Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

2019-cu ilin hesabatı

  Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının 2019–cu ildə Qəbələ rayonunun sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda  duran vəzifələrə dair hesabatı

2019-cu il ölkəmizdə olduğu kimi, Qəbələ rayonunun da ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı əlamətdar hadisələrlə zəngin olmuşdur. Bunlardan ən yadda qalanı isə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin ötən ilin oktyabr ayının 28-də rayonumuza səfəridir. Səfər zamanı dövlət başçısı çox mühim sosial və iqtisadi xarakterli obyektlərin açılışında iştirak etmiş, inşası davam edən tikintilərdə işlərin gedişi ilə maraqlanmışdır. Cənab Prezident görülən işlər barədə fikirlərini bildirərək müvafiq tapşırıqlar vermiş, qarşımıza yeni vəzifələr qoymuşdur.

 Hesabat ili ərzində  rayonumuzda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 320.205,2 min manatlıq ümumi məhsul  istehsal  edilmiş və xidmətlər göstərilmiş, ötən ilin müvafiq dövrünə nisbətən rayon üzrə ümumilikdə 10.951,6 min manat, yaxud 3,5 % artım olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatında  3.335,1 min manat, yaxud 3,4 %, tikintidə  15.956,2 min manat, yaxud 25,4 %, ticarətdə 1.356,7 min manat, yaxud 2,1 %, informasiya və rabitədə 67,3 min manat, yaxud 5,7 % artım olmuşdur.

             Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 1.248,6 manat təşkil etmişdir.    

             İl ərzində sənaye müəssisələrində çalışan  1.733 nəfər işçinin orta aylıq nominal əmək haqqı 502,3 manat olmuşdur.

            Əsas kapitala yönəlmiş investisiyanın həcmi 80.708,0 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 78.821,8 min manat təşkil etmişdir.           

            2003-cü ilin oktyabr ayından 1 yanvar 2020-ci ilədək 16893-ü daimi olmaqla, 21.400 yeni iş yeri açılmışdır. İl ərzində açılmış yeni iş yerlərinin sayı 3.206 olmuşdur ki, həmin iş yerlərinin 2.685-i daimidir.  

            İl ərzində Qəbələ Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdan keçmiş 1.936 nəfərdən 708 nəfəri münasib işlə təmin edilmişdir.

            İşsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilmiş, hesabat dövrü ərzundə mərkəzdə qeydiyyatda olan vətəndaşlardan 336 nəfəri “Dost iş” MMC-də ictimai işlərə cəlb edilmişdir. 

            Özünüməşğulluq proqramının növbəti mərhələsində iştirak etmək üçün müraciət etmiş şəxslərdən sosial müdafiəyə xüsusi ehtiyacı olanların 64 nəfəri əlil olmaqla, 188 nəfər “Öz biznesinə  başla və təkmilləşdir” təlimlərinə cəlb edilmişdir. Proqrama cəlb olunmuş vətəndaşlardan 186 nəfəri təlimləri uğurla bitirmiş, 183 nəfər biznes planların qiymətləndirilməsindən uğurla keçmişdir. Qiymətləndirmə mərhələsini keçmiş vətəndaşların 140 nəfəri aktivlərlə təmin edilmişdir.

            “Ərazi Məşğulluq Proqramı”na uyğun olaraq işə götürənlərlə işsiz və işaxtaran vətəndaşların qarşılıqlı ünsiyyətinin təşkil edilməsi məqsədilə 21 may 2019-cu il tarixdə aktiv məşğulluq tədbiri olan “Əmək Yarmarkası” keçirilmişdir. Yarmarkada 214 boş iş yeri təqdim edilərək 37 müəssisə və təşkilat, 345 nəfər işaxtaran vətəndaş iştirak etmişdir. Yarmarkada iştirak edənlərdən 71 nəfərə münasib işlərə göndəriş verilmişdir ki, onlardan 61 nəfəri işlə təmin olunmuşdur.

             İl ərzində 15 nəfər işsiz vətəndaş 3 aylıq kompüter istifadəçisi peşə kursuna cəlb olunmuşdur. Eyni zamanda 15 nəfər mehmanxanada 3 aylıq təsərrüfat işləri üzrə nəzarətçi peşə hazırlığı kursuna cəlb edilmişdir.

            Rayonun yerli gəlirləri 2019-cu ilin  yekunlarına görə 14.946,0  min manat proqnoza qarşı 24.799,0 min manat (165,9 %) və ya 9.853,0 min manat çox, o cümlədən: “Avtomobil Yolları” Məqsədli Büdcə fonduna aid olan məbləği 37,0 min manat proqnoza qarşı 18,9 min manat (51,1 %) və ya 18,1 min manat az yerinə yetirilmişdir. Yerli gəlirlərə aid olan məbləğ 7.922,0 min manat proqnoza qarşı 13.121,9 min manat (165,6 %) və ya 5.199,9 min manat çox, yerli xərcləri 7.922,0 min manat proqnoza qarşı 7.698,3 min manat (97,2 %) və ya 223,7 min manat az icra olunmuşdur. Gəlirlərin mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsi 6.987,0 min manat proqnoza qarşı 11.658,2 min manat (166,9 %) və ya 4.671,2 min manat çox icra olunmuşdur.

Yerli gəlirlər üzrə proqnozlaşdırılmış 10 növ gəlirdən 1 növ vergi üzrə proqnoz tapşırıq kəsrlə yerinə yetirilərək qeyd olunan gəlirlər üzrə büdcəyə 446,9 min manat az vəsait daxil olmuşdur. Digər 9 növ gəlirlər üzrə 5.646,8 min manat çox vəsait daxil olaraq rayonun gəlirləri ümumilikdə 5.199,9 min manat çox yerinə yetirilmişdir.

            Yerli gəlirlər üzrə ümumilikdə daxil olmuş 24.799,0 min manat vəsaitdən 13.121,9 min manatı rayonun yerli gəlirlərinə, 18,9 min manatı qanunamüvafiq qaydada “Avtomobil yolları” Məqsədli Büdcə Fonduna, 11.658,2 min manatı isə mərkəzləşdirilmiş gəlirlərə aid edilmişdir.

