Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın 10 şəhər və rayondan olan iştirakçıları Qəbələ ilə tanışlığa başlayıblar.

17 noyabr 2017 | 04:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, noyabrın 16-dan 19-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün nəzərdə tutulan “Ölkəmizi tanıyaq” adlı növbəti maarifləndirici tur-aksiyaya start verilib. Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Göygöl, Tovuz, Ağdaş və Füzuli məktəblilərindən ibarət 10 qrupun üzvləri noyabrın 16-da, günorta saatlarında Qəbələyə çatıblar. Şagirdləri Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri qarşılayıb. Rayondakı “Qafqaz Karvansaray” və “Qafqaz Sport” otellərinə yerləşən şagirdlər nahar etdikdən sonra Qəbələ ilə tanış olmağa başlayıblar. Ümumilikdə 400 nəfər şagird və onlara rəhbərlik edən müəllimlərin iştirakı ilə əvvəlcə proqrama uyğun olaraq Dəmiraparan çayının sahilində “Ölkəmizi tanıyaq” devizi altında ağacəkmə aksiyası keçirilib. İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən yaşıllaşdırma aksiyası zamanı məktəblilər 400-ə yaxın küknar, ağcaqayın və palıd ağacı əkərək onları suvarıblar. Sonra gəzinti zaman şagirdlərə Qəbələ-Şəki-Zaqatala marşurutu üzrə təşkil ediləcək və maarifləndirici xarakter daşıyan bu tur-aksiyanın əhəmiyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, onlar tur-aksiyanın proqramına uyğun olaraq noyabrın 16-19-da Qəbələ, Şəki və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəniyyət abidələri, coğrafiyası, turizm obyektləri, muzeyləri ilə tanış olacaqlar. Qəbələyə səfərin ilk günü şagirdlərin marağına səbəb olan məkanlardan biri də Nohur gölü olub. Sıx meşəlik və dağlıq ərazidə yerləşən gölün ətrafında gəzintiyə çıxan məktəblilər orada xatirə şəkilləri çəkdiriblər. Sonra Yengicə kəndindəki “Zoopark”a ekskursiya edən şagirdlərə orada bəslənilən heyvanlar barəsində ətraflı məlumat verilib. Sonra tur-aksiya iştirakçıları üçün axşam saatlarında Qəbələ Mədəniyyət Mərkəzində vətənpərvərlik mövzusunda çəkilmiş “Cavad Xan” filmi nümayiş olunub. Film şagirdlərin böyük marağına səbəb olub.

Foto qalereya

 

Keçidlər