Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

2014-cü ilin hesabatı

  Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının 2014–cü ildə Qəbələ rayonunun sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda  duran vəzifələrə dair hesabatı

2014-cü il Qəbələ rayonunun da sosial-iqtisadi və ictimai siyasi həyatında uğurlu, əlamətdar il kimi yadda qalmışdır.

İctimai həyatımızda baş verən əsas əlamətdar hadisə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il yanvarın 3-də və sentyabrın 22-də Qəbələyə səfərləri olmuşdur. Səfərlər zamanı dövlət başçısı bir çox mühüm sosial və iqtisadi xarakterli obyektlərin açılışında iştirak etmiş, inşaat işləri davam edən tikintilərdə işlərin gedişi ilə maraqlanmışdır. Görülmüş işlər barədə fikirlərini bildirən ölkə başçısı  qarşımıza yeni vəzifələr qoymuşdur.

2014-cü ildə rayonda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 239.304 min manatlıq məhsul istehsal edilmişdir. Bu da keçən ilin müvafiq dövrünə (234.890 min manat) nisbətən 4.414 min manat, yaxud  1,8 faiz çox olmuşdur.

Cari ildə keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 1.602  min manat, yaxud 7,5 faiz, kənd təsərrüfatında 2.075 min manat, yaxud 3,7 faiz,  tikintidə 65 min  manat, yaxud 0,1 faiz, nəqliyyatda 48 min manat, yaxud 1,5 faiz, rabitədə 130 min manat, yaxud 14,2 faiz,  ticarətdə 499 min manat, yaxud 1,8 faiz artmışdır.

Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı  2.356 manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən (2.352 manat) 4 manat çox olmuşdur.

Sənaye mallarının istehsalında və xidmətlərin göstərilməsində qeyri-dövlət bölməsinin xüsusi çəkisi 60,7 faiz təşkil etmişdir.

İl ərzində sənaye müəssisələrində çalışan 851 nəfər işçinin orta aylıq nominal əmək haqqı 404 manat təşkil etmişdir ki, bu da əvvəlki illə  müqayisədə 13 faiz çoxdur.

       2003-cü ilin oktyabr ayından 2015-ci ilin yanvar ayınadək  12.696 yeni iş yeri açılmışdır. Ondan 10.648-i daimi iş yerləridir. 2014-cü ildə hamısı daimi olmaqla 893 yeni iş yeri açılmışdır.

       Əsas kapitala yönəlmiş investisiyanın həcmi 131.223 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 127.580 min manat təşkil etmişdir. Əvvəlki  illə (128.242 min manat) müqayisədə əsas  kapitala  yönəlmiş  investisiyanın  həcmi    2.981 min manat,  yaxud  2,3 faiz artmışdır.

Rayonun yerli gəlirləri 2014-cü ildə  10.124,0 min manat proqnoza qarşı 10.199,5 min manat (101faiz) və ya 75,5  min manat çox, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 10.495,0 min manat dürüstləşdirilmiş proqnoza qarşı 10.495,0 min manat (100faiz), yerli xərcləri dürüstləşdirilmiş 20.619,0 min manat proqnoza qarşı 20.053,9 min manat (97faiz) və ya 565,1 min manat az icra olunmuşdur.

Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.

İl ərzində bübün növ istehlakçı qruplar tərəfindən 101.174,6 min kvt/saat elektrik enerjisi istehlak edilmiş, 6.070,5 min manata qarşı 5.815,8 min manat vəsait toplanaraq illik yığım planı 95,8 faiz yerinə yetirilmişdir.

        Təbii qaz istehlakçıları tərəfindən 36.262,3 min kub/metr təbii qaz istehlak edilmiş,  3.926,2 min manata qarşı 3.807,6 min manat vəsait toplanaraq   ümumi yığım məbləği 97,0 faiz təşkil etmişdir.

Qəbələ Telekommunikasiya Qovşağı il ərzində 1.220 min manat tarif gəliri proqnozuna qarşı 1.232,4 min manat gəlir əldə etmiş, proqnoz tapşırığa 101,0 faiz əməl etmişdir.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz, yəni 154,3 min manat artıq gəlir əldə edilmişdir.

