Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

2017-ci ilin hesabatı

  Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının 2017–ci ildə Qəbələ rayonunun sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda  duran vəzifələrə dair hesabatı

         Ötən il  ərzində  iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 220.924 min manatlıq məhsul  istehsal  edilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı rayon üzrə 17.188 min manat, yaxud 8,4  % artmışdır. 2016-cı ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə  7.771 min manat, yaxud 29,9 %, kənd təsərrüfatında 2.007 min manat, yaxud 3,0 %, nəqliyyatda 181,0 min manat, yaxud    4,9 %,  ticarətdə 4.560,0 min manat, yaxud 16,5 %, rabitədə 51,0 min manat, yaxud 4,8 %,   tikintidə 2618,0 min manat, yaxud 3,3 % artmışdır.

         Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 2.094 manat təşkil etmişdir.    

         İl ərzində sənaye müəssisələrində çalışan 1.397 nəfər işçinin orta aylıq nominal əmək haqqı 336 manat olmuşdur.

         Əsas kapitala yönəlmiş investisiyanın həcmi 82.690,0 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 81.225,0 min manat təşkil etmişdir.           

         2003-cü ilin oktyabr ayından 01 yanvar 2018-ci ilədək 14.907-si daimi olmaqla, 16.706 yeni iş yeri açılmışdır. İl ərzində açılmış yeni iş yerlərinin sayı 1.641 olmuşdur ki, həmin iş yerlərinin hamısı daimi iş yeridir.

         Qəbələ Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdan keçmiş 1.280 nəfərdən  452 nəfəri münasib işlə təmin edilmiş, 52 nəfərə  işsizlik ststusu verilmiş, 62 nəfər işsiş vətəndaşa müavinət təyin edilmişdir.

         2017-ci il ərzində rayon üzrə Mənzil İstismar və Kommunal Müəssisələr Kombinatında 108 nəfər, Qəbələ Təmir Tikinti Şirkəti MMS-də 110 nəfər, 6 saylı Texnoloji Nəqliyyat Departamentində 25 nəfər, Azərişıq ASC Şimal-Qərb Regional Elektrik Təchizatı və Satışı İdarəsində 7 nəfər, Qəbələ Beynəlxalq Hava Limanında 20 nəfər müvafiq işlə təmin olunmuşdur. Hal-hazırda 2016-2017-ci illərdə yaradılmış yeni iş yerlərində işlə təmin olunmuş vətəndaşlardan Qəbələ Qaz Xidmət sahəsində 111 nəfərin, Qəbələ Suvarma Sistemləri İdarəsində 18 nəfərin, 10 № Yol İstismarı MMC-də 28 nəfərin, “Azərsu” ASC-də 7 nəfərin, “Azərişıq”ASC-də 28 nəfərin, “Azərenerji” ASC-də 1 nəfərin, “Azəristilik” ASC-də 3 nəfərin müqaviləsi yenidən 1 il müddətinə uzadılmışdır. Beləliklə 2017-ci ildə yeni yaradılmış iş yerlərində müqaviləsi uzadılmış və işlə təmin olunmuş vətəndaslərın sayı 466 nəfər təşkil etmişdir.

         Rayonun yerli gəlirləri 2017-ci  ilin  yekunlarına görə  13.317,0  min manat proqnoza qarşı 13.396,6 min manat (100,6 %) və ya 79,6 min manat çox yerinə yetirilmişdir. Yerli gəlirlərə aid olan məbləğ 6.820,0 min manat proqnoza qarşı 6.719,9 min manat (98,5 %) və ya 100,1 min manat az, yerli xərcləri 6.820,0 min manat proqnoza qarşı 6.504,2 min manat (95,4 %) və ya 315,8 min manat az icra olunmuşdur. Gəlirlərin mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsi 6.462,0 min manat proqnoza qarşı 6.650,9 min manat (102,9 % ) və ya 188,9 min manat çox icra olunmuşdur.

          Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.

         İl ərzində bütün növ istehlakçı qruplar tərəfindən 113.917,6 min kvt/saat elektrik enerjisi istehlak edilmiş, 9.585,6  min manata qarşı 8.695,9 min manat vəsait toplanaraq  yığım planı 90,7 % yerinə yetirilmişdir. Həmin göstərici büdcə təşkilatları üzrə 69,6 %, dövlət müəssisələri üzrə 73,7 %, ticarət xidməti üzrə 91,9 %, özəl sənaye üzrə 92,0 %, əhali qrupu üzrə isə 98,1 % olmuşdur.

         10/6 kV-luq hava xəttinin 22,5 km məsafəsində əsaslı və cari təmir işləri aparılmışdır. 10 kV-luq Qəbələ şəhər, Vəndam, Nic, Bum, Zarağan, Mıxlıqovaq, Dizaxlı, Tüntül, Zalam, elektrik verilişi xətlərində 290 ədəd fiziki köhnəlmiş ağac dayaq  metal dayaqlarla əvəzlənmiş, 21 km  məsafədə  fiziki köhnəlmiş naqillər dəyişdirilmişdir. Qəbələ Paylayıcı Şəbəkə Sahəsinin xidməti ərazisində 53,5 km məsafədə 0,4 kV-luq fiziki köhnəlmiş və istismara yararsız naqillər yenilənmiş, 787 ədəd fiziki köhnəlmiş 0,4 kV-luq ağac dayaqlar yeni müasir tipli dəmir beton və dəmir dayaqlarla əvəz edilmiş, 270 ədəd transformator yarımstansiyasının qoruq zonası alaq otlarından və kollardan təmizlənmiş, 82 km məsafədə 0,4 kV-luq hava xəttinin ağac kütlələrindən təmizlənməsi işləri aparılmışdır. 10 kV-luq Mıxlıqovaq, Dizaxlı, Zarağan və Qəbələ şəhər hava xəttindən qidalanan 7 ədəd transformatorun, 0,4 kV-luq hava xətləri tamamilə özünü daşıyan izolyasiyalı naqillərlə işlənmişdir. Əhali sektorunda 656 ədəd yeni sayğac quraşdırılmış,  2.533 ədəd qüsurlu sayğac yenisi ilə əvəzlənmişdir.

         Təbii qaz istehlakçıları tərəfindən 42.869,1 min kub/metr təbii qaz istehlak edilmiş, 6.489,7  min manata qarşı 6.329,9 min manat vəsait toplanaraq   ümumi yığım məbləği 97,5 % olmuşdur. Həmin göstərici  əhali sektoru üzrə 93,8 %,  büdcə təşkilatları üzrə 107,2 %, sənaye, kommersiya və digər təşkilatlar üzrə 105,8 %, kommunal təşkilatlar üzrə isə 146,6 %  təşkil etmişdir.

         İl ərzində 1.554  yeni abonentə təbii qaz verilərək, əhali abonentlərin ümumi sayı 18.097-yə çatdırılmışdır. Qəbələ Xidmət Sahəsi tərəfindən müxtəlif diametrli  borularla 1.940 p/m yeni xətt çəkilmiş, 20 ədəd təzyiq tənzimləyicisi quraşdırılmışdır. Dövlət Proqramı üzrə Azəriqaz İB-nin sifarişi ilə 1.133, fərdi qaydada 421, ümumilikdə 1.554 əhali abonenet və 17 qeyri əhali abonenet qazla təmin olunmuşdur.