            Rayonun yerli xərcləri 7.922,0 min manat proqnoza qarşı 7.698,3 (97,2%) və ya 223,7 min manat az icra olunmuşdur. Ümumilikdə xərclərin təyinatdan az icra olunmasının səbəbi  əmək haqqı və ona üstəlik xərc maddələrində qənaətin yaranması (yerli icra hakimiyyəti orqanları və səhiyyə bölməsi üzrə bəzi ştat vahidlərinin vakant olması ilə bağlı) və bəzi xərclər üzrə faktiki icranın olmadığı (elektrik enerjisi, qaz, su və s.) üçün vasaitin ödənilməməsi  olmuşdur.

            Yerli büdcənin hesabında və təşkilatların ayrı-ayrı xərc maddələri üzrə limit qalığında 1 yanvar 2020-ci il tarixə 5.423,6  min manat vəsait qalığı yaranmışdır.

            Ötən müddət ərzində əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.

            İl ərzində bütün növ istehlakçı qruplar tərəfindən 125.383,1 min kvt/saat elektrik enerjisi istehlak edilmiş, 10.762,8  min manata qarşı 9.366,5 min manat vəsait toplanaraq yığım planı 87,0 % yerinə yetirilmişdir. Həmin göstərici büdcə təşkilatları üzrə 82,4 %, dövlət müəssisələri üzrə 60,9 %, ticarət xidməti üzrə 95,6 %, özəl sənaye üzrə 93,3%, əhali qrupu üzrə isə 81,7 % olmuşdur.

             10 kV-luq hava xəttinin 18,8 km məsafəsində əsaslı və cari təmir işləri aparılmışdır. 10 kV-luq hava xəttinin Mıxlıqovaq, Vəndam, Qaradeyin, Zarağan, Bum və 4-cü şəhər elektrik verilişi hava xətlərində 120 ədəd fiziki köhnəlmiş ağac dayaq dəmir beton və metal dayaqlarla əvəz edilmiş, 17.300 metr məsafədə istismara yararsız, fiziki köhnəlmiş naqillər AS-50, AS-35 markalı naqillərlə əvəz edilmişdir.

              Qəbələ Paylayıcı Şəbəkə Sahəsinin xidməti ərazisində 37,2 km məsafədə 0,4 kV-luq fiziki köhnəlmiş 0,4 kV-luq özünü daşıyan izolyasiyalı naqillərlə əvəz edilmiş, 458 ədəd ağac dayaq  dəmir beton və metal dayaqlarla əvəz edilmiş, 157 km məsafədə 0,4 kV-luq hava xəttinin trassasında ağac kütlələrdən təmizlmə işləri aparılmışdır.

            Əhali və qeyri əhali sektorunda 378 ədəd yeni, 84 ədəd 3 fazalı sayğac quraşdırılmış, 3454 ədəd qüsurlu sayğac yenisi ilə əvəzlənmişdir.

             Təbii qaz istehlakçıları tərəfindən 47.425,2 min kubmetr təbii qaz istehlak edilmiş, 6.711,6 min manata qarşı 6.642,3 min manat vəsait toplanaraq ümumi yığım məbləği 99,0 % olmuşdur. Həmin göstərici əhali sektoru üzrə 102,0 %,  büdcə təşkilatları üzrə 98,5 %, sənaye, kommersiya və digər təşkilatlar üzrə 92,4% təşkil etmişdir. Əhali abonentlərin ümumi sayı 19.911-ə çatdırılmışdır.

            İl ərzində müxtəlif diametrli polad borularla 7.936 metr yeni qaz xətti çəkilmiş, 5 ədəd təzyiq tənzimləyicisi, 8 ədəd siyirtmə quraşdırılmışdır.

            “Təmiz Qaz” MMC və xidmət sahəsi tərəfindən işləməyən 1.298 sayğac əvəzlənərək dövlət yoxlamasına göndərilmişdir. Dövlət proqramı üzrə “Azəriqaz”  İB-nin sifarişi ilə ümumilikdə 1.517 əhali abonent və 12 qeyri əhali abonent qazla təmin olunmuşdur.  

            Bu layihənin icrası Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi”, həmçinin dövlət investisiya proqramı çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qəbələ şəhərində 30 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Qəbələ şəhərində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Dəmiraparan çayının yatağında 8 subartezian quyusu qazılıb. Su mənbəyindən Qəbələ şəhərinə 10,5 kilometr magistral su xətti çəkilərək yeni şəbəkəyə birləşdirilib. Layihə çərçivəsində şəhərdə ümumi tutumu 10.400 kubmetr olan 6 su anbarı, xlorator qurğusu və laboratoriya binası inşa edilib. Görülən işlər nəticəsində şəhərdə 132 kilometr içməli su şəbəkəsi yaradılıb, 7 mindən çox abonent yeni şəbəkəyə qoşulub və sayğaclaşma işləri aparılıb. Hazırda şəhər əhalisi yeni yaradılmış infrastruktur hesabına fasiləsiz rejimdə içməli su ilə təmin olunur. Şəhərdə 123 kilometrlik kanalizasiya şəbəkəsi və 8,2 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4.400 kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşıb.

            Rayon mənzil istismar və kommunal müəssisələr kombinatı il ərzində şəhər təsərrüfatına 256,3 min manat, ictimai yaşayış binalarına 67,8 min manat, idarə və müəssisələrə 106,6 min manat, kommersiya obyektlərinə 11,0 min manat və fərdi təsərrüfatlara 5,2 min manat cəmi 446,9 min manat dəyərində təmizlik və digər kommunal xidmətləri göstərmişdir.

            10 №-li Yol İstismarı MMC  tərəfindən rayon ərazisində il ərzində 1.614,4 min manatlıq  cari təmir və yolların saxlanması işləri görülmüşdür.

            Qəbələ Telekommunikasiya Qovşağı 1.446,6 min manat tarif gəliri proqnozuna qarşı 1.469,8 min manat gəlir əldə etmiş, proqnoz tapşırığa 100,6 % əməl etmişdir.  Ümumilikdə rayon üzrə 1 şəhər EATS-i (3.902 nömrə), 23 kənd EATS-i (8.384 nömrə), 2 mini EATS-i (64 nömrə) fəaliyyət göstərir ki, həmin EATS-rin ümumi  montaj tutumu 12.350 nömrə təşkil edir. 1 kənd (2 nömrə) peyk rabitəsi ilə təmin olunub. Hazırda rayon üzrə hər 100 təsərrüfata düşən telefon abonentlərinin sayı orta hesabla 50 ədəd təşkil edir. İl ərzində şəhər və kənd əhalisinə 507 ədəd telefon çəkilmiş, 1.155 ədəd internet qoşulması verilmişdir. Genişzolaqlı internet xidmətindən istifadə edən abunəçilərin sayı 7.474  nəfər təşkil edir.

