Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günüdür.

23 iyun 2016 | 16:00

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.
Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
Azərbaycanda dövlət qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır. Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi get-gedə cavanlaşır, daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da müsbət nəticəsini göstərir.
Ölkəmizdə  Azərbaycan prezidentinin sərəncamları ilə bir çox dövlət qulluqçuları yüksək ixtisas dərəcəsi, məhz dövlət qulluqçuları üçün təsis olunmuş "Vətənə xidmətə görə" ordeninin müxtəlif dərəcələri, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Əməkdar dövlət qulluqçusu" adına layiq görülmüşlər.  Azərbaycan Respublikasının Prezidenti tərəfindən 22 iyun 2016-cı il tarixdə imzalanmış Dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncama əsasən Qəbələ rayonu üzrə rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Abdulxalıqov Təbriz Hüseyn oğlu dövlət qulluğunda səmərəli fəaliyyətinə görə,  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Bu münasibətlə rayon icra hakimiyyətinin kollektivi adından Təbriz Abdulxalıqovu təbrik edir, ona uzun ömür, cansağlığı, əmək fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

Keçidlər