Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

2022-ci ilin hesabatı

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının 2022–ci ildə Qəbələ rayonunun sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda  duran vəzifələrə dair hesabatı      

2022-ci il ərzində fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən iqtisadiyyatın əsas sahələri (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət və nəqliyyat vasitələrinin təmiri) üzrə məhsul buraxılışı və xidmətlərin göstərilməsi əvvəlki ilin eyni dövrünə nisbətən 16,3 faiz artaraq 391.924,7 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən həcmi  3.555,3  manat  təşkil etmişdir.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci il ərzində, kənd təsərrüfatı məhsulu istehsalı 26,3 faiz, informasiya və rabitə xidmətinin həcmi 4,8 faiz, ticarət xidmətinin həcmi 11,5 faiz, nəqliyyat və anbar təsərrüfatı xidmətinin həcmi  isə  81,3  faiz, tikinti-quraşdırma işlərinin həcmi 19,9 faiz, sənaye məhsulu istehsalı  isə 6,2  faiz  artmışdır.

Hesabat dövründə kənd təsərrüfatında 132,6 milyon manatlıq və ya ümumi məhsul buraxılışının  (33,8 faiz), ticarət sahəsində 82,7 milyon manatlıq (21,1 faiz), tikintidə 52,7 milyon manatlıq (13,4 faiz), sənayedə 115,3 milyon manatlıq (29,4 faiz), nəqliyyat və anbar təsərrüfatında 6,9 milyon manatlıq (1,8 faiz), informasiya və rabitə xidmətlərində 1,5 milyon manatlıq (0,5 faiz) məhsul və xidmətlər istehsal edilmişdir.

Məhsul və xidmətlərin 76,6 faizi istehsal sahələrinin, 23,4 faizi isə xidmət sahələrinin payına düşmüşdür.                                                                     

     İl ərzində sənaye müəssisələrində çalışan  1.590 nəfər işçinin orta aylıq nominal əmək haqqı 599,7 manat olmuşdur.

      Əsas kapitala yönəlmiş investisiyanın həcmi 56.918,5 min manat, tikinti quraşdırma şlərinin həcmi isə 52.680,2 min manat təşkil etmişdir.           

     İl ərzində açılmış yeni iş yerlərinin sayı 958 olmuşdur ki, həmin iş yerlərinin hamısı daimi iş yeridir.

     Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialı Qəbələ rayonu üzrə 2022-cı il ərzində öz fəaliyyətini “Məşğulluq Haqqında” Azərbaycan Respublikası qanunun tələbləri səviyyəsində qurmağa çalışmış, ümumilikdə rayon əhalisinin sosial müdafiəsi sahəsində müəyyən işlərin görülməsinə nail olmuşdur.

      2022-ci il üçün tərtib edilmiş Ərazi Məşğulluq Proqramının müddəalarına əsaslanaraq rayon ərazisində fəaliyyət göstərən sənaye və kənd təsərrüfatı istiqamətli idarə, müəssisə, təşkilat və təsərrüfatlarla sıx əlaqə saxlanılmışdır. Bunun üçün ilk növbədə vakant vəzifələrin və boş iş yerlərinin müəyyənləşdirilməsi Filialın iş posesinin əsas xəttini təşkil etmişdir. Nəticədə 2022-ci il ərzində rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdən daxil olan boş iş yerləri haqqında məlumatlar Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində öz əksini tapmışdır.

İi ərzində  rayon üzrə 534 nəfər işə düzəldilmişdir ki, onlardan 166 nəfəri qadınlardır. 97 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilmişdir, onların 24 nəfəri qadındır.

Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsinin sosial müdafiəsini təmin etmək məqsədilə rayonun təhsil, tikinti, mədəniyyət, sənaye və başqa sahələrində minimum iş yerlərinin yaradılması üçün Rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Qəbələ rayonu üzrə 2 kvota iş yeri müəyyən edilmişdir ki, həmin iş yerləri üzrə 1 nəfər əlil şəxs işlə təmin edilmişdir.

İşaxtaran və işsiz vətəndaşların ictimai işlərdə iştirak etmək istəyən hissəsininin artırılması əmək bazarında yaranmış gərginliyin xeyli azalmasına və işsiz əhalinin böyük hissəsinin sosial vəziyyətinin qismən də olsa yaxşılaşmasına səbəb olmuşdur.