 “Azərpoçt” MMC-nin Qəbələ Filialı 361,9 min manata qarşı 342,8 min manatlıq poçt-rabitə xidməti göstərərək  proqnoz  tapşırığı 19,1 min manat kəsrlə 94,7 % yerinə yetirmişdir.

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində  1 yanvar 2020-ci il  vəziyyətinə 11.992 pensiya işi üzrə 11.051 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur.  Hesabat dövründə pensiyaçılara ümumilikdə 26.939,9 min manat pensiya, 392,7 min manat məcburi dövlət sığorta haqları hesabına müavinətlər ödənilmiş, orta aylıq pensiya məbləği  2.414,1 min manat, bir pensiya işi üzrə isə orta aylıq pensiya məbləği 219 manat 62 qəpik təşkil etmişdir.

Hazırda şöbədə əmək pensiyalarından əlavə 4.724 ədəd hərəkətdə olan sosial müavinət, 2.270 ədəd təqaüd işi vardır. Həmin müavinətlərin və təqaüdlərin ödənilməsi üçün tələb olunan vəsaitin orta aylıq məbləği 772,9 min manat təşkil edir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişiklərə uyğun olaraq 1 mart 2019-cu il tarixdən 3.147 nəfər əmək pensiyaçısının pensiyasının məbləği 160 manata çatdırılmışdır. Bu da ümumilikdə pensiyaların ödənilməsi üçün 71,3 min manat tələbat yaratmışdır. 1 oktyabr 2019-cu il tarixdən isə, 7.714 nəfər əmək pensiyaçısının pensiyasının məbləği 200 manata çatdırılmışdır ki, bu da ümumilikdə pensiyaların ödənilməsi üçün 228,8 min manat əlavə vəsaitə tələbat yaratmışdır. İl ərzində 130 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olunmuşdur.

            Suvarma sistemləri idarəsi tərəfindən rayonun yaşayış məntəqələrinin sel sularından qorunması, kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün suvarma kanalları 777 min kubmetr lildən, daşqın və selə qarşı mübarizə məqsədilə 1.126 min kubmetr çay məcrası daş və qumdan təmizlənmişdir. Hesabat ilində 286 kubmetr qabion bəndi qurulmuş, 1.479 kubmetr daş beton, 50 kubmetr şax bəndi cari təmir edilmişdir.

            Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli su tələbatının ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamına əsasən rayonun Yeni Dizaxlı, Kürd, Həmzəli, Zirik, Bılıx kəndlərində və Nic qəsəbəsində subartezian quyularında başlanmış qazma işləri yekunlaşmışdır. Hazırda həmin artezianların elektrik şəbəkəsinə qoşulması üçün sənədləşmə işləri aparılır.

            2019-cu ildə Vəndam qəsəbəsində gülçülük istixanası kompleksi, Qəbələ şəhərində “Azərxalça” ASC-nin Qəbələ Filialı, “Azərişıq” ASC-nin 110/35/10 kilovoltluq elektrik yarımstansiyası,  “Azərsu” ASC-nin Qəbələ şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması obyekti, Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx və Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yollarının yenidən qurulması obyektlərində tikinti-quraşdırma işləri başa çatdırılaraq istismara verilmişdir. Eləcə də rayonun Vəndam qəsəbəsində 2 nömrəli tam orta məktəb binası, Şəfili kəndində 20 yerlik, Qaradeyin kəndində 80 yerlik modul tipli məktəb binaları tikilərək istismara verilmiş, Tikanlı kənd ümumi orta məktəbin binası əsaslı təmir edilmiş, Mıxlıqovaq, Zarağan və Həmzəli kənd tam orta məktəblərinin dam örtüklərinin bir hissəsi dəyişdirilmişdir.

          Eyni zamanda 2019-cu il ərzində 43 kilometrlik Ləki-Qəbələ dəmiryolunda və rayon mərkəzi xəstəxana kompleksində tikinti işləri davam etdirilmişdir.

            Ötən il  ərzində şəhərin 31 küçəsinə 197.774 kv.m asfalt örtük vurulmuşdur. Bundan 7 küçədə 14.650 kv.m asfalt örtük işi Qəbələ Bələdiyyəsinin vəsaiti hesabına aparılmışdır.

            Bununla yanaşı müalicə diaqnostika mərkəzinin qarşısındakı 1,3 hektarlıq istirahət parkı əsaslı təmir olunaraq vətəndaşların istifadəsinə verilmişdir. Şəhərin Heydər Əliyev prospektində yerləşən 27, 29, 31 və 25a saylı beşmərtəbəli yaşayış binalarının yanğın təhlükəsi törədə biləcək üzlüyü sökülərək götürülmüş və həmin binaların fasadları təmir edilmişdir.     

          Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində millli  təhsilimizin  inkişafı üçün həm hüquqi, həm də  maddi baza yaradılmış, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yenidən qurulması, infrastrukturun müasir tələblər səviyyəsində  yeniləşməsi istiqamətində işlər davam etdirilmişdir.

Rayonumuzun təhsil işçiləri 2018-2019-cu dərs ilini yüksək nəticələrlə başa vurmuş, ümumitəhsil məktəbləri üzrə müvəffəqiyyət faizi 99,9%, keyfiyyət göstəricisi 66,3% olmuşdur.

Tam orta təhsil haqqında attestat alan məzunların sayı 1137, medala layiq görülmüş məzunların sayı 5, fərqlənmə attestatı alanların sayı isə 37 nəfər olmuşdur.