         Qəbələ Su-kanal İdarəsi tərəfindən Qaraçay və Duruca su mənbələrində yerləşən  anbarlar lil və qumdan təmizlənmiş, qurğularda cari təmir işləri görülmüşdür. Şəhərin Nizami Gəncəvi, Heydər Əliyev, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, İsmayıl bəy küçələrində və mərkəzi kanalizasiya xətlərində təmir-bərpa işləri aparılmışdır. Muxtar Abduyev küşəsində gücü 100 kub/metr olan su nasosu təmir olunaraq istifadəyə verilmiş, müxtəlif diametrli 52 metr kanalizasiya xətti təmir və bərpa edilmişdir. Zarağan qəsəbəsindəki məcburi köçkünlər şəhərciyində 1 ədəd su nasosu dəyişdirilmiş, şəhər ərazisində 406 ədəd su sayğacı quraşdırılmışdır. Hazırda şəhərin su və kanalizasiya təchizatının yenidən qurulması istiqanətində ikinci mərhələ üzrə işlərə başlanmış, müxtəlif diametrli borularla 8.000 pm su xətləri, 6.500 pm kanalizasiya xətləri çəkilmişdir. İl ərzində 548,1 min manat dəyərində  su və kanalizasiya xidməti göstərilmiş,  həmin  məbləğin  97,0 %-i  yığılmışdır.  Bu  göstərici  əhali  sektoru   üzrə 94 %, büdcə üzrə 100 %, kommersiya və digər təşkilatlar üzrə 99 % təşkil etmişdir.

         Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya   olan  tələbatının  ödənilməsinə  dair  əlavə tədbirlər   haqqında”  Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli Sərəncamına əsasən 2016-cı ildə Qəbələ rayonunda 3 ədəd (Qəbələ şəhəri, Vəndam qəsəbəsi, Zirik kəndi), 1 iyul 2016-cı il tarixli Sərəncamına əsasən isə əlavə 3 ədəd (Mıxlıqovaq, Zarağan, Məlikli kəndlərində) subartezian quyusu qazılmış, ötən ilin avqust ayında istismara verilmişdir.

         Bunlardan əlavə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci  il tarixli 2754 nömrəli Sərəncamına əsasən hesabat ilində Mıxlıqovaq kəndində daha 1 ədəd subartezian quyusu qazılmışdır.   

         Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələr Kombinatı il ərzində şəhər təsərrüfatına 469,3 min manat, ictimai yaşayış binalarına 53,6 min manat, idarə və müəssisələrə 89,2 min manat, kommersiya obyektlərinə və fərdi təsərrüfatlara 18,8 min manat olmaqla 630,9 min manat dəyərində təmizlik və digər kommunal xidmətləri göstərmişdir.

         Hesabat dövründə Mamaylı-Bayramkoxalı avtomobil yolunda 71,1 min manatlıq təmir işləri, rayon ərazisində 902,9 min manatlıq  cari təmir və yolların saxlanması işləri, 381,2 min manatlıq şəhərdaxili küçələrin asfaltlaşdırılması və sair işlər görülmüşdür. Eyni zamanda şəhərin Heydər Əliyev prospektində 2.400,0 min manatlıq asvaltlaşdırma və abadlıq işləri yerinə yetirilmişdir.

         Qəbələ Telekommunikasiya Qovşağı 1.282,0 min manat taarif gəliri proqnozuna qarşı 1.296,6 min manat gəlir əldə etmiş, proqnoz tapşırığa 101,1 % əməl etmişdir.  Ümumilikdə rayon üzrə 3582 nömrəlik 1 şəhər EATS-i, 8304 nömrəlik 23 kənd EATS-i, 96 nömrəlik 3 mini EATS-i fəalyyət göstərir ki, həmin EATS-rin ümumi  montaj tutumu 11.982 nömrə təşkil edir. 4 kənddə 14 nömrə peyk rabitəsi ilə təmin olunub. Hazırda rayon üzrə hər 100 təsərrüfata düşən telefon abonentlərinin sayı orta hesabla 50 ədəd təşkil edir. İl ərzində şəhər və kənd əhalisinə 577 ədəd telefon çəkilmiş, 2.704 ədəd internet qoşulması verilmişdir. Genişzolaqlı internet xidmətindən istifadə edən abunəçilərin sayı 5.422  nəfərdir. Şəhər  telefon şəbəkəsində 75 ədəd istismara yararsız rabitə dirəyi dəyişdirilmiş və yeni dəmir dirəklərlə əvəz edilmişdir. Rayonun “Almalıq” yaşayış massivində 100 nömrə üçün yeni şəbəkə tikilmiş, 75 nömrə çəkilərək abunəçilərin istifadəsinə verilmişdir. Heydər Əliyev prospektində və Nizami Gəncəvi küçəsində 150-yə yaxın zədəli xətt təmir olunmuşdur. Daşca kəndində 30 abunəçiyə, Nic qəsəbəsində 25 abunəçiyə, Vəndam qəsəbəsində 20 abunəçiyə və şəhərin Pastar məhəlləsində  30 abunəçiyə yeni telefon və internet çəkilərək istifadəyə verilmişdir.

         “Azərpoçt” MMC-nin Qəbələ filialı 275,5 min manata qarşı 318,7 min manatlıq poçt-rabitə xidməti göstərərək  proqnoz  tapşırığı 116 % yerinə yetirmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 43,2 min manat artım olmuşdur.

         Dövlər Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsində 2017-ci il ərzində gəlirlər üzrə proqnozda nəzərdə tutulmuş 5.178,4 min manata qarşı 5.024,0 min manat məcburi dövlət sosial sığorta haqları toplanaraq, proqnoz tapşırığa 97,0 % əməl olunmuşdur. Proqnozun icrası müvafiq olaraq büdcə təşkilatları üzrə 2.055,7 min manata qarşı 1.762,1 min manat və ya 85,7 %, qeyri-büdcə təşkilatları üzrə isə, 3.122,7 manata qarşı 3.261,9 min manat və ya 104,5 % olmuşdur. 2017-ci il ərzində 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 498,1 min manat və ya 18,0 % çox məcburi dövlət sığorta haqları toplanmışdır. Büdcə üzrə daxilolmaların azalmasına səbəb, rayon təhsil və mədəniyyət işçilərinin əməkhaqqından ödənilən məcburi dövlət sığorta haqları üzrə daxilolmaların dayanması olmuşdur.

         İl  ərzində  1.512  sığortaedən  qeydiyyata  alınmışdır  ki, bunlardan  63-ü hüquqi, 1.449-u fiziki şəxs olmuşdur. 01 yanvar 2018-ci il  vəziyyətinə şöbə üzrə 11.542 pensiya işi üzrə 11.807 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur.  Hesabat dövründə pensiyaçılara ümumilikdə 24.213,4 min manat pensiya, 326,2 min manat məcburi dövlət sığorta haqları hesabına müavinətlər ödənilmiş,  orta aylıq pensiya məbləği  2.019,1 min manat, bir pensiya işi üzrə isə orta aylıq pensiya məbləği 174 manat 93 qəpik təşkil etmişdir. Xərclənmiş vəsaitin 19.750,0 min manatı subsidiyalar, digər hissəsi isə, yerli daxilolmalar hesabına olmuşdur.

