Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

2015-ci ilin hesabatı

  Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının 2015–ci ildə Qəbələ rayonunun sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda  duran vəzifələrə dair hesabatı

        Yola saldığımız 2015-ci ildə respublikamızda sosial-iqtisadi sahədə görülən işlər Qəbələ rayonunda da müvəffəqiyyətlə davam etdirilmişdir.

Rayonda 2015-ci il ərzində  iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 203.517 min manatlıq məhsul  istehsal  edilmiş, ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə  130 min manat, yaxud 0,5 %, kənd təsərrüfatında 3.244 min manat, yaxud 5,6 %, tikintidə 25.222 min manat, yaxud 40,4 %, nəqliyyatda  246 min manat, yaxud  7,3 %, rabitədə  13 min  manat,  yaxud 1,2 %,  ticarətdə 457 min manat, yaxud 1,97 % artmışdır.

Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 1.977 manat təşkil etmişdir.    

Ümumi məhsul istehsalında və xidmətlərin göstərilməsində özəl sektorun xüsusi çəkisi 77 % təşkil etmişdir.

İl ərzində sənaye müəssisələrində çalışan  976 nəfər işçinin orta aylıq nominal əmək haqqı 376 manat olmuşdur.

2003-cü ilin oktyabr ayından 1 yanvar 2016-cı ilədək  13.672 yeni iş yeri açılmışdır ki, onun 11.624-ü daimi iş yeridir. İl ərzində hamısı daimi olmaqla 976 yeni iş yeri açılmışdır.

Əsas kapitala yönəlmiş investisiyanın həcmi 92.482 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 87.650 min manat təşkil etmişdir. Rayonun yerli gəlirləri 2015-ci ildə  12.896  min manat proqnoza qarşı 13.047,9 min manat (101 %) və ya 151,9 min manat çox icra olunmuşdur.

Yerli büdcənin hesabında 1 yanvar 2016-cı il tarixə 510,1  min manat vəsait qalığı yaranmışdır.

Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.

İl ərzində bübün növ istehlakçı qruplar tərəfindən 109.572,7 min kvt/saat elektrik enerjisi istehlak edilmiş, 6.574,4 min manata qarşı 5.970,7 min manat vəsait toplanaraq illik yığım planı 90,8 % yerinə yetirilmişdir.   

Təbii qaz istehlakçıları tərəfindən 42.062,9 min kub/metr təbii qaz istehlak edilmiş, istehlaka görə ödənilməli olan 4.206,3 min manata qarşı 4.122,1 min manat vəsait toplanmışdır. Ümumi yığım məbləği 98 % təşkil etmişdir.

Qəbələ Su-kanal İdarəsi tərəfindən Qaraçay və Duruca su mənbələrində yerləşən  anbarlar lil və qumdan təmizlənmiş, ambarlarda cari təmir işləri görülmüşdür.

Şəhərin  Heydər Əliyev prospektində,  Mirzə Fətəli  Axundov, İsmayıl bəy, İmadəddin Nəsimi və Məcid Mərdanov küçələrində aparılan abadlıq işləri ilə əlaqədar mövcud su təchizatı  və  kanalizasiya xətlərində müxtəlif diametrli  borular dəyişdirilmiş, təmir-bərpa işləri aparılmışdır.

Şəhərin su və kanalizasiya şəbəkəsinin yenidən qurulması sahəsində Dünya Bankının maliyyə dəstəyi ilə ayrı-ayrı küçələr üzrə 10.445 p/metr su xətləri, 18.993 p/metr kanalizasiya xətləri çəkilmişdir. Görülən işlərin ümumi dəyəri 4,0 milyon manat təşkil etmişdir.

İl ərzində 282,0 min manatlıq  su və kanalizasiya xidməti göstərilmiş, həmin məbləğin 92 %-i yığılmışdır.