Görülən işlərin nəticəsidir ki, 3 fevral 2019-ci il tarixdə 363 nəfər IX-XI sinif şagirdi olimpiadaların rayon mərhələsində iştirak etmiş, yüksək nəticə göstərən 135 nəfər şagird olimpiadanın zona mərhələsində iştirak etmək hüququ qazanmışdır. 31 mart 2019-ci il tarixdə keçirilmiş zona mərhələsində rayondan doqquz nəfər şagird respublika turunda  iştirak etmək hüququ əldə etmişdir.

IX siniflərdə keçirilmiş buraxılış imtahanlarının nəticələrinə görə  Qəbələ şəhər 4 nömrəli, Zarağan kənd 1 və 2 nömrəli, Bunud, Tüntül kənd, Vəndam qəsəbə 1 nömrəli tam orta, Seyidqışlaq və Dizaxlı kənd ümumi orta məktəblərinin göstəriciləri daha yüksək olmuşdur.

            Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı  təqdimat” müsabiqəsinin rayon mərhələsində  şəhər 4 nömrəli tam orta  məktəbin X sinif şagirdi  Mirzəliyeva Səbinə Samir qızı qalib gəlmiş və respublika  mərhələsində  iştirak edərək III yeri qazanmışdır.

Şagirdlərin hərbi vətənpərvərlik ruhunda  tərbiyə olunmasında  məktəblərdə  keçirilən  hərbi idman oyunlarının çox böyük  əhəmiyyəti vardır. Belə ki, Qəbələ şəhərində “Şahin” hərbi idman oyununun,  Tikanlı sərhəd zastavasında  isə “Sərhəd” idman oyununun rayon birincilikləri keçirilmişdir. Qəbələ şəhər 1 nömrəli tam orta məktəbin komandası “Şahin” hərbi idman oyununun rayon birinciliyinin,  Vəndam qəsəbə 2 nömrəli tam orta məktəbin  şagirdləri isə “Sərhəd” idman oyunlarının rayon birinciliyinin qalibləri olmuşlar. Hər iki məktəb zona  birinciliyinə vəsiqə əldə edərək rayonumuzu təmsil etmişdir.

2018-2019-cu dərs ilində rayonun ümumtəhsil məktəblərini bitirmiş 1137 nəfər məzundan 802 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 485 nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 112 nəfəri 500-dən, 35 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Məzunları yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan məktəblər sırasında  şəhər 1,2,3,4,5 nömrəli, Hacıalılı, Həmzəli, Mıxlıqovaq, Nohurqışlaq, Tüntül, Yemişanlı, Dizaxlı, Bunud, Mirzəbəyli, Qəmərvan, Kötüklü və s. kənd tam orta məktəbləri xüsusi olaraq fərqlənmişlər.

Rayonumuzda 23 məktəbəqədər  təhsil  müəssisəsi fəaliyyət göstərir. Hesabat dövrü ərzində həmin müəssisələrin maddi texniki vəziyyətin yaxşılaşdırılması məqsədilə 2019-cu ilin yerli büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq 11155 manatlıq yumşaq inventar, 20070 manatlıq bərk inventar, 6000 manatlıq isə digər avadanlıqlar alınaraq bütün uşaq bağçalarına verilmişdir. Nic qəsəbə 2 saylı uşaq bağçası əsaslı təmir edilmiş, digər uşaq bağçalarında  isə cari təmir işləri aparılmışdır.

            Qəbələ rayonunda fəaliyyət göstərən  mədəni-maarif müəssisələrində 2019-cu il ərzində tarixi hadisələr, yubileylər və əlamətdar günlər qeyd olunmuş, bir çox maraqlı mədəni-kütləvi bədii proqramlar  hazırlanmışdır.

            Həmçinin rayonumuza gələn xarici ölkələrin dövlət rəsmilərinin və turistlərin sayı əhəmiyyətli dərəcədə artmış, beynəlxalq əlaqələrin qurulması istiqamətində mühüm addımlar atılmışdır.

            Belə ki, iyulun 31-dən avqustun 5-dək  Heydər Əliyev Fondunun təşkilatçılığı, və “Gilan Holdinq”in dəstəyi ilə ənənəvi Qəbələ XI Beynəlxalq Musiqi Festivalı  keçirilmişdir. Festivalda dünyanın tanınmış musiqi qrupları və musiqiçiləri iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına əsasən Qəbələ şəhərində 6500 ədəd müxtəlif cinsdən ibarət ağac tingləri əkilmişdir.

Cənab Prezidentin tapşırığına əsasən keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində 2019-cu ilin mart və noyabr aylarında respublika məktəblərinin IX-XI sinif şagirdləri rayonumuza səfər etmişlər. Səfər çərçivəsində məktəblilər Qəbələnin tarixi və görməli yerləri ilə yaxından tanış edilmişlər. Həmçinin həmin dövrdə rayonumuzun məktəbliləri tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa-Lənkəran-Masallı-Astara rayonları ilə tanış olmuşlar.  

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qəbələ Rayon İcra Hakimiyyəti və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə Nic qəsəbəsindəki Udi Ocağında keçirilən “Qafqaz Albaniyası: tarix və müasirlik kontekstində” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun rəsmiləri, İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın, eləcə də Fransa, Rusiya, Gürcüstan və Litvadan dəvət olunan albanşünas mütəxəssislər, tarixçi alimlər, ziyalılar iştirak etmişlər.

Bununla yanaşı hesabat dövrü ərzində Küveytin, Hindistanın, Meksikanın Azərbaycandakı səfirləri,  Almaniyanın, Belarusun, Vyetnamın və Pakistanın nümayəndə heyətləri tanışlıq məqsədilə Qəbələ rayonuna səfər etmişlər. Səfər çərçivəsində qonaqlar rayonun tarixi-mədəni məkanları, sənaye müəssisələri, turizm, idman və sağlamlıq kompleksləri ilə yaxından tanış olmuşlar.

Eləcə də, UNESKO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilmiş 43-cü sessiyasının iştirakçıları Qəbələ Arxeoloji Mərkəzinə gəlmişlər.

Həmçinin rayon icra hakimiyyətini başçısı olaraq mən ötən il Moskva şəhərində keçirilən “10-cu Rusiya - Azərbaycan Regionlararası Forum”da, rayon icra hakimiyyəti başçısının müavini isə Fransanın Paris şəhərində keçirilən “Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclas”ında iştirak etmişik.