         Hazırda şöbədə əmək pensiyalarından əlavə 4.185 hərəkətdə olan sosial müavinət, 524 təqaüd işi vardır. Həmin müavinətlərin və təqaüdlərin ödənilməsi üçün tələb olunan vəsaitin orta aylıq məbləği 320,8 min manat təşkil edir.  

         Rayonun suvarma sistemləri idarəsi tərəfindən yaşayış məntəqələrinin sel sularından qorunması, kənd təsərrüfatının suvarma suyu ilə təmin olunması üçün suvarma kanalları 379 min kub/metr lildən,  daşqın və selə qarşı mübarizə məqsədilə 790 min kub/metr çay məcrası daş və qumdan təmizlənmiş, 240 kub/metr qabion bəndi vurulmuş, 1.015  kub/metr beton bəndi, 49 kub/metr şax bəndi cari təmir edilmiş, Qəbələ şəhərinin sel sularından mühafizəsi məqsədilə  Dəmiraparan çayının sağ sahilində sahilbərkitmə və Nohur gölundə suaparıcı kanalında təmir işləri başa çatdırılmışdır.

Hər il olduğu kimi ötən il də rayonda tikinti-quruculuq işləri davam etdirilmişdir. Qəbələ Rayon Məhkəməsinin, rayon kənd təsərrüfatı idarəsinin, Qəbələ Peşə Tədris Mərkəzinin, Qəbələ Xalça Fabrikinin binalarında tikinti işləri başa çatdırılmış və həmin obyektlər istifadəyə verilmişdir.

Şəhərin Heydər Əliyev prospektində, Həzi Aslanov, 28 May, Xalid Qasımov, Ümnisə Musabəyova, Araz Cavadov küçələrində abadlıq işləri görülmüş, Muxtar Abduyev küçəsində isə 5 ədəd beşmərtəbəli ictimai yaşayış binaları yeni dam örtükləri təmir örtülmüşdür.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan 2 ədəd yaşayış binaları əsaslı təmir edilmişdir.

Rayonun Aydınqışlaq kənd tam orta məktəbi və Tikanlı kənd uşaq bağçası əsaslı təmir olunmuş, Cığatelli kənd tam orta, Seyidqışlaq kənd ümumi orta məktəblərində modul tipli binalar tikilərək istismara verilmişdir.

“Qafqaz” Aqua Land Hoteldə, “Qafqaz” Diamond Akvaparkda, ”Cıdır” Atçılıq İdman Kompleksində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, rayon prokurorluğunun və Gömrük  Akademiyasının binalarında inşaat işləri davam etdirilmişdir.

Tikinti işlərinin 2018-ci ildə də yüksək templə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

            Bildiyiniz kimi Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı və “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində Prezident cənab İlham Əliyev Qəbələdə yeni mərkəzi xəstəxana kompleksinin və Qəbələ dəmir yolunun tikintisinə başlanılacağını, şəhərin su-kanalizasiya şəbəkəsində tikinti-quraşdırma işlərinin başa çatdırılacağını qeyd etmişdir.

            Bu ölkə başçısı tərəfindən rayonumuza çox böyük diqqət və qayğının parlaq təzahürü olmaqla yanaşı, həm də biz qəbələlilərin qarşısında dövlətçiliyimizə daha da sədaqətlə xidmət etmək istiqamətində mühüm vəzifələr qoyur.

            İcazə verin Sizin və bütün Qəbələ ictimaiyyətinin adından bu qayğıya və diqqətə görə cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildirim.

         2017-ci ili rayonumuzun təhsil işçiləri də yüksək nəticələrlə başa vurmuşlar.

         Ötən il 1352 nəfər ümumi orta  təhsil kursu üzrə, o cümlədən 31 ədəd  fərqlənmə, 1277 nəfər isə tam orta  təhsil kursu üzrə attestat almışdır. Onlardan 3 nəfər qızıl, 1 nəfər gümüş medala layiq görülmüş, 30 nəfərə isə  fərqlənmə attestatı verilmişdir.

         Soltannuxa kənd tam orta məktəbinin məzunu Elsun Rzayev, Zarağan kənd 1 nömrəli tam orta məktəbin məzunu Nilufər Cəbrayılbəyli, Şəhər 4 nömrəli tam orta məktəbin məzunu Nigar Müzəffərova qızıl medala, Məlikli kənd tam orta məktəbin məzunu Qönçə Bəxtiyarlı isə gümüş medala layiq görülmüşlər.

         Şagirdlərimiz respublika keçirilən müsabiqələrdə, yarışlarda, beynəlxalq  layihələrdə, fənn olimpiadalarında uğurla iştirak etmişlər.

         Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Mədinə Qasımova Beynəlxalq TEA-proqramında  iştirak  edərək 4-mərhələli proqramın qalibi olmuş və 1 ay 20 gün müddətinə ABŞ-ın Şimali Karolina Ştatının Apalaki Universitetində təlim kurslarında iştirak etmişdir.

         Ümummilli  lider  Heydər  Əliyevin  anadan  olmasının  94-cü  ildönümünə  həsr  olunmuş  “Ən  yaxşı təqdimat”  müsabiqəsində  şəhər  4  nömrəli  tam  orta  məktəbin X sinif  şagirdi  Dünya Quliyeva Təhsil  Nazirliyi  tərəfindən  tərifnamə  ilə təltif  olunmuşdur.

         Ötən dərs ilində şagirdlərdə  dini  tolerantlıq,  İslam  xalqları  arasında  sülh, həmrəylik,  əməkdaşlıq,  dostluq,  əminamanlıq  hisslərinin  aşılanması,  istedadlı  uşaqların  imkanlarının  daha  da  inkişaf  etdirilməsi  məqsədilə rayonumuzda IV İslam  Həmrəyliyi  oyunlarına  həsr  olunmuş  respublika  müsabiqəsinin  zona  mərhələsi  keçirilmişdir.  Müsabiqədə  11 rayonun  şagirdləri  3 yaş  kateqoriyası  üzrə  rəsm  müsabiqəsində  iştirak  etmişlər.  Qalib  məktəblilərə  diplomlar  təqdim  olunmuşdur.  Qəbələ  məktəblilərindən  5 nəfər isə xüsusi  diplomlara  layiq  görülmüşdür. 

         Ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksək olmasını təsdiq edən  amillərin əsasını məzunlarımızın ali və orta ixtisas məktəblərinə  qəbul olunması səviyyəsi müəyyən edir. Qürur hissi ilə demək olar ki, ali məktəblərə sənəd  verən 850 nəfərdən 527 nəfəri ali məktəblərə daxil olmuş, onlardan 57 nəfəri 600-dən, 123 nəfəri isə  500-dən çox bal toplamışlar. Tüntül kənd tam orta məktəbin məzunu İmran Nəzirli 695 bal, Mıxlıqovaq kənd tam orta məktəbin məzunu Aylin Şirinova 690 bal toplayaraq Prezident Təqaüdünə layiq görülmüşlər.

         Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 5 yaşlıların 65 faizi məktəbə hazırlıq qruplarına cəlb olunmuşdur.

         Rayonumuzda fəaliyyət göstərən 23  məktəbəqədər  təhsil  müəssisəsinin maddi texniki vəziyyətinin yaxşılaşdırılması məqsədilə 2017-ci ilin yerli büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq 10240 manatlıq yumşaq, 10242 manatlıq bərk inventar, 3963 manatlıq digər avadanlıqlar alınmışdır.

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikada keçirilən IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində cari ilin mart və noyabr aylarının hər birində 2 mərhələ olmaqla ölkənin digər rayonlarından olan məktəblilər Qəbələyə gəlmiş, həmçinin mart ayının 23-26-da və noyabr ayının 16-19-da rayonumuzun məktəbliləri də həmin aksiyada iştirak edərək, Gəncə-Şəmkir-Göygöl və Quba-Qusar-Xaçmaz rayonları ilə tanış olmuşlar.

         Qəbələ Rayon Mərkəzi Xəstəxanasına hesabat ili ərzində stasionar müracət edən xəstələrin sayı 2666 nəfər, aparılan cərrahi əməliyyatların sayı 213 olmuşdur.

         İl ərzində dərman və sarğı materiallarının alınmasına 461855.00 manat vəsait xərclənmiş, əhaliyə 333609.00 manatlıq pulsuz dərman verilmişdir.

         Zərifə Əliyeva adına Respublika Göz  Xəstəlikləri İnstitutunun əməkdaşları səyyar briqada şəklində Qəbələyə gəlmiş, 22-dən artıq xəstəni müayinə edərək onların 16 nəfərində cərrahi əməliyyat etmişlər.

         Məcburi tibbi müayinəyə cəlb edilməsi nəzərdə tutulan obliqat qruplar qrafik üzrə  6800 nəfər planlaşdırılmış, onlardan 2017-ci il ərzində 4125 nəfər müayinəyə cəlb edilmişdir. 0-18 yaşlı uşaqların icbari dispanserizasiyası il boyu aparılmış və onların sayı 26682 nəfər olmuşdur.

Bu müddət ərzində Qəbələ Müalicə Diaqnostika Mərkəzinin konsultativ poliklinika şöbəsinə xəstə gəlişlərinin sayı 22502, endoskopiya kabinetində müayinələrin sayı 1798,  EKQ müayinələrinin sayı 4189,  stomatoloji kabinetdə müalicə olunan xəstələrin sayı 582, stasionar şöbəyə daxil olan xəstələrin sayı  1228 nəfər, aparılmış cərrahiyyə əməliyyatlarının sayı 1128 olmuşdur. Hemodializ şöbəsində 60 xəstədə 7318 hemodializ seansı aparılmış, şüa diaqnostika şöbəsində USM müayinələrinin sayı 10506, kompyuter tomoqrafik müayinələrin sayı  1133, rentgen müayinələrin sayı 21988, fizioterapiya və tibbi bərpa şöbəsində prosedurların sayı 10365, kliniki laboratoriyada müayinələrin sayı 424349 olmuşdur.

         Ölkə Prezidentinin tapşırığı əsasında Respublikada 18 yaşından yuxarı olan əhalinin 15 fevral tarixindən 15 may tarixinədək dispanserizasiyası məqsədilə kütləvi tibbi müayinəsi keçirilmişdir.

         15 fevral tarixindən etibarən mərkəzi rayon xəstəxanasında  və müalicə diaqnostika mərkəzində həmçinin qəsəbə və kəndlərdə fəaliyyət göstərən həkim briqadaları tərəfindən 18 yaşından yuxarı 67181 nəfər müayinə edilmişdir. Əhalinin müayinəsində bütün ixtisas həkimləri və laborator-instrumental kabinetləri iştirak etmişdir. Müayinələrin nəticəsinə əsasən 1821 nəfərə ambulator müalicə təyin edilmiş, 388 nəfər stasionar müalicəyə, 235 nəfər Bakı şəhərindəki ixtisaslaşdırılmış klinikalara göndərilmiş, 93 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Rayonun bütün yaşayış məntəqələri üzrə  əhali müayinəyə cəlb edilmiş və bu iş uğurla başa çatmışdır.

         Qəbələ rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ilin əvvəlindən yoluxucu xəstəliklərin  qarşısının alınması, sanitar profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı sahələr və yoluxucu xəstəliklər üzrə kompleks tədbirlər həyata keçirilmişdir.

         Aparılmış profilaktik tədbirlərin nəticəsidir ki, son 10 il ərzində  rayonda uşaqlar arasında difteriya, göy ösgürək, tetanus, qızılça, parotit, məxmərək kimi idarə oluna bilən yoluxucu xəstəliklər qeydə alınmamışdır.

Rayon ərazisində yerləşən “Gilan” Qəbələ Konserv Zavodu , “Gilan”  Qəbələ Yeyinti  Məhsulları İstehsalı ASC, “Aqro-Azərinvest”  MMC-nin Şərab Məhsulları Müəssisəsi, “Qəbələ  Quşçuluq” ASC, Qaradeyin kəndində  “ASPİ AQRO” MMC-nin şərab zavodu, digər qida sənayesi müəssisələrində, həmçinin ərzaq məhsulları hazırlanan bir sıra sahələrdə istehsal olunan bütün çeşiddə məhsullar gigiyena qeydiyyatına alınaraq gigiyenik serifikatlaşmaya cəlb edilmişdir.

        

         Rayonun mədəni-maarif müəssisələri  tərəfindən  2017-ci il ərzində  tarixi hadisələr, yubileylər və əlamətdar günlər qeyd  olunmuş, bir cox maraqlı mədəni-kütləvi tədbirlər keçirilmişdir.

         “Gülüstan” və “Gülbuta” folklor qrupları,  “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamılı Qəbələdə və Bakıda keçirilən bayram tədbirlərində fəal iştirak etmişlər.

         Mədəniyyət mərkəzində fəaliyyət göstərən xalq teatrı II Respublika Xalq Teatrları Festivalının final mərhələsinə çıxmış və  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrnın səhnəsində İsi Məlikzadənin "Gəl qohum olaq" tamaşasını göstərmişdir.

         Keçən il Xaçmaz şəhərində təşkil olunmuş II Beynəlxalq Dolma Festivalında uğurla iştirak edən Qəbələ kulinarları qaliblər sırasına çıxmış, festivalın diplomu və medalları ilə təltif edilmişlər.

         Qəbələ Dövlət Rəsm Qalareyasında yay mövsümündə xarici və yerli turistlərə mədəni xidmətlərin göstərilməsi məqsədilə yerli sənətkarların əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.

         29 iyul - 3 avqust tarixlərində Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən  Qəbələ IX  Beynəlxalq Musiqi Festivalında dünyanın tanınmış musiqi kollektivləri və musiqiçiləri iştirak etmişlər.

Eləcə də ötən ilin avqustunda Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə V Qəbələ Beynəlxalq Mürəbbə Festivalı keçirilmişdir. Festivalda  dünyanın  22 ölkəsindən, həmçinin respublikanın 44 şəhər və rayonundan  olan şirniyyatçılar iştirak etmişlər. Münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılmış, qaliblərə kubok, medal və qiymətli hədiyyələr təqdim olunmuşdur.

