Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır.

13 oktyabr 2020 | 03:00

Azərbaycan və Ermənistan Xarici Işlər nazirləri arasında Sergey Lavrovun iştirakı ilə Moskvada keçirilən görüşü bəlkə son 30 ilin ən gərgin, ən mürəkkəb görüşü hesab etmək olar. Danışıqların 11 saat davam etməsi də bunu sübuta yetirir. Bu, həm də o deməkdir ki, Azərbaycan masa arxasında da savaşıb, döyüş meydanındakı əzmini danışıqlarda da nümayiş etdirib. Azərbaycan Ermənistanın hərbi təxribatları qarşılığında əks-hücuma başlayanda da, işğalçı ordunu darmadağın edəndə də danışıqları istisna etməmişdi və bunun üçün öz şərtlərini irəli sürmüşdü. Bu şərtlər isə beynəlxalq hüquqa, Azərbaycanın işğal altında olan ərazilərinin tamamilə və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə söykəndiyi halda yenə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən hansısa reaksiya ilə qarşılaşmadı. Qardaş Türkiyə rəsmiləri isə prosesin inkişaf perspektivini nəzərə alaraq, “Masada da, meydanda da Azərbaycanın yanındayıq” bəyanatını verdilər. Azərbaycan indi bu prosesi paralel şəkildə aparır. Döyüş meydanında qazandığı üstünlüyü masaya daşıyır və masada əldə edəcəklərini, yaxud işğalçıya real təzyiq göstərilməyəcəyi təqdirdə, üstünlüyünü yenidən döyüş meydanına daşıyacaq. Yəni, humanitar atəşkəs, sadəcə, birinci mərhələdir. Hərbi əməliyyatların gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınmasıdır. Bu proseslərin paralel şəkildə aparılması ona görə vacibdir ki, əldə edilmiş nailiyyətlərin daha da gücləndirilməsinə zəmin yaransın. Ermənistan tərəfinin daxili ictimai rəyə hesablanmış fantastik təbliğat və təşviqat metodlarının, üfürülən yalanların miqyasının nəhayətsizliyinə rəğmən, artıq danışıqların gedişində də şərtləri Azərbaycan müəyyən edir və qarşı tərəfin hər hansı bir iddiasının, şərtinin qəbul edilməyəcəyi ilə bağlı mövqeyini imperativ şəkildə nümayiş etdirir. Nəzərə almaq lazımdır ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə atılan bütün addımlar, həyata keçirilən və bundan sonra keçiriləcək bütün əməliyyatlar Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində gerçəkləşdirilir. Azərbaycan Prezidenti bu təzyiqlərə mətanətlə sinə gərir, çevik, ardıcıl və zamanında atılan diplomatik addımlarla ölkəmizə olan təzyiqləri neytrallaşdırır, işğalçı Ermənistanın və havadarlarının dövlətimizə qarşı vahid diplomatik cəbhə formalaşdırmaq cəhdlərinin qarşısını alır. Bu, olduqca çətin, mürəkkəb və ziddiyyətli bir prosesdir. Hadisələrin gedişatında hər an yeni reallıqların ortaya çıxması, ilk baxışda həlli asan görünən problemlərin mürəkkəb xarakter alması mümkündür və bu ehtimal heç vaxt istisna olunmayıb. Belə olduğu təqdirdə, diplomatik müstəvidə buraxılan istənilən səhv hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Həmçinin humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada yox deməsi Ermənistanın mövqelərinin gücləndirilməsinə zəmin yarada və ölkəmiz tərəfindən Beynəlxalq Humanitar Hüququn prinsiplərinin, o cümlədən Haaqa və Cenevrə konvensiyalarının və bu konvensiyalara BMT Baş Assambleyasının Əlavə protokollarının pozulması kimi təqdim edilə bilərdi ki, bu da indiki şəraitdə ölkəmizin maraqlarına qətiyyən uyğun deyil. Humanitar atəşkəs müvəqqəti xarakter daşıyır və hərbi əməliyyatların keçirildiyi ərazilərdə humanitar məqsədlə hərəkətlərin yerinə yetirilməsinə xidmət edir. Danışıqlar mahiyyəti üzrə, heç bir manipulyasiyaya, status-kvonun bərpasına xidmət edən bəhanələrə yol verilmədən aparılmalı, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalı və həyata keçirilməlidir. Əgər bundan sonra Ermənistan yenə də ənənəvi davranışlarını davam etdirəcəksə və işğal etdiyi Azərbaycan ərazilərindən konkret, əvvəlcədən müəyyənləşdirilmiş və qısa zaman çərçivəsində öz qoşunlarını çıxarmayacaqsa, bu halda sülhə məcburetmə əməliyyatlarının yenidən bərpası kimsədə şübhə doğurmamalıdır. Artıq təmas xətti deyilən anlayış yoxdur, status-kvo dəyişib, hərbi və siyasi müstəvidə şərtləri Azərbaycan diktə edir. Vaxtilə Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin isə çox böyük geosiyasi əhəmiyyəti var. Bu Azərbaycanın öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcəyinin, tarixi və hüquqi ərazisində suveren hüquqlarından kənar hər hansı bir subyektin formalaşmasına imkan verməyəcəyinin sübutudur. Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbələrlə Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistanın baş naziri artıq heç bir şərt irəli sürmür və ona diktə edilən şərtləri qəbul etmək məcburiyyətindədir. Son 30 ildə Azərbaycan Ordusu ilk dəfədir ki, bir həmləyə 15-20 gün bundan əvvəl əksəriyyətimizin təsəvvür edə bilməyəcəyi qədər ərazi azad edib. Nəzarətimizdə olan, düşmənin ayaq basa bilməyəcəyi ərazilərin miqyası isə işğaldan azad etdiklərimizdən dəfələrlə böyükdür. Bütün cəbhəboyu döyüş şəraitinə Azərbaycan Ordusu nəzarət edir. Müharibə ilə diplomatiyanın ritorikası eyni deyil. Diplomatiyanın dili daha lakonikdir və bütün məqamlar elan olunmayan detallarda gizlənir. Məhz bu baxımdan da səbirli olmaq, dövlətimizə, Ordumuza olan sonsuz güvənimizi qoruyub saxlamaq, informasiya savaşından, əsəb müharibəsindən də döyüş meydanında olduğu kimi, qalib çıxmaq üçün maksimum səy göstərmək lazımdır. Ali Baş Komandan Azərbaycan ərazilərinin bir qarışının belə düşmənə güzəştə gedilməsini qəbul etməyəcək qədər qətiyyətli, prinsipial və cəsarətlidir! Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı bildirib: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq edir. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır.

Keçidlər