Bundan başqa iyunun 12-də Qəbələ şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilmişdir.

 Hesabat dövrü ərzində Azərbaycanda 5-ci Beynəlxalq Yoqa Gününün qeyd olunması layihəsi çərçivəsində Hindistan Respublikasının Bakıdakı Səfirliyinin təşəbbüsü və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərimizdə Yoqa Günü, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) 80 illik yubileyi və X qurultayı keçirilmişdir.

Geniş turizm infrastrukturuna malik olan Qəbələdə ötən il təqribən 2500 yerlik 16  turizm istirahət  obyekti fəaliyyət göstərmişdir. Onların arasında 7 otel beşulduzludur. Hesabat dövründə müəssisələrdə 186 mindən artıq yerli və əcnəbi turistlərə xidmət göstərilmiş və təqribən bir o qədər də turist fərdi yaşayış evlərində qalmışdır.

Onu da qeyd etmək istəyirəm ki, İslam Əməkdaşlıq Təşkilatının turizm nazirlərinin Banqladeşin Dəkkə şəhərində keçirilmiş 10-cu konfransında Qəbələ şəhəri 2020-ci il üçün İslam Turizm Paytaxtı seçilmişdir. Bununla əlaqədar rayonumuzda bu il müxtəlif səpgili tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Rayon mərkəzi xəstəxanasında 2019-cu il ərzində stasionar  xəstələrin sayı 2450 nəfər, cərrahi əməliyyatların sayı 206 olmuşdur.

Ötən müddət ərzində ambulator müraciət edən xəstələrin sayı 132818 nəfər təşkil etmişdir.

Məcburi tibbi müayinəyə cəlb edilməsi nəzərdə tutulan obliqat qruplardan il ərzində 5120 nəfər müayinəyə cəlb edilmişdir. Onların 2276 nəfəri təhsil, 527 nəfəri səhiyyə işçiləri, 2317 nəfəri isə digər sahələrdə çalışanlardır.

Hesabat dövrü ərzində müalicə diaqnostika mərkəzinin konsultativ poliklinika şöbəsinə xəstə gəlişlərinin sayı 30334, EKQ müayinələrinin sayı 5215, stomatoloji kabinetdə müalicə olunan xəstələrin sayı 1003 nəfər, stasionar şöbəyə daxil olan xəstələrin sayı 1051 nəfər, aparılmış cərrahiyyə əməliyyatlarının sayı 954, şüa diaqnostika şöbəsində USM müayinələrinin sayı 16943, kompüter tomoqrafik müayinələrin sayı 1704, rentgen müayinələrin sayı 23531, fizioterapiya və tibbi bərpa şöbəsində prosedurların sayı 8740 olmuşdur. Kliniki laboratoriyada 12259 xəstədə 509149 müayinə aparılmışdır.

Ölkə başçısının tapşırığı əsasında respublikada 18 yaşından yuxarı olan əhalinin fevralın 12-dən mayın 12-dək dispanserizasiyası keçirilmiş və tərtib edilmiş qrafikə əsasən 65354 nəfər müayinələrə cəlb olunmuşdur. Müayinələrin nəticəsinə əsasən 3049 nəfərə ambulator, 325 nəfərə stasionar müalicə təyin olunmuş, 165 nəfər Bakı şəhərindəki ixtisaslaşdırılmış klinikalara göndərilmişdir.

Rayon gigiyena və epidemiologiya mərkəzi tərəfindən ilin əvvəlindən yoluxucu xəstəliklərin qarşısının alınması, sanitar profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı sahələr və yoluxucu xəstəliklər üzrə kompleks tədbirlər həyata keçirilmişdir.

Aparılmış profilaktik tədbirlərin nəticəsidir ki, son 10 il ərzində  rayonda uşaqlar arasında difteriya, göy ösgürək, tetanus, qızılça, parotit, məxmərək kimi idarə oluna bilən yoluxucu xəstəliklər qeydə alınmamışdır.

Şəhərin mərkəzləşdirilmiş su kəməri sisteminə daxil olan içməli su mənbələrindən, su anbarlarından, stasionar nöqtələrdən 16 su nümunəsi götürülərək Respublika GEM-nin, 32 su nümunəsi isə Şəki rayon GEM-nin laboratoriyalarına sanitar kimyəvi və bakteroloji müayinə üçün göndərilmişdir.

Tərtib olunmuş qrafikə əsasən may ayından başlayaraq rayon su kanal idarəsi üzrə mövcud su anbarlarının yuyulub dezinfeksiya olunması işi başa çatdıqdan sonra anbarlardan su nümunəsi götürülərək sanitar kimyəvi və bakterioloji müayinə üçün Respublika GEM-nin müvafiq laboratoriyalarına göndərilmişdir.

Rayon gənclər və idman idarəsi tərəfindən 2019-cu il ərzində 64 tədbir həyata keçirilmişdir. Bunlardan 30 tədbir gənclərlə iş, 34 tədbir isə kütləvi bədən tərbiyyəsi və idman sahəsini əhatə edir.

Həyata keçirilən tədbirlərin mahiyyət baxımından əhəmiyyəti dövlət siyasətinin düzgün təbliğinin təşkili, vətənpərvərlik tərbiyəsi işinin inkişaf etdirliməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması, bədən tərbiyəsi və idman sahəsində isə yeniyetmə və gənc idmançıların aşkar olunması, idmanın kütləviliyinin təmin edilməsi, dərəcəli idmançıların hazırlanmasından ibarət olmuşdur.

İl ərzində Qəbələ Stend Atıcılığı Kompleksində Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan güllə atıcılığı üzrə zona yarışı, “Tayboks” üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi, "Gənc xilasedici" VII Beynəlxalq yarışı və "Gənc xilasedici və yanğınsöndürən" VIII Ümumrespublika birinciliyi, Qaydasız Döyüş Növləri üzrə Beynəlxalq Turnir və s. keçirilmişdir.

Ötən il "Qəbələ" futbol klubu ilk dəfə Azərbaycan kubokunun sahibi olmuş və bu münasibətlə şəhər stadionunda böyük təqdimat mərasimi təşkil olunmuşdur.

“Qəbələ Olimpiya İdman Kompleksi” MMC-də 2019-cu il ərzində idmanın inkişaf etdirilməsi, olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması və s. ilə bağlı tədbirlər keçirilmişdir.