İl ərzində SEBA (Seul-Bakı) Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin  birgə təşkilatçılığı ilə bir neçə tədbir keçirilmişdir. “Ariranq”- “Azərbaycanın qəlbini coşdur” adlı mədəniyyət festivalı,  “Qəbələ arxeologiyası” mövzusunda beynəlxalq elmi seminar və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı  ilə vətənpətvərlik mövzusunda təşkil olunmuş “Poeziya günü” kimi tədbirləri buna misal göstərmək olar.

2017-ci ildə Qəbələyə gələn xarici ölkələrin dövlət rəsmilərinin də sayı əhəmiyyətli dərəcədə artmış, beynəlxalq və regionlararası əlaqələrin qurulması istiqamətində mühüm addımlar atılmışdır. Hesabat dövründə Kolumbiya Respublikası xarici işlər nazirinin, Moldova xarici işlər naziri müavininin, İranın Qərbi Azərbaycan vilayəti valisinin, Avstriyanın və İsrailin Azərbaycandakı səfirlərinin, Monteneqronun Ali Məhkəməsi sədrinin, Koreyanın Qyonqçu şəhəri merinin, İsrailin Yokneam şəhəri merinin, Belarusun Qrodno şəhəri merinin, Polşanın Qnezno şəhəri merinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətləri, Rusiya Federasiyası Ədliyyə Nazirliyinin əməkdaşları, MDB-yə üzv dövlətlərin gömrük xidməti orqanlarının rəhbərləri şurasının hüquq-mühafizə bölmələri başçıları, ABŞ-ın Harvard Universitetinin bir qrup müəllim və tələbələri və III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin iştirakçıları rayonumuza səfər etmişlər.

         Səfər çərçivəsində qonaqlar rayonun tarix-mədəniyyət abidələri, sənaye müəssisələri, turizm, idman və sağlamlıq kompleksləri, Qəbələ Regional “ASAN xidmət” Mərkəzində yaradılmış şərait və iş prinsipi ilə yaxından tanış olmuşlar.

         Müvafiq qaydada Qəbələ Rayon İcra Hakimiyyəti başçısnın rəhbərlik etdiyi nümayəndə heyətləri Belarus Respublikasının Qrodno şəhərinə, Rusiya Federasiyasının Stavropol diyarına dəvət olunmuş, orada keçirilən ölkələrarası və regionlararası forumlarda iştirak etmişlər. Forumlarda şəhər və vilayət rəhbərləri ilə müzakirələr aparılaraq, dostluq və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair sənədlər imzalanmışdır.

 Eləcə də rayon icra hakimiyyəti başçısının birinci müavininin rəhbərliyilə rayonumuzun 13 yaşlı futbolçularının da daxil olduğu nümayəndə heyəti Koreya Respublikasının Qyonqçu şəhərinə səfər etmişlər.

Regionlararası əlaqələrin qurulması, mədəniyyət və turizm işinin genişləndirilməsi və daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr bundan sonra da davam etdiriləcəkdir.

         Hazırda Qəbələdə 19  turizm istirahət  obyekti fəaliyyət göstərir. Onların arasında 7 otel beşulduzludur. Bu otellərdə  bir gündə 2500-dən yuxarı turisti qəbul etmək imkanı vardır. Hesabat ilində Qəbələyə  250 minə yaxın turist gəlmişdir.

Cənab Prezidentin Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransındakı nitqində qeyd olunduğu kimi Bakıdan sonra Azərbaycanın ikinci turizm mərkəzi olan Qəbələdə turizm infrastrukturunun genişləndirilməsi, inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsi istiqamətində çox böyük  işlər görülür, iri layihələr həyata keçirilir.

Turizmin inkişafı sahəsində görülən işlər, yaradılan müasir infrastrukturun, göstərilən xidmətlərin nəticəsində regiona turist  axını ildən-ilə artır.

Əvvəlki illərlə müqayisədə hesabat dövründə də rayonumuza turist gəlişinin sayında böyük artım müşahidə olunmuş, Qəbələ turistlərin maraq göstərdiyi cazibədar bir mərkəzə çevrilmişdir.

          Qəbələ Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2017-ci il ərzində 69 tədbir həyata keçirilmişdir. Bunlardan 37 tədbir gənclərlə iş sahəsini, 32 tədbir isə kütləvi bədən tərbiyyəsi və idman sahəsini əhatə edir.

         Beynəlxalq və respublika səviyyəli yarışlardan ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş "Tour d'Azerbaidjan-2017" Beynəlxalq Velosiped Turnirini, “Şahin” hərbi idman oyununun zona mərhələsini, güllə atıcılığı üzrə kişilər və qadınlar arasında təşkil olunan zona yarışını, yeniyetmələr arasında cüdo və taekvondo idman növləri üzrə Qəbələ Açıq Turnirini, güllə atıcılığı üzrə 45 ölkədən 700-dək idmançının iştirak etdiyi Dünya Kuboku yarışlarını, "Gənc xilasedici" V Beynəlxalq yarışı və "Gənc xilasedici və yanğınsöndürən" VI Ümumrespublika birinciliyinin final mərhələsini, 300 nəfərin iştirakı ilə “Wonderland 2017-Azərbaycan” Beynəlxalq Skaut Düşərgəsini, 132 ölkədən seçilmiş 320 nəfər nümayəndənin iştirakı ilə XIII Dünya Skaut Gənclər Forumunu və s. göstərmək olar.

         Qəbələ Olimpiya İdman Kompleksi hesabat ilində idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması istiqamətində öz işini təşkil etmişdir.

         2017-ci il ərzində kompleksin xidmətlərindən 3006 nəfər gün istifadə olunmuşdur. Bir günlük xidmətlərdən istifadə edənlərin orta sayı 1174 nəfər təşkil etmişdir. Kompleksin xidmətlərindən 538 nəfər ödənişli əsasla, 636 nəfər ödənişsiz əsasla yararlanmışdır.

         Ödənişsiz əsasla istifadə edənlər Olimpiya İdman növləri üzrə təşkil olunmuş seksiyalarda məşğul olan idmançılardır.
Qəbələ Olimpiya İdman Kompleksində 2 Olimpiya İdman növü -sərbəst güləş, boks üzrə ödənişsiz seksiyalar fəaliyyət göstərir və bu seksiyalarda 53 nəfər məktəb yaşlı uşaq idmanla məşğul olur.

Azərbaycan iqtisadiyyatı ildən-ilə güclənir. Yeni-yeni müəssisələr, zavod və fabriklər yaranır, turizm sahəsi  genişlənir, kənd təssərrüfatı, tikinti sektoru sürətlə inkişaf edir. Bütün bunlar ixtisaslı fəhlə kadrların yetişdirilməsinə də diqqəti artırmağı tələb edir.

