Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi.

13 noyabr 2020 | 02:00

Azərbaycan tarixində bir çox şərəfli anlar olmuş, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanmışdır. Amma bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərləri, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. Hər bir Azərbaycan vətəndaşı çox xoşbəxtdir ki, bu tarixi, şərəfli anlara şahidlik edir, möhtəşəm tarixi günləri yaşayır. Bu 30 ildə Azərbaycan xalqı əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini, bu möhtəşəm xəbəri gözlədi. Heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə olan inamını sarsıtmadı, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycanın liderinin iradəsinə təsir göstərmədi. Xalqımız “Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar", - deyən Liderinin, Ali Baş Komandanının ətrafında hər gün daha sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi. "Qarabağ Azərbaycandır və nida" ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrildi. Bu birlik bizi Qarabağa qaytardı və Qarabağı bizə qaytardı. Azərbaycan Ordusu döyüş meydanında Zəfər yürüşünü davam etdirdiyi günlərdə Prezident İlham Əliyev beynəlxalq mediaya müsahibələrində, bir çox ölkələrin liderləri ilə telefon danışıqlarında Azərbaycanın haqq səsini dünyaya çatdırdı, ölkəmizin ədalətli və beynəlxalq hüququn ali prinsip və normalarına söykənən mövqeyini qətiyyətlə müdafiə etdi. Bütün dünya həqiqətləri məhz Azərbaycanın dövlət başçısından, ən etibarlı mənbədən əldə etdi. Azərbaycan işğalçı ölkənin və erməni diasporunun yalan təbliğatını, çirkin qara piar kampaniyasını dövlət başçısının qətiyyəti sayəsində darmadağın etdi. "Mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi", - deyən möhtərəm Prezident İlham Əliyevin yüksək diplomatik səriştəsi, sarsılmaz iradəsi və möhtəşəm liderliyi ilə diplomatiya sahəsində də parlaq qələbələr təmin olundu. Xalqımızın öz lideri ətrafında bir yumruq kimi birləşməsi düşməni bütün cəbhələrdə məğlubiyyətə uğratdı və Azərbaycan hər bir platformada gücünü göstərdi. Son illər ərzində ölkəmizdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən çoxşaxəli islahatlar, möhkəm əsaslara malik xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyədə qurulması və həmrəyliyin təmin olunması, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və bu kimi əhəmiyyətli nailiyyətlər bu Qələbəni şərtləndirən mühüm məsələlər sırasındadır. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında bəyanat imzalandı. Birmənalı şəkildə qeyd etməliyik ki, bu bəyanat Azərbaycan dövlətinin şanlı Qələbəsi, Ermənistan üçün isə faktiki olaraq hərbi kapitulyasiya deməkdir. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi möhtəşəm qələbələr, Azərbaycan Liderinin, Ordumuzun, xalqımızın dəmir yumruğu Ermənistanı bu bəyanata imza atmağa məcbur etdi. Bu bəyanatın tarixi əhəmiyyəti olduqca böyükdür. İlk növbədə, bu bəyanat 30 ilə yaxındır davam edən işğala son qoyur. Bu sənəd hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən geri qaytarmağa imkan verir. Həmçinin Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olunur və azərbaycanlılar öz doğma torpaqlarına, yurd-yuvalarına qayıdırlar. Budur, Qələbənin, Zəfərin xoşbəxtliyi! Möhtərəm Prezident İlham Əliyevin təbirincə desək, "Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!". Azərbaycan dövləti bu zəfəri həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı. Öz Liderinin, öz Ordusunun gücü, xalqın sarsılmaz birliyi sayəsində zəfər əldə etdi. Qəhrəman əsgərlərimizin şücaəti, fədakarlığı nəticəsində biz torplaqlarımızı işğaldan azad etdik. Vətən müharibəsində öz qanı, canı bahasına torpaqlarımızı qoruyan şəhidlərimizə Allah rəhmət eləsin. Əldə etdiyimiz bu tarixi zəfər, torpaqlarımızın azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz dövləti, onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, Şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaradır. 10 noyabr 2020-ci il tarixdə üçtərəfli müqavilə bağlandıqdan sonra cənab Prezident növbəti dəfə xalqa müraciət etdi və qələbə xəbərini xalqa çatdırdı: “Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Biz Xocalı qurbanlarının da, şəhidlərimizin də qisasını aldıq. Şəhidlərin ruhu qarşısında baş əyirəm. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı böyük xalqdır, vətənpərvər xalqdır, dəmir iradəyə malik olan xalqdır. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq.  Azərbaycan xalqı şəhidlər verərək qələbəni qazandı. Yaralı əsgər və zabitlərin tezliklə sağalıb normal həyata dönməsi, sağalması üçün də əlimizdən gələni edəcəyik. Ermənistan silahlı qüvvələrinin ballistic raketlərlə mülki vətəndaşlara atəş açması hərbi cinayətdir. Onlar bu hərbi cinayətə görə cavab verəcəklər. Dünyanın bir çox ölkələrində köçkünlər var, ama bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisəedilməz dərəcədə müsbətdir. Amma onların əsas arzusu doğma torpaqlara qayıtmaqdır. Azərbaycan dövləti işğaldan azad olunmuş bütün ərazilərdə infrastukturu yeniləyərək məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını mümkün olan ən qısa müddətdə təmin edəcək. Azərbaycan xalqı bütün tarixi abidələri bərpa edəcək, 28 ildən sonra Şüşada yenə də azan səsi eşidiləcəkdir. Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Məcbüri köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. “Qarabağ Azərbaycandır  və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi. Əziz xalqım biz qayıdırıq. Fizuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Keçidlər