Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

AŞPA və eləcə də Ermənistan faşizmin müasir ocaqlarından biridir.

09 iyun 2020 | 07:00

Üzvü olduğumuza görə adı tez-tez gündəmə gələn Avropa Şurasının nədən ölkəmizə qarşı qərəzli və açıq ermənipərəst mövqe tutması hər bir Azərbaycan sevəri dərindən narahat edir və düşündürür. Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında geniş məzmunlu tarixi nitqi zamanı bu məsələyə çox təfsilatlı şəkildə aydınlıq gətirdi və əslində Avropa Şurasının iç üzünü açıb ortaya qoydu. Bu gün heç kimə sirr deyil ki, Avropa Şurası və xüsusən də bu təşkilatın əsas qurumlarından biri olan Parlament Assambleyası ermənipərəst dairələrin birbaşa təsiri altındadır. Biz bunu təxminlərimiz, gümanlarımız əsasında demirik. AŞPA-nın ermənipərəst, anti-Azərbaycan mövqeyi bu təşkilatın hər addımından, ölkəmizlə bağlı qəbul etdiyi hər bir sənədindən, açıqladığı bəyanatlardan açıq-aşkar şəkildə görünür. Dağlıq Qarabağdakı rejimin qondarma, xunta rejimi olduğunu qeyd edən dövlət başçımız bu rejimin keçirdiyi “prezident” və “parlament” seçkilərini haqlı olaraq şou və təlxəklik tamaşası adlandırdı, eyni zamanda digər beynəlxalq qurumlardan fərqli olaraq Avropa Şurasının bu “seçki” məzhəkəsinə qəribə münasibətini kəskin şəkildə tənqid etdi. Ölkə rəhbərinin sözlərinə görə bu gün Avropa Şurasında deqradasiya prosesi gedir və bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini sürətlə itirməkdə davam edir: “Fakt isə budur ki, AŞPA dünyada gedən heç bir prosesə, hətta cüzi hadisələrə belə, təsir etmək gücündə deyil. Məhz bu baxımdan məsələnin kökünə varan cənab Prezident hər çıxışında sübutlarla vurğulayır ki, bunun səbəbləri qurumda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizliklərdir. Söz yox ki, Prezident İlham Əliyev tənqidini irəli sürərkən bilavasitə Azərbaycan xalqının da mövqeyini, baxışını əks etdirir. Bütün dünya bilir ki, AŞPA və eləcə də  Ermənistan faşizmin müasir ocaqlarından biridir. AŞPA bunu açıq fəaliyyəti və dünyada baş verənlərə münasibətindən, özünün əsl ermənipərəst simasından göstərir. Belə olmasaydı, AŞPA faşizm əlaltılarını, cəlladlarını bütləşdirən, heykəlləşdirən Ermənistanı sərt tənqid edərdi. Amma etmədi. Ermənistan faşizmin müasir beşiyidir. Azərbaycan isə beynəlxalq aləmdə faşizmin qəti əleyhdarı, faşistlərə heykəl qoyan erməniləri kəskin şəkildə ifşa edən və neofaşizmin bütün bəşəriyyət üçün təhlükə olduğunu bildirən dövlətdir. AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvləri zaman-zaman Azərbaycana qarşı nifrət dolu çıxışlar edir, ölkəmizi tamamilə qəbulolunmaz formada ittiham edirlər. AŞPA-nın 2020-ci ilin yanvarında keçirilmiş qış sessiyasında Qaregin Njde kimi əli günahsız insanların qanına batmış və faşistlərlə əməkdaşlıq etmiş Ermənistanın bir deputatı Azərbaycanı faşizm ilə əlaqələndirmişdir. Təəssüf ki, bu kimi hallarda AŞPA rəhbərliyi tərəfindən məsələyə adekvat reaksiya verilmədi. AŞPA kimin tərəfindədir? Faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdeni dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın, yoxsa mədəniyyətlərarası və dinlərarası dialoqu özünün xarici siyasətinin əsas prioritetlərindən birinə çevirmiş Azərbaycanın?       Avropa Şurası qoca Avropa qitəsində yüz illərdir formalaşan ümumbəşəri, humanist dəyərləri ayaqlar altına ataraq Qarabağda yuva salmış faşist-separatçı xuntanın, Xocalıda Azərbaycanın dinc əhalisinə qarşı soyqırım törətmiş Ermənistan hərbi-siyasi elitasının yanında yer alır və onlara hamilik edir. Bu isə açıq-aşkar “ikili standartlar” siyasətinin yürüdülməsi deməkdir. Avropa Şurası bu cür ikiüzlü siyasət yürütməklə təkcə bizə qarşı pislik etmədi, o həm də özünü rəzil etdi, gözdən saldı. Prezident İlham Əliyev qondarma Dağlıq Qarabağ xunta rejimində 11 iyul 2014-cü ildən əsirlikdə olan iki mülki Azərbaycan vətəndaşının - Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz olaraq həbsdə saxlanılmasına aidiyyəti qurumların səssiz qalmasına öz kəskin münasibətini bildirib: “Azərbaycanda siyasi məhbuslarla bağlı qəbul edilmiş son qətnamə heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin Azərbaycan üçün dəyəri bir kağız parçasından artıq deyil. Azərbaycan orada səslənən uydurma ittihamların heç birini qəbul etmir. Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz. Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcəkdir. AŞPA isə bundan sonra da Azərbaycanla bütün körpüləri yandırmaq siyasətini davam etdirmək istəyirsə, bu onun öz seçimidir”. Bizim üçün ən vacibi xalqın rəyidir. Bütün azərbaycan xalqı kimi qəbələlilər də öz Prezidentini və dövlətini sevir, ona inanır və siyasətini qətiyyətlə dəstəkləyir.

Keçidlər