        Ölkədə ali və orta ixtisas təhsili  ilə yanaşı,  peşə təhsilinin də inkişafı  zərurəti  yaranır. Bu sahədə  Prezident cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı peşə təhsilinin inkişafına  güclü stimul vermişdir. Bununla yanaşı, Azərbaycan Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”  və  həmin strategiya ilə bağlı ölkə başçısının imzaladığı digər sərəncam ilə təsdiq olunmuş Fəaliyyət Planında  ilk peşə-ixtisas təhsili sahəsində cəmiyyətin tələblərinə uyğun standartların və kurikulumların hazırlanması, müasir peşə tədris mərkəzlərinin və komplekslərinin yaradılması nəzərdə  tutulmuş və konkret inkişaf istiqamətləri müəyyənləşdirilmişdir.

Ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanına uyğun olaraq peşə təhsili və təliminin inkişafı ölkənin 11 əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq olunmuşdur. Sənəddə peşə təhsili və təlimi sektoru üzrə qısa, orta və uzunmüddətli strateji baxış müəyyən olunmuşdur. Bu məqsədlə Qəbələdə gənclərə ilk peşə təhsili verən 2 məktəb fəaliyyət göstərir.

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində hazırda 179 nəfər şagird təhsil alır.

2017-ci ildə mərkəzi 141 nəfər bitirmişdir.

Buraxılış qrupu şagirdləri üçün istehsalat təcrübəsinin təşkili və keçirilməsi məqsədi ilə sifarişçi təşkilatlarla “Qafqaz” Resort Otelinə, “Qafqaz” Riverside Otelinə, “Qafqaz” Sport Oteinə, “Qafqaz”  Tufandağ  Otelinə, Qəbələ Statistika İdarəsinə, Azərpoçt MMC-nin Qəbələ Filialına, “Fərid” kiçik müəssisəsinə, Yengicə İstirahət Mərkəzinə və digər təşkilatlara istehsalat təcrübəsinə göndərilmişlər.

Bildiyiniz kimi rayonda yeni dövlət peşə təhsil mərkəzi tikilərək istifadəyə verilmişdir. Bu məqsədlə pilot layihə olaraq, 3 yeni ixtisas-aqroservis mütəxəssisi, bitkiçilik mütəxəssisi və heyvandarlıq mütəxəssisi ixtisasları üzrə ümumi orta təhsil bazasından təhsil müddəti 2 il olan qruplara şagird qəbulu aparılmışdır. Yeni ixtisaslar üzrə tədrisin müasir kurikulumlar əsasında aparılması qarşıya məqsəd qoyulmuşdur. BMT-nin İnkişaf Proqramı (UNDP), “Brtish Council” və Alman Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə il ərzində məktəbin müəllim və istehsalat təlimi ustaları üçün təlimlər keçirilmişdir. Həmin ixtisaslar üzrə şagirdlər yeni dərsliklərlə təmin olunmuşlar. UNDP-nin dəstəyi ilə keçən tədris ilində şagird və müəllimlər praktik bacarıq və vərdişlərinin inkişaf etdirilməsi üçün bir neçə səfər təşkil edilmişdir. Tədris Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri tərəfindən aparılmışdır.

         Keçən tədris ilində məktəbi bitirən 153 məzunun əksəriyyəti rayonun müəssisə və təşkilatlarında, özəl sektorda və fərdi olaraq çalışırlar.

         “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili almaq istəyənlərin qeydiyyatı 2016-2017-ci tədris ilindən etibarən “ASAN xidmət” mərkəzlərində aparılır. Bu tədris ilindən Qəbələ Peşə Məktəbində büdcə hesabına təhsil almaq istəyənlərin qeydiyyatı da “ASAN xidmət” vasitəsi ilə həyata keçirilmişdir.

         2017-2018-ci tədris ili üçün məktəbə büdcə hesabına 7 peşə üzrə 156 nəfər, ödənişli əsaslarla isə 4 peşə üzrə 68 nəfər şagird qəbul edilmişdir.

         Son  zamanlar  təhsil  sahəsində  baş  vermiş  yeniliklər  bir  daha  göstərir ki, peşə  təhsili  sisteminə  diqqət  getdikcə  artmaqdadır və  əmək  bazarı, iqtisadiyyatın  və  müasir  qloballaşma  prosesinin  tələbləri  bu  sahəni  inkişaf  etdirməyə  zərurət  yaradır. Hazırda  peşə-ixtisas  təhsili  və  təlimi  ciddi  islahat  mərhələsindədir.

         Hesabat ilində Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi də əhatə dairəsində olan 12 rayonun koordinasiya mərkəzləri ilə əməkdaşlıq edərək vətəndaş cəmiyyətinin inkişafına xidmət edən layihələr həyata keçirmişdir.

         2017-ci il ərzində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 103 nəfərə müxtəlif növ xidmətlər göstərilmiş, 28 nəfərə 228 aktiv terapiya məşğələsi, 14 nəfərə 27 psixoloji konsultasiya, 11 nəfərə 73 inkişafetdirici məşğələ, 10 nəfərə 68 loqopedik məşğələ,15 nəfərə 105 dil məşğələsi, 2 nəfərə 28 kompüter məşğələsi xidməti göstərilmişdir. Ümumilikdə müxtəlif xidmət, tədbir, təlim və dərnəklərdə 1131 nəfər iştirak etmişdir.

         İl ərzində 112  ailəyə səfərlər edilmiş, 8 ailənin problemi həll olunmuş,  26 maarifləndirici tədbir və 2 təlim keçirilmişdir. Bu tədbirlərdə 1036  nəfər iştirak etmişdir.

         Hesabat dövrü ərzində rayonun hüquq-mühafizə orqanları tərəfindən ictimai asayişin qorunması təmin olunmuş, cinayətkarlığa qarşı mübarizə tədbirləri gücləndirilmişdir. Keçən il Qəbələ Rayon Polis Şöbəsində 119 cinayət hadisəsi qeydə alınmışıdr. Həyata keçirilən tədbirlər nəticəsində cinayət hadisələrinin açılma faizi 97,8 olmuşdur. Bu müddət ərzində cinayətkar qrupda birləşən 36 nəfər şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, axtarışda olan 31 nəfərin təqsirləndirilən şəxslərdən 25-nin tutulması təmin edilmişdir.

         Eyni zamanda narkotik vasitələrin qanunsuz  döriyyəsi ilə bağlı axtarışlar və radikal dini cərəyanların üzvlərinin ətrafında müvafiq tədbilər həyata keçirilmişdir.

         Rayonun ictimai-siyasi həyatının mühüm sahəsi olan tolerantlığın, multikultural dəyərlərin qorunması və dini ayinlərin icrası nəzarətdə saxlanılır. Mövcud 46 məsciddə bu gün dövlət qeydiyyatından keçmiş 22 islam, udi-xiristian pravoslav kilsəsində 1 xiristian dini icması fəaliyyət göstərir. İcmalar “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq dini ayinlərin icrasını tənzimləyir.

         Rayonumuzda müxtəlif millət və xalqların nümayəndələri, eyni zamanda yaşayan etnik qruplar öz adət-ənənələrinin, milli mədəniyyətlərinin, dillərinin qorunması, inkişaf etdirilməsi istiqamətində fəal mövqe nümayiş etdirir, biri-digərinə bərabər hüquqlu vətəndaş kimi qarşılıqlı hörmət münasibəti bəsləyir. Həyata keçirilən abadlıq-quruculuq işləri milli azlıqların yaşadığı qəsəbə və kəndləri də əhatə edir, onların bu işlərdən bəhrələnməsini təmin edir.