 “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya   olan  tələbatının  ödənilməsinə  dair  əlavə tədbirlər   haqqında”  Azərbaycan Respublikası Prezidentinin 15 may 2013-cü il tarixli 2894 nömrəli, 29 yanvar 2014-cü il tarixli 237 nömrəli, 25 dekabr 2014-cü il tarixli 961 nömrəli sərəncamlarına əsasən 2014-cü ildə Daşca və Zərgərli kəndlərinin, 2015-ci ildə Dizaxlı, Aydınqışlaq və Qaradeyin kəndlərinin hər birində 1 ədəd (cəmi 5 ədəd) subartezian quyuları qazılaraq istifadəyə verilmişdir.

Mirzəbəyli, Cığatelli, Bəyli, Seyidqışlaq, Məmmədağalı, Bunud və Həmzəli kəndlərinin hər birində 1 ədəd (cəmi 7 ədəd) subartezian quyularının qazılması başa çatdırılmış və istifadəyə verilməsi üçün texniki hazırlıq işlərinə başlanılmışdır.      

Rayonun yaşayış məntəqələrinin sel sularından qorunması, kənd təsərrüfatının suvarma suyu ilə təminatı məqsədilə suvarma kanalları 624 min kub/metr lildən,  daşqın və selə qarşı mübarizə məqsədilə 1.135 min kub/metr çay məcrası daş və qumdan təmizlənmiş, 320 kub/metr qabion bəndi vurulmuşdur, 2.806  kub/metr daş beton bəndi, 150 p/metr su-kanalı cari və əsaslı təmir edilmişdir. Suvarma sistemləri idarəsi tərəfindən yığım planına 100 % əməl olunmuşdur.

2015-ci ildə rayon telekommunikasiya qovşağı 1.240 min manat taarif gəliri proqnozuna qarşı 1.248  min manat gəlir əldə etmiş, proqnoz tapşırığa 100,6 % əməl olunmuşdur.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 %, yəni 16 min manat artıq gəlir əldə edilmişdir.

2015-ci ildə “Azərpoçt” MMC-nin Qəbələ Filialı 240,2 min manata qarşı  240,4 min manatlıq poçt-rabitə xidməti göstərərək  proqnoz  tapşırığı 100 % yerinə yetirmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə artım 14,3 min manat olmuşdur.

Qəbələ Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində hesabat dövründə 3.692 hərəkətdə olan sosial müavinət və təqaüd işi vardır. Həmin müavinətlərin və təqaüdlərin ödənilməsi üçün tələb olunan vəsaitin orta aylıq məbləği 270,8 min manat təşkil edir.

Dövlət Sosial Müdafiə Fondunun Qəbələ Rayon Şöbəsi tərəfindən 2015-ci ildə gəlirlər üzrə proqnozda nəzərdə tutulmuş 8.742,5 min manata qarşı 7.368,5 min manat məcburi dövlət sosial sığorta haqları toplanaraq,  proqnoz tapşırığa 84,3 %  əməl olunmuşdur.

Əhalinin məşğulluğunun daha çox təmin edildiyi tikinti-inşaat sektorunda da uğurlu nəticələr əldə edilmişdir. Belə ki, Qəbələ Rayon İcra Hakimiyyətinin sifarişi ilə inşa edilmiş şəhər 5 saylı tam orta məktəbin yeni binasının 2015-ci ildə açılışı olmuşdur.  

Eləcə də ötən il “Tufandağ” dağ-xizək yay-qış istirahət kompleksinə daxil olan xizəkçilik mərkəzində, “Tufandağ oteli”ndə, Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Şöbəsinin inzibati binasında, Laza Sərhəd Zastavası obyektində tikinti-quraşdırma işləri, şəhərin Seyid Əzim Şirvani, İsmət  Qayıbov və İbrahim Musabəyov küçələrində isə abadlıq və asfaltlaşdırma işləri başa çatdırılmışdır. 

