Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə üzümçülüyün və şərabçılığın inkişafı məsələləri müzakirə olunub.

21 sentyabr 2018 | 16:00

Bu gün qeyri-neft sektorunun digər sahələri kimi, şərab ixracının artırılması başlıca vəzifə olaraq qarşıya qoyulub. İxracın təşviqi fonunda xarici bazarda tanıdılması nəzərdə tutulan məhsullar arasında şərab da var. Hazırda ölkəmizdə istehsal olunan şərab məhsullarının keyfiyyəti beynəlxalq standartlara uyğundur. Bu fikirlər Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Qəbələ rayonundakı “ASPİ Agro” MMC-nin “Savalan” üzüm emalı və şərab istehsalı müəssisəsində keçirilən “Azərbaycanda müxtəlif növ texniki üzüm sortlarından alınan yüksək keyfiyyətli şərab və konyak istehsalı texnologiyalarının təkmilləşdirilməsi” mövzusunda respublika elmi-praktik seminarında səsləndirilib. Üzümçülüklə məşğul olan fermerlərin və torpaq mülkiyyətçilərinin, qabaqcıl üzüm emalı müəssisələrinin nümayəndələrinin, alimlərin iştirak etdiyi tədbirdə çıxış edən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının həqiqi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, texnika üzrə elmlər doktoru Tariyel Pənahov bildirib ki, dövlətimiz tərəfindən üzümçülük və şərabçılığın inkişafı ilə bağlı ardıcıl proqramlar qəbul edilib. Onlardan sonuncusu 2018-2025-ci illəri əhatə edən Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramıdır. Qeyd olunub ki, son illər süfrə, desert, nektar və kaqor tipli şərabların, meyvə və giləmeyvə likorlarının, bəhməz və təbii üzüm şirəsinin yeni texnologiyalarının işlənib hazırlandığını, şampan şərab materiallarının, konyak və arağın hazırlanma texnologiyalarının təkmilləşdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, “Made in Azerbaijan” brendinin təbliğ edilməsi məqsədilə hazırda Azərbaycan istehsalı olan şərabların və spirtli içkilərin müxtəlif ölkələrdə təşkil olunan beynəlxalq dequstasiya müsabiqələrində və sərgilərdə təqdimatı keçirilir. Diqqətə çatdırılıb ki, dünyada istehsal olunan üzümün təxminən 80 faizinin adətən emala getdiyini, 20 faizinin isə süfrə üzümü və digər məqsədlər üçün istifadə olunur. Bildirilib ki, ölkəmizdə artıq bu işə başlanılıb və müəyyən nailiyyətlər əldə olunub”. Tədbirdə çıxış edən “ASPİ Agro” MMC-nin sədri Əjdər Şəfizadə “Savalan” üzüm emalı və şərab istehsalı müəssisəsində müasir texnologiyaların tətbiqi əsasında şərabçılıq məhsullarının istehsalı barədə məlumat verib. Vurğulanıb ki, 2007-ci ildə fəaliyyət göstərən müəssisədə 2010-cu ildən şərab istehsalına başlanılıb. İllik istehsal gücü 1000 ton olan müəssisədə hazırda 16 çeşiddə şərab istehsal olunur. Müəssisədə istehsal olunan şərab məhsulları Rusiya, Belarus, Türkiyə, bir sıra Avropa ölkələrinə, həmçinin Çin Xalq Respublikasına ixrac edilir. Hazırda müəssisənin Qəbələ və İsmayıllı rayonlarının ərazisində 350 hektar üzüm sahəsi var. Açıq dialoq şəklində davam edən seminarda daha sonra üzümçü fermer və sahibkarları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Tədbir iştirakçıları Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən aparılan elmi-tədqiqatlar nəticəsində seçilmiş Azərbaycan şəraitinə uyğun fillokseraya davamlı Amerika calaqaltı və yeni hibrid üzüm sortları ilə tanış olub, müəssisənin istehsal sahələrinə baxış keçirib, texnoloji avadanlıqla tanış olub, üzümün emalı və şərabın hazırlanması prosesini yaxından izləyiblər.

Keçidlər