         Cənab  Prezident İlham Əliyev öz çıxışlarında ölkə iqtisadiyyatının əsas inkişaf prioritetinin qeyri-neft sektorunun və ixrac yönümlü məhsulların istehsalı olduğunu qeyd etmişdir. Bildiyiniz kimi qeyri-neft sektoru sahələri arasında kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı əsas yerlərdən birini tutur.

         Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Şübhəsiz ki, əldə olunan uğurların əsasında düşünülmüş siyasət, cəsarətli və fədakar fəaliyyət dayanır. Bu sahədə   kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi vəsaiti hesabına  yardımların verilməsini nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında”  Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Cənab prezidentin həmin sərəncamı kənd təsərrüfatı məhsulları istehsalçılarına böyük stimul vermişdir. Bunun nəticəsidir ki, rayonumuzun  kənd  təsərrüfatı sahəsində əhəmiyyətli dəyişikliklər  hiss edilir.  

         Həmin  Sərəncamın rayonda  icrası ilə əlaqədar cari ildə 5969 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 15442 hektar əkin sahəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 1.186.490 manat yardım  hesablanmışdır. Həmin vəsait plastik kartlar vasitəsi ilə məhsul istehsalşılarına çatdırılmışdır. Bundan əlavə  güzəştli qaydalarla 358  nəfərə 3230 ton mineral gübrə, 450 nəfərə isə 1320 litr  pestisid verilmişdir.

         Taxılçılıq rayonumuzun iqtisadiyyatında mühüm rol oynayır. 2018-cı ilin məhsulu üçün 2017-ci ilin payızında rayonda  20100 hektar sahədə payızlıq taxıl əkilmişdir. Əkinin 14600  hektarını buğda, 5500  hektarını isə arpa sahələri təşkil edir.  2017-ci ildə 67917 ton taxıl istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq 32,1 sentner təşkil etmişdir. 

         Kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən keçən ildə 12260 ton kartof, 7601 ton tərəvəz, 3065 ton qarğıdalı, 116 ton bostan məhsulları istehsal olunmuşdur.

         Hazırda rayonda 6854 hektar meyvə bağları, 509 hektar üzüm plantasiyaları mövcuddur. Həmin bağlardan 13527 ton meyvə, 2065 ton üzüm yığılmışdır. İqtisadi səmərəliliyi nəzərə alınaraq meyvə və üzüm bağlarının daha da genişlənməsi nəzərdə tutulmuşdur.

         Qeyd etmək lazımdır  ki, son illər rayonumuzda kənd təsərrüfatı bitkilərinin əkinində müəyyən  dəyişiklik aparılıb. Belə ki, heyvandarlığın inkişafını nəzərə alaraq yemə olan  tələbatının ödənməsi üçün taxıl sahələri 1500 hektara qədər azaldılmış və həmin sahələrdə yem bitkiləri əkilmişdir. Bundan əlavə ilk dəfə olaraq  digər ərzaq bitkilərinin əkinləri aparılmışdır. Belə ki, bu il 16,5 hektar sahədə qarabaşaq, 20 hektar sahədə şəkər cuğunduru və 1 hektar sahədə çəltik əkilmişdir. Həmin sahələrdən 27,2 ton qarabaşaq və 2,5 ton çəltik və 195 ton şəkər çuğunduru istehsal olunmuşdur. Fermerlərimiz mütərəqqi metodlar tətbiq etməklə əkin sahələrində məhsuldarlığın çoxaldılmasına diqqəti artırmışlar.

         Cənab İlham Əliyevin qeyd etdiyi kimi indi kənd təsərrüfatının hər bir sahəsi bizim üçün vacibdir. İxrac yönümlü kənd təsərrüfatı məhsulları istehsalının artırılması diqqət mərkəzində saxlanmalıdır.

         Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 2442 saylı Sərəncamına əsasən fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi fermerlərimiz üşün stimul yaratmış və bu sahədə rayonumuzda müəyyən işlər görülmüşdür.

         Belə ki, fındıqçılığın inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq rayonumuzda 2016-cı  ilin payızından etibarən əlavə 2000 hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulmuşdur. Bu günə qədər 1217 hektar yeni fındıq bağları salınmışdır.

         Keçən il uzun fasilədən sonra rayonumuzda barama və tütün  istehsalına başlanılmışdır. 55 nəfər kümçü tərəfindən 2017-ci ildə 2758 kq barama istehsal olunmuşdur.  Barama istehsalının artırılması məqsədi ilə 2016-cı ilin payızından etibarən Çin Xalq Respublikasından və İran İslam Respublikasından 160 min ədəd tut tingləri gətirilərək əkilmişdir ki, bu da gələcəkdə bizə barama istehsalının artırılmasına şərait yaradacaqdır. Barama istehsalının artması ilə əlaqədar rayonda barama qəbulu və qurutmaxanası məntəqəsinin yaradılması gündəmə gəlmişdir.

         Eləcə də ötən il 70 ha sahədə tütün əkilərək istehsalçılar tərəfindən, 97 ton quru tütün təhvil verilmişdir.  Növbəti illərdə tütün istehsalının artırılmasını nəzərə alaraq rayonda tütün qəbulu və qurutmaxanası məntəqəsinin yaradılması qarşıya məqsəd qoyulmuşdur.

         Məlum olduğu kimi yüksək məhsuldarlığın əldə olunmasında kondisiyalı toxum mühüm rol oynayır.  2017-ci ildə hüquqi və fiziki şəxslər tərəfindən rayon toxum müfəttişliyinin laboratoriyasına gətirilmiş müxtəlif kənd təsərrüfatı bitkilərinin toxumları  yoxlanılmış və onlara müvafiq  rəylər  verilmişdir. Rayonda fəaliyyət göstərən 4 özəl toxumçuluq təsərrüfatlarının  yetişdirdiyi toxumluq əkin sahələrində abrobasiya aparılaraq orta məhsuldarlıq müəyyən edilmişdir. Biçilmiş toxumluq sahələrin məhsuldarlığı 35-40 sentner olmaqla, 2300 tondan artıq toxum istehsal olunmuş, əlavə olaraq digər bölgələrdən 50 tondan artıq yüksək reproduksiyalı elit toxum gətirilmişdir.

         Kənd təsərrüfatı idarəsi tərəfindən torpaq sahibləri arasında, pay torpaqlarının könüllülük prinsipi əsasında birləşdirilərək iri təsərrüfatların yaradılması istiqamətində təbliğat işləri aparılır. Belə təsərrüfatların yaradılması  iqtisadi cəhətdən səmərəli olmaqla təsərrüfatda  bütün  aqrotexniki qaydalara riayət olunması üçün şərait yaranır.

         Rayondakı tingçilik təsərrüfatında 9 hektar yeni fındıq bağı salınmışdır. Təsərrüfatda 3250 ədəd tut tingi yetişdirilmiş, 9 ton fındıq, 400 kq alça, 28,5 ton taxıl istehsal edilmişdir.