Hazırda Qəbələ Futbol Akademiyası və stadionlar kompleksində, Dəmiraparan çayı üzərindəki 10 aşırımlı, 324 p/metrlik dəmir – beton körpüdə, “Aquapark” İstirahət Kompleksində, “Qolf klub” kompleksində, Səfərbərlik və  Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binasında, “Qrand siti” otelinin binasında, rayon məhkəməsinin və rayon prokurorluğunun inzibati binalarında, Savalan kəndindəki “Raftinq Mərkəzi”ndə, Nohur gölü ərazisindəki “Sanatoriya Kompleksi”ndə, Gömrük Akademiyasının binasında, “Asan” xidmətin Qəbələ Rayon Filialının  binasında, atçılıq-idman mərkəzində,  kənd təsərrüfatı idarəsinin inzibati binasında, Qəbələ Peşə Məktəbinin yeni binasında, 100 yerlik şəhər uşaq bağçasının binasında, Qəmərvan yolundakı 1 aşırımlı 36 p/metrlik dəmir-beton körpüdə, Dəmiraparan çayının sağ sahilində 1350 p/metrlik  dəmir-beton bənddə və “Qəbələ şəhərinin içməli su və kanalizasiya sisteminin yenidənqurulması layihəsi çərçivəsində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi” obyektlərində tikinti quraşdırma işləri davam etdirilir.

2015-ci ili rayonumuzun təhsil işçiləri də yüksək nəticələrlə  başa vurmuşdur. Biliyi qiymətləndirilən 15833 şagirddən 4252 nəfəri əla, 6055 nəfəri isə yaxşı qiymətlərlə oxumuş, beş nəfər məktəbi qızıl medalla bitirmişdir. İlin müvəffəqiyyət %-i  99,8,  keyfiyyət  göstəricisi  isə  65,1 % olmuşdur.

2014-2015 ci  tədris  ilində  orta təhsil kursunu bitirən 1454 şagirddən 814-nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş, onlardan 467 nəfər ali məktəblərə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunanların  50 nəfəri 600-dən yuxarı bal toplamışdır ki, bu da əvvəlki illərlə müqayisədə 23 nəfər çoxdur. Üç nəfər məzun Prezident təqaüdünə layiq görülmüşdür.

Ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticəni Vəndam qəsəbə        3 saylı tam orta məktəbin məzunu  Əfəndiyeva Xəyalə Rəvan qızı  göstərmişdir.    O III ixtisas qrupu üzrə 700 bal toplayaraq Azərbaycan  Respublikasının  Prezidenti  yanında Dövlət  İdarəçilik  Akademiyasına qəbul  olmuşdur.

Qəbulun nəticələrinə görə rayonun Şəhər 1, 2, 3, 4 saylı, Vəndam qəsəbə       1, 2, 3 saylı, Nohurqışlaq, Tüntül, Xırxatala, Əmirvan, Mirzəbəyli, Çuxur Qəbələ kənd tam orta məktəbləri fərqlənmişlər.

Məktəblərin maddi-texniki bazasının  möhkəmləndirilməsi sahəsində də xeyli iş görülmüşdür. Belə ki, rayon icra hakimiyyətinin yaxından köməkliyi  sayəsində məktəblərdə cari təmir işləri görülmüş, şəhər 3 saylı məktəbin akt və idman zalları əsaslı təmir edilmişdir. 

Ötən il təhsil müəssisələrinin inventar və avadanlıqla təminatı da diqqətdə saxlanılmış, yerli büdcə hesabına 204570 manatlıq parta, kompüter və idman avadanlıqları  alınmış, fənn kabinetlərinin  zənginləşdirilməsi məqsədilə 141 adda  78504 manatlıq dərslik gətirilərək məktəb kitabxanalarına verilmişdir.

Təhsilin informasiyalaşdırılması sahəsində işlər davam etdirilmiş, məktəblərdə kompüterlərin sayı 613-ə çatdırılmışdır. Eyni zamanda 53 tam orta məktəbin internet şəbəkəsinə qoşulması təmin olunmuş, beləliklə təhsilə aid proqramların yerlərdə çevik işlənilməsinə ilkin şərait yaradılmışdır.

Oktyabr ayında qeyd olunan “Müəllim Günü” münasibəti ilə ölkə başçısının sərəncamı  ilə Vəndam qəsəbə 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi Zöhrə  Mirzəyeva Azərbaycan Respublikasının  “ Əməkdar müəllim”i  fəxri adına layiq görülmüşdür.  Eləcə də Daşca kənd tam orta məktəbin  müəllimi Almaz Əsədova Təhsil Nazirliyinin “Fəxri fərmanı”,  Uşaq Gənclər İdman məktəbinin direktoru Ədalət Əliyev isə Təhsil Nazirliyinin qərarı ilə  “Azərbaycan Respublikasının  Qabaqcıl  Təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Həmçinin ötən ildəki uğurlu nailiyyətlərinə görə şəhər 2 saylı tam orta məktəbi “Ən yaxşı Ümumitəhsil məktəbi” nominasiyasında qalib gəlmişdir.

Hazırda rayonumuzda biri özəl olmaqla 24 məktəbəqədər uşaq tərbiyə müəssisəsi fəaliyyət göstərir.

Uşaq bağçalarındakı mövcud maddi-texniki vəziyyətin yaxşılaşdırılması məqsədi  ilə 2015-ci ilin yerli büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq ötən il uşaq bağçalarına 16400 manatlıq yumşaq, 14600 manatlıq bərk inventar, 39800 manatına isə elektrik avadanlıqları alınaraq verilmişdir. Rayonun bütün uşaq bağçalarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi rayon icra hakimiyyəti tərəfindən  müntəzəm olaraq davam etdirilir.   

         Rayonumuzun mədəni-maarif müəssisələrində 2015-ci il ərzində bütün tarixi, əlamətdar günlər, dövlət bayramları qeyd edilmiş, milli mədəniyyətimizin təbliği və inkişaf etdirilməsi istiqamətində xeyli tədbirlər keçirilmişdir. Ötən il respublikamızda keçirilən bütün festival və müsabiqələrdə rayonumuzun bədii kollektivlərinin iştirakı təmin olunmuşdur.

        İcra hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin Azərbaycan Milli Kulinariya Assosasiyasının  dəstəyi ilə keçirilən  III Qəbələ Beynəlxalq Mürəbbə Festivalında Azərbaycan, Türkiyə, Rusiya, İran, Serbiya,  Qırğızıstan respublikalarının, eləcədə ölkəmizin 30-a yaxın şəhər və rayonlarının şirniyyat ustaları iştrirak etmişlər.

        Rayonu sosial-iqtisadi inkişafı zəngin mədəniyyəti, adət-ənənələrini, mətbəx nümunələrinin, xalq sənətkarlarının əl işlərini nümayiş etdirilməsi məqsədilə Bakıda “Qəbələ  Günü” keçirilmiş, konsert proqramı təşkil olunmuşdur.

         Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  təşəbbüsü və yaxından köməkliyi ilə rayonda bir sıra iri həcmli  beynəlxalq tədbirlər keçirilmişdir.

        Hesabat dövründə dünyanın  12 ölkəsinin məşhur  musiqiçilərinin  və musiqi kollektivlərinin  qatıldığı Qəbələ VII Beynəlxalq Musiqi Festivalı, Koreya Respublikasının tarixini, adət və ənənələrini əks etdirən “Koreya Kinosu Festivalı” keçirilmişdir.

        Eləcədə milli mədəniyyətimizin dünya xalqlarına tanıdılması, təbliği və nümayiş etdirilməsi məqsədilə Koreya Respublikasının Qyonqsanbuk əyalətində keçirilən  “Qyonqçu İpək Yolu Mədəniyyət Festivalı”na Qəbələ rayonu da  dəvət almış, festival çərçivəsində təşkil olunan “Azərbaycan Günü” proqramında mədəniyyət işçilərimiz uğurla çıxış etmişlər. Tədbir çərçivəsində Qyonqçu şəhərinin meri və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Qyonqçu və Qəbələ şəhərləri arasında qardaşlıq memorandumu imzalanmışdır.

        Öz tarixi şöhrətinə qovuşmaqda olan Qəbələnin beynəlxalq mədəniyyət mərkəzinə,  turizm diyarına çevrilməsi ilə əlaqədar rayonumuza gələn  xarici ölkələrin dövlət rəsmilərinin  və turistlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Keçən il Misir Ərəb Respublikasının Cənubi Sinay vilayəti nümayəndə heyətinin rayonumuza olan səfəri də belə tədbirlərdəndir. Səfər zamanı vilayətin qubernatoru general Xalid Fodanın  başçılıq etdiyi nümayəndə heyəti və Qəbələ Rayonu İcra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikasının Qəbələ və Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərləri arasında dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşmanın gücləndirilməsi niyyəti ilə saziş imzalanmış, iki ölkə arasında qarşılıqlı turist axınının təşkil olunması imkanları araşdırılmışdır.

Rayonda turizmin inkişafı və genişləndirilməsi ilə bağlı 2015-ci ildə   turizm informasiya mərkəzi açılmışdır.  Hazırda Qəbələdə 17  turizm istirahət   obyekti    fəaliyyət göstərir. Onların  arasında 4 otel beşulduzludur. Mehmanxana tipli obyektlərdə  bir gündə 2000-dən cox  turisti qəbul etmək imkanı vardır. 2015-ci  il ərzində rayona  80 200 nəfər turist gəlmişdir ki, bunların  67 200  nəfərini yerli, 13 000   nəfərini  isə  xarici turistlər təşkil etmişdir.

Ölkəmizdə son illər aqrar sahəyə artırılan dövlət qayğısı nəticəsində 2015-ci il ərzində rayonumuzun aqrar sektorunda da uğurlar qazanılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında”  Sərəncamı bu sahənin inkişafına xüsusi stimul verir. Sərəncamın icrası ilə əlaqədar olaraq rayonda  torpaq mülkiyyətçilərinə dövlət büdcəsinin vəsaiti hesabına  2014-cü ilin sonunda 498551 manat yardım hesablanmış və həmin vəsait 2015-ci  ilin I rübündə plastik kartlar vasitəsilə sahiblərinə çatdırılmışdır. Eləcə də komissiya tərəfindən cari ilin iyun ayında rayonun 1729 nəfər torpaq sahibkarına əkin sahələrinin becərilməsinə görə 1103442 manat yardım hesablanaraq oktyabr ayında plastik kartlar vasitəsilə ödənilmişdir.

Rayonun iqtisadiyyatının əsasını təşkil edən taxılçılığın inkişafı ilə bağlı          2015-ci ildə  2016-cı ilin məhsulu üçün  22510 hektar sahədə payızlıq dənli bitkilər əkilmişdir ki, onun da 16010  hektarı buğda, 6500  hektarı isə arpa sahələri olmuşdur. Keçən il  biçilmiş taxıl sahələrindən 66097 ton məhsul istehsal edilərək, hər hektardan orta hesabla 31 sentner məhsul götürülmüşdür.          

Torpaq sahibləri mövsümdə 1159 hektar kartof, 2097 hektar  tərəvəz əkmiş, həmin sahələrdə 13908 ton kartof, 2097 ton tərəvəz məhsulu istehsal etmişlər.

Rayonda son illər kənd təsərrüfatı bitkilərinin əkini istiqamətində də xeyli dəyişikliklər aparılmış, inkişaf edən heyvandarlıq sahəsinin yemlərə artan tələbatının ödənməsi məqsədilə taxıl sahələri 1000 hektara qədər azaldılmışdır. Əvəzində həmin sahələrə yem bitkiləri əkilmişdir. Eləcə də digər ərzaq bitkilərinin əkini artırılmışdır.

Rayonda meyvəçiliyin və üzümçülüyün inkişaf etdirilməsi də diqqətdə saxlanılır. Hazırda rayonda 10424 hektar bağ sahələri, 458 hektar üzüm plantasiyaları mövcuddur.

Görülən işlərin nəticəsində heyvandarlıq  sahəsində də  əhəmiyyətli dirçəliş hiss edilir. Hazırda iri buynuzlu mal-qaranın sayı  48201 baş, qoyun-keçilər 218731 baş, quşların sayı 317087 baş, donuzların sayı 1047 başdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsulları istehsalı da xeyli artmışdır. Belə ki, ət istehsalı 7389  tona,  süd istehsalı  36591  tona, yun istehsalı  isə 487,2  tona çatdırılmışdır.

Kənd əməkçiləri tərəfindən istehsal edilmiş məhsulların satışının təşkili sahəsində də  müntəzəm olaraq tədbirlər görülür, istehsalçıların öz məhsullarını  Bakı və  Sumqayıt şəhərlərindəki  satış yarmarkalarında satması üçün lazımi köməklik göstərilir.  Kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında 2015-ci ildə 60,5 ton tumlu, 71,2  ton qərzəkli  meyvələr və 4,8 ton müxtəlif tərəvəz məhsulu  satılmışdır.

Rayonun ictimai-siyasi həyatının mühüm sahəsi olan tolerantlıq və dini durum nəzarətdə saxlanılır. Mövcud 46 məsciddən aktiv fəaliyyət göstərən 33-də 22 dövlət qeydiyyatından keçmiş dini icma yaradılmışdır. Nic qəsəbəsində fəaliyyət göstərən xristian provaslav kilsəsində isə dövlət qeydiyyatından keçmiş udi xristian dini icması təşkil olunmuşdur. İcmalar “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq dini ayinlərin icrasını tənzimləyir.

Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunmuş iclasında 2016-cı ilin “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar qeyd olunmalıdır ki, azərbaycanlıların, ləzgilərin, udilərin və digər millətlərin birgə yaşadıqları Qəbələ rayonu unikal tolerantlıq modelinə malikdir. Rayonumuzda yaşayan etnik xalqlar  öz adət-ənənələrinin, milli mədəniyyətlərinin, dillərinin qorunması, harmonik inkişaf etdirilməsi istiqamətində fəal mövqe nümayiş etdirir, biri-digərinə bərabər hüquqlu vətəndaş kimi qarşılıqlı hörmət münasibəti bəsləyir.

Ötən il müasir informasiya texnologiyalarına istinad olunmaqla, vətəndaşların qəbulu, onları narahat edən məsələlərin həlli istiqamətində Qəbələ Rayon İcra Hakimiyyətində də xeyli işlər görülmüşdür. İl ərzində rayon icra hakimiyyəti başçısının ünvanına 812 ərizə daxil olmuşdur. Ərizələrin 290-ı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 35-i Milli Məclisdən, 14-ü Nazirlər Kabinetindən, 79-u mərkəzi icra hakimiyyəti orqanlarından, 394-ü isə vətəndaşlar tərəfindən göndərilmişdir.

Ərizələr əsasən fərdi yaşayış evlərinin tikintisinə dair icazənin verilməsi, təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması, ailələrin mənzillə təmin edilməsi, xəstələrin müalicəyə göndərilməsi, birdəfəlik maddi yardımların verilməsi, işaxtaranların işlə təmin olunması mövzularında yazılmışdır.

Daxil olan ərizələr ətraflı araşdırılaraq hər birinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavab verilmişdir. Görülmüş işlərin nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci ildə daxil olan ərizələrinin sayı 52 ədəd azalmışdır.

Eləcə də 2015-ci ilin ötən dövrü ərzində 883 nəfər vətəndaş rayon icra hakimiyyəti başçısının qəbulunda iştitak etmişdir. Bir qayda olaraq vətəndaşların müraciətləri ilə bağlı cavabdeh şəxslər tərəfindən lazımi tədbirlər görülmüş, onların haqlı tələblərinə qanunamüvafiq qaydada baxılmışdır.

Hesabat dövründə rayon icra hakimiyyəti başçısının 45 səyyar görüş-qəbulu olmuşdur. Qəbullarda 5410 nəfər iştirak etmişdir.  Görüş-qəbula gələnlərdən 359 nəfər çıxış edərək, onları düşündürən məsələlərin həlli istiqamətində təkliflər irəli sürmüşlər.

İrəli sürülən 328 təklif müsbət həll edilmiş, 14-ü ilə bağlı müvafiq izahat verilmiş, 17 məsələnin həlli isə respublikanın digər aidiyyəti təşkilatları tərəfindən icra edilməli olduğuna görə, həmin müraciətlərlə əlaqədar onların qarşısında məsələ qaldırılmışdır. Bunlar əsasən yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, elektrik dirəklərinin dəyişdirilməsi, yolların asfaltlaşdırılması, yeni məktəb binalrının, səhiyyə, mədəni-maarif obyektlərinin, körpülərin tikintisi, artezian quyularının qazılması və dağ çaylarında sahilbərkitmə işlərinin aparılması ilə bağlı olmuşdur.

Keçidlər