“Azərpoçt” MMC-nin Qəbələ Filialı 2014-cü il ərzində  220,9 min manata qarşı  225,9 min manatlıq poçt-rabitə xidməti göstərərək  proqnoz  tapşırığı 102 faiz yerinə yetirmişdir.

2014-cü ildə Mirzəbəyli–Çuxur Qəbələ–Dizaxlı–Çarxana avtomobil yolunda əsaslı təmir, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili qoşunlarının “N” saylı alayında, qida şəhərciyində, kartof soyuducu anbarında, Çuxur Qəbələ kəndindəki Arxeoloji Araşdırmaların Tədqiqatı Mərkəzinin inzibati binasında, Qafqaz–Yengicə Termal Otel və SPA obyektində, 80 şagirdyerlik Yengicə kənd orta məktəbinin, 220 şagirdyerlik Zirik kənd orta məktəbinin və Qəbələ şəhərindəki 5 nömrəli tam orta məktəbin binalarında tikinti işləri başa çatdırılmışdır.

Hazırda Qəbələ Futbol Akademiyası və stadionlar kompleksində, Dəmiraparan çayı üzərindəki 10 aşırımlı, 324 p.metrlik beton körpüdə, “Aquapark” istirahət mərkəzində, “Tufandağ” dağ–xizək  yay–qış istirahət kompleksinə daxil olan xizəkçilik mərkəzi və Tufangöl otelində, “Qrand siti” otelində, hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, rayon məhkəməsinin və prokurorluğun inzibati binalarında, Savalan kəndindəki “Raftinq Mərkəzi”ndə, Laza kəndindəki sərhəd zastavasında, Nohur gölü ərazisindəki sanatoriya kompleksində, gömrük akademiyasının,  YAP Qəbələ Rayon Təşkilatının, “ASAN xidmət”in rayon filialının, kənd təsərrüfatı idarəsinin inzibati binalarında, atıcılıq və atçılıq idman mərkəzlərində tikinti-quraşdırma işləri davam etdirilir.

İl ərzində Qəbələ şəhərində abadlıq işləri davam etdirilmiş, Həzi Aslanov və Sahil küçələrində yenidənqurma işləri başa çatdırılmışdır. Hazırda Seyid Əzim Şirvani və İsmət Qayıbov küçələrində tikinti-abadlıq işləri həyata keçirilir. Eləcə də Zarağan kəndindəki hərbi şəhərciyin 11 binasının və şəhərin beşmərtəbəli yaşayış binalarının istilik, su-kanalizasiya sistemi, dam örtüyü və fasadı əsaslı təmir edilmişdir.

Məlumat üçün bildirirəm ki, 2015-ci ildə Qəbələ Peşə Məktəbinin yeni binasının, rayon mərkəzi xəstəxanasının, Dillər Universitetinin Qəbələ Filialının, Yengicə su anbarının, turizm akademiyasının, Qəbələ şəhərində hər biri 100 yerlik 2 uşaq bağçasının, qəzalı vəziyyətdə olduğuna görə sökülmüş şəhər 1 nömrəli  uşaq bağçasının yeni  binasının və Nohurqışlaq–Tüntül–Yengicə avtomobil yolunun tikintisinə başlanılması nəzərdə tutulmuşdur.

       2013-2014-cü dərs ilini təhsil müəssisələri yüksək nəticələrlə başa vurmuşdur. Ümumtəhsil məktəbləri üzrə müvəffəqiyyət faizi 99,7 faiz, keyfiyyət göstəricisi isə 63,8 faiz olmuşdur. XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri isə 71.4 faiz olmuşdur.

On birinci sinfi bitirən 1381 nəfər şagirddən 810 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş, onlardan 534 nəfəri ali məktəbə qəbul edilmişdir. Bu da əvvəlki illə müqayisədə 38 nəfər çoxdur. Ali məktəbə qəbul olunanların 131 nəfəri 500-dən yuxarı, 27 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.