Hesabat dövrü ərzində kompleksin xidmətlərindən istifadə edənlərin orta sayı 927 nəfər olmuşdur. Bir günlük xidmətlərdən istifadə edənlərin orta sayından 352 nəfəri ödənişli əsasla, 575 nəfəri ödənişsiz əsasla kompleksin xidmətlərindən istifadə etmişlər.

Kompleksdə Olimpiya idman növü olan sərbəst güləş üzrə ödənişsiz seksiya fəaliyyət göstərir ki, bu seksiyada 25 nəfər məktəb yaşlı uşaq idmanla məşğul olur.

 2018-2019-cu tədris ilində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini bitirən məzunların sayı 185 nəfər, II kursa keçən tələbələrin sayı isə 110 nəfər olmuşdur.

Məktəbə dövlət büdcəsi hesabına 171 nəfər, ödənişli əsaslarla 88 nəfər tələbə qəbulu aparılmışdır. Tədris ilində 16 ixtisas üzrə 21 qrupda 369 nəfər tələbə olmuşdur. Avropa İttifaqının pilot layihəsi olaraq mərkəzdə 4 ixtisas üzrə kadr hazırlanmasına başlanılmışdır.

Modul tipli təhsil proqramları ilə təhsil alan təbələlər modullar üzrə rayonun iri aqrar təsərrüfatlarında iş və istehsalat təcrübəsinə göndərilmişlər.

Ötən dərs ilindən etibarən təhsil mərkəzi lisey statusu ilə fəaliyyət göstərməyə başlamışdır. Hazırda 3 illik təhsil proqramları üzrə qəbul olunan tələbələr məktəbi bitirərkən peşə-ixtisası ilə yanaşı, həm də tam orta təhsil haqqında attestat ala biləcəklər. Bu da məzunların ali məktəblərə qəbul üçün imtahanlarda iştirakına imkan yaradır.

  Bu tədris ilində işəgötürənlərlə iş sahəsində mərkəzin fəaliyyəti daha da gücləndirilmişdir. Belə ki, rayonda fəaliyyət göstərən özəl sahə üzrə işəgötürənlərlə əməkdaşlıq barədə memorandum imzalanmış və tələbələrin istehsalat təliminin və təcrübəsinin təşkili üçün onlarla müqavilələr bağlanmışdır. Artıq “Gilan Aqriculture” paketinə daxil olan cəmiyyətlərin əksəriyyətində məktəbin məzunları çalışırlar.

 Alman Beynəlxalq Əməkdaşlıq Təşkilatı mərkəzdə kənd təsərrüfatı və turizm sahəsində dual peşə təhsilinin və təliminin tətbiqi sahəsində işlər aparır.

Turizm və otelçilik üzrə peşə tədris mərkəzini bu il 208 nəfər bitirmişdir. Onların 20 nəfəri ümumi orta təhsil bazasından, 188 nəfəri isə tam orta təhsil bazasındandır. Təhsil müddəti iki il olan qrup aşpaz, təhsil müddəti bir il olan qruplar isə mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi, kompüter operatoru, aşpaz, ofisiant, barmen, bufetçi, oteldə konsiyerj, tədbir və mərasimlərin təşkili işi üzrə təşkilatçı, turizm agenti, qənnadçı, şirniyyatçı   peşələrinə yiyələnmişlər.

Buraxılış qrup şagirdlərinin istehsalat təcrübəsinin təşkili və keçirilməsi məqsədi ilə sifarişçi təşkilatlarla müqavilələr bağlanaraq tələbələrin hamısı istehsalat təcrübəsinə göndərilmişlər.

Son  zamanlar  təhsil  sahəsində  baş  vermiş  yeniliklər  bir  daha  göstərir ki, peşə  təhsili  sisteminə diqqət  getdikcə  artmaqdadır və  əmək  bazarı, iqtisadiyyatın  və  müasir  qloballaşma  prosesinin  tələbləri  bu  sahəni  inkişaf  etdirməyə  zərurət  yaradır. Hazırda  peşə-ixtisas  təhsili  və  təlimi  ciddi  islahat  mərhələsindədir. Belə ki, 2019-2020-ci tədris ili üçün şagird qəbulu “ASAN Xidmət” tərəfindən “ASAN Peşə” layihəsi vasitəsilə aparılmışdır.

Azərbaycan iqtisadiyyatı ildən-ilə güclənir. Yeni-yeni müəssisələr, zavod və fabriklər yaranır, turizm sahəsi  genişlənir, kənd təssərrüfatı, tikinti sektoru sürətlə inkişaf edir. Bütün bunlar ixtisaslı fəhlə kadrların yetişdirilməsinə diqqəti artırmağı tələb edir.

Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin fəaliyyət imkanlarından Milli QHT-lər faydalanmışlar. Mərkəz əhatə dairəsində olan 12 rayonda fəaliyyət göstərən koordinasiya mərkəzləri ilə mütəmadi əlaqələr yaratmış və rayon koordinatorları ümumi işə səfərbər edilmişdir. 2019-cu il ərzində Mərkəzin əhatə etdiyi 12 rayondan hər bir koordinator R-QRTM-in həyata keçirdiyi layihələrə cəlb olunmuşdur. Mərkəzlə il ərzində 20 milli QHT əməkdaşlıq edərək vətəndaş cəmiyyətinin inkişafına xidmət edən layihələr həyata keçirmişlər.

Kiçik və Orta Biznesin Dostları şəbəkəsinə Qəbələ və ətraf rayonlar  üzrə 38 vətəndaş və 118 sahibkar müraciəti olmaqla ümumilikdə 156 müraciət daxil olmuşdur. Bu müraciətlərdən  83-i maliyyə resurslarına çıxış xarakterli, 63 müraciət hüquqi yardımla əlaqədar, 10 müraciət isə ümumi maarifləndirmə istiqamətində olmuşdur. Bütün müraciətlərə baxılmış və bunlardan 64-ü müsbət həllini tapmış, digər müraciətlər isə aidiyyəti üzrə istiqamətləndirilmişdir. 

