabiqəyə təqdim olunmuş işlərin sərgisi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Foto qalereya

Keçidlər