         “Aqro-meşə massivlərinin yaradılması”  barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış Dövlət Proqramının icrası ilə əlaqədar olaraq nazirliyin yerli müəssisəsi tərəfindən 2017-ci il ərzində 0,7 hektar sahədə badam, 119,7 hektar sahədə fındıq, 4,9 hektar sahədə alma, 41 hektar sahədə şabalıd, 37,8 hektar sahədə qoz tinglərindən ibarət 204 hektar meyvə bağı salınmışdır. Ümumilikdə 33920 ədəd ting əkilmiş, 6109 kq  toxum tədarük edilmişdir.

         Rayonda kənd təsərrüfatı işlərinin aparılması üçün 2 böyük və 2 kiçik həcmli aqroservis müəssisəsi fəaliyyət göstərir. Bundan əlavə 410 fiziki şəxsdə müxtəlif kənd təsərrüfatı texnikaları vardır. Bütövlükdə rayonda 72 ədəd taxılyığan kombayn, 29 ədəd tırtıllı və 420 ədəd təkərli traktor, 29 ədəd buldozer, 38 ədəd ekskovator və s. kənd təsərrüfatı texnikası mövcuddur. Kənd təsərrüfatı texnikası parkı daim təzələnir.

         Hesabat ilində rayonda iri buynuzlu mal-qaranın sayı  46326 başa, o cümlədən inək və camışların sayı 23183 başa, qoyun-keçilərin sayı 190737 başa, donuzların sayı 1115 başa, quşların sayı 390252 başa çatdırılmışdır.  Ət istehsalı (diri çəkidə) 6264 ton, süd istehsalı 40313 ton yumurta istehsalı 10411 min ədəd, yun istehsalı 412 ton təşkil etmişdir.

         Rayonumuzda  fəaliyyət göstərən 2 müasir heyvandarlıq kompleksi və 4 ədəd kiçik həcimli heyvandarlıq təsərrüfatı  rayon əhalisinin heyvandarlıq məhsullarına olan tələbatının ödənməsində mühüm rol oynayır. Rayon ərazisində müasir  sanitariya- gigiyena tələblərinə cavab verən mərkəzləşdirilmiş ət kəsimi məntəqəsi yaradılması istiqamətində təkliflər hazırlanır. 

         Ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən tədbirlər çərçivəsində heyvandarlıq məhsulları istehsalının artırılmasında, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında və damazlıq keyfiyyətlərinin yüksəldilməsində mühüm rol oynayan süni mayalama tədbirlərinin təşkili genişləndirilir.

         Bu məqsədlə rayonda 8 nəfər süni mayalama mütəxəssisi fəaliyyət göstərir.  Keçən il ərzində süni mayalama mütəxəssisləri tərəfindən 7840 baş inək və düyələrdə süni mayalama  aparılmış və süni mayalandırılmış heyvanlardan 3229  baş yüksək  genetik potensiala malik buzovlar  alınmışdır. 2016-cı ilin oktyabr  ayından etibarən süni mayalama yolu ilə alınmış hər bir baş buzova dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilir. 2017-ci ildə 2206 baş süni mayalanmadan alınmış buzovlara görə heyvan sahiblərinə 220600 manat subsidiya hesablanmış və bu vəsaitin 191500 manatının heyvan sahiblərinə çatdırılması təmin edilmişdir.

         Heyvanların yoluxucu xəstəliklərə tutulmaması üçün vaxtaşırı lazımi müayinə və profilaktika işləri aparılır. Hazırda rayonda epizootik durum demək olar ki, sabitdir.             

         Rayon Qızılbalıqyetişdirmə Zavodu 2017-ci il ərzində  Kür çayına 30700 ədəd qızılbalıq buraxılmasını təmin etmişdir. İl ərzində ana balıqlardan 150000 ədəd kürü götürülmüşdür. Hazırda zavodda 90000 ədəd körpə balıq yetişdirilir.

         Respublikamızın paytaxtı Bakı şəhərində 2006-cı ildən təşkil edilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında rayonumuzun kənd təsərrüfatı məhsulları istehsalçıları da fəal iştirak edirlər. 2017-ci  ildə həmin  yarmarkalarda 41,2 ton tumlu, 27,4  ton qərzəkli  meyvələr və 6,5 ton müxtəlif tərəvəz məhsulları  satılmışdır. Məhsul istehsalçılarının satış yarmarkalarında iştirakı davam  etdirilir.

         Ölkə prezidenti cənab İlham Əliyevin aqrar sahəyə daim qayğı göstərməsi və  bu sahədə rayonda  görülən işlər bizə  deməyə imkan verir ki, rayonumuzun aqrar sahəsi  bundan sonra da sürətlə inkişaf  edəcəkdir.

         2017-cı ilin ötən dövürü ərzində vətəndaşların müraciətlərinə baxılması işi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, rayon icra hakimiyyətində müasir informasiya texnologiyalarından geniş istifadə olunmaqla vətəndaşların bütün müraciətlərinə baxılması təmin edilmişdir.  Cari ildə rayon icra hakimiyyətinə ümumilikdə 802 ərizə daxil olmuşdur. O cümlədən 363 ərizə Azərbaycan Respublikası Prezidenti Administrasiyasından, 18 ərizə  Milli Məclisdən, 17 ərizə  Nazirlər Kabinetindən, 54 ərizə digər mərkəzi icra hakimiyyəti orqanlarından, 350 ərizə isə vətəndaşlardan birbaşa daxil olmuşdur. Ərizələrin məzmunu əsasən vətəndaşların mənzillə təmin olunması,  fərdi yaşayış evinin təmir edilməsi, onların müalicəyə göndərilməsi, ünvanlı dövlət sosial yardımının və birdəfəlik maddi yardımın verilməsi, işə düzəlmə və s. barədə olmuşdur.

Daxil olan ərizələr ətraflı öyrənilərək hər birinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavab verilmişdir.

2017-ci ilin ötən dövründə vətəndaşların qəbulunun həyata keçirilməsi istiqamətində də müvafiq işlər görülmüş, il ərzində 722 nəfər vətəndaş rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişdir. Qəbula gələn vətəndaşların müraciəti ilə bağlı lazımi tədbirlər görülmüş, onların haqlı tələbləri qanunamüvafiq qaydada  həll edilmişdir.

Eləcə də ötən dövr ərzində rayon icra hakimiyyəti başçısının 46 səyyar görüş-qəbulu keçirilmişdir. Qəbullarda 4437 nəfər iştirak etmişdir. Onlardan 343 nəfər çıxış edərək müxtəlif təkliflər irəli sürmüşlər.

         Təkliflərin və müraciətlərin 322-si həll edilmiş, 14-si ilə bağlı müvafiq izahatlar verilmiş, 17 məsələnin həlli isə respublikanın digər aidiyyəti təşkilatları tərəfindən icra edilməli olduğuna görə həmin təkliflərlə əlaqədar onlara müraciətlər ünvanlanmışdır. Bunlar əsasən yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, elektrik dirəklərinin dəyişdirilməsi, yolların asfaltlaşdırılması, yeni məktəb binalarının, səhiyyə, mədəni-maarif obyektlərinin, körpülərin tikintisi, subartezian quyularının qazılması və dağ çaylarında sahilbərkitmə işlərinin aparılması ilə bağlı olmuşdur.

          

Keçidlər