Belə ki, 2022-ci il ərzində Nazirliyin “Əmək və Məşğulluq” altsistemində qeydiyyatda olan işaxtaran və işsiz  vətəndaşlardan 59 nəfər “DOST İş Mərkəzi” MMC-də ictimai işlərə göndərilmişdir. 14 nəfər istehsal-xidmət sahəsi üzrə, 259 nəfər isə kənd təsərrüfatı sahəsi üzrə, ümumilikdə 273 nəfər özünüməşğulluq proqramına cəlb edilmiş, 80 nəfər işsiz vətəndaş peşə hazırlığı kurslarına cəlb olunmuşdur.

İşsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxışının dəstəklənməsi, habelə işəgötürənlərin qısa müddət ərzində zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədi ilə 2022-ci il ərzində  rayonda əmək yarmarkası təşkil olunmuşdur.Yarmarkada 8 müəssisə tərəfindən 200 vakansiya təqdim olunmuşdur.

     Fəaliyyətin mütəşəkkilliyini artırmaq məqsədi ilə reklam və informasiya işlərinin inkişaf etdirilməsinə də diqqət ayrılmışdır. Belə ki, Filialın yerləşdiyi binada reklam və informasiya guşəsi yaradılmış və burada idarə və müəssisələrdən olan boş iş yerləri, Filialın nəzdində yaradılması nəzərdə tutulan peşə kursları və digər məlumatlar əks etdirilmişdir.

     Əhalinin məşğulluğunu təmin etmək sahəsindəki işlərin səmərəliyini artırmaq məqsədi ilə geniş tədbirlər planı tərtib edilmiş və burada aktual məsələlərin əhatə edilməsinə diqqət yetirilmişdir.

     Rayonun yerli gəlirləri ilin yekunlarına görə 22.700,0 min manat proqnoza qarşı 28.332,1 min manat (124,8 %) və ya 5.632,1 min manat çox, o cümlədən: “Avtomobil yolları” Məqsədli Büdcə fonduna aid olan məbləği 22,0 min manat proqnoza qarşı 18,7 min manat (85,2 %) və ya 3,3 min manat az yerinə yetirilmişdir. Yerli gəlirlərə aid olan məbləğ 9.674,0 min manat proqnoza qarşı 12.076,4 min manat (124,8 %) və ya 2.402,4 min manat çox, yerli xərcləri 7.224,2 min manat proqnoza qarşı 6.435,6 min manat (89,1%) və ya 788,6 min manat az icra olunmuşdur. Gəlirlərin mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsi 13.004,0 min manat proqnoza qarşı 16.237,0  min  manat (124,9 % ) və ya 3.233,0 min manat çox icra olunmuşdur.

     Yerli gəlirlər üzrə proqnozlaşdırılmış 10 növ gəlirdən 5 növ vergi üzrə proqnoz tapşırıq kəsrlə yerinə yetirilərək qeyd olunan gəlirlər üzrə büdcəyə 759,7 min manat az vəsait daxil olmuşdur. Digər 5 növ gəlirlər üzrə isə 3.162,1 min manat çox vəsait daxil olaraq rayonun gəlirləri ümumilikdə 2.402,4 min manat çox yerinə yetirilmişdir.

     Yerli gəlirlər üzrə ümumilikdə daxil olmuş 28.332,1 min manat vəsitdən 12.076,4 min manatı rayonun yerli gəlirlərinə, 18,7 min manatı qanunamüvafiq qaydada “Avtomobil yolları” Məqsədli Büdcə Fonduna, 16.237,0 min manatı isə mərkəzləşdirilmiş gəlirlərə aid edilmişdir.

     Rayonun yerli xərcləri 7.224,2 min manat proqnoza qarşı 6.435,6 min manat (89,1%) və ya 788,6 min manat az icra olunmuşdur.   Ümumilikdə xərclərin təyinatdan az icra olunmasının səbəbi  yerli icra hakimiyyəti orqanları və digər sahələr üzrə bəzi ştat vahidlərinin vakant olması, tender və kotirovka prosedurlarının başa çatmaması   və bəzi xərclər üzrə faktiki icranın olmadığı (ezamiyə xərci, yanacaq, elektrik enerjisi, qaz, su, rabitə və s.) üçün vasaitin ödənilməməsi  olmuşdur.

     Yerli büdcənin hesabında  və  təşkilatların  ayrı-ayrı xərc maddələri  üzrə  limit  qalığında  01yanvar 2023-cü il tarixə 5.640,8  min manat vəsait qalığı yaranmışdır.

     Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.