            2019-cu ildə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində aktiv terapiya məşğələsi,  psixoloji konsultasiya, inkişafetdirici məşğələ, loqopedik məşğələ, dil məşğələsi, rəqs məşğələsi və s. xidmətlər göstərilmişdir. Ümumilikdə müxtəlif  xidmət, tədbir və dərnəklərdən 1520 nəfər bəhrələnmişdir.

            Ötən il 80 ailəyə səfər edilmiş, 47 maarifləndirici tədbir keçirilmişdir.

Yanvar ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısının qeyd etdiyi kimi 2019-cu ildə ölkədə kənd təsərrüfatında artım təxminən 7 faiz olmuşdur. Bitkiçilikdə bu artım 10 faizdən çox olmuşdur. Bu da görülmüş işlərin nəticəsidir. Aqrar sektorda bütün sahələrdə artımların əldə olunmasında kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi vəsaiti hesabına subsidiyaların verilməsini nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamı xüsusi əhəmiyyət kəsb edir.

            Rayonda həmin  sərəncamın  icrası ilə əlaqədar olaraq 2019-cu  ildə 5589 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 20287 hektar əkin sahəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 1613459 manat məbləğində subsidiya plastik kart vasitəsi ilə çatdırılmışdır.

             2018-ci ildən etibarən arıçılıqla məşğul olan fiziki və hüquqi  şəxslərə  saxladıqları  hər arı  ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsinə başlanmışdır. 2019-cu ildə 512 nəfər arıçıya saxladıqları 9492 ədəd arı pətəyinə görə 94920 manat məbləğində subsidiya verilmişdir.

            Qeyd etmək lazımdır ki, taxılçılıq rayon iqtisadiyyatının əsasını  təşkil edir.  2020-ci ilin məhsulu üçün 2019-cu ilin payızında 20190 hektar sahədə payızlıq dənli bitkilər əkilmişdir ki, onun da 15790  hektarını buğda, 4400 hektarını isə arpa sahələri təşkil etmişdir. Bu sahəyə göstərilən qayğının nəticəsidir ki, ötən il ümumi məhsuldarlıq 32,4 sentner olmuşdur.

             Torpaq sahibləri tərəfindən 2019-cu ildə 158 hektar qarğıdalı, 513 hektar vələmir, 289 hektar noxud, 520 hektar kartof, 408 hektar  tərəvəz, 2 hektar bostan, bitkiləri və 75 hektar tütün  əkilmişdir. Həmin sahələrdən 987 ton qarğıdalı, 930,1 ton vələmir, 290,5 ton noxud, 5748,7 ton kartof, 3838 ton tərəvəz, 28,7 ton bostan məhsulları və 57 ton tütün  yığılmışdır. Son illər rayonun kənd təsərrüfatı bitkilərinin əkin quruluşunda xeyli dəyişiklik aparılıb. Belə ki, heyvandarlığın yemə olan  tələbatının ödənməsi üçün taxıl sahələri 1500 hektara qədər azaldılmış və həmin sahələrdə yem bitkiləri əkilmişdir. Əsasən yonca, vələmir, yem noxudu və yem çuğunduru əkinlərinə diqqət  artırılmışdır.

             Rayon üçün meyvəçilik və üzümçülük də önəmli sahələrdən  hesab edilir. Hazırda rayonda 8802,5 hektar meyvə və giləmeyvə bağları, 421 hektar üzüm plantasiyaları mövcuddur. Keçən il 19624,2 ton meyvə və giləmeyvə, 2639,5 ton üzüm məhsulu yığılmıçdır. Meyvə  bağlarında məhsuldarlıq 24,4 sentner, üzüm bağlarında isə məhsuldarlıq 72,6 sentner olmuşdur. Növbəti il üçün süfrə üzümü sahələrinin artırılması nəzərdə tutulur.

            Cənab İlham Əliyevin qeyd etdiyi kimi indi kənd təsərrüfatının hər bir sahəsi bizim üçün vacibdir. İxrac yönümlü kənd təsərrüfatı məhsulları istehsalının artırılması da diqqət mərkəzində saxlanmalıdır.

            Ölkə başçısının 16 noyabr 2016-cı il tarixli 2442 saylı Sərəncamına əsasən fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi fermerlərdə yeni fındıq bağlarının salınmasına stimul yaratmış və bu sahədə rayonumuzda xeyli işlər görülmüşdür.

            Belə ki, rayonumuzda 2016-cı ilin payızından etibarən əlavə olaraq 2000 hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulmuşdur. Artıq son iki ildə 2002 hektar yeni fındıq bağları salınmış və ötən il 8769 ton fındıq tədarük olunmuşdur. Tədarük olunan fındıq İtaliya, Almaniya və Rusiya Federasiyasına ixrac olunmuşdur.

            Uzun müddətli fasilədən sonra rayonumuzda barama və tütün  istehsalına da başlanılmışdır. Ötən il 108 nəfər kümçü tərəfindən 15441 kq barama istehsal edilmişdir.  Barama istehsalının artırılması məqsədi ilə 2016-cı ilin payızından etibarən tut tinglərinin əkilməsinə başlanılmışdır ki, bu da gələcəkdə bizə barama istehsalının artırılmasına şərait yaradacaqdır.

            Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən torpaq sahibləri arasında, pay torpaqlarının könüllülük prinsipi əsasında birləşdirilərək iri təsərrüfatların yaradılması istiqamətində təbliğat işləri aparılır. Belə təsərrüfatların yaradılması iqtisadi cəhətdən səmərəli olmaqla təsərrüfatda  bütün aqrotexniki qaydalara riayət olunması üçün şərait yaradır.

 Ötən il güzəştli qaydalarla 2973 nəfərə 5778 ton gübrə və 275 nəfərə 3960 litr  pestisid  verilmişdir. Rayon üzrə dövlət büdcəsinin vəsaitri hesabına 8375 hektar sahədə gəmiricilərlə qarşı dərmanlama işləri aparılmışdır. Bundan əlavə əkin və bağ sahələrinin 270 hektarında  mexaniki, 29711 hektarında isə kimyəvi mübarizə tədbirləri aparılmışdır.

             Məlum olduğu kimi yüksək məhsuldarlığın əldə olunmasında kondisiyalı toxum mühüm rol oynayır. 2019-cu ildə hüquqi və fiziki şəxslər tərəfindən rayon toxum müfəttişliyinə laboratoriya analizinə gətirilmiş müxtəlif kənd təsərrüfatı bitkilərinin toxumları  yoxlanılmış və onlara  müvafiq  rəylər  verilmişdir. Rayonda fəaliyyət göstərən 6, o cümlədən 2 hüquqi və 4 fiziki şəxslərin təsərrüfatlarına məxsus toxumluq əkin sahələrinin 1528 hektarında  abrobasiya aparılaraq ortaq məhsuldarlıq müəyyən edilmişdir. Biçilmiş toxumluq sahələrin məhsuldarlığı 42 sentner təşkil etmiş,  3428 ton sertifikatlı toxum istehsal olunmuşdur. Payızlıq əkin əsasən bu toxumlarla aparılmışdır.

            Hazırda rayonda kənd təsərrüfatı işləri üçün kifayət qədər texnika mövcuddur. Fiziki şəxslərdə 390 ədəd, hüquqi şəxslərdə isə 194 ədəd müxtəlif kənd təsərrüfatı texnikası vardır. Bütövlükdə rayonda 60 ədəd taxılyığan kombayn, 25 ədəd tırtıllı, 405 ədəd təkərli traktor, 24 ədəd buldozer, 52 ədəd ekskovator və s. kənd təsərrüfatı texnikası mövcuddur. Kənd təsərrüfatı texnikası parkı daim təzələnir.

             2019-cu ildə rayonda iri buynuzlu mal-qaranın sayı  45191 baş, o cümlədən inək və camışlar 22301 baş, qoyun-keçilər 186669 baş, donuzlar 761 baş olmuşdur.

Hesabat dövründə rayonumuzda ət istehsalı (diri çəkidə) 6251,5 ton, o cümlədən inək əti 2926,2 ton, camış əti 352,4 ton, qoyun əti 2058,7 ton, keçi əti 16,1 ton, donuz əti 12,1 ton, quş əti 886 ton, süd istehsalı 40501,8 ton, o cümlədən inək südü 39426,5 ton, camış südü 721,8 ton, qoyun südü 353,5 ton,  yumurta istehsalı 22958 min ədəd, yun istehsalı  isə 413,2 ton olmuşdur.

            Qəbələdə 2 müasir heyvandarlıq kompleksi və 4 ədəd kiçik həcimli heyvandarlıq təsərrüfatı  fəaliyyətə başladıqdan sonra rayon əhalisinin ətə və südə olan tələbatının ödənməsində ciddi müsbət dəyişikliklər baş vermişdir.

  Mal-qaranın cins tərkibinin, eləcə də damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması üçün 6 nəfər süni mayalama mütəxəssisi fəaliyyət göstərir.  Keçən il mütəxəssislər tərəfindən 8814 baş inək və düyədə süni mayalama  aparılmış və onlardan 4747 baş yüksək  genetik potensiala malik buzovlar alınmışdır. 2016-cı ilin oktyabr  ayından etibarən süni mayalama yolu ilə alınmış hər bir buzova görə subsidiya verilir. 2019-cu il ərzində 2271 nəfər heyvan sahibinə 2734 buzovlara görə 273400 manat məbləğində subsidiya ödənilmişdir.

            Heyvanların yoluxucu xəstəliklərə tutulmaması üçün vaxtaşırı lazımi müayinə və profilaktika və peyvəndləmə işləri aparılır. Hazırda rayonda epizootik durum sabitdir.

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən 2019-cu ildə 55 hektar meşə əkini aparmışdır.  Əkin sahəsinin 51,8 hektarı aqrobağdır. Meşə massivində 0,55 hektar sahədə tinglik salınmış, 800 kiloqram palıd toxumu səpilmişdir. Bundan əlavə 780 hektar sahədə meşə bərpa tədbirləri həyata keçirilmişdir. 

2019-ci il ərzində rayon icra hakimiyyətinə daxil olan bütün müraciətlərə qanunun tələblərinə uyğun şəkildə baxılmışdır. Bu dövrdə rayon icra hakimiyyətinə  ümumilikdə 1059 ərizə daxil olmuşdur. O cümlədən 565 ərizə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 14 ərizə Milli Məclisdən, 23 ərizə Nazirlər Kabinetindən, 47 ərizə digər mərkəzi icra hakimiyyəti orqanlarından, 410 ərizə isə vətəndaşlardan birbaşa daxil olmuşdur.

Vətəndaşlar tərəfindən göndərilən ərizələrin məzmunu əsasən onların mənzillə təmin olunması, müalicəyə göndərilməsi, ünvanlı dövlət sosial yardımının təyin edilməsi, birdəfəlik maddi yardımın verilməsi, işə düzəlmə və s. barədə olmuşdur.

Daxil olan ərizələr ətraflı öyrənilərək hər birinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablar verilmişdir.

Ötən il ərzində vətəndaşların qəbulunun həyata keçirilməsi istiqamətində də müvafiq işlər görülmüşdür. Belə ki, 2019-cu il ərzində 797 nəfər vətəndaş rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişdir. Qəbula gələn vətəndaşların müraciəti ilə bağlı lazımi tədbirlər görülmüş, onların haqlı tələbləri qanunamüvafiq qaydada  həll edilmişdir.

Eləcə də hesabat dövrü ərzində rayon icra hakimiyyəti başçısının 46 səyyar görüş-qəbulu keçirilmişdir. Qəbullarda 2690 nəfər iştirak etmişdir. Onlardan 293 nəfər çıxış edərək müxtəlif təkliflər irəli sürmüşlər.

İrəli sürülən təkliflərin və müraciətlərin 267-i həll edilmiş, 17 məsələnin həlli ilə bağlı müvafiq izahat verilmiş, digər 9 məsələnin həlli istiqamətində respublikanın əlaqədar təşkilatları qarşısında məsələ qaldırılmışdır. Bunlar əsasən yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, elektrik dirəklərinin dəyişdirilməsi, yolların asfaltlaşdırılması, yeni məktəb binalarının, səhiyyə, mədəni-maarif obyektlərinin, körpülərin tikintisi, artezian quyularının qazılması və dağ çaylarında sahilbərkitmə işlərinin aparılması ilə bağlı olmuşdur.

             

Keçidlər