Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır.

01 oktyabr 2020 | 02:00

Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək növbəti dəfə Azərbaycan torpaqlarını iriçaplı silahlardan atəşə tutdular. Nəticədə günahsız mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralılar oldu. Xəyanətkar təxribata dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-si bununla bağlı birgə bəyanat vermişdir. Bu bəyanat təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır. Ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır. Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır. İşğalçı ölkə 30 ilə yaxındır ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının, AŞPA-nın qətnamələri bir neçə gün ərzində icra olunur. Azərbaycana gəldikdə isə qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşma qəbuledilməzdir. İşğalçı hökumət bu münaqişənin həll edilməsində maraqlı deyildir. Ermənistan hökuməti vətəndaşlarının diqqətini bu problemlərdən yayındırmaq, daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur. Ermənistan Baş nazirinin militarist bəyanatları, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi müzakirələrində konstruktiv mövqe nümayiş etdirməməsi, “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatları müzakirələrin önünü kəsən amillərdir. Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. Ermənistan Azərbaycanın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə müzakirə aparmasını istəyir. Ali Baş Komandan bunu qətiyyətlə rədd edir və  bu təkliflə ATƏT-in Minsk qrupu da razılaşmır. 2016-cı il aprel və 2020-ci il iyul aylarında Ermənistanın atəşkəsi pozmasından sonra yaşanan hadisələrdə Azərbaycan Ordusunun vurduğu sarsıdıcı zərbələr nəticəsində Ermənistan ordusu məğlubiyyətə uğradıldı. Ermənistanın məğlubiyyəti ona dərs olmalıdır. Ali Baş Komandan dəfələrlə bildirib ki, bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur. Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması sadəcə bölgənin deyil, beynəlxalq aləmin də təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir. Belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşları və dünya azərbaycanlıları bir daha milli birliyə və vəhdətə gəlməli, hər kəs Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməlidir. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməməlidir, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır. Özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və AXCP təəssüflər olsun ki, vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Ali Baş Komandanın bu sahədə həyata keçirtdiyi siyasəti dəstəkləməmələri onların səmimi olmadıqlarını və əsl simalarını bir daha göstərdi.  Azərbaycan xalqının   səbirsizliklə gözlədiyi Vətən Müharibəsinin başlamasının ilk günündə Müsavat və AXCP ümummilli dəyərlərə sahib çıxmayaraq, vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək, düşmən dəyirmanına su tökürlər. Siyasi ədavət saxlayan bu partiyalar belə bir gündə Ali Baş Komandan yanında olma qabiliyyətini göstərə bilmədilər.  Siyasi dialoq çağırışlarına cavab verməyən siyasi partiyalar beşinci kolonu təmsil edir. Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatları görməyən, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən Müsavat Partiyası və AXCP dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları böyük bir təəssüf doğurur. Bu gün bütün dünya azərbaycanlılarının həmrəylik nümunəsi göstərdiyi dövlət başçısının uğurlu siyasətini dəstəklədiyi bir vaxtda beşinci kolonun nümayəndələri növbəti xəyanətkar mövqedə, düşmən yanında  dayanmaqla özlərinin əsil simalarını bir daha göstərirlər. Torpaqlarımızda azadlıq döyüşlərinin, əsil Vətən Müharibəsinin getdiyi bir vaxtda ölkə xalq-iqtidar-müxalifət hisələrinə bölünməməlidir. Əksinə siyasi birlik nümayiş etdirilməlidir. Onlar torpaqlarımızın düşmən tapdağından azad edilməsinə sevinmir, siyasi ədavət saxlayaraq düşmən dəyirmanına su tökürlər. Azərbaycan torpaqlarının işğal olunması, bir milyondan artıq insanın özünün doğma yurd-yuvalarından didərgin düşməsinə səbəb 90-cı illərin əvvəllərində hakimiyyətdə olmuş AXCP-Musavat cütlüyünün hakimiyyətdə olduğu dövrdə yeritdikləri xəyanətkar, yarıtmaz siyasət olmuşdur. Şuşanın satılması o dövrdə hakimiyyət uğrunda gedən mübarizə nəticəsində baş vermişdir.  Bu işğaldan sonra demək olar ki, növbəti işğallar da qaçılmaz oldu. Ölkə Prezidenti bu gün AXCP və Musavat partiyasının yarıtmaz əməllərini, bu ləkəni Azərbaycanın üstündən götürməklə məşğuldur. Xəyanət nəticəsində verilmiş torpaqlarımız geri alınır. Hazırda ordumuzun rəşadətli döyüşçüləri böyük qəhrəmanlıqlar göstərərək düşməni əzəli torpaqlarımızdan qovur. Bu gün bir məntiq görünür...”Qələbə bizimdir, Qarabağ Azərbaycandır!”

 

İmran Mustafayev
Qarabag Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri
İctimai Birliyinin Qəbələ rayon şöbəsi

Keçidlər