Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.

03 oktyabr 2020 | 06:00

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bir neçə istiqamətdən bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində Azərbaycanın 17 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Bu gün Azərbaycan Respublikasının güclü orduya sahib olmasınn ən mühüm amillərindən biri əsgərlərimizdə döyüş ruhunun yüksək səviyyədə olmasıdır. Son günlərdə Milli ordumuza dəstək üçün minlərlə könüllü vətəndaşın ordu sıralarına qatılmaq istəməsi Azərbaycan xalqının mübarizliyinin, qələbə istəyinin və əzmkarlığının bariz göstəricisidir. Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərə dövlətimiz tərəfindən qayğı hər zaman yüksək səviyyədə göstərilmişdir. Bu gün də öz milləti, dövləti üçün canından keçməyə hazır olan yaralı əsgərlərimiz həkimlər tərəfindən yüksək səviyyədə müalicə olunur və onlar yaxın gələcəkdə öz əsgər yoldaşlarının yanına qürur hissi ilə qayıdacaqlar.   2020-ci il Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşmüşlər. Yaralı əsgərlərlə görüş zamanı Prezident İlham Əliyev qeyd edib ki, Mən sizi təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib. O ordu yenilməz və güclüdür ki, əsgəri düşünmədən Vətən naminə ölümə hazırdır. Bu mənada təsadüfi deyil ki, hər bir ölkənin qüdrətini göstərən əsas cəhətlərdən biri onun ordusu, əsgərinin vətənpərvərlik ruhudur. Ordumuzun hər bölməsində vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq.  Torpaqlarımıza keşik çəkən bu oğulların qətiyyəti, məğrurluğu bu gün sübut edir ki, işğal altında olan torpaqlarımızın azad edilməsi çox yaxındır. Bu igidlərin baxışlarında Böyük Qələbənin işartısı görünür. Onların hər kəlməsində Vətən var, Qələbə var. Azərbaycan öz doğma torpağında vuruşur və haqq yolunda yaralanır. Fərq bundadır ki, bizim əsgərlərimiz xilaskar əsgərlər, erməni əsgərləri isə işğalçı əsgərlərdir. Azərbaycan xalqı öz dövlətinin ərazi bütövlüyünü bərpa edəcək. Biz əminik ki, Azərbaycan tarixinə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə şanlı və mübariz ordumuz tərəfindən yaxın günlərdə yeni bir “Qələbə günü” həkk olunacaq..

Azərbaycan və Ermənistan sərhəddində yaşanan hadisələrdən öz narahatlığını bildirən bəzi ölkələr hər iki ölkəni sülh masasına dəvət etdiyini bildirib. Ancaq 30 il öz işğalçı mövqeyindən əl çəkməyən və yuxarı təşkilatların bəyannamələrinə məhəl qoymayan Ermənistan bu gün də öz əməllərindən əl çəkmir. Mövcud danışıqlar formatı heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış yersizdir. Bu günlərdə Azərbaycana dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq. Türkiyə hər zaman öz qardaşlıq münasibətini açıq-aşkar bəyan etmiş və hər zaman Azərbaycanın yanında olacağını bildirmişdir. Bundan başqa Pakistan, Ukrayna, İsrail, Moldova kimi ölkələr Azərbaycana dəstək olduqlarını rəsmi  şəkildə bildirmiş, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdir. Azərbaycan məsuliyyətli ölkədir. Azərbaycan ordusu mülki əhaliyə qarşı heç vaxt vuruşmur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözügedən mövqeyi vəziyyətdən asılı olmayaraq hər zaman eyni olaraq qalır. Lakin, Azərbaycan ordusu ilə açıq mübarizədən yayınan Ermənistan rəhbərliyi hər gün yeni təxribatlar hazırlayır, Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaq istəyir. 27 sentyabr tarixindən başlayan hadisələr bunun bariz sübutudur. Hər gün mülki əhali arasında itkilərimizin olması Erməni rəhbərliyinin uzun illərdən bəri dəyişməyən faşist ideologiyasını bir daha sübut edir. Son günlər Ermənistan ordusu artilleriya atəşləri ilə Azərbaycanın sərhəd boyu ərazilərində yaşayan dinc əhalini və mülklərini hədəfə almışdır. Lakin cəbhə bölgəsində yaşayan soydaşlarımızın hamısı öz evində, öz yerindədir, hamısı “Vətən sağ olsun” deyir və ordumuza güvənirlər. Azərbaycan əsgərinin azadlıq mübarizəsində qəhrəmanlıq və şücaət göstərməsi, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırması gələcək nəsillər üçün böyük nümunədir. Bunun nəticəsidir ki, hər bir Azərbaycan gənci öz dövləti və öz ordusu ilə fəxr edir. Azərbaycan xalqında qayğı və mərhəmət hissi tarixən olub və olacaqdır. Bizlər xoşbəxt xalqıq ki, bu cür mənəvi keyfiyyətləri özündə əks etdirən hisslərə sahibik. Biz buna müalicə olunan hərbçilərlə görüş zamanı şahid olduq. Yaralanan əsgərlərlə görüşərkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın kövrəlməsi Azərbaycan qadınının mərhəmətinin təcəssümü oldu. Hər kəs bir daha şahidi oldu ki, səmimi hisslər və dərdlərin bölüşülməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətlərdir. Yaralı əsgərlərlə görüşü zamanı cənab Prezident demişdir: “Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Qələbə bizimdir, Qarabağ Azərbaycandır!”

 Sonda ölkə Prezidenti yaralı əsgərlərə Allahdan şəfa diləmişdir.

Keçidlər