    Ötən il təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Şəhər 5 saylı tam orta, Zirik və Yengicə kənd ümumi orta məktəblərinin tikintisi başa çatmışdır. Böyük Pirəli kənd tam orta məktəbi əsaslı təmir olunmuşdur.

Eləcə də şəhər 4 saylı  tam orta məktəbin  idman zalı əsaslı təmir edilmiş, Qəmərvan, Həmzəli, şəhər 1,3-saylı  tam orta  məktəblərində isə cari təmir işləri aparılmışdır.

Təhsil sisteminin iformasiylaşdırılması sahəsindəki işlər 2014-cü il  ərzində də davam etdirilmiş, məktəblərdə komputerlərin sayı 570-ə çatdırılmışdır. Bununla da hər 20 nəfər şagirdə bir komputer düşməsinə dair dövlət proqramı Qəbələ məktəblərində artıq həyata keçirilmişdir.

Ulu öndərin irsinin  öyrənilməsi ilə  əlaqədar  Heydər Əliyev Mərkəzində  təşkil olunan  tədris kursları  yüksək fəallıq  və işgüzar diskussiya  şəraitində  keçirilmişdir.  2014-2015-ci tədris ilində  də  mərkəzdə bu dərslər  böyük  fəallıq  və həvəslə davam etdirilir.

Qəbələ Rayon  Mədəniyyət və Turizm  Şöbəsi də  2014-cü   il ərzində   tarixi hadisələrin, yubileylərin və əlamətdar günlərin qeyd  olunması  istiqamətində xeyli işlər görülmüş, yaradıcı kollektivlər respublika tədbirlərində iştirak etmişlər.

2013-cü ildə Qəbələnin MDB ölkələrinin “Mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar ötən il ərzində rayonda silsilə tədbirlər keçirilmiş və yekunda təntənəli bağlanış mərasimi təşkil olunmuşdur. Tədbirdə MDB ölkələrinin mədəniyyət və incəsənət xadimləri, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və digər nüfuzlu qonaqlar iştirak etmişlər. Mədəniyyət Mərkəzində Azərbaycan və rus kinematoqrafçılarının istehsal etdiyi filmlər nümayiş etdirilmişdir.

Həmçinin ənənəvi VI Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilmiş və hər il olduğu kimi bu festivalda dünya şöhrətli musiqiçilər Qəbələ tamaşaçıları qarşısına çıxmışlar.

Ötən il Dağıstan Respublikasında keçirilən  ənənəvi “Tsamauri” II Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycanı “Aşıqlar” qrupu və Qəbələ rayonunun mədəniyyət işçiləri təmsil etmişlər.

2014-cü ildə rayonumuzda II Qəbələ Mürəbbə Festivalı da keçirilmişdir. Festivalda 21 rayonun şirniyyat ustaları iştirak etmiş, “Qəbələ guşəsi”nin təşkilinə görə rayonumuz Azərbaycan Respublikası Milli Kulinariya Mərkəzi tərəfindən qızıl medala layiq görülmüşdür.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları”  proqramına uyğun olaraq,  Nazirliyin   31 mart 2014-cü il tarixli 169 nömrəli əmri ilə Qəbələ rayonu 2014-cü ildə “Azərbaycanın Əfsanələr Paytaxtı”  seçilmişdir.

Keçən il Şəki şəhərində keçirilmiş  IX çövkən milli oyunları festivalında Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin komandası "Yaylıq" milli oyununda birinci yer tutduğuna görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomu və pul mükafatına layiq görülmüşdür.

Hesabat ilində səhiyyə sahəsində də bir sıra nailiyyətlər əldə edilmişdir. Görülmüş işlərin ən önəmlisi isə ölkə Prezidentinin tapşırığı əsasında respublikada, o cümlədən Qəbələ rayonunda 18 yaşından yuxarı əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri olmuşdur.

Fevralın 17-dən mayın 1-dək keçirilən dispanzerizasiyaya 65419 nəfər cəlb edilmişdir. Rayon əhalisinin müayinəsinə müalicə diaqnostika mərkəzinin, mərkəzi xəstəxananın, eləcə də yaşayış məntəqələrindəki səhiyyə müəssisələrinin mütəxəssisləri və səyyar həkim briqadaları cəlb olunmuşdur. Müayinələrin nəticəsinə əsasən 4647 nəfərə stasionar müalicəyə, 148 nəfər isə Bakı şəhərindəki ixtisaslaşdırılmış klinikalara göndərilmişdir.

2014-cü il ərzində Qəbələ Rayon Gənclər və İdman İdarəsi tərəfindən 65 tədbir həyata keçirilmişdir. Bunlardan 30 tədbir gənclərlə iş sahəsini, 35 tədbir isə kütləvi bədən tərbiyyəsi və idman sahəsini əhatə edir.

İl ərzində Qəbələ bir sıra beynəlxalq və respublika səviyyəli yarışlara ev sahibliyi etmişdir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Tour d'Azerbaidjan-2014" Beynəlxalq velosiped turniri, Yeniyetmələrin IX Respublika Oyunlarının proqramına daxil olan boks idman növü üzrə 13-14 yaşlı yeniyetmələr arasında zona yarışları, Yeniyetmələrin IX Respublika Oyunlarının proqramına daxil olan yunan-roman güləşi üzrə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında zona yarışları, 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında III Beynəlxalq Qəbələ Kuboku Turniri, cüdo idman növü üzrə Qəbələ açıq turniri, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Gənc xilasedici və yanğınsöndürən” adlı III respublika birinciliyi və "Gənc xilasedici" II beynəlxalq yarışı, kikboks üzrə Beynəlxalq turnir, Olimpiya atıcılq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi və s. belə idman tədbirlərindəndir.

“Vətənin Müdafiəsinə Hazıram” Poliatlon çoxnövçülüyü üzrə Respublika Çempionatının zona mərhələsində rayon komandası II yerə, “Xəmsə” Milli İntellektual oyunu üzrə gənclər arasında keçirilən VII Azərbaycan Çempionatının zona mərhələsində “Uğur” komandası II yerə, həmin oyunların televiziya versiyasında komandamız II yerə layiq görülmüşdür.

Aqrar sahəyə dövlət  qayğısının daim artması nəticəsində, rayonumuzun  kənd  təsərrüfatı sahəsində də əhəmiyyətli  irəliləyiş  hiss edilir. Xüsusilə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanmış “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncam fermerlərimizdə böyük ruh yüksəkliyi yaratmışdır.

Sərəncamın icrası ilə əlaqədar rayon komissiyası tərəfindən 2013-cü ilin sonunda torpaq mülkiyyətçilərinə dövlət büdcəsinin vəsaiti hesabına              734380,0 manat yardım hesablanmış və həmin vəsait 2014-cü  ilin I rübündə plastik kartlar vasitəsilə sahiblərinə çatdırılmışdır. Bundan əlavə komissiya tərəfindən keçən ilin iyun ayında rayonun 1915 nəfər torpaq mülkiyyətçisinə əkin sahələrinin becərilməsinə görə 1056783,0 manat vəsait hesablanaraq ödənilmişdir. 2014-cü ilin 01 dekabr vəziyyətinə 955 nəfər buğda istehsalçılarına 498.551 manat kompensasiya hesablanmış və həmin məbləğin cari ilin I rübü ərzində məhsul istehsalçılarına verilməsi nəzərdə tutulmuşdur.

Rayonda  2014-cü ilin məhsulu üçün 4894 ha sahədə   yazlıq bitkilər əkilmişdir. Əkilmiş sahənin 1157 hektarını kartof, 2096 hektarını tərəvəz, 1368 hektarını qarğıdalı, 130 hektarını bostan bitkiləri,

143 hektarını günəbaxan 1258 hektarını isə birillik və coxillik otlar təşkil etmişdir. Həmin sahələrdən 7497 ton kartof, 9495 ton tərəvəz, 1872 ton bostan məhsulu, 3144 ton qarğıdalı, 114 ton günəbaxan, 14115  ton meyvə, 1414 ton üzüm istehsal olunmuşdur.

Kənd təsərrüfatının digər sahələrində olduğu kimi heyvandarlıq  sahəsində də  əhəmiyyətli nəticələr əldə edilmişdir. 2015-ci ilin əvvəlinə verilən məlumata görə iri buynuzlu mal-qara  48303 baş,  xırda buynuzlu mal-qara  218617  baş, donuzlar 1037 baş,  quşlar isə  350214 baş olmuşdur. Əvvəlki ilə müqayisədə heyvandarlıq məhsullarının istehsalı xeyli çoxalmış, ət istehsalı 265  ton artaraq 6885 tona,  süd istehsalı  2255 ton artaraq  37385 tona, yun istehsalı isə 6 ton artaraq 487 tona çatdırılmışdır.

Hesabat dövründə respublikanın kənd təsərrüfatı məhsullarının satışı  yarmarkalarında 49,5 ton tumlu, 56,6  ton qərzəkli, 6,8 ton çəyirdəkli  meyvələr satılmışdır. Məhsul istehsalçılarının satış yarmarkalarında iştirakı davam edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 25 avqust 2008-ci il tarixli Sərəncamla təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na müvafiq qaydada rayonda taxılçılığın inkişafına xüsusi diqqət verilir. Məlum olduğu kimi taxılçılığın inkişafına təsir edən mühüm amillərdən biri yüksək məhsuldar toxum növlərinin yetişdirilməsidir. Yüksək məhsuldar toxum növlərinin əldə olunması üçün, rayonda  5 özəl toxumçuluq  təsərrüfatı  fəaliyyət göstərir. 2015-ci il üçün yüksək kondensiyalı toxum növlərinin yetişdirilməsi məqsədi ilə həmin təsərrüfatların əkin sahələrində  zəruri aqrotexniki tədbirlərin aparılması təmin edilmişdir.

Digər kənd təsərrüfatı sahələrinin inkişafına da diqqət yetirilir. Xüsusilə meyvəçiliyin, bağçılığın və üzümçülüyün genişləndirilməsi istiqamətində xeyli işlər görülmüşdür. Rayonda mövcud bağ sahələri 5603, üzüm plantasiyaları isə 508,5 hektardır. Hazırda yeni üzüm plantasiyalarının meyvə bağlarının salınması işləri davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2015-ci il “Kənd Təsərrüfatı ili”  elan edilmişdir.

Sərəncamın icrası ilə əlaqədar  rayonda kənd təsərrüfatının dinamik inkişafı üçün yeni emal müəssisələrinin, iri fermer təsərrüfatlarının yaradılması idarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sisteminin tətbiqi mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı aparatına 2014-cü ildə ümumilikdə 864 ədəd vətəndaş müraciəti daxil olmuşdur. O, cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 331, Milli Məclisdən 9, Nazirlər Kabinetindən 10, respublikanın digər təşkilatlarından 79, vətəndaşlardan isə rayon icra hakimiyyəti başçısının ünvanına 435 ədəd müraciət daxil olmuşdur.

Daxil olmuş müraciətlərin 686-ı ərizə, 177-i şikayət,  1-i isə təklif xatakterli olmuşdur. Müraciətlərin hər biri qanunvericilik aktlarına uyğun olaraq araşdırılaraq onlara müvafiq cavab verilmişdir.

Həmin müraciətlərin 386-sı müsbət, 147-i qismən həll edilmiş, 224-nə müvafiq izahat verilmiş, 7-si əsassız sayılmış, 16-sı tabeli qurumlara, 38-i isə aidiyyəti orqanlara göndərilmişdir.

2014-cü ildə əsasən ərizələr fərdi yaşayış evlərinin tikintisinə dair icazələrin verilməsi, yolların təmiri, təbii qaz təchizatının yaxşılaşdırılması, maddi yardım və ünvanlı dövlət sosial yardımlarının verilməsi, tikinti materialları, torpaq və mənzillə təmin olunmaq barəsində olmuşdur.

Əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də rayon icra hakimiyyətində informasiya texnologiyalarından geniş istifadə olunmuş,  sənədlərin elektron dövriyyəsi sistemi yaradılmışdır. Rayon icra hakimiyyətinin elektron poçt ünvanına daxil olmuş məktublar dərhal araşdırılaraq müvafiq tədbirlər görülmüşdür. Bununla yanaşı elektron poçt ünvanında qaynar xətt əlaqə nömrəsi və operativ idarəetmə mərkəzi də fəaliyyət göstərir. İl ərzində elektron poçt ünvanına daxil olan məktublarda şikayət hallarına rast gəlinməmişdir.

2014-cü ildə vətəndaşların qəbulunun həyata keçirilməsi istiqamətində xeyli işlər görülmüşdür. Rayon icra hakimiyyəti başçısı aparatında müntəzəm olaraq həftənin beşinci günü başçı, digər iş günlərində isə müavin və şöbə müdirləri tərəfindən vətəndaşlar qəbul edilmişdir. Aparılmış qəbul zamanı rayon icra hakimiyyətinə 1697 nəfər vətəndaş müraciət etmişdir ki, bunlarında 826-sı RİH başçı tərəfindən qəbul olunmuşdur. Qəbulların nəticəsi olaraq vətəndaşların müraciəti ilə bağlı cavabdeh şəxslərdən rəsmi məlumatlar alınmışdır.

2014-cü ildə RİH-nin iş planına uyğun olaraq keçirilən 25 şura yığıncağında 30-dan artıq məsələ müzakirə edilmişdir.

Hesabat dövründə rayon icra hakimiyyəti başçısının 40 səyyar görüş-qəbulu keçirilmişdir. Səyyar görüş-qəbullarda 5314 nəfər iştirak etmiş, onlardan 338 nəfər çıxış edərək müxtəlif təkliflər irəli sürmüşlər.

İrəli sürülən təkliflərin və edilən müraciətlərin 308-i müsbət həll edilmiş, 14-ü ilə bağlı mövcud qanunvericilik izah edilmiş, 16 təkliflərin həlli isə respublikanın aidiyyəti təşkilatları tərəfindən icra edilməli olduğuna görə həmin müraciətlərlə bağlı müvafiq təşkilatlar qarşısında məsələ qaldırılmışdır. Bunlar əsasən yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, yolların asfaltlaşdırılması, yeni məktəb binalarının, səhiyyə, mədəni-maarif obyektlərinin, körpülərin tikilməsi, subartezian quyularının qazılması və çaylarda sahilbərkitmə işlərinin aparılması ilə bağlı olmuşdur.

2014-cü ildə rayonumuzda görülən işlər və bu işlərin yerinə yetirilməsi istiqamətində rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların fəaliyyəti barədə Sizə qısa məluamt verdim.

2015-ci ildə qarşımızda daha mühüm vəzifələr durur.

Məruzənin sonunda əminliklə bildirmək istəyirəm ki, Qəbələ Rayon İcra Hakimiyyəti 2015-ci ildə də yeni uğurların əldə olunması, rayonumuzun daha sürətlə inkişaf etdirilməsi istiqamətində fəaliyyətini genişləndirəcək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinin, eyni zamanda qanunvericiliklə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı lazım gələn bütün tədbirləri həyata keçirəcəkdir.

Bildiyiniz kimi yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.

Dövlət başçısının konfransdakı  çıxışı bir daha göstərdi ki, xalqla hakimiyyət arasında səmimi inam var. Cəmiyyət hökumətə, Prezidentinə inanır. Prezident isə xalqın birinci xidmətçisi olduğunu bir daha bəyan etdi. Budur Azərbaycanı dünyada, regionda fərqləndirən cəhət.

Ölkə Prezidenti bir daha qeyd etdi ki, hakimiyyətin apardığı siyasətin prioritet istiqaməti Azərbaycan xalqının rifahına, problemlərin yüksək səviyyədə həllinə yönəlmişdir.

İcazə verin Sizin hər birinizin bütün qəbələlilərin adından ölkə başçısı cənab İlham Əliyevi əmin edim ki, biz həmişə olduğu kimi vətənimizə, dövlətimizə, xalqımıza sədaqətlə xidmət edəcək, 2015-ci ili də uğurlu nailiyyətlərlə başa vuracağıq.

Keçidlər