      İl ərzində  10 kV-luq hava xəttinin 53,7 km məsafəsində əsaslı və cari təmir işləri aparılmışdır. 10 kV-luq hava xəttinin Bum, Tüntül, Mıxlıqovaq, Zalam, Nic, laza  elektrik verilişi hava xətlərində 234 ədəd fiziki köhnəlmiş ağac dayaq dəmir beton və metal dayaqlarla əvəz edilmiş, 48.820 metr məsafədə istismara yararsız, fiziki köhnəlmiş naqillər AS-50, AS-35 markalı naqillərlə əvəz edilmişdir.

      10/0,4 kV-luq transformator yarımstansiyalarında TTQ və EQQQ qaydalarına əsasən 28 ədəd 250 A-lik, 18 ədəd 400 A-lik  ayrıcı quraşdırılmışdır.

      Qəbələ Paylayıcı Şəbəkə Sahəsinin xidməti ərazisində 63,0 km məsafədə 0,4 kV-luq fiziki köhnəlmiş 0,4 kV-luq ÖDİN (özünü daşıyan izolyasiyalı) naqillərlə əvəz edilmiş, 472 ədəd ağac dayaq  dəmir beton və metal dayaqlarla əvəz edilmiş, 114 ədəd transformator yarımstansiyasının  qoruq zonası alaq və yabanı otlardan təmizlənmiş, 54,8,0 km məsafədə 0,4 kV-luq hava xəttinin trassasında ağac kütlələrdən təmizləmə işləri aparılmışdır. 28 ədəd  transformator yarımstansiyasının 0,4 kV-luq çıxışında zədəli kabellər yenisi ilə əvəz edilmişdir.

     Əhali və qeyri əhali sektorunda 683 ədəd yeni, 154 ədəd 3 fazalı sayğac quraşdırılmışdır. 2.986 ədəd qüsurlu sayğac yenisi ilə əvəzlənmişdir.

     Zaqatala Reğional Qaz İstismarı İdarəsinin Qəbələ Xidmət Sahəsi il ərzində 21.855 əhali, 303 qeyri-əhali istehlakçılarına xidmət göstərmişdir. İl ərzində istismar müddəti bitmiş 2362 ədəd qaz sayğacı yenisi ilə əvəzlənmiş, fərdi qazlaşmış 616, “Azəriqaz İB”-nin sifarişi ilə 1 əhali abonenti və 42 qeyri-əhali abonenti qazla təmin olunmuşdur.

    “Təmiz Qaz” MMC və xidmət sahəsi tərəfindən aşkar olunmuş 5.303 ədəd  sızma aşkar edilmiş və 5.145 sızma ləğv edilmiş, 7 ədəd RDUK çəpərlənmişdir. Kiçik Pirəli kəndində daxili imkanlar hesabına mövcud torpaq yollarda yeni asfalt örtüyün çəkilməsi ilə əlaqədar mövcud yollardan keçən yeraltı qaz xətlərində gələcəkdə baş verə biləcək sızmaların aradan qaldırılması üçün ümumilikdə 102 metr demontaj borularla gilizlər quraşdırılmışdır. Rayon ərazisində sayğacların həyətdən yola çıxarılması üçün müxtəlif diametrli borularla ümumilikdə 202 metr yeni qaz xətti çəkilmişdir. Payız-qış mövsümünə hazırlıqla əlaqədar Nəsimi küçəsində bir ədəd SQTM 500 tipli, 20 yanvar küçəsində bir ədəd SQTM 300 tipli, bir ədəd SQTM 500 tipli, Zarağan kəndində bir ədəd SQTM 500 tipli təzyiq tənzimləyiciləri quraşdırılmış, Zarağan kəndində d57 mm-lik qaz kəmərinin 290 metr hissəsi dayaq üzərinə qaldırılmışdır.

   “Azəriqaz” İB-nin təmir tikinti idarəsi tərəfindən Yemişanlı kəndində 24.000 metr, Zarağan kəndində 710 metr müxtəlif diametrli borularla yeni qaz xətləri çəkilmişdir.

    Rayon ərazisində ümumilikdə 6 nəfər müharibə veteranı və müharibə iştirakçılrının fərdi yaşayış evlərinin qazlaşdırılması üçün müxtəlif diametrli polad borularla 1.255 metr yeni qaz xətti çəkilmiş, həmin kateqoriyadan olan daha 5 nəfərin torpaq sahəsinin qarşısından keçən qaz xətlərinin yeri dəyişdirilmişdir.

      İl ərzində 6 №-li Regional Sukanal idarəsinin Qəbələ Sukanal sahəsi 8.322 əhali, 228 qeyri-əhali abonenti olmaqla cəmi 8.550 abonentə xidmət göstərir. Xidmət göstərilən əhali abonentlərin 8.073-ü, qeyri-əhali abonentlərin 202-si sayğaclaşmışdır. Qəbələ şəhərinin içməli su təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Küsnət su mənbəyində 2 ədəd 8-40-120 markalı nasos dəyişdirilmiş,  hərbi şəhərcikdə  2 ədəd d=100 mm olan siyirtmə yenisi ilə əvəz olunmuşdur. İl ərzində su şəbəkəsində 163 kanalizasiya şəbəkəsində 93 qəza baş vermiş, baş vermiş qəzalar aradan qaldırılmışdır.

      Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələr Kombinatı il ərzində şəhər təsərrüfatına 372,1 min manat, ictimai yaşayış binalarına 88,3 min manat, idarə və müəssisələrə 89,9 min manat, kommersiya obyektlərinə 8,4 min manat və fərdi təsərrüfatlara 5,0 min manat cəmi 563,7 min manat dəyərində təmizlik və digər kommunal xidmətləri göstərmişdir.

      Qəbələ Rayon “10 №-li Yol İstismarı” MMC  tərəfindən rayon ərazisində il ərzində 1799,4min manatlıq  cari təmir və yolların saxlanması işləri görülmüşdür. Yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat, 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə  12,7  milyon manat ayrılmışdır. Avtomobil yolunda su ötürücü borular quraşdırılmış, yeni körpü tikilmiş, torpaq işləri tam yerinə yetirilmiş, əsasın tikilməsi işləri başa çatdırılmışdır. Yolun 16 km hissəsinə asfalt-beton örtük çəkilmişdir.

             Ölkə ərazisində yol infrastrukturunun yenidən qurulması ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Qəbələ rayonunda uzunluğu 5,5 kilometr olan yerli əhəmiyyətli Bunud-Həzrə avtomobil yolunun yenidən qurulması yekunlaşıb. Qeyd edək ki, analoji yenidənqurma işləri Qəbələ rayonu ərazisində Zarağan-Aydınqışlaq (3,8 kilometr), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10,5 kilometr) və Hacıalılı-Şamlı-Tola (6,3 kilometr) avtomobil yollarında asfaltlanma işləri başa çatdırılmışdır. Beləliklə ümumi uzunluğu 26,1 kilometr olan və 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən bu yolların yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

        “Aztelekom” MMC-nin Dağlıq Şirvan regional filialının Qəbələ şöbəsi  şəhər və kənd əhalisinə 572 ədəd telefon çəkilmiş, 523 ədəd internet qoşulması verilmişdir. Hazırda genişzolaqlı internet xidmətindən istifadə edən abunəçilərin sayı 9.869 nəfər təşkil edir. Telefon və internet xidmətinin keyfiyyətinin yüsəldilməsi üçün şəhər və kənd telefon şəbəkəsində 2.250  metr müxtəlif kabellər dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Şəhər telefon şəbəkəsində telefon, internet və digər multimedia xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə GPON texnologiyasının tətbiqinə başlanmışdır. Hal-hazırda şəhərin şimal, cənub və şərq hissələrində rabitə dirəklərinin və optik xətlərin çəkilişi işləri başa çatdırılmış və həmin ərazidə yaşayan 420 abunəçi telefon və 30 mb/s sürətli internet xidməti ilə təmin edilmişlər.Nic qəsəbəsində  EATS-ə 1ədəd akkumulyator batareyası quraşdırılmışdır.Rayonun Vəndam və Bum qəsəbələrinin, Hacıalılı, Böyük Pirəli və Zalam kəndlərinin də GRON texnologiyasına keçidi ilə əlaqədar layihə sənədləri hazırlanmış və yaxın zamanlarda həmin qəsəbə və kəndlərdə işlərə başlanılacaqdır. 

      “Azərpoçt” MMC-nin Poçt Qəbələ filialının tarif gəliri il ərzində  473,3 min manat olmuşdur,  60,4 min manat mənfəət əldə edilmişdir.

      Dövlər Sosial Müdafiə Fondunun 1 saylı Şəki-Zaqatala regional  filialında Qəbələ rayonu üzrə  01 yanvar 2023-cü il  vəziyyətinə 10.000 pensiya işi üzrə 10.045  nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur.  Hesabat dövründə orta aylıq pensiya məbləği  3.024,4 min manat, bir pensiya işi üzrə isə orta aylıq pensiya məbləği 302,44 manat təşkil etmişdir. Hal-hazırda şöbədə əmək pensiyalarından əlavə 9.372 ədəd hərəkətdə olan sosial ödəniş işləri, o cümlədən 5.429 ədəd sosial müavinət 3.943 ədəd təqaüd işi vardır. 01.01.2023-cü il tarixə rayon üzrə 150 nəfər şəhid ailəsinin üzvünə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilməkdədir. 01.10.2020-ci il tarixdən başlayaraq pensiya, müavinət və təqaüdlərin, həmçinin aparatın saxlanılması xərclərinin maliyyələşdirilməsi mərkəzləşdirilmiş qaydada həyata keçirildiyindən, filial tərəfindən maliyyələşmə aparılmamışdır.

        Rayonun yaşayış məntəqələrinin kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün suvarma kanalları 476 min kub/metr lildən,  daşqın və selə qarşı mübarizə məqsədilə 636 min kub/metr çay məcrası daş və qumdan təmizlənmişdir.  851 kub/metr daş-beton bənd təmir edilmişdir.      

        Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli su tələbatının ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin  06.09.2021-ci il tarixli, 2.885 nömrəli sərəncamına əsasən  investisiya xərclərindən  rayonda 4 ədəd (Böyük Əmili, Həzrə, İmamlı və Nohurqışlaq kəndlərində) subartezian quyusunun qazılmasına Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə ümumilikdə 280 min manat ayrılmışdır.Hazırda həmin quyularda qazma işləri başa çatmış, təhvil-təslim üçün sənədləşmə işləri aparılır.

      Azərbaycan Respublikası Prezidentinin 28.10.2019-cu il tarixli Sərəncamına  əsasən Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yeni  yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılmışdır. Obyektin layihə-smeta sənədləri hazırlanmış, torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilmiş, satınalmalar üzrə tender keçirilmişdir. Maliyyə vəsaiti ayrılan kimi tikinti işlərinə başlanacaqdır.

       İl ərzində rayonun Zarağan kəndində 528 şagird yerlik tam orta məktəb binalasında, Qəbələ şəhərində Rəhimov Arif Fazil oğlunun sifarişi ilə tikinti sahəsi 316 kvm olan yanacaqdoldurma məntəqəsində, Hüseynova Reyhanə Nürəddin qızının sifarişi ilə tikinti sahəsi 87 kvm olan mağaza binasında, Mirzəzadə Rüfət Nazim oğlunun sifarişi ilə tikinti sahəsi 277 kvm olan tibb obyektində  tikinti işləri tamamlanmış, Nic qəsəbəsində Heydər Əliyev fondunun sifarişi ilə 240 şagird yerlik 1 saylı, Təhsil Nazirliyinin sifarişi ilə 360 şagird yerlik 4 saylı, Bum qəsəbəsində 624 şagird yerlik 1 saylı, Azərbaycan Respublikasının Baş prokurorluğunun sifarişi ilə Qəbələ Rayon Prokurorluğunun inzibati binasında, Səhiyyə Nazirliyinin sifarişi ilə 160 çarpayılıq Xəstəxana Kompleksində, “Azərişıq” ASC-nin sifarişi ilə Hacıalılı kəndində 2x2.5 MVA 10/110/35/10 kv/luq yarımstansiyanın yenidənqurulması və interaktiv tədris idarəetmə mərkəzində tikinti, quraşdırma və yenidənqurma işləri davam etdirilmişdir.

        Bununla yanaşı özəl sektora aid tikinti obyektlərində Vəndam qəsəbəsində “Vəndam-Azərbaycan Limited” MMC-nin sifarişi ilə turizm və istirahət obyektində, Zarağan kəndində Ağammədov Qəhrəman Sabir oğlunun sifarişi ilə tikinti sahəsi 565 kvm olan ticarət mərkəzində və Böyük Pirəli kəndində İsgəndərov Arif Yavər oğlunun sifarişi ilə tikinti sahəsi 1581 kvm olan tibb obyektində tikinti quraşdırma işləri davam etdirilmişdir.

    “28 may” küçəsində yolun asfalt örtüyünün yenilənməsi ilə bərabər olaraq yol kənarı səkilər tikilmiş və üzərinə 2248,5 m2 asfalt örtük çəkilmişdir.

Qəbələ şəhəri Əlif Hacıyev küçəsi və “28 may” küçələrinin kənarında avtomobillərin parklanması üçün yeni dayanacaqlar hazırlanaraq üzərinə asfalt örtük çəkilmişdir.

     Həmçinin adları aşağıda qeyd edilən küçələrə yeni asfalt örtüyü çəkilmişdir.

     Qəbələ şəhəri:Aqşin Ənvərli küçəsi – 789 m2, Möhsüm Sənani küçəsi – 507 m2, Babək küçəsi – 3424 m2,  Ümnisə Musabəyova küçəsi – 1180 m2, İmadəddin Nəsimi küçəsi – 1740 m2, Həsən Əliyev küçəsi – 2630 m2, Nurəddin Tağızadə küçəsi – 1817 m2, Bəxtiyar Vahabzadə küçəsi – 1844 m2, Rəşid Behbudov küçəsi – 2852 m2, Səttar Bəhlulzadə küçəsi – 2899 m2, Müslüm Maqomayev küçəsi – 2180 m2, Ağamurad İsmayılov küçəsi – 2792 m2, Koroğlu küçəsi – 2870 m2, Zaur Süleymanov küçəsi – 1958 m2, Qara Əhmədov küçəsi – 2428 m2, Vəli Axundov küçəsi – 4199 m2, İsrafil Məmmədov küçəsi – 1300 m2, 28 may küçəsi – 25116 m2

Qəbələ rayon ərazisində 53 tam orta məktəb, 12 ümumi orta məktəb, 3 ibtidai məktəb olmaqla, ümumilikdə 68 orta məktəb və 23 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Qəbələ rayon ümumtəhsil məktəblərində 2022-2023-cü tədris ilində 18234 nəfər şagird, məktəbəqədər təhsil müəssisələrində isə 820 uşaq təhsil alır.

 Qəbələ rayon ümumtəhsil məktəblərində 2022-2023-ci tədris ilinin birinci yarımilində (2022-ci il)  müvəfəqiyyət göstəricisi  -  95 % Keyfiyyət göstəricisi- 75 %.Qəbələ Rayon Təhsil Sektoru rayon ərazisində təhsilin fasiləsizliyini təmin edərək, böyük uğurlara imza atmışdır.

 Ümumi (9 illik) orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların 6 imtahan mərkəzində təşkil olunan buraxılış imtahanında 1504 şagird  iştirak etmiş, onlardan 5 nəfər 270-dən yuxarı bal toplamışdır. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanlarında isə 1100 nəfər imtahan vermişdir ki, onlardan da 5 şagird 280-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmişdir. Həmçinin ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrinə görə 7 nəfər şagirdimiz Prezident təqaüdünə layiq görülmüşdür.

  2022-ci ildə keçirilən respublika fənn olimpiadasının final mərhələsinin nəticələrinə əsasən Qəbələ rayon ümumtəhsil məktəblərindən 4 nəfər şagird uğur qazanıb. Bunlardan 3 nəfəri 2-ci yerə, 1 nəfər isə 3-cü yeriə layiq görülmüşdür.

  2022-2023-cü tədris ilində Qəbələ rayon Uşaq-Gənclər İdman–Şahmat məktəbi və Uşaq-Gənclər İnkişaf Mərkəzi respublika əhəmiyyətli müsabiqələrdə yüksək fəallqla iştirak etmiş, yüksək nəticələr qazanmışlar. Qəbələ rayon Uşaq-Gənclər İdman–Şahmat məktəbi Azərbaycan Şahmat Federasiyasının 12-13 sentyabr 2022-ci il tarixlərində Xan qızı Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş qızlar və qadınlar arasında keçirilən şahmat turnirində 1 nəfər III yer tutmuş, məktəb diplom və  “Ən güclü məktəb” adlı kubokla təltif edilmişdir.

Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən zəfər gününə həsr edilmiş ”Zəfər yolu” adlı müsabiqədə əl işləri nominasiyası üzrə; gobelen üsulu ilə “Vaqifin türbəsi” əl işi ilə 2-ci, bədii oyma üsulu ilə “Xarıbülbül” əl işi ilə 3-cü yerə layiq görülmüş, diplomla təltif edilmişlər. Bundan başqa Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birlikdə keçirdiyi “Fövqəladə Hallar-uşaqların gözü ilə” adlı X ümumrespublika yaradıcılıq müsabiqəsində yumşaq oyuncaq nominasiyası üzrə 2-ci yerə layiq görülmüş və  FHN və ETN tərəfindən diplomlar və hədiyyələrlə təltif edilmişdir.

Qəbələ rayon mədəniyyət müəssisələrində 2022-ci il ərzində bayram, tarixi və anım günləri, maarifləndirici tədbirlər, təqdimat mərasimləri keçirilmişdir.

 Qəbələ RMX PHŞ-da  2022-ci il ərzində xəstələrin sayı 3178 nəfər, cərrahi əməliyyatların sayı 1087, onlardan təcili  173, planlı  914,  keysəriyyə  əməliyyatı  121  olmuşdur. Bu müddət ərzində 934 doğuş baş vermiş, ev doğuşu olmamışdır. Körpə ölümünün sayı (0-1 yaş) 3, 1-5 yaş uşaq ölümü 0,  ölü doğulan 13,  erkən  neonatal  ölüm  olmamışdır.

        2019-cu ilin dekabr ayından bütün dünyanı cənginə alan, 2020-ci ilin fevral ayından isə ölkəmizdə yayılmağa başlayan yeni növ Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 18 yanvar 2021-ci il tarixdən ölkəmizdə, 19 yanvar 2021-ci il tarixdən isə Qəbələ rayonunda başlanmış vaksinasiya prosesi bu gün də davam etdirilir. 19 yanvar 2021-ci il tarixdən 2022-ci ilin sonunadək Qəbələ rayonu üzrə əhalinin 58024 nəfəri vaksinasiya edilib ki, onlardan 54092 nəfərinə hər iki doza, 49942 nəfərə isə vaksinasiyanın gücləndirici dozası olan “ Booster” dozası tətbiq edilmişdir.

 Qəbələ RMX PHŞ-ə xəstə gəlişlərinin sayı 341673 nəfər, EKQ müayinələrinin sayı 16519, stasionar şöbəyə daxil olan xəstələrin sayı 3178 nəfər, aparılmış cərrahiyyə əməliyyatlarının sayı 1087, şüa diaqnostika şöbəsində USM müayinələrinin sayı 7244, kompüter tomoqrafik müayinələrin sayı 1475, rentgen müayinələrin sayı 27119 fizioterapiya və tibbi bərpa şöbəsində prosedurların sayı 16340 olmuşdur. Kliniki laboratoriyada 713204 növ müayinə aparılmışdır.

  Qəbələ Rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilin əvvəlindən yoluxucu xəstəliklərin qarşısının alınması, sanitar profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı sahələr üzrə kompleks tədbirlər həyata keçirmişdir. 2022-ci il ərzində profilaktik peyvəndlərdən hepatit “B”-ə qarşı 920 peyvənd, Göyöskürək, Difteriya və Tetanusa qarşı 806 peyvənd, Qızılça, Parotit, Məxmərəyə qarşı 2014 peyvənd, Polimelitə qarşı 3522 peyvənd, 6 yaşlı uşaqlar arasında Difteriya və Tetanusa əleyhinə 1109 peyvənd, Pk 3522, İPV 1133, HİB 2351, doğumun 4-7 günlərində 946 uşağa BSJ peyvəndi edilmişdir. Aparılmış profilaktik tədbirlərin nəticəsidir ki, son 10 il ərzində  rayonda uşaqlar arasında difteriya, göy öskürək, tetanus, qızılça, parotit, məxmərək kimi idarə oluna bilən yoluxucu xəstəliklər qeydə alınmamışdır.
        Qəbələ rayon Gənclər və İdman İdarəsi tərəfindən cari il ərzində 66 tədbir keçirilmişdir. Bunlardan 40 tədbir gənclərlə iş sahəsini, 26 tədbir isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edir.

 Hesabat dövrü ərzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xətti ilə keçirilən tədbirlərdə bir sıra nailiyyətlər əldə olunmuşdur.

14-16 yanvar 2022-ci il tarixlərdə sambo idman növü üzrə keçirilən ölkə birinciliyi və çempionatında Qismət Məmmədzadə, İbrahim İsayev və Murad Bəşirov III yeri tutmuşlar.

13-16 yanvar 2022-ci il tarixlərdə Bakı şəhərində keçirilən cüdo idman növü üzrə 18 yaşa qədər yeniyetmələr arasında Azərbaycan birinciliyində Tamerlan Cabbarov qızıl medal qazanaraq çempion olmuşdur.

25-27 fevral 2022-ci il tarixlərdə Bakı şəhərində keçirilən cüdo idman növü üzrə U-21 gənclər arasında Azərbaycan birinciliyində Gülşən Bəşirova gümüş medal qazanmışdır.

26-28 fevral tarixində Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə açıq Avropa turnirində İmran Yusifov bürünc medala sahib olmuşdur.

07-13 mart tarixlərdə boks idman növü üzrə yeniyetmələr arasında Bakı şəhərində keçirilən ölkə birinciliyində Devran Qafarov və Ramal Yolçuyev bürünc medal qazanmışdır.

09-10 aprel tarixdə stronqmen idman növü üzrə keçirilən ölkə çempionatında Sənan Şükürov I yeri, 18-22 aprel 2022-ci il tarixlərdə sərbəst güləş idman növü üzrə U-17 (yeniyetmələr arasında) keçirilən ölkə çempionatında isə Fariz Tahirov III yeri tutmuşdur.

03-05 iyun tarixdə MMA, pankration və qrapplinq idman növü üzrə keçirilən ölkə çempionatında Qəbələ idmançılarından Nurməhəmməd Sadıqov və Mətin Muradov II yer, Cəsur Xurşudov III yer tutmuşlar.

06-08 iyunda Bakı şəhərində sərbəst güləş idman növü üzrə U-15 ölkə çempionatında Rəşad Veysəlov I yeri tutmuşdur.

09-11 iyun tarixdə taekvondo idman növü üzrə yeniyetmələr və gənclər arasında keçirilən “Koreya səfiri kuboku” turnirində Toğrul Qafarlı II yerə layiq görülmüşdür.

14-22 iyunda şahmat məsələlərinin əyani həlli üzrə keçirilən Azərbaycan çempionatında Araz Alməmmədov II və Aydan Hüseynzadə III yeri tutmuşdur.

18-19 iyunda idmanın müxtəlif növləri üzrə keçirilən “Qələbə” idman festivalında nərd üzrə Aslan Dəmirov II yerə layiq görülmüşdür.

23-26 iyunda Stronqmen idman növü üzrə keçirilən İPSU Avrasiya çempionatında Sənan Şükürov I yeri tutmuşdur.

09 apreldə Nə? Harda? Nə vaxt? İntelektual oyunu üzrə keçirilən “Qalib Gəncliyimizin Zəfər Kuboku” layihəsinin final mərhələsində Qəbələ komandası II yerə, 28 apreldə keçirilən “Şahin” hərbi-idman oyununun zona birinciliyində komandamız I yerə layiq görülmüşdür.

13 mayda “Sərhəd” hərbi-idman oyununun zona birinciliyində Qəbələ komandası II yeri, “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyində isə komandamız I yeri tutmuşdur.

13-16 oktyabrda Strich Curi və Streetlifting idman növləri üzrə keçirilən Respublika kubokunda Sənan Şükürov I yeri tutmuşdur.

20-24 oktyabr tariixndə Latviyanın paytaxtı Riqada keçirilən yeniyetmə cüdoçular arasında qitə kubokunda Tamerlan Cabbarov gümüş medala sahib olmuşdur.

20-27 noyabr 2022-ci il tarixdə Strongman-StricCurl idman növündə Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən dünya çempionatında 90 kq çəkidə Qəbələ idmançısı Sənan Şükürov I yeri tutmuşdur.

15-22 dekabr 2022-ci il tarixdə gənclər arasında boks idman növü üzrə keçirilən ölkə birinciliyində Ramal Yolçuyev gümüş medal qazanmış və məşqçi-müəllim Ramiz Mirkamalov “ən yaxşı məşqçi” adına layiq görülmüşdür.

            “Qəbələ Olimpiya İdman Kompleksi” MMC öz işini 2022-ci il ərzində idmanın inkişaf etdirilməsi, olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması və s. ilə bağlı fəaliyyət istiqamətləri üzrə təşkil etmişdir. Hesabat dövrü ərzində kompleksin xidmətlərindən 1582 nəfər istifadə edmişdir.

            Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2022-ci ildə ( 2021-2022-ci il tədris ilində) 816 nəfər tələbə təhsil almışdır. Tədris ilini bitirən məzunların sayı 291 nəfər, keçid qruplarında tələbələrin sayı 289 nəfər olmuş, Mərkəzi tam orta təhsil almaqla 45 tələbə bitirmişdir.
             Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin regiondakı fəaliyyət imkanlarından Milli QHT-lər faydalanmışlar. Mərkəzlə 2022-ci il ərzində 23 milli QHT əməkdaşlıq edərək vətəndaş cəmiyyətinin inkişafına xidmət edən layihələr həyata keçirmişlər.
            Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində ehtiyacı olan şəxslərlə aktiv terapiya məşğələsi, psixoloji konsultasiya, inkişafetdirici,  loqopedik, dil , rəqs məşğələləri və s. xidmətlər göstərilmişdir.

  2022-ci il ərzində Qəbələ Rayon İcra Hakimiyyəti başçısı aparatına daxil olan bütün müraciətlərə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılaraq icrasına ciddi nəzarət olunmuşdur.

Bu müddət ərzində rayon icra hakimiyyətinə ümumilikdə 1643 müraciət daxil olmuşdur. Onlardan 307-i Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, 9-u Azərbaycan Respublikasının Milli Məclisinə, 14-