Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

XX əsrin ən qanlı soyqırımı olan Xocalı faciəsi anılmışdır.

26 fevral 2018 | 16:00

Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Anım mərasiminin iştirakçıları əvvəlcə soyqırımına həsr olunan rəsm sərgisinə baxmışlar. Mərkəzin zalında təşkil olunan tədbiri rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri RİH başçısının müavini Ətayə Osmanova açmış, Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. XX əsrdə ermənilər tərəfindən törədilən və xalqımıza qarşı yönəldilmiş ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsi haqqında Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev geniş çıxış etmişdir. RİH başçısı nitqində Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu, ermənilərin davamlı olaraq həyata keçirdiyi etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində soydaşlarımızın zaman-zaman tarixi torpaqlarından qovulduğunu, qaçqına, məcburi köçkünə çevrildiyini və bütün bunların kütləvi qırğınlarla müşayət olunduğunu bildirmişdir. Səbuhi Abdullayev 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş bu qanlı faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır, ən qatı cinayətlərdən biri olduğunu, Xocalı soyqırımının ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayandığını qeyd etmişdir. Həmin gecə 613 nəfərin ödürüldüyünü, 1000 nəfərin əlil olduğunu deyən natiq, qətlə yetirilənlərin 106 nəfərinin qadın, 63 nəfərinin azyaşlı uşaq, 70 nəfərinin isə qocalar olduğunu bildirmişdir. Ermənilərin 8 ailəni tamamilə məhv etdiyini diqqətə çatdıran Səbuhi Abdullayev 25 uşağın hər iki valideynini, 130 uşağın valideyinlərindən birini itirdiyini, 1275 nəfərin girov götürüldüyünü, onlardan 150 nəfərinin taleyinin indi də məlum olmadığını vurğulamışdır. Etnik təmizləmə və soyqırıma əsil siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyinə diqqət çəkən RİH başçısı 1994-cü ildə Azərbaycan parlamentinin 26 fevralın Xocalı soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul etdiyini vurğulamışdır. Dünyanın bir çox dövlətlərinin, Xocalı faciəsini soyqırımı kimi pislədiyini qeyd edən Səbuhi Abdullayev 17 may 2008-ci ildə İslam Əməkdaşlıq Təşkilatının və İSESKO-nun toplantısında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət - Qarabağa Azadlıq” kampaniyasının başlanıldığını və 26 fevralın İƏT-ə üzv ölkələrdə “Xatirə Günü” kimi qeyd olunmasının qərara alındığını bildirmişdir. Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən bütün zəruri təbirlərin görüldüyünü, ölkə başçısının Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncama əsasən tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin aparıldığını və bütün məcburi köçkünlərimizin öz elinə, obasına qayıdacağı günün uzaqda olmadığını demişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əhəd Həsənov, Qəbələ Müalicə Diaqnostika Mərkəzinin həkimi, Xocalı köçkünü Kamal Məmmədov və digərləri cıxış etmişlər. Çıxış edənlər ermənilərin həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin faciəli nəticələrindən, Xocalıda dinc insanlara qarşı törədilən qanlı terror hadisələrindən, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən söhbət açmışlar. Sonda Qəbələ Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər