Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

2016-cı ilin hesabatı

  Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının 2016–cı ildə Qəbələ rayonunun sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda  duran vəzifələrə dair hesabatı

2016-cı ilin ötən dövrü bütün ölkədə olduğu kimi, Qəbələ rayonunun da ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əlamətdar hadisələrlə zəngin olmuşdur. Bunlardan ən yadda qalanı isə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il avqust ayının 10-da Qəbələ rayonuna səfəridir. Səfər zamanı dövlət başçısı bir çox mühüm sosial və iqtisadi xarakterli obyektlərin açılışında iştirak etmiş, inşası davam edən tikintilərdə işlərin gedişi ilə maraqlanmışdır. Cənab Prezident rayonumuzda görülmüş işlər barədə fikirlərini bildirərək,  müvafiq tapşırıqlar vermiş, qarşımıza yeni vəzifələr qoymuşdur.

          Müstəqil Azərbaycanımızın dövlətçilik tarixində növbəti böyük siyasi hadisə olan Konstitusiyaya təklif edilən dəyişikliklər və əlavələrə dair keçən il keçirilən ümumxalq səsverməsində (referendumda) müdrik xalqımız növbəti dəfə Heydər Əliyev siyasi kursuna, inkişafa, tərəqqiyə, sabitliyə, ölkəmizin daha firəvan gələcəyinə səs vermişdir.

        Sentyabrın 26-da yüksək demokratik şəraitdə keçirilən səsvermədə Qəbələ seçiciləri də hər zaman olduğu kimi böyük siyasi fəallıq göstərmişlər. Rayon üzrə mövcud olan 78 səsvermə məntəqəsində 63.689 seçicidən 47.517 nəfəri (74.6 faiz) bu siyasi kampaniyada  aktiv iştirak edərək, ümumxalq səsverməsinin yüksək səviyyədə keçirilməsinə öz töhvələrini vermişdir. Səsvermədə iştirak edən seçicilərin 43.557 nəfəri (91,67 faiz) dəyişikliklərin və əlavələrin lehinə səs vermişdir.

 

                Dünyada baş verən iqtisadi tənəzzülə və bunun təsiri ilə ölkə iqtisadiyyatında yaranmış çətinliklərə baxmayaraq 2016-cı il ərzində  rayonumuzda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 203.736 min manatlıq məhsul  istehsal  edilmiş, ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı 219,0 min manat, yaxud 0,1 % artmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə  2.978 min manat, yaxud 12,9 %, kənd təsərrüfatında 5.746,0 min manat, yaxud   9,4 %, nəqliyyatda 57 min manat, yaxud  1,6 %,  ticarətdə 489 min manat, yaxud 1,8 % artmışdır.

      Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 1.951 manat təşkil etmişdir.    

      İl ərzində sənaye müəssisələrində çalışan 1.039 nəfər işçinin orta aylıq nominal əmək haqqı 334 manat olmuşdur.

      Əsas kapitala yönəlmiş investisiyanın həcmi 80.016,4 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 78.607,6 min manat təşkil etmişdir.

       2003-cü ilin oktyabr ayından 1 yanvar 2017-ci ilədək 13.266-sı daimi olmaqla, 15.065 yeni iş yeri açılmışdır. Hesabat ili ərzində açılmış yeni iş yerlərinin sayı 1.393 olmuşdur.

     Qəbələ Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdan keçmiş 3.410 nəfərdən  857-i münasib işlə təmin edilmiş, 36 nəfərə  işsizlik ststusu verilmiş, 44 nəfər işsiş vətəndaşa müavinət təyin edilmişdir.  Qeyri-məşğul əhalidən 17 nəfər işaxtaran vətəndaş “Sahibkarlığın əsasları” peşə kursuna cəlb edilmişdir. “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası  Prezidentinin 7 aprel 2016-cı il tarixli, 1941 nömrəli Sərəncamının icrası ilə əlaqədar müvafiq işlər görülmüş, həmin tarixədək mərkəzdə qeydiyyatda olan və müəyyən biznes ideyası olan vətəndaşlardan 21 nəfər seçilərək “öz biznesini başla və təkmilləşdir” təlimlərinə cəlb edilmişdir. Təlimləri uğurla bitirmiş proqram iştirakçılarından 3-ü xidmət,  13-ü kənd təsərrüfatı sahəsində olmaqla 16 nəfərin biznes planı müsbət qiymətləndirilmişdir.

       Rayonun yerli gəlirləri 2016-cı  ildə  12.941,0  min manat proqnoza qarşı 12.941,2 min manat-100 % və ya 0,2 min manat çox, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 6.739,0 min manat dürüstləşdirilmiş proqnoza qarşı 6.739,0 min manat-100 %, yerli xərcləri dürüstləşdirilmiş 19.680,0 min manat proqnoza qarşı 19.217,9 min manat-97,7 % və ya 462,1 min manat az icra olunmuşdur.

Yerli gəlirlər üzrə proqnozlaşdırılmış 10 növ gəlirdən 4-ü əlavə dəyər vergisi, sadələşdirilmiş vergi, dövlər rüsumu və sair daxilolmalar üzrə proqnoz tapşırıqlar kəsrlə yerinə yetirilərək qeyd olunan gəlirlər üzrə büdcəyə 1.787,3 min manat az vəsait daxil olmuşdur. Digər növ gəlirlər üzrə  1.787,5 min manat çox vəsait daxil olaraq rayonun gəlirləri ümumilikdə 0,2  min manat çox yerinə yetirilmişdir.

     Rayonun yerli xərcləri təhsil xərcləri üzrə 243,4 min manat, səhiyyə xərcləri üzrə 38,7 min manat, icra hakimiyyəti orqanlarının saxlanması xərcləri üzrə 145,2 min manat, mədəniyyət xərcləri 21,1 min manat, sair xərclər üzrə 9,7 min manat, mənzil təsərrüfatı və kommunal xərcləri üzrə 2,2 min manat, elm  xərcləri üzrə   1,8 min manat az olmaqla, ümumilikdə il ərzində 462,1 min manat təyinatdan az icra edilmişdir.

Yerli büdcənin hesabında və təşkilatların ayrı-ayrı xərc maddələri üzrə limit qalıqlarında 31 dekabr 2016-cı il tarixə 462,3  min manat vəsait qalığı yaranmışdır ki, mövcud qaydaya uyğun olaraq həmin vəsaitin Mərkəzi Xəzinədarlıq Orqanına köçürülməsi təmin olunmuşdur.

        Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.

        İl ərzində bütün növ istehlakçı qruplar tərəfindən 113.491,5 min kvt/saat elektrik enerjisi istehlak edilmiş, 7.312,8 min manata qarşı 6.794,4 min manat vəsait toplanaraq illik yığım planı 92,9 % yerinə yetirilmişdir. Həmin göstərici büdcə təşkilatları üzrə 91,2 %, dövlət müəssisələri üzrə 89,9 %, ticarət xidməti üzrə 93,5 %, özəl sənaye üzrə 89,2 %, əhali qrupu üzrə isə 91,3 % olmuşdur.

10/6 kv-luq hava xəttinin 19,2 km məsafəsində əsaslı və cari təmir işləri aparılmışdır. 10 kv-luq hava xətləri üzrə 13 kənddə və şəhər ərazisində 523 ədəd fiziki köhnəlmiş ağac dayaq dəmir–beton dayaqlarla əvəzlənmiş, 64665 metr məsafədə isə fiziki köhnəlmiş naqillər dəyişdirilmişdir. Eyni zamanda Qəbələ şəhərində, qəsəbə və kəndlərdə 160, 250 və 400 kVA gücündə 14 ədəd transformator yarımstansiyaları quraşdırılmış, 15,5 km məsafədə 0,4 kv-luq fiziki köhnəlmiş və istismara yararsız naqillər yeni izolyasıyalı naqillərlə əvəz edilmişdir. 107 ədəd transformator yarımstansiyasının mühafizə zonası alaq otları və kollardan təmizlənmiş, 32 ədəd transformator yarımstansiyasının 0,4 kV-luq çıxışında zədələnmiş kabellər dəyişdirilmişdir. Əhali sektorunda 1624 ədəd mexaniki, 795 ədəd smart kart tipli sayğac quraşdırılmış, 1683 ədəd qüsurlu sayğac yenisi ilə əvəzlənmişdir.

      Təbii qaz istehlakçıları tərəfindən 42.324,7 min kub/metr təbii qaz istehlak olunmuşdur. İl ərzində 4.418,6  min manata qarşı 4.087,2 min manat vəsait toplanmış, ümumi yığım məbləği 92,5 % təşkil etmişdir. Həmin göstərici  əhali sektoru üzrə 95,9 %,  büdcə təşkilatları üzrə 96,5 %, sənaye, kommersiya və digər təşkilatlar üzrə isə 87,0 %, kommunal təşkilatlar üzrə 53,2 %  olmuşdur.

      İl ərzində 4.408 yeni abonentə təbii qaz verilərək, əhali abonentlərin ümumi sayı 16.543-ə çatdırılmışdır.  Bum, Nic qəsəbələrinə, Qəmərvan, Mirzəbəyli və Həmzəli kəndlərinə qaz xətləri çəkilmiş, sayğaclar quraşdırılaraq qazın verilişi təmin olmuşdur. Rayon ərazisində 16 ədəd ŞQTM tipli yeni təzyiq tənzimləyicisi və 5 ədəd siyirtmə quraşdırılmışdır. Qəbələ Xidmət Sahəsi tərəfindən 13 ünvanda korroziyaya uğramış müxtəlif diametrli qaz boruları dəyişdirilərək  1.877 p/m qaz xətti çəkilmiş, ümumilikdə 5.873 yerdə sızma ləğv edilmişdir.

       Qəbələ Su-kanal İdarəsi tərəfindən “Qaraçay” və “Duruca” su mənbələrində yerləşən  anbarlar lil və qumdan təmizlənmiş, cari təmir işləri görülmüşdür. Şəhərin Nizami küçəsində təmir-bərpa işləri aparılmış, axıntıların qarşısı alınmışdır. İsmət Qayıbov, Vahid Qəhrəmanov, İmadəddin Nəsimi, Nizami Gəncəvi və Muxtar Abduyev küçələrində yerləşən yaşayış binalarında müxtəlif diametrli plastik və dəmir borular dəyişdirilərək su xətləri təmir olunmuşdur. Zarağan kəndində məcburi köçkünlər üçün inşa edilən şəhərcikdə su nasosu dəyişdirilmiş, Muxtar Abduyev küçəsində yerləşən yaşayış binalarında, Heydər Əliyev prospektində, Mirzə Fətəli Axundov və  Məcid Mərdanov küçələrində kanalizasiya xətləri təmir edilmişdir. Şəhərin su və kanalizasiya təchizatının yenidən qurulması sahəsində Dünya Bankının maliyyə dəstəyi ilə ayrı-ayrı küçələr üzrə 62.652 p/metr su, 128.661 p/metr kanalizasiya xətləri çəkilmişdir. Su xətlərı üzrə 2.370 ədəd, kanalizasiya xətləri üzrə 2.495 ədəd ev birləşmələri verilmişdir. Vətəndaşlara 2.100 ədəd smart tipli su sayğacları quraşdırılmışdır. İl ərzində 345,2 min manat dəyərində  su və kanalizasiya xidməti göstərilmiş,  həmin  məbləğin  85,7 %-i  yığılmışdır.  Bu  göstərici  əhali  sektoru   üzrə 82 %, büdcə üzrə 103,7 %, kommersiya və digər qurumlar üzrə 84 % olmuşdur.

    Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya   olan  tələbatının  ödənilməsinə  dair  əlavə     tədbirlər   haqqında”  Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2014-cü il tarixli 961 nömrəli Sərəncamına əsasən Mirzəbəyli, Cığatelli, Seyidqışlaq, Məmmədağalı, Bəyli, Bunud və Həmzəli kəndlərində subartezian quyuları qazılaraq istifadəyə verilmişdir. Bundan əlavə ölkə başçısının sərəncamına əsasən 2016-cı ildə rayonda əlavə 6 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulmuş, artıq onlardan 4-də qazma işlərinə başlanılmışdır.

          Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələr Kombinatı il ərzində şəhər təsərrüfatına 424,1 min manat, ictimai yaşayış binalarına 52,7 min manat, idarə və müəssisələrə 82,1 min manat, kommersiya obyektlərinə 11,8  və fərdi yaşayış evlərinə 7,2 min manat olmaqla, cəmi 577,9 min manat dəyərində təmizlik və digər kommunal xidmətləri göstərmişdir.

      Hesabat ilində 10 №-li Yol İstismarı MMC  tərəfindən 1.469,9 min manatlıq  cari təmir və yolların saxlanması işləri görülmüşdür. Əlavə olaraq investisiya qoyuluşu hesabına Heydər Əliyev prospektində 600,0 min manatlıq yenidən qurma işləri aparılmışdır.

     Qəbələ Telekommunikasiya Qovşağı 1.232,2 min manat tarif gəliri proqnozuna qarşı 1.238,3 min manat gəlir əldə etmiş, proqnoz tapşırığa 100,5 % əməl etmişdir.  Ümumilikdə rayon üzrə 1 şəhər EATS-i (3582 nömrə), 23 kənd EATS-i (8.288 nömrə), 3 mini EATS-i (96 nömrə) fəalyyət göstərir ki, həmin EATS-rin ümumi  montaj tutumu 11966 nömrə təşkil edir. 4 kənd (14 nömrə) peyk rabitəsi ilə təmin olunub. Hazırda rayon üzrə hər 100 ailəyə düşən telefon abonentlərinin sayı orta hesabla 50 ədəd təşkil edir. İl ərzində rayon sakinlərinə 958 telefon xətti çəkilmiş, 2.068 internet qoşulması verilmişdir. Genişzolaqlı internet xidmətindən istifadə edən abunəçilərin sayı 4.078  nəfərdir. Rayon üzrə 450 ədəd istismara yararsız rabitə dirəyi dəyişdirilərək, yeni dəmir dirəklərlə əvəz edilmiş, 70 ədəd dibləri çürümüş rabitə dirəyinə beton altlıq bağlanmışdır. Seyid Əzim Şirvani, Elçin Kərimov, 28 May, İmadəddin Nəsimi, İbrahimbəy Musabəyov, Mirzə Ələkbər Sabir və Sadiq Eyyubov küçələrində ümumulikdə 2550 metr məsafədə kabel hava xətlərinin təmiri və tarıma çəkilməsi işləri görülmüşdür. Vəndam qəsəbə EATS-dən “Duyma” İstirahət Mərkəzi zonasına və Kürd kənd EATS-dən Savalan kəndinə iki ədəd 48 nömrəlik deslam avadanlığı montaj edilmişdir. Zarağan kənd EATS-i müvəqqəti yerləşdirilmiş binadan yeni tikilmiş EATS-in binasına köçürülmüşdür.

“Azərpoçt” MMC-nin Qəbələ Filialı 249,0 min manata qarşı 280,8 min manatlıq poçt-rabitə xidməti göstərərək  proqnoz  tapşırığı 112,8 % yerinə yetirmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 40,4 min manat artım olmuşdur.

Dövlər Sosial Müdafiə Fondunun Qəbələ Rayon Şöbəsində 2016-cı  il ərzində gəlirlər üzrə proqnozda nəzərdə tutulmuş 8.613,0 min manata qarşı 7.119,2 min manat məcburi dövlət sosial sığorta haqları toplanaraq,  proqnoz tapşırığa 82,7 % əməl olunmuşdur. İl  ərzində  1.181  sığortaedən  qeydiyyata  alınmışdır  ki, bunlardan  40-ı hüquqi, 1.003-ü fiziki şəxs, 138-i isə pay torpaq mülkiyyətçisi olmuşdur. 1 yanvar 2017-ci il  vəziyyətinə şöbədə 11.621 pensiya işi üzrə 11.909 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur. Hesabat dövründə pensiyaçılara ümumilikdə 22.887,8 min manat pensiya, 520,9 min manat məcburi dövlət sığorta haqları hesabına müavinətlər ödənilmişdir. Orta aylıq pensiya məbləği  1.930,4 min manat, bir pensiya işi üzrə isə orta aylıq pensiya məbləği 166 manat 11 qəpik təşkil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin strukturu ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna birləşdirilməsi nəticəsində şöbənin strukturu yenidən formalaşdırılmış və əvvəllər əhalinin sosial müdafiəsi mərkəzinə aid funksiyalar müvafiq olaraq Fondun Qəbələ Rayon Şöbəsinə verilmişdir.

Hazırda şöbədə 4.633 hərəkətdə olan sosial müavinət və təqaüd işi vardır. Həmin müavinətlərin və təqaüdlərin ödənilməsi üçün tələb olunan vəsaitin orta aylıq məbləği 304,6 min manat təşkil edir. İl ərzində 162 nəfər 18 yaşadək əlil uşağa, 287 nəfər I, II və III qrup əlilə, 52 ailənin 106 uşağına ailə başçısını itirməyə, 76 nəfərə qocalığa görə  müavinət təyinatı aparılmışdır. Bundan başqa 1259 ailənin 1359 uşağına  doğulmasına görə, 29 nəfərə dəfn üçün birdəfəlik müavinət ödənmişdir. 318 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Hazırda şöbədə 988 hərəkətdə olan ünvanlı sosial yardım işi vardır.

       Rayonun yaşayış məntəqələrinin sel sularından qorunması, kənd təsərrüfatının suvarma suyu ilə təmin olunması üçün suvarma kanalları 564 min kubmetr lildən,  daşqın və selə qarşı mübarizə məqsədilə çay məcrası 1.070 min kubmetr daş və qumdan təmizlənmiş, 320 kubmetr qabion bəndi quraşdırılmış, 3.003  kubmetr daş beton bənd cari və əsaslı təmir edilmişdir. Suvarma sistemləri idarəsi tərəfindən 16.805 manat su pulu yığılaraq illik plana 100 % əməl olunmuşdur.

        Hər il olduğu kimi ötən ildə rayonda tikinti-quraşdırma və abadlıq işləri  uğurla həyata keçirilmişdir. Belə ki, 2016-cı il ərzində Qəbələ rayonunda YAP Qəbələ Rayon Təşkilatının inzibati binası, Xizəkçilik Mərkəzi və “Tufandağ” Oteli, Qəbələ Park-Bulvar Kompleksi, Dəmiraparan çayı üzərində 324 p/metrlik             10 aşırımlı dəmir-beton körpü,  Qəmərvan çayı üzərində 36 p/metrlik 1 aşırımlı dəmir-beton körpü,  Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi,  “Asan xidmət”in inzibati binası,  100 yerlik uşaq bağçası, Nohur gölü ərazisində Shenot Palace Health Wellnes Hotel Sanatoraiya Kompleksi, “Tufandağ” kanat yolunun “ Yatmış Gözəl” məntəqəsində restoran binası obyektlərində tikinti işləri başa çatdırılmış və həmin obyektlər istismara verilmişdir.  Bununla yanaşı Qəbələ Rayon Məhkəməsinin inzibati binası və Qəbələ Rayon Kənd Təsərrüfatı idarəsinin inzibati-laboratoriya binası obyektlərində tikinti quraşdırma işləri başa çatdırılmış, Soltannuxa kənd uşaq bağçası əsaslı təmir edilmişdir.  

       Ötən il ərzində şəhərin Muxtar Abduyev küçəsindəki 11 ədəd beşmərtəbəli yaşayış binalarında cari təmir işləri, Heydər Əliyev prospektindəki beşmərtəbəli binaların həyətində,  28 May və Vahid Qəhrəmanov küçələrində, eləcə də şəhər 5 nömrəli tam orta məktəbin arxa hissəsindəki küçədə əsaslı təmir işləri görülmüşdür. 

         Tikintisi yarımçıq qalmış Qafqaz Aqua Land Hotel, Qafqaz Diamond Aquapark, Qolf kompleksi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binası, Qəbələ Rayon Prokurorluğunun inzibati binası, Gömrük Akademiyasının inzibati binası, Qəbələ Peşə Məktəbi, Atçılıq mərkəzi sahəsində və Qəbələ şəhərinin içməli su və kanalizasiya sisteminin yenidənqurulması obyektlərində inşaat işləri davam etdirilir. Hazırda Qəbələ şəhərində yeni xalça toxuculuğu müəssisəsinin tikintisinə və Muxtar Abduyev küçəsində 5 ədəd 5 mərtəbəli binaların dam örtüklərinin dəyişdirilməsi işlərinə başlanılmışdır. 

Rayonumuzda hazırda 23 məktəbəqədər  təhsil  müəssisəsi fəaliyyət göstərir.
Maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə 2016-cı ildə həmin uşaq bağçalarına 12.000 manatlıq yumşaq, 12.000 manatlıq bərk inventar, 29.700  manatlıq isə digər avadanlıqlar  alınamışdır.

         2016-cı ili rayonumuzun təhsil işçiləri də yüksək nəticələrlə başa vurmuşdur.

Belə ki, biliyi qiymətləndirilən 15762 nəfər şagirdin 3995 nəfəri əla, 6042 nəfəri isə əla və yaxşı qiymətlərlə oxumuşdur.

Məktəblərdə 1377-nəfərə ümumorta təhsil kursu üzrə şəhadətnamə, o cümlədən 14 nəfər fərqlənmə şəhadətnaməsi, 1419 nəfərə isə tam orta təhsil kursu üzrə attestat verilmişdir. Onlardan 3 nəfər qızıl medala layiq görülmüşdür. İlin müvəffəqiyyət faizi 99,7,  keyfiyyət göstəricisi isə 63,8 faiz olmuşdur.

Orta təhsil kursunu bitirən 1419 şagirddən 760 nəfər ali məktəbə qəbul olunmaq üçün sənəd vermiş, onlardan 424 nəfər ali məktəblərə qəbul edilmişdir. Ali məktəbə qəbul olunanların 36 nəfəri 600-dən yuxarı bal toplamışdır.

Qəbulun nəticələrinə görə şəhər 1, 2, 3, 4, 5 nömrəli, Vəndam qəsəbə 1 nömrəli, Nohurqışlaq, Bunud, Hacıalılı, Soltannuxa, Dizaxlı və Mıxlıqovaq kənd tam orta məktəbləri fərqlənmişlər.

Hesabat ilində məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də xeyli iş görülmüşdür. Belə ki, Tikanlı ümumi orta və Zərgərli ibtidai məktəblərində əsaslı təmir işləri, o cümlədən şəhər 2, 3 və 4 nömrəli məktəblərdə və təhsil şöbəsində cari təmir işləri aparılmışdır.

Təhsil müəssisələrinin inventar və avadanlıqla təminatı diqqət mərkəzində saxlanılmış və məktəblərə 86.294 manatlıq inventar və avadanlıq alınmış, 63 adda 229.974 manatlıq dərslik gətirilərək məktəb kitabxanalarına verilmişdir.

Təhsilin informasiyalaşdırılması sahəsində işlər davam etdirilmiş, məktəblərdə kompüterlərin sayı 613-ə çatdırılmışdır. Eyni zamanda 53 tam orta məktəb internet şəbəkəsinə qoşulmuşdur.

Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin müəllimi Mədinə Qasımova Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi Sədaqət Kazımova “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüş, Daşca kənd tam orta məktəbinin tarix müəllimi Almaz Əsədova isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Gültəkin Səfərəliyeva respublika üzrə ilk dəfə keçirilən “Milli-mənəvi dəyərlərimiz haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsində I yeri tutmuş və nazirlik tərəfindən I dərəcəli diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Qəbələ Rayon Gənclər və İdman İdarəsi 2016-cı il  ərzində keçirilən bir sıra beynəlxalq və respublika səviyyəli yarış və tədbirlərdə gənclərimizin və idmançılarımızın iştirakını təmin etmişdir. 2016-cı ildə rayonumuzda bir sıra mühüm beynəlxalq və ölkə miqyaslı idman yarışları keçirilmişdir. Bunlara ölkəmizin və Qəbələnin ev sahibliyi etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş "Tour d'Azerbaidjan-2016" Beynəlxalq Velosiped Turnirinin, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Olimpiya Atıcılıq növləri üzrə III Beynəlxaq Qran-Pri yarışlarının, “Gənc xilasedici və yanğınsöndürən”  V respublika birinciliyi və IV Beynəlxalq yarışını, həmçinin MDB üzvü olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının bədən tərbiyə və idman üzrə Şurasının iclasını, Olimpiya atıcılıq növləri üzrə gənclər arasında dünya kuboku yarışlarını, yeniyetmələr arasında sərbəst-güləş, cüdo və taekvondo idman növləri üzrə Qəbələ açıq turnirlərini  və s. göstərmək olar.

 Qəbələ Olimpiya İdman Kompleksində hesabat ili ərzində idmanın inkişaf etdirilməsi, olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması sahəsində tədbirlər həyata keçirilmişdir.

 Hazırda kompleksin xidmətlərindən istifadə edənlərin 420 nəfəri ödənişli, 437 nəfəri ödənişsiz əsaslarla idmanın müxtəlif növləri ilə məşğul olurlar. Kompleksin xidmətlərindən ödənişsiz əsasla istifadə edənlər olimpiya idman növləri üzrə təşkil edilmiş seksiyalarda məşğul olan idmançılardır.

Bu il rayonumuzda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə iyulun 30-dan avqustun 5-dək keçirilən ənənəvi Qəbələ VIII  Beynəlxalq Musiqi Festivalında  dünyanın 12 ölkəsinin tanınmış musiqi qrupları və musiqiçiləri iştirak etmişlər.

Festival iştirakçılarının ifa etdikləri klassik, Azərbaycan və dünya bəstəkarlarının simfonik kamera və caz musiqiləri, rəqs qruplarının çıxışları, eləcə də milli muğamlarımız tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanmışdır.

 Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən  2016-cı il ərzində tarixi hadisələr, yubileylər və əlamətdar günlər   qeyd  olunmuş, maraqlı mədəni-kütləvi, bədii proqramlar  hazırlanaraq tamaşaçılara təqdim edilmişdir.

 Mədəniyyət mərkəzində Meksikanın Azərbaycan Respublikasındakı səfirliyinin təşəbbüsü ilə meksikalı rəssam Marqarita Moralesin fərdi yaradıcılıq sərgisi təşkil olunmuşdur.

Hesabat ili  ərzində Qəbələdə IV Beynəlxalq Mürəbbə Festivalı keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının yaxından köməkliyi ilə keçirilmiş  festivalda ona yaxın xarici ölkənin şirniyyat ustaları ilə yanaşı Azərbaycanın 30 bölgəsinin qənnadçıları öz məharətlərini nümayiş etdirmişlər.

         Prezident cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində rayonumuzun ümumtəhsil məktəblərindən 40 nəfər IX-XI sinifi şagird Quba-Qusar bölgəsinə, Qəbələ-Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə keçirilən tur-aksiya proqramına uyğun olaraq Şirvan şəhəri, Xızı, Tovuz, Siyəzən, Şabran, İmişli, Göygöl, Füzuli, Xaçmaz, Qusar, Quba, Sabirabad, Saatlı, Zərdab, Biləsuvar, Cəbrayıl, Hacıqabul, Kürdəmir və Ucar məktəblilərindən 760 nəfərdən ibarət qrup isə Qəbələ rayonuna səfər etmişlər. Məktəblilər Qəbələnin tarixi abidələri, turizm obyektləri, mənzərəli yerləri, adət-ənənələri, eləcə də son illər inşa edilən istehsal müəssisələri və sosial obyektləri ilə tanış olmuşlar.

 Hazırda Qəbələdə 19  turizm istirahət  obyekti fəaliyyət göstərir. Onların arasında 5 otel beşulduzludur. Mehmanxana tipli obyektlərdə bir gündə 2518  turisti qəbul etmək imkanı vardır. Ötən il Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 181.014 nəfər olmuşdur. Bu da 2015-ci ildə rayona gələn turistlərin sayından 100.814 nəfər çoxdur.  Turistlərdən 107681  nəfəri yerli, 73333 nəfəri isə xarici ölkələrin vətəndaşlarıdır. Onların 148433 nəfəri müxtəlif turizm obyektlərində istirahətə, 20301 nəfəri  işgüzar səfərə, 12280 nəfəri  isə sanatoriyalarda müalicəyə gəlmişdir.

         2016-cı ildə Qəbələyə gələn  xarici ölkələrin dövlət rəsmilərinin də sayı əhəmiyyətli dərəcədə artmış, beynəlxalq və regionlararası əlaqələrin qurulması istiqamətində mühüm addımlar atılmışdır. Belə ki,  Fransanın Kann şəhərinin meri rayonumuza səfər etmiş, Qəbələ və Kann şəhərləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi imkanları araşdırılmışdır.

         Müvafiq olaraq Qəbələ rayonunun da nümayəndə heyəti Kann şəhərinə dəvət olunmuş, orada şəhər rəhbərliyi ilə müzakirələr aparılmış, hər iki ölkə arasında mövcud olan  dostluq və ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinə dair xartiya imzalanmışdır.

          Eyni zamanda Belarus Respublikası Prezidentinin Azərbaycana  səfəri zamanı Azərbaycanla Belarus arasında sənədlərinin imzalanması mərasimi keçirilmişdir. Mərasimdə Qəbələ rayonu ilə Belarusun Qrodno şəhəri arasında regionlararası əlaqələrin qurulması haqqında Saziş imzalanmışdır.

        Eləcə də Stavropol vilayətinin Kislovodsk kurort  şəhərində  “Şəhər günü” münasibətilə təşkil olunan  bayram tədbirlərində iştirak etmək üçün şəhər administrasiyası tərəfindən Qəbələ rayonunun nümayəndə heyəti Rusiya Federasiyasına dəvət  olunmuşdur. Səfər zamanı Qəbələ ilə Kislovodsk kurort şəhəri arasında bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı, sənaye, mədəniyyət,  turizm əlaqələrinin qurulması və qardaşlaşma barədə niyyət protokolu imzalanmışdır.

       Hesabat ilində Özbəkistanın Səmərqənd vilayət hakiminin müavinləri, Özbəkistandakı Azərbaycan diaspor təşkilatının Səmərqənd vilayəti üzrə rəhbərliyi, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi, TÜRKSOY-un baş katibi, Ruminiya Respublikasının Azərbaycan Respublikasındakı səfiri, İsrail dövlətinin Azərbaycan Respublikasındakı səfiri, Meksikanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri və Ukrayna Respublikası Rovno Vilayət Dövlət Administrasiyasının rəhbəri Qəbələdə səfərdə olmuşdur.

           2016-cı ildə rayonumuzun səhiyyə müəssisələrində tibbi xidmət işləri günün tələbləri səviyyəsində qurulmuşdur. Rayon mərkəzi xəstəxanasında stasionar müalicə olunan xəstələrin sayı 2828 nəfər, cərrahi əməliyyatların sayı 119 olmuşdur. İl ərzində 1295 doğuş baş vermiş,  212979 nəfər ambulator müraciət etmişdir.

Məcburi tibbi müayinəyə cəlb edilməsi nəzərdə tutulan obliqat qruplar üzrə 6544 nəfərdən il ərzində 4947 nəfər müayinəyə cəlb edilmişdir. Müayinə olunanların 3165 nəfəri təhsil, 749 nəfəri səhiyyə işçiləri, 519 nəfəri otellərdə, 397 nəfəri Qəbələ konserv zavodunda, 117 nəfəri isə digər sahələrdə işləyən vətəndaşlardır.

Ölkə Prezidentinin tapşırığı əsasında Respublikada 18 yaşından yuxarı olan əhalinin 15 fevral tarixindən 02 may tarixədək dispanserizasiyası məqsədilə kütləvi tibbi müayinəsi keçirilmişdir. Müayinə olunan 67346 nəfərdən müayinələrin nəticəsinə görə 1752 nəfərə ambulator müalicə təyin edilmiş, 212 nəfər stasionar müalicəyə, 85 nəfər isə Bakı şəhərindəki ixtisaslaşdırılmış digər klinikalara göndərilmişdir.

Təcili yardım şöbəsində il ərzində çağrışların sayı 5947 olmuşdur.

Ötən müddət ərzində Qəbələ Müalicə Diaqnostika Mərkəzinin   konsultativ poliklinika şöbəsinə xəstə gəlişlərinin sayı 21835, endoskopiya kabinetində müayinələrin sayı 1700, EKQ müayinələrinin sayı 4815,  stomatoloji kabinetdə müalicə olunan xəstələrin sayı 335, stasionar şöbəyə daxil olan xəstələrin sayı  1016 nəfər, aparılmış cərrahiyyə əməliyyatlarının sayı  968 olmuşdur. Hmodializ şöbəsində 40 xəstədə 5399 hemodializ seansı aparılmışdır. Şüa diaqnostika şöbəsində USM müayinələrinin sayı 17136, kompüter - tomoqrafik müayinələrin sayı  1485, rentgen müayinələrin sayı 19934, fizioterapiya və tibbi bərpa şöbəsində prosedurların sayı 6538 olmuşdur. Kliniki laboratoriyada 9221 xəstədə 264057  müayinə aparılmışdır.

Qəbələ rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 2016-cı il ərzində  profilaktik peyvəndlərdən   hepatit   «B»-yə   qarşı   1511, göyösgörək, difteriya və tetanusa qarşı 1511, qızılça, parotit, məxmərəyə qarşı 2978, polimelitə qarşı 7136, difteriya və tetanus əleyhinə 1427  peyvənd edilmişdir.

Mərkəz tərəfindən rayon ərazisində  yerləşən yaşayış məntəqələrində su təchizatı mənbələrinin mühafizəsinə, tullantıların toplanmasına və daşınmasına sanitariya nəzarəti diqqətdə saxlanılmışdır.

Cənab  İlham  Əliyev  tərəfindən imzalanmış  “Azərbaycan  Respublikasında təhsilin  inkişafı  üzrə  Dövlət  Strategiyası”na əsasən rayonumuzda ilk  peşə-ixtisas  təhsili sisteminin  formalaşdırılması və onun  müasirləşdirilməsi istiqamətində  təxirəsalınmaz işlər həyata keçirilir.

Qəbələ Peşə Məktəbində bu tədris ili üçün yeni pilot layihə kimi 3 ixtisas üzrə -“Aqroservis mütəxəssisi”, “Bitkiçilik mütəxəssisi” və “Heyvandarlıq mütəxəssisi” peşələri üzrə şagird qəbulu aparılmışdır. Həmin ixtisaslar üzrə tədris prosesi modul təhsil proqramları əsasında keçirilir.

Qəbələ  Turizm  və Otelçilik  üzrə  Peşə  Tədris  Mərkəzini cari ildə 171 nəfər məzun bitirmişdir. Onlardan 39 nəfər ümumi orta, 132 nəfər isə tam orta təhsil bazasındandır.

Şagirdlərin istehsalat təcrübəsinin təşkili və keçirilməsi məqsədi ilə sifarişçi təşkilatlarla ikitərəfli müqavilələr bağlanaraq onların hamısı istehsalat təcrübəsinə göndərilmişdir.

Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi tərəfindən ötən il  ərzində 80 milli QHT ilə əməkdaşlıq edilmiş, vətəndaş cəmiyyətinin inkişafına xidmət edən layihələr həyata keçirilmişdir.

Rayon uşaq və  ailələrə  dəstək  mərkəzi  sağlamlıq imkanları məhdud  uşaqların reablitasiyası istiqamətində müvafiq işlər görmüş, xeyriyyə məqsədilə onların əl işlərindən ibarət satış sərgisi təşkil etmişdir.

Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə avqust ayının 25-də xüsusi qayğıya ehtiyacı olan, valideyin himayəsindən məhrum olan və təhsildə fərqlənən uşaqların ölkədə bir günlük istirahət və əyləncəsi təşkil olunmuşdur. Rayonumuzda bu məqsədlə həyata keçirilmiş əyləncəli istirahətə 40 nəfəri qəbələli olmaqla 200 nəfər uşaq qatılmışdır.

Respublikamızda son illər aqrar sahədə müşahidə  edilən inkişafın fonunda Qəbələ rayonunda da xeyli işlər görülmüşdür. Xüsusilə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi vəsaiti hesabına  yardımların verilməsinə dair Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında”  Sərəncamı bu sahənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Cənab prezidentin həmin sərəncamı kənd təsərrüfatı məhsullarının artımı üçün böyük stimul yaratmışdır. Bunun nəticəsidir ki, rayonumuzun  kənd  təsərrüfatı sahəsində də əhəmiyyətli dəyişikliklər  hiss edilir.

Sərəncamın icrası ilə əlaqədar olaraq  rayonda 2016-cı ildə 2184 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına  1705949 manat yardım hesablanmış və həmin vəsait ödəniş  kartları vasitəsilə torpaq sahiblərinə çatdırılmışdır. Bundan  əlavə rayon komissiyası tərəfindən cari ilin sentyabr ayında təkrar əkinlərə görə məhsul istehsalçılarına 17269 manat yardım hesablanmış və həmin vəsaitin yaxın vaxtda məhsul istehsalçılarına çatdırılması təmin ediləcəkdir. Bundan əlavə toxum istehsalı ilə məşğul olan fermerlərə 151773 manat subsidiya verilmişdir. Güzəştli qaydalarla 458 nəfərə 1337 ton gübrə, 231 nəfərə isə 3673 litr  pestisid verilmişdir.

Rayonda taxılçılıq kənd təsərrüfatının əsasını təşkil edir.  2016-cı ilin məhsulu üçün 2015-ci ilin payızında 22510 hektar sahədə payızlıq dənli bitkilər əkilmişdir ki, onun da 16010  hektarını buğda, 6500  hektarını isə arpa sahələridir.        

Ötən il sahələrdən 71081 ton məhsul istehsal edilmişdir. Hər hektardan məhsuldarlıq 31,6 sentner olmuşdur.         

Torpaq sahibləri tərəfindən  2016-cı ildə 1054 hektar kartof, 1992 hektar  tərəvəz, 42 hektar bostan məhsulları, 1103 hektar dən üçün qarğıdalı, 50 hektar günəbaxan  əkilmişdir. Həmin sahələrdən 12648 ton kartof, 17928 ton tərəvəz, 609 ton bostan məhsuluları, 3971 ton qarğıdalı dəni və 58 ton günəbaxan tumu istehsal olunmuşdur.

Aqrar sahədə çalışan  fermerlərimiz mütərəqqi metodlardan istifadə edilərək əkin sahələrinin genişləndirilməsinə deyil, məhsuldarlığın artırılmasına diqqəti artırmışlar.

Rayonda  əhalinin  tərəvəz məhsullarına olan ehtiyacının ödənilməsi məqsədi ilə tərəvəz istehsal  edən istixanaların qurulmasına ciddi ehtiyac vardır və bu məsələ ilə əlaqədar müəyyən işlərin görülməsi nəzərdə tutulmuşdur.

Məlum olduğu kimi gəmiricilər və müxtəlif  alaq otları əkin sahələrinə ciddi ziyan vurur. Keçən il ərzində  əkin sahələrindən yüksək məhsul əldə etmək üçün ziyanvericilərə və alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirilmişdir. Belə ki, il ərzində ziyanvericilərə qarşı 3104 hektar, alaq otlarına qarşı mübarizə məqsədilə isə 4790 hektar sahə dərmanlanmışdır.

Qeyd etmək lazımdır ki, rayonda əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi və suvarılan sahələrin daha da genişləndirilməsi istiqamətində xeyli iş aparılmalıdır. Yengicə su anbarının tikintisi başa çatdıqdan sonra bu sahədəki problemlərin həllində əsaslı dönüş olacaq. Su anbarından 2 istiqamətdə - Hacıalılı və Məlikli kəndləri istiqamətində beton suvarma kanalları çəkiləcək və  həmin su anbarı 10.000 hektar ərazinin suya olan tələbatını ödəyəcəkdir.

Rayon üçün meyvəçilik və üzümçülük də önəmli sahələrdən  hesab edilir. Hazırda rayonda 6854 hektar bağ sahələri, 509 hektar üzüm plantasiyaları mövcuddur. Həm əhalinin həmin məhsullara olan tələbatının ödənməsi istiqamətində, həm də rayonda həmin sahələrin məhsullarını emal edən sənaye müəssisələrinin xammalla təmin edilməsi baxımından meyvə və üzüm sahələrinin genişlənməsinə və məhsuldarlığın yüksəldilməsinə diqqət artırılmalıdır.

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab İlham Əliyevin qeyd etdiyi kimi indi kənd təsərrüfatının hər bir sahəsinin inkişaf etdirilməsi bizim üçün vacibdir. Xüsusilə ixrac yönümlü kənd təsərrüfatı məhsulları istehsalının artırılması diqqət mərkəzində saxlanmalıdır.

Bu baxımdan fındıqçılığın mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq rayonumuzda bu ildən etibarən əlavə 2000 hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulmuşdur. Artıq bu istiqamətdə işlərə başlanılmış və rayonda 700 hektar yeni fındıq bağları salınmışdır.

 Keçən il uzun fasilədən sonra rayonumuzda barama istehsalına başlanılmış və kümçülərimiz tərəfindən kiloqramı 8 manatdan 389 kq barama istehsal edilərək satılmışdır.  Barama istehsalının artırılması məqsədi ilə 2016-cı ildə Çin Xalq Respublikasından 20000, İran İslam Respublikasından 42900, qonşu rayonlardan 4000, Ekologiya və Təbii Sərvətlər Nazirliyi xətti ilə 1500 və fərdi təsərrüfatlardan 3000 ədəd tut tingləri əldə olunaraq  aqrotexniki qaydalara uyğun əkilmişdir. Bu gələcəkdə bizə barama istehsalının artırılmasına stimul verəcəkdir.

Məlum olduğu kimi yüksək məhsuldarlığın əldə olunmasında reproduksiyalı toxum mühüm rol oynayır. Rayonda fəaliyyət göstərən 5 özəl toxumçuluq təsərrüfatlarının toxumluq əkin sahələrindən 1845 ton, o cümlədən 1222 ton buğda və 623 ton yüksək kondisiyalı  arpa toxumu istehsal olunaraq taxılçılara satılmışdır.

2016-cı il  ərzində Dövlət  Meşə Fondu torpaqlarında 60 ha meşə əkini aparılmışdır. 25 hektar ərazidə az qiymətli və aşağı məhsuldar meşələr bərpa edilmişdır. Ötən ildə 5236 kq ağac və kol cinslərinin toxumları tədarük olunmuşdur ki, bunun 1621 kiloqramı tingliyə səpilmiş, 3615 kiloqramı isə meşə səpininə sərf olmuşdur.

Hazırda rayonda 2 böyük və 2 kiçik həcmli aqroservis müəssisəsi fəaliyyət göstərir. Bundan əlavə 410 fiziki şəxsdə müxtəlif kənd təsərrüfatı maşınları vardır. Bütövlükdə rayonda 72 ədəd taxılyığan kombayn, 29 ədəd tırtıllı və 417 ədəd təkərli traktor, 24 ədəd buldozer, 44 ədəd ekskovator və s. kənd təsərrüfatı texnikası vardır. Kənd təsərrüfatı texnikası parkı daim təzələnir.

Rayonumuzda heyvandarlıq  sahəsində də  əhəmiyyətli dirçəliş hiss edilir. Hazırda rayon üzrə iri buynuzlu mal-qaranın sayı 46572, qoyun-keçilərin sayı 201427, donuzların sayı 1098, quşların sayı isə 320165 başdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsulları istehsalı  xeyli artmışdır. Belə ki, ət istehsalı (diri çəkidə) 6332 tona, süd istehsalı  38856  tona, yumurta istehsalı 10401 min ədədə, yun istehsalı  isə 463 tona çatdırılmışdır.

Rayonumuzda  2 müasir heyvandarlıq kompleksinin və 2 ədəd kiçik həcmli heyvandarlıq təsərrüfatının  fəaliyyətə başlaması ilə əlaqədar əhalinin ətə və südə olan tələbatının ödənməsində müsbət dəyişikliklər baş vermişdir. Həm sanitariya- gigiyena, həm də baytarlıq nəzarəti baxımından mərkəzləşdirilmiş ət kəsimi məntəqəsinin yaradılması  nəzərdə tutulmuşdur.

Rayonda  mal-qaranın cins tərkibinin, eləcə də damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması üçün il ərzində fərdi təsərrüfatlarda 2943 baş qaramalda süni mayalama aparılmış və mayalanmış heyvanlardan  2010 baş yüksək  genetik potensiala malik birinci nəsil buzovlar  alınmışdır. Oktyabr  ayından etibarən süni mayalama yolu ilə alınmış buzovlar üçün sahibkarlara subsidiya verilməsinə başlanılmışdır.

Heyvanların yoluxucu xəstəliklərə tutulmaması üçün vaxtaşırı baytar müayinələri və profilaktika işləri aparılır. Hazırda rayonda epizootik durum demək olar ki, sabitdir.

Rayon balıqyetişdirmə zavodu tərəfindən 2016-cı ildə  təbii su hövzələrinə, Xəzər dənizinə və Kür çayına 63730 ədəd kür qızılbalığı buraxılmışdır. Hazırda zavodda nəsli kəsilməkdə olan qızılbalıqlardan kürü alınaraq süfrələrin yetişdirilməsi işləri aparılır.

Pay torpaqlarının könüllülük prinsipi əsasında birləşdirilərək iri təsərrüfatların yaradılması nəzərdə tutulmuşdur. Belə ki, böyük təsərrüfatlarda bütün aqrotexniki qaydalara riayət olunması üçün şərait yaranır. Odur ki, hər kənddə  bir və ya bir neçə iri taxılçılıq təsərrüfatlarının yaradılmasının səmərəliliyini nəzərə alaraq torpaq sahibləri arasında təbliğat işlərinin genişləndirilməsi diqqətdə saxlanılır.

Bakı şəhərində təşkil edilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında rayonumuzun meyvə istehsalçıları da fəal iştirak edirlər. 2016-cı  ildə həmin  yarmarkalarda 30,5 ton tumlu, 31  ton qərzəkli  meyvələr və 3,5 ton müxtəlif tərəvəz məhsulu  satılmışdır. Məhsul istehsalçılarının satış yarmarkalarında iştirakı davam  etdirilir.

Respublika iqtisadiyyatında kənd təsərrüfatına dövlət qayğısının daim artması, bu sahədə rayonda görülən işlər bizə  deməyə imkan verir ki, rayonumuzun aqrar sektoru və  bu sektorda görülən işlər yüksək  templərlə  inkişaf  edəcəkdir.  

2016-cı ilin ötən dövürü ərzində vətəndaşların müraciətlərinə baxılması işi də  diqqət mərkəzində saxlanılmışdır. Belə ki, rayon icra hakimiyyətində müasir informasiya texnologiyalarından geniş istifadə olunmaqla vətəndaşların bütün müraciətlərinə baxılması təmin edilmişdir.  Cari ildə rayon icra hakimiyyətinə ümumilikdə 979 ərizə daxil olmuşdur. O cümlədən 373 ərizə Azərbaycan Respublikası Prezidenti Administrasiyasından, 32 ərizə  Milli Məclisdən, 13 ərizə  Nazirlər Kabinetindən, 96 ərizə digər mərkəzi icra hakimiyyəti orqanlarından, 459 ərizə isə vətəndaşlardan birbaşa daxil olmuşdur. Ərizələrin məzmunu əsasən vətəndaşların mənzillə təmin olunması,  fərdi yaşayış evinin təmir edilməsi, onların müalicəyə göndərilməsi, ünvanlı dövlət sosial yardımının və birdəfəlik maddi yardımın verilməsi, işə düzəlmə və s. barədə olmuşdur.

Daxil olan ərizələr ətraflı öyrənilərək hər birinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavab verilmişdir.

2016-cı ilin ötən dövründə vətəndaşların qəbulunun həyata keçirilməsi istiqamətində də müvafiq işlər görülmüş, il ərzində 1037 nəfər vətəndaş rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişdir. Qəbula gələn vətəndaşların müraciəti ilə bağlı lazımi tədbirlər görülmüş, onların haqlı tələbləri qanunamüvafiq qaydada  həll edilmişdir.

Eləcə də ötən dövr ərzində rayon icra hakimiyyəti başçısının 46 səyyar görüş-qəbulu keçirilmişdir. Qəbullarda 4931 nəfər iştirak etmişdir. Onlardan 351 nəfər çıxış edərək müxtəlif təkliflər irəli sürmüşlər.

Təkliflərin və müraciətlərin 322-si həll edilmiş, 17-si ilə bağlı müvafiq izahat işi verilmiş, 12 məsələnin həlli isə respublikanın digər aidiyyəti təşkilatları tərəfindən icra edilməli olduğuna görə həmin təkliflərlə əlaqədar onlara müraciətlər ünvanlanmışdır. Bunlar əsasən yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, elektrik dirəklərinin dəyişdirilməsi, yolların asfaltlaşdırılması, yeni məktəb binalarının, səhiyyə, mədəni-maarif obyektlərinin, körpülərin tikintisi, subartezian quyularının qazılması və dağ çaylarında sahilbərkitmə işlərinin aparılması ilə bağlı olmuşdur.

              Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən 26 dekabr 2016-cı il tarixdə müşavirə keçirilmiş və müşavirədə səsləndirilmiş bir çox sahələrə aid irad və qeydlərin aidiyyəti üzrə baxılması tapşırılmışdır. Müşavirədə bildirilmişdir ki, dövlət tərəfindən vətəndaşlara verilmiş pay torpaqlarından rayonlarda bəzi hallarda təyinatı üzrə istifadə olunmamış, əkin üçün nəzərdə tutulmuş torpaq sahələrində fərdi yaşayış evləri və başqa tikililər inşa edilmişdir.

         Qeyd edilən nöqsanlarla əlaqədar bizim rayonumuzda da yerli icra nümayəndələri tərəfindən vəziyyətə nəzarət gücləndirilməli, bələdiyyələrə öz işini düzgün qurmaq üçün müvafiq yardım göstərilməli, əhali arasında maarifləndirmə işləri aparılmalıdır. İcra nümayəndələrinin bəzi hallarda məsələyə düzgün yanaşmamasından istifadə edərək vətəndaşlar mövcud qanunları pozaraq,  ümumi istifadədə olan ərazilərdə, sənayə müəssisələrinin və kommunikasiya şəbəkələrinin sanitariya – mühafizə zonalarında inşaat işləri aparırlar.

          Eləcə də müşavirədə təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin fəaliyyətinin təşkilində qüsurların olduğu qeyd edilmişdir. Sadalanan nöqsanlara az da olsa  rayonumuzda da təsadüf edilir. Bütün sahələr üzrə yol verilmiş nöqsanlar aşkarlanıb qısa zamanda  aradan qaldırılmalıdır.

          Rayon maliyyə idarəsi büdcə vəsaitlərinin tam həcmdə öz təyinatı üzrə istifadə olunmasına və xərclənməsinə nəzarəti artırmalıdır.

         Eyni zamanda bütün sahələr üzrə korrupsiyaya və rüşvətə qarşı mübarizə tədbirləri daha da gücləndirilməli dövlət orqanlarının fəaliyyətində şəffaflıq təmin olunmalıdır.        

         İdarə və müəssisələrə işə qəbul edilən şəxslər peşəkar, yüksək bilikli, məsuliyyətli, müasir düşüncəli və mədəni davranışa malik olmalıdır. İdarə rəhbərləri tabeliyində olan hər bir işçini tanımalı, onları narahat edən problemləri bilməli və fəaliyyətini diqqət mərkəzində saxlanmalıdır. Hər bir dövlət idarəsinin rəhbəri öz kollektivi üçün nümunə olmalıdır.

Keçidlər