Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

2020-ci ilin hesabatı

  Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının 2020–ci ildə Qəbələ rayonunun sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda  duran vəzifələrə dair hesabatı

             2020-ci il ərzində  iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 448.072,7 min manatlıq ümumi məhsul  istehsal  edilmiş və xidmətlər göstərilmiş, ötən ilin müvafiq dövrünə nisbətən rayon üzrə ümumilikdə 89.948,9 min manat, yaxud 25,1 % artım olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən sənayedə 6.428,6 min manat, yaxud 6,1 %,  kənd təsərrüfatında  3.370,3 min manat, yaxud 3,4 %, tikintidə  82.203,2 min manat, yaxud 2,0 dəfə, informasiya və rabitədə 126,2min manat, yaxud 26,2 % artım, ticarətdə 1.327,8 min manat, yaxud 2,0 %, nəqliyyat və anbar təsərrüfatında  851,3 min manat, yaxud 17,4 % azalma olmuşdur.

             Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 4.173,6 manat təşkil etmişdir.    

            Əsas kapitala yönəlmiş investisiyanın həcmi 161.829,4 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 161.082,2 min manat təşkil etmişdir.           

            2003-cü ilin oktyabr ayından 01.01.2021-ci ilədək 22.021-i daimi olmaqla, 24.590 yeni iş yeri açılmışdır. İl ərzində açılmış yeni iş yerlərinin sayı 2.743 olmuşdur ki, həmin iş yerlərinin hamısı daimi iş yeridir.

              İl ərzində 11 saylı Ərazi Məşğulluq Mərkəzinin Qəbələ filialında işaxtaran kimi qeydiyyatdan keçmiş 11.073 nəfərdən  902 nəfəri münasib işlə təmin edilmişdir.

İşsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilmişdir. Belə ki, hesabat dövrü ərzində Mərkəzdə qeydiyyatda olan vətəndaşlardan 314 nəfəri müəssisənin hesabına “Dost iş” MMC-də ictimai işlərə cəlb edilmişdir. 

            Özünüməşğulluq proqramının növbəti mərhələsində iştirak etmək üçün müraciər etmiş şəxslərdən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yəni 31 nəfəri əlil, 22 nəfəri qadın, 5 nəfəri məcburi köçkün, 2-ci Qarabağ müharibəsi şəhidinin ailə üzvləri 22 nəfər, 2-ci Qarabağ müharibəsində yaralanmış 12 nəfər, 2-ci Qarabağ müharibəsində yaralanmış şəxsin ailə üzvləri 6 nəfər, 2-ci Qarabağ müharibəsinin iştirakçısı 1 nəfər olmaqla  175 nəfər öz biznesinə  başla və təkmilləşdir təlimlərinə cəlb olunmuşdur. Onlardan 153 nəfəri biznes ideyalarını uğurla müdafiə etmiş onlardan 116 nəfəri aktivlərlə təmin olunmuşdur.

            “Ərazi Məşğulluq Proqramı”na uyğun olaraq işə götürənlərlə işsiz və işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununlada işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı kadr seçiminə imkanlar yaratmaq, eyni zamanda işsiz və işaxtaran vətəndaşların layiqli işlə təmin olunmasına koməklik göstərilməsi məqsədilə 27 fevral 2020-ci il tarixdə aktiv məşğulluq tədbiri olan “Əmək Yarmarkası” keçirilmişdir. Yarmarkada 61 boş iş yeri təqdim edilərək 21 müəssisə və təşkilat, 340 nəfər işaxtaran vətəndaş iştirak etmişdir. Yarmarkada iştirak edənlərdən 25 nəfərə münasib işlərə göndəriş verilmişdir ki, onlardan 25 nəfəri işlə təmin olunmuşdur.

              İl ərzində 16 nəfər işsiz vətəndaş 3 aylıq “Konfrans və tədbirlər təşkilatçısı” peşə kursuna cəlb olunmuşdur. Peşə kursu tədris müəssisələrinin təlimləri başa çatdırılmışdır.

            Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin fəaliyyəti gücləndirilmişdir. ”Ərazi Məşğulluq  Proqramları”nın hazırlanması, əhalinin məşğulluğunun təmin olunması sahəsində razılaşdırılmış qərarların qəbul olunması, qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə Qəbələ rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış 9 nəfərdən ibarət  yerli əlaqələndirmə komitəsi fəaliyyət göstərir. Komitə üzvlərinin, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə 21 fevraıl 2020-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi sahəsində işəgötürənlərin iştirakı mövzusunda dəyirmi masa keçirilmişdir. İl ərzində rayon ərazisində fəaliyyət göstərən 15 orta ümumtəhsil müəssisəsinin 1576 şagirdi peşəyönümü məsləhətlərinə cəlb olunmuşdur.

            Rayonun yerli gəlirləri ilin yekunlarına görə 17.451,0  min manat proqnoza qarşı 17.611,9 min manat (100,9 %) və ya 160,9 min manat çox, o cümlədən: “Avtomobil Yolları” Məqsədli Büdcə fonduna aid olan məbləği 24,0 min manat proqnoza qarşı 8,1 min manat (33,8 %) və ya 15,9 min manat yerinə yetirilmişdir. Yerli gəlirlərə aid olan məbləğ 7.286,0 min manat proqnoza qarşı 7.355,1 min manat (100,9 %) və ya 69,1 min manat çox, yerli xərcləri 7.286,0 min manat proqnoza qarşı 6.187,1 min manat (84,9 %) və ya 1.098,9 min manat  icra olunmuşdur. Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsi 10.141,0 min manat proqnoza qarşı 10.248,7 min manat (101,1 %) və ya 107,7 min manat çox icra olunmuşdur. Digər 7 növ gəlirlər üzrə  428,4 min manat çox vəsait daxil olaraq rayonun gəlirləri ümumilikdə 69,1 min manat çox yerinə yetirilmişdir.

            Yerli gəlirlər üzrə ümumilikdə daxil olmuş 17.611,9 min manat vəsitdən 7.355,1 min manatı rayonun yerli gəlirlərinə, 8,1 min manatı qanunamüvafiq qaydada “Avtomobol yolları” Məqsədli Büdcə Fonduna, 10.248,7 min manatı isə mərkəzləşdirilmiş gəlirlərə aid edilmişdir.

            Rayonun yerli xərcləri 7.286,0 min manat proqnoza qarşı 6.187,1 min manat (84,9%) və ya 1.098,9 min manat icra olunmuşdur. Ümumilikdə xərclərin təyinatdan az icra olunmasının səbəbi  əmək haqqı və ona üstəlik xərc maddələrində qənaətin yaranması (yerli icra hakimiyyəti orqanları və səhiyyə bölməsi üzrə bəzi ştat vahidlərinin vakant olması ilə bağlı)  və bəzi xərclər üzrə faktiki icranın olmadığı (elektrik enerjisi, qaz, su və s.) üçün vasaitin ödənilməməsi  olmuşdur. Pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı ərzaq və kommunal xərclərində 401,6 min manat qənaət yaranmışdır. Digər xərc maddələri üzrə  470,1 min manat, ştat vahidlərinin vakansiyası üzrə isə 227,2 min qənaət yaranmışdır.

            Yerli büdcənin hesabında və  təşkilatların  ayrı-ayrı  xərc  maddələri  üzrə  limit  qalığında 01yanvar 2021-ci il tarixə 1.168,0  min manat vəsait qalığı yaranmışdır.

            Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.

            İl ərzində bütün növ istehlakçı qruplar tərəfindən 122946,3 min kvt/saat elektrik enerjisi istehlak edilmiş, 9221,8  min manata qarşı 8565,9 min manat vəsait toplanaraq  yığım planı 86,3 % yerinə yetirilmişdir. Həmin göstərici büdcə təşkilatları üzrə 119,2 %, ticarət və xidmət üzrə 103,4 %, istehsal nəqliyyat üzrə 105,0 %, qeyri istehsal üzrə 104,1%, əhali qrupu üzrə isə 105,4 % olmuşdur.

            Qəbələ Paylayıcı Şəbəkə sahəsinin xidməti ərazisində yerləşən 35/10 kV-luq “Nic” yarımstansiyası yenidən qurulmuşdur.

            10 kV-luq hava xəttinin 25,2 km məsafəsində əsaslı və cari təmir işləri aparılmışdır. 10 kV-luq hava xəttinin Vəndam, Nic, Zarağan, Tüntül, Laza, 4-cü şəhər, 5-ci şəhər, Mirzəbəyli, Zalam, Qaradeyin, Bum, Mıxlıqovaq elektrik verilişi hava xətlərində 125 ədəd fiziki köhnəlmiş ağac dayaq dəmir beton və metal dayaqlarla əvəz edilmiş, 22000 metr məsafədə istismara yararsız, fiziki köhnəlmiş naqillər AS-50, AS-35 və AS-70 markalı naqillərlə əvəz edilmişdir.

            10/0,4 kV-luq transformator yarımstansiyalarında TTQ və EQQQ qaydalarına əsasən 18 ədəd 250 A-lik, 15 ədəd 400 A-lik ayrıcı quraşdırılmışdır.

            Qəbələ Paylayıcı Şəbəkə Sahəsinin xidməti ərazisində 18,9 km məsafədə 0,4 kV-luq fiziki köhnəlmiş 0,4 kV-luq ÖDİN (özünü daşıyan izolyasiyalı) naqillərlə əvəz edilmiş, 234 ədəd ağac dayaq  dəmir beton və metal dayaqlarla əvəz edilmiş, 342 ədəd transformator yarımstansiyasının qoruq zonası təmizlənmiş, 27,2 km məsafədə 0,4 kV-luq hava xəttinin trassasında ağac kütlələrdən təmizlmə işləri aparılmışdır. 23 ədəd  transformator yarımstansiyasının 0,4 kV-luq çıxışında zədəli kabellər yenisi ilə əvəz edilmişdir;

            Əhali və qeyri əhali sektorunda 307 ədəd yeni, 132 ədəd 3 fazlı sayğac quraşdırılmışdır. 5823 ədəd qüsurlu sayğac yenisi ilə əvəzlənmişdir.

            Təbii qaz istehlakçıları tərəfindən 52364,5 min kub/metr təbii qaz istehlak edilmiş, 7334,3 min manata qarşı 6782,3 min manat vəsait toplanaraq ümumi yığım məbləği 92,5 % olmuşdur. Həmin göstərici  əhali sektoru üzrə 91,7 %,  büdcə təşkilatları üzrə 86,9 %, sənaye, kommersiya və digər təşkilatlar üzrə 95,3% təşkil etmişdir. Əhali abonentlərin ümumi sayı 20.578-ə çatdırılmışdır.

            Xidmət sahəsi tərəfindən il ərzində müxtəlif diametrli polad borularla 7084 metr yeni qaz xətti çəkilmiş, 2 ədəd ŞQTM-400 markalı təzyiq tənzimləyicisi, 9 ədəd siyirtmə quraşdırılmışdır.Vəndam qəsəbəsi ərazisində 6.476 metr müxtəlif diametrli qaz xətləri yenidən rənglənmişdir.

             “Təmiz Qaz” MMC və xidmət sahəsi tərəfindən fərdi qaydada 574 abonent, “Azəriqaz İB”-nin sifarişi ilə 19 əhali abonent və 17 qeyri-əhali abonent qazla təmin olunmuşdur.    

             6 №-li Regional Sukanal İdarəsinin Qəbələ Sukanal Sahəsi 7.722 əhali, 195 qeyri-əhali abonenti olmaqla cəmi 7.917 abonentə xidmət göstərir. Xidmət göstərilən əhali abonentlərin 7.616-sı, qeyri-əhali abonentlərin 159-u sayğaclaşmışdır. Qəbələ şəhərinin içməli su təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Küsnət su mənbəyində 1 ədəd, Mıxlıqovaq kəndində 1 ədəd subartezian nasosu yenisi ilə əvəz olunmuşdur. Hərbi şəhərcikdə nasosxanaya 1 ədəd nasos quraşdirılmışdır. Heydər Əliyev prospektində 30 metr məsafədə 150 mm-lik boru vazitəsilə kanalizasiya xətləri çəkilmişdir. “Soyuq bulaq” su mənbəyindən 1.000 metr məsafədə 400 metr polad, 600 metr polietilen boru vasitəsilə 1.000 kub/m-lik anbara su xətti çəkilmişdir. 2 ədəd yaşayış binasının zirzəmisində 100 mm-lik 20 metr kanalizasiya borusu yenisi ilə əvəz olunmuş, şəhərin A.Haqverdiyev küçəsində 10-dan çox ailəyə yeni su xətti çəkilmişdir. Qaçqın şəhərciyi və keçmiş hərbi şəhərciyin ərazisində köhnə kanalizasiya xətti 70 m məsafədən 300 mm-lik boru vasitəsilə yeni çəkilmiş kanalizasiya xəttinə birləşdirilib. Heydər Əliyev prospektində 4 ədəd yaşayış binasının zirzəmisində qəzalı vəziyyətdə olan kanalizasiya xətləri, Əhməd Cavad küçəsində 150 mm-lik köhnə yararsız kanalizasiya xətti yenisi ilə əvəz olunub. 

            Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələr Kombinatı il ərzində şəhər təsərrüfatına 318,6 min manat, ictimai yaşayış binalarına 84,9 min manat, idarə və müəssisələrə 82,7 min manat, kommersiya obyektlərinə 8,7 min manat və fərdi təsərrüfatlara 6,0 min manat cəmi 500,9 min manat dəyərində təmizlik və digər kommunal xidmətləri göstərmişdir.

            Qəbələ Rayon “10 №-li Yol İstismarı” MMC  tərəfindən rayon ərazisində il ərzində 1172,8 min manatlıq  cari təmir və yolların saxlanması işləri görülmüşdür.

             İnvestisiya obyekti olan  uzunluqda Bum-Tikanlı-Abrıx avtomobil yolunun 1-ci km-də Qaraçay (Bum) çayı üzərindəki 314 pm uzunluqlu dəmir-beton körpünün tikintisi və yolun 2 km hissəsinin asfaltlanması işləri başa çatmışdır.

            Əmirvan-Vəndam avtomobil yolunun 28 km hissəsi asfaltlanmış və həmin yolda Dəstəmazçay üzərində 16 pm körpünün tikinti işləri yerinə yetirilmişdir.

            Qəbələ Telekommunikasiya qovşağı 2020-ci ildə  1621,5 min manat rabitə xidməti göstərmişdir. İl ərzində şəhər və kənd əhalisinə 773 ədəd telefon çəkilmiş, 1915 ədəd internet qoşulması verilmişdir. Hazırda genişzolaqlı internet xidmətindən istifadə edən abunəçilərin sayı 8.593 nəfər təşkil edir. Şəhər telefon şəbəkəsinin S.Ə.Şirvani küçəsində 7 ədəd, A.Haqverdiyev küçəsində 10 ədəd  yeni telefon, internet çəkilişi üçün 1.150 metr kabel çəkilmişdir. H.Əliyev prospektində 5 mərtəbəli yaşayış binalarının estetik vəziyyətə gətirilməsi ilə əlaqədar 444 metr telefon xətləri dəyişdirilmişdir. Məmmədağalı kəndində 32 nömrəlik mini EATS çıxarılaraq yerinə 128 nömrəlik EATS və yeni akkumulyator avadanlığı quraşdırılmış, 48 nömrə çəkilib abunəçilərin istifadəsinə verilmişdir.  Zalam kənd, Nic və Vəndam qəsəbə EATS-də yeni akkumulyator avadanlıqları quraşdırılmış, şəhər və kənd telefon şəbəkəsində 6.150 metr müxtəlif tipli kabellər çəkilmiş, 1.100 metr zədəli kabellər yenisi ilə əvəzlənmiş, 5.740 metr müxtəlif tipli kabellər çəkilərək texniki normaya gətirilmişdir. Qəbələ şəhər rabitəsinin alternativ beynəlxalq çıxışını təmin etmək məqsədilə Qəbələ-Oğuz  arası 15 km məsafədə FO-24 kabelinin çəkilişi başa çatmışdır. Əhaliyə göstərilən internet xidmətinin sayının artırılması məqsədilə Mərkəzdə 128-lik, Bum qəsəbəsində 384-lük və Vəndam qəsəbəsində 64-lük DSLAM avadanlığı quraşdırılmışdır.

            “Azərpoçt” MMC-nin Qəbələ filialı 361,5 min manat proqnoza qarşı 339,4 min manatlıq poçt-rabitə xidməti göstərərək  proqnoz  tapşırığı 22,1 min manat kəsrlə 93,8 % yerinə yetirmişdir.

            Dövlər Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsində  01 yanvar 2021-ci il  vəziyyətinə şöbə üzrə 10.502 pensiya işi üzrə 10.556 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur.  Hesabat dövründə  orta aylıq pensiya məbləği  2.620,7 min manat, bir pensiya işi üzrə isə orta aylıq pensiya məbləği 249,54 manat təşkil etmişdir. 130 nəfərin, o cümlədən 4 nəfər əlilin əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin olunmuşdur. Hal-hazırda şöbədə əmək pensiyalarından əlavə 5.123 ədəd hərəkətdə olan sosial müavinət, 2.241 ədəd təqaüd işi vardır. Filial üzrə elektron qaydada avtomatlaşdırılmış  134 ədəd hərəkətdə olan ünvanlı  sosial yardım işi mövcuddur.

            Rayonun yaşayış məntəqələrinin kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün suvarma kanalları 834 min kub/metr lildən,  daşqın və selə qarşı mübarizə məqsədilə 948 min kub/metr çay məcrası daş və qumdan təmizlənmiş, 2675 kub/metr daş beton bəndi, 260 kub metr qabion bəndi, 35 ədəd hidrotexniki qurğular təmir edilmişdir.

          “Su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üzrə relyefə uyğun su anbarının yaradılması çərçivəsində texniki-iqtisadi əsaslandırmalar və layihə sənədləri hazır olan Yengicə su anbarı üzrə ekspert qiymətləndirməsinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür.

         Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli su tələbatının ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 12.02.2019-cu il tarixli sərəncanına əsasən rayonun 6 yaşayış məntəqəsində (Yeni Dizaxlı, Kürd, Həmzəli, Zirik, Bılıx kəndlərində və Nic qəsəbəsində) subartezian quyularında qazma işləri yekunlaşmış, cari ilin fevral ayında istifadıyə verilmişdir. 30 iyul 2020-ci il sərəncamına əsasən isə rayonun 10 yaşayış məntəqəsində (Siləyli, Bayramkoxalı, Hacıalılı, Soltannuxa, Mollaşıxalı, Daşca, Abrıx, Sırt Yengicə, Yenikənd və Uludaş kəndlərində) subartezian quyularında qazma işləri yekunlaşmış, hazırda təhvil-təslimlə əlaqədar sənədləşmə işləri aparılır.

         2020-ci il ərzində Qəbələ şəhərinin 24 küçəsində və Heydər Əliyev prospektinin 7, İsmayıl Bəy Qutqaşınlı küçəsinin 9 dalanında 10 km uzunluqda avtomobil yollarına 48560 kv.m asfalt örtük vurulmuşdur. Şəhərin 5 küçəsində 4000 m uzunluqda səki daşları qoyulmuş, 3570 kv.m səkiyə xırdadənəli asfalt örtük döşənmiş və 9300 kv.m avtomobillərin dayanması üçün dayanacaq yeri asfaltlanmışdır. İsmayil Bəy Qutqaşınlının abidə kompleksində və “1941-1945-ci il” müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidədə təmir işləri aparılmışdır. Muxtar Abduyev küçəsində yerləşən 8 ədəd iki mərtəbəli, 4 mənzilli yaşayış binalarının dam örtükləri dəyişdirilmiş və həmin binaların xarici istilik sistemləri yenidən quraşdırılmışdır. Heydər Əliyev prospektində 350 ədəd dekorativ ağaclar əkilmişdir. Bum çayı üzərində 12 aşırımlı, 310 pm uzunluqda dəmir-beton körpünün tikintisi, 28 km uzunluqda Vəndam-Seyidqışlaq-Əmirvan kəndlərarası avtomobil yolunun yenidən qurulması və Dəmiraparançayı hövzəsində 165 pm uzunluqda sel sularından mühafizə bəndi obyektlərində tikinti işləri başa çatdırılmışdır. Bununla yanaşı Qəbələ şəhərində 160 çarpayılıq xəstəxana kompleksində, 43 km uzunluqda birxətli Ləki-Qəbələ dəmir yolunun tikintisində və Qəbələ şəhərində 26 yerlik Uşaq Bərpa Mərkəzində tikinti işləri davam etdirilmişdir.

Rayonumuzda 23 məktəbəqədər  təhsil  müəssisəsi fəaliyyət göstərir. Hesabat dövrü ərzində həmin müəssisələrin maddi texniki vəziyyətin yaxşılaşdırılması məqsədilə 2019-cu ilin yerli büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq yumşaq,bərk və digər avadanlıqlar alınaraq bütün uşaq bağçalarına verilmişdir.

Qəbələ rayon ümumtəhsil məktəblərində 2019-2020-ci tədris ilində (2020-ci il) şagirdlərin sayı - 17350 nəfər, müvəfəqiyyət göstəricisi - 99.9 %,
keyfiyyət göstəricisi - 66.3 % olmuşdur.

Qəbələ rayon Təhsil Şöbəsi rayon ərazisində təhsilin fasiləsizliyini təmin edərək, böyük uğurlara imza atmışdır. Belə ki, 2020-ci tədris ilinin nəticələrinə görə məktəbi bitirən 1145 nəfər məzundan 668 nəfəri ali məktəblərə sənəd vermiş, 377 nəfəri ali məktəbə qəbul olmuşdur. Onlardan 152 nəfəri 500-dən, 32 nəfəri 600-dən , 11 nəfəri isə 650-dən yuxarı bal toplamışlar. Bir nəfər məzun qızıl, iki nəfər isə gümüş medal qazanmışdır.

Ümumi (9 illik) orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanları əvvəlki illərdən fərqli olaraq  iki mərhələdə yox, bir mərhələdə aparılmışdır. 03 iyul 2020-ci il tarixində 7 imtahan mərkəzində təşkil olunan buraxılış imtahanında 1342 şagird  iştirak etmiş, onlardan 5 nəfər 270-dən yuxarı bal toplamışdır. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanlarında 1145 nəfər imtahan vermişdir ki, onlardan da 5 şagird 270-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmiş və qızıl medalla təltif olunmuşdur.

Rayonun Uşaq Gənclər İnkişaf  Mərkəzi  şagirdlərinin iştirakı ilə “Evdə qalaq, evdə yaradaq”  onlayn respublika yaradıcılıq müsabiqəsi 4 nominasiya üzrə keçirilmiş və Qəbələ məktəblilərindən iki nəfər I yerə layiq görülmüşdür. Rayon məktəbliləri  ”Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsində, Ulu  Öndər  H.Əliyevin doğum günüə həsr olunmuş onlayn rəsm və qiraət müsabiqəsində,  Respublika gününə həsr olunmuş “Azərbaycanı tanıdaq” virtual sərgisində, TN və UGİM-in təşkil etdiyi   “Üç Alov “ uşaq və  gənclərin  onlayn  Beynəlxalq  folklor, klassik, müasir  yaradıcılıq festivalında və digər onlayn  tədbirlərdə  fəal  iştirak etmiş, çoxlu sayda  mükafatlar qazanmışlar. 

Qəbələ rayon mədəniyyət müəssisələrində 2020-ci il ərzində bayram, tarixi və anım günləri, maarifləndirici tədbirlər, təqdimat mərasimləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronovirus  (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə təyin etdiyi qaydalara uyğun olaraq keçirilmişdir.

Qəbələ ölkəmizin multikulturalizm, tolerantlıq və turizm baxımından ən önəmli rayonlarından biridir. Qəbələdə hazırda 20-dən artıq turizm istirahət obyekti fəaliyyət göstərir. Mehmanxana və mehmanxana tipli istirahət mərkəzlərinin bir gündə 2500-dən yuxarı turisti qəbul etmək imkanı vardır. 2020-ci il büün dünyanı saran Covid-19 pandemiyası səbəbilə Qəbələ rayonuna gələn turistlərin sayında da azalma baş vermişdir. İl ərzində rayonumuza 58116 nəfər turist gəlmişdir. Rayonumuza gələn qonaqlar istirahətlə bərabər qədim Qəbələnin tarixi və müasir inkişafı ilə yaxından tanış olurlar.

 Qəbələ RMX PHŞ-da  2020-ci il ərzində xəstələrin sayı 2293 nəfər, cərrahi əməliyyatların sayı 241 olmuşdur. Bu müddət ərzində 1168 doğuş baş vermiş, ev doğuşu olmamışdır.
          Qəbələ Müalicə Diaqnostika Mərkəzinin Konsultativ poliklinika şöbəsinə xəstə gəlişlərinin sayı 69050 nəfər, EKQ müayinələrinin sayı 6653, stomatoloji kabinetdə müalicə olunan xəstələrin sayı 1459 nəfər, stasionar şöbəyə daxil olan xəstələrin sayı 705 nəfər, aparılmış cərrahiyyə əməliyyatlarının sayı 594, şüa diaqnostika şöbəsində USM müayinələrinin sayı 9220, kompüter tomoqrafik müayinələrin sayı 1820, rentgen müayinələrin sayı 19556, fizioterapiya və tibbi bərpa şöbəsində prosedurların sayı 8200 olmuşdur. Kliniki laboratoriyada 11183 xəstədə 299040 növ müayinə aparılmışdır
            Qəbələ Rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilin əvvəlindən yoluxucu xəstəliklərin qarşısının alınması, sanitar profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı sahələr üzrə kompleks tədbirlər həyata keçirmişdir. 2020-ci il ərzində profilaktik peyvəndlərdən hepatit “B”-ə qarşı 1152 peyvənd, Göyöskürək, Difteriya və Tetanusa qarşı 897 peyvənd, Qızılça, Parotit, Məxmərəyə qarşı 997 peyvənd, Polimelitə qarşı 4487 peyvənd, 6 yaşlı uşaqlar arasında Difteriya və Tetanusa əleyhinə 1130 peyvənd, Pk 2339, İPV 852, HİB 2415, doğumun 4-7 günlərində 1096 uşağa BSJ peyvəndi edilmişdir. Aparılmış profilaktik tədbirlərin nəticəsidir ki, son 10 il ərzində  rayonda uşaqlar arasında difteriya, göy öskürək, tetanus, qızılça, parotit, məxmərək kimi idarə oluna bilən yoluxucu xəstəliklər qeydə alınmamışdır.

Qəbələ rayon Gənclər və İdman İdarəsi tərəfindən cari il ərzində 22 tədbir keçirilmişdir. Bunlardan 14 tədbir gənclərlə iş sahəsini, 8 tədbir isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edir. Keçirilən tədbirlərin mahiyyət baxımından əhəmiyyəti dövlət siyasətinin düzgün təbliğinin təşkili, hüquq tərbiyəsi, cinayətkarlıq hallarına qarşı mübarizə, istedadlı gənclərin üzə çıxarılması, bədən tərbiyəsi və idman sahəsində isə yeniyetmə, gənc, bacarıqlı idmançıların aşkar olunması, gənclərin asudə vaxtlarının səmərəli təşkili, dərəcəlı idmançıların hazırlanmasından ibarətdir.

         Keçirilən rayon miqyaslı yarışlarda mükafata layiq yer tutan komandalar və idmançilar idarə tərəfindən fəxri-fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.

        Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin çağırış məktublarına müvafıq olaraq keçirilən respublika tədbirlərində gənclər və idman sahəsində nümayəndələrimizin iştirakı təmin olunmuşudur. Keçirilən yarış və birincilikdə aşağıdakı nailiyyətlər əldə olunmuşdur;

          Cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyində  Aygün Hacıyeva I yeri tutmuşlar.

        Stogmen idman növü üzrə keçirilən ölkə çempionatında Şükürov Sənan Məlik oğlu I yeri tutmuşdur.

        Reqbi idman növü üzrə keçirilən Gəncə şəhər açıq kuboku yarışında Qəbələ komandası II yerə layiq görülmüşdür.

        “Qəbələ Olimpiya İdman Kompleksi” MMC öz işini 2020-ci ildə idmanın inkişaf etdirilməsi, olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması və s. ilə bağlı fəaliyyət istiqamətləri üzrə təşkil etmişdir. Hesabat dövrü ərzində kompleksin xidmətlərindən 984 nəfər istifadə etmişdir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2020-ci tədris ilində 637 nəfər tələbə dərsə başlamışdır. Tədris ilini bitirən məzunların sayı 426 nəfər, keçid qruplarında tələbələrin sayı 211 nəfər olmuşdur. Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin regiondakı fəaliyyət imkanlarından Milli QHT-lər faydalanmışlar. Mərkəzlə 2020-cu il ərzində 12 milli QHT əməkdaşlıq edərək vətəndaş cəmiyyətinin inkişafına xidmət edən layihələr həyata keçirmişlər.

         Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində ehtiyacı olan şəxslərlə aktiv terapiya məşğələsi, psixoloji konsultasiya, inkişafetdirici məşğələ,  loqopedik məşğələ, dil məşğələsi, rəqs məşğələsi və s. xidmətlər göstərilmişdir.

27 sentyabr 2020-ci il tarixdə Ermənistan qoşunları tərəfindən ölkəmizə olunan təcavüzə cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin əks hücuma keçməsi nəticəsində başlanan Vətən müharibəsinə bütün ölkə vətəndaşları kimi Qəbələ gəncləri də könüllü olaraq vətən torpaqlarının azad edilməsi savaşına qoşuldular. Həmin vaxtdan Rayon İcra Hakimiyyəti tərəfindən bütün döyüşçülərin ailələri qeydiyyata alınmış, onların zəruri təlabatlarına köməklik göstərilmiş və nəzarətdə saxlanılmışdır. Gərgin döyüşlər zamanı 37 nəfər şəhid olmuş və 162 nəfər yaralanmış döyüşçülərin ailələri mütəmadi nəzarətə götürülmüş, 1000-dən yuxarı ailəyə ərzaq və maddi yardımlar edilmişdir. Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri şəhidlərin dəfn mərasimlərdində iştirak etmişlər. Rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərin yas mərasimlərinin yola salınmasına maddi köməklik göstərilmiş, hər birinə məzar daşı hazırlanmışdır. Məzar daşları hazır olduqdan sonra Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri ilə birlikdə məzarları ziyarət etmiş, qəbirlərinə gül dəstələri qoyaraq, ehtiramla yad etmişlər. Ailələrin ehtiyacları öyrənilərək müvafiq köməklik göstərilmişdir. Şəhid və qazi ailələrinin problemləri daim öyrənilir və diqqət mərkəzində saxlanılır.

 

Rayonda həmin  sərəncamın  icrası ilə əlaqədar olaraq 2020-ci   ildə əkin sahəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 6442247 manat məbləğində subsidiya plastik kart vasitəsi ilə çatdırılmışdır.

             2018-ci ildən etibarən arıçılıqla məşğul olan fiziki və hüquqi  şəxslərə  saxladıqları  hər arı  ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsinə başlanmışdır. 2020-ci  ildə 556 nəfər arıçıya saxladıqları 12697 ədəd arı pətəyinə görə 126970 manat  məbləğində subsidiya verilmişdir.

            Qeyd etmək lazımdır ki, taxılçılıq rayon iqtisadiyyatının əsasını  təşkil edir.  2020-ci ilin məhsulu üçün 2019-cu ilin payızında 19450 hektar sahədə payızlıq dənli bitkilər əkilmişdir ki, onun da 14558  hektarını buğda, 4892 hektarını isə arpa sahələri təşkil etmişdir. Bu sahəyə göstərilən qayğının nəticəsidir ki, ötən il ümumi məhsuldarlıq 32,6 sentner olmuşdur.

             Torpaq sahibləri tərəfindən 2020-ci ildə 180 hektar  qarğıdalı, 2020-ci ildə 408 hektar kartof, 2020-ci ildə 401 hektar tərəvəz, 2020-ci ildə 3 hektar  bostan bitkiləri və 2020-ci ildə 35 hektar tütün  əkilmişdir. Həmin sahələrdən 2020-ci il 1016  ton qarğıdalı, 2020-ci ildə 8749 ton kartof, 2020-ci ildə 43 ton bostan bitkiləri, 2020-ci ildə 3555 ton tərəvəz məhsulları və 2020-ci ildə 23 ton tütün  yığılmışdır. Son illər rayonun kənd təsərrüfatı bitkilərinin əkin quruluşunda xeyli dəyişiklik aparılıb. Belə ki, heyvandarlığın yemə olan  tələbatının ödənməsi üçün taxıl sahələri 1500 hektara qədər azaldılmış və həmin sahələrdə yem bitkiləri əkilmişdir. Əsasən yonca, vələmir, yem noxudu və yem çuğunduru əkinlərinə diqqət  artırılmışdır.

             Rayon üçün meyvəçilik və üzümçülük də önəmli sahələrdən  hesab edilir. Hazırda rayonda 2020-ci ildə 8887  hektar meyvə və giləmeyvə bağları, 2020-ci il üzrə 421 hektar üzüm plantasiyaları mövcuddur. 2020-ci ildə 13933,4 ton meyvə və giləmeyvə, 2020-ci ildə 2737,2 ton üzüm məhsulu yığılmışdır. Meyvə  bağlarında məhsuldarlıq 17,4 sentner, Növbəti il üçün süfrə üzümü sahələrinin artırılması nəzərdə tutulur.

            Cənab İlham Əliyevin qeyd etdiyi kimi indi kənd təsərrüfatının hər bir sahəsi bizim üçün vacibdir. İxrac yönümlü kənd təsərrüfatı məhsulları istehsalının artırılması da diqqət mərkəzində saxlanmalıdır.

            Ölkə başçısının 16 noyabr 2016-cı il tarixli 2442 saylı Sərəncamına əsasən fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi fermerlərdə yeni fındıq bağlarının salınmasına stimul yaratmış və bu sahədə rayonumuzda xeyli işlər görülmüşdür.

            Belə ki, rayonumuzda 2020-ci ilin payızından etibarən əlavə olaraq 101 hektar yeni fındıq bağları salınmışdır. 2020-ci ildə 5926 ton fındıq tədarük olunmuşdur. Tədarük olunan fındıq İtaliya, Almaniya və Rusiya Federasiyasına ixrac olunmuşdur.

            Uzun müddətli fasilədən sonra rayonumuzda barama və tütün  istehsalına da başlanılmışdır. 2020-ci ildə 12 nəfər kümçü tərəfindən 276 kq barama istehsal edilmişdir.  Barama istehsalının artırılması məqsədi ilə 2016-cı ilin payızından etibarən tut tinglərinin əkilməsinə başlanılmışdır ki, bu da gələcəkdə bizə barama istehsalının artırılmasına şərait yaradacaqdır.

            Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən torpaq sahibləri arasında, pay torpaqlarının könüllülük prinsipi əsasında birləşdirilərək iri təsərrüfatların yaradılması istiqamətində təbliğat işləri aparılır. Belə təsərrüfatların yaradılması iqtisadi cəhətdən səmərəli olmaqla təsərrüfatda  bütün aqrotexniki qaydalara riayət olunması üçün şərait yaradır.

 2020-ci ildə 12350 hektar sahədə alaq otlarına qarşı kimyəvi mübarizə aparılmışdır.

             Məlum olduğu kimi yüksək məhsuldarlığın əldə olunmasında kondisiyalı toxum mühüm rol oynayır. 2020-ci ildə hüquqi və fiziki şəxslər tərəfindən rayon toxum müfəttişliyinə laboratoriya analizinə gətirilmiş müxtəlif kənd təsərrüfatı bitkilərinin toxumları  yoxlanılmış və onlara  müvafiq  rəylər  verilmişdir. Rayonda fəaliyyət göstərən 6, o cümlədən 2 hüquqi və 4 fiziki şəxslərin təsərrüfatlarına məxsus toxumluq əkin sahələrinin 2020-ci ildə 1519 hektarında  abrobasiya aparılaraq ortaq məhsuldarlıq müəyyən edilmişdir. Biçilmiş toxumluq sahələrin məhsuldarlığı 2020-ci ildə 43 sentner, təşkil etmiş,  2020-ci ildə 2834 ton sertifikatlı toxum istehsal olunmuşdur. Payızlıq əkin əsasən bu toxumlarla aparılmışdır.

            Hazırda rayonda kənd təsərrüfatı işləri üçün kifayət qədər texnika mövcuddur. Fiziki şəxslərdə 390 ədəd, hüquqi şəxslərdə isə 194 ədəd müxtəlif kənd təsərrüfatı texnikası vardır. Bütövlükdə rayonda 60 ədəd taxılyığan kombayn, 25 ədəd tırtıllı, 405 ədəd təkərli traktor, 24 ədəd buldozer, 52 ədəd ekskovator və s. kənd təsərrüfatı texnikası mövcuddur. Kənd təsərrüfatı texnikası parkı daim təzələnir.

             2020-ci ildə rayonda iri buynuzlu mal-qaranın sayı  44131 baş, o cümlədən inək və camışlar 21858 baş, qoyun-keçilər 178941 baş, donuzlar 740  baş olmuşdur.

Rayonumuzda ət istehsalı 2020-ci ildə (diri çəkidə) 6287,7 ton, o cümlədən inək əti  2961,7  ton, camış əti 352,5  ton, qoyun əti 2058,9 ton, keçi əti 16,2 ton, donuz əti 12,2 ton, quş əti 886,2 ton, süd istehsalı 41283,4 ton, o cümlədən inək südü 40368,3 ton, camış südü 561,5 ton, qoyun südü 353,6 ton,  yumurta istehsalı 22960 min ədəd, yun istehsalı  isə 413  ton olmuşdur.

            Qəbələdə 2 müasir heyvandarlıq kompleksi və 4 ədəd kiçik həcimli heyvandarlıq təsərrüfatı  fəaliyyətə başladıqdan sonra rayon əhalisinin ətə və südə olan tələbatının ödənməsində ciddi müsbət dəyişikliklər baş vermişdir.

  Mal-qaranın cins tərkibinin, eləcə də damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması üçün 9 nəfər süni mayalama mütəxəssisi fəaliyyət göstərir.  2020-ci ildə mütəxəssislər tərəfindən 8212 baş inək və düyədə süni mayalama  aparılmış və onlardan 5009 baş, 2021-ci ildə isə  8624 baş inək və düyədə süni mayalama  aparılmış və onlardan 5185 baş yüksək  genetik potensiala malik buzovlar alınmışdır. 2016-cı ilin oktyabr  ayından etibarən süni mayalama yolu ilə alınmış hər bir buzova görə subsidiya verilir. 2020-ci il ərzində 2035 nəfər heyvan sahibinə 3533 baş buzovlara görə 353300 manat  məbləğində subsidiya ödənilmişdir.

            Heyvanların yoluxucu xəstəliklərə tutulmaması üçün vaxtaşırı lazımi müayinə və profilaktika və peyvəndləmə işləri aparılır. Hazırda rayonda epizootik durum sabitdir.

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən 2020-ci ildə 41 hektar sahədə 36600 ədəd ağac əkilmiş. Tinklik üçün 1 hektar sahədə 2102 kq toxum səpilmişdir, 20 ha sahə kol-kosdan təmizlənmişdir.

2020-ci il ərzində rayon icra hakimiyyətinə daxil olan bütün müraciətlərə qanunun tələblərinə uyğun şəkildə baxılmışdır. Bu dövrdə rayon icra hakimiyyətinə  ümumilikdə 1207 ərizə daxil olmuşdur. O cümlədən 459 ərizə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 22 ərizə Milli Məclisdən, 21 ərizə Nazirlər Kabinetindən, 51 ərizə digər mərkəzi icra hakimiyyəti orqanlarından, 654 ərizə isə vətəndaşlardan birbaşa daxil olmuşdur.

Vətəndaşlar tərəfindən göndərilən ərizələrin məzmunu əsasən onların mənzillə təmin olunması, müalicəyə göndərilməsi, ünvanlı dövlət sosial yardımının təyin edilməsi, birdəfəlik maddi yardımın verilməsi, işə düzəlmə və s. barədə olmuşdur.

Daxil olan ərizələr ətraflı öyrənilərək hər birinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablar verilmişdir.

Ötən il ərzində vətəndaşların qəbulunun həyata keçirilməsi istiqamətində də müvafiq işlər görülmüşdür. Belə ki, 2021-ci il ərzində 861 nəfər vətəndaş rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişdir. Qəbula gələn vətəndaşların müraciəti ilə bağlı lazımi tədbirlər görülmüş, onların haqlı tələbləri qanunamüvafiq qaydada  həll edilmişdir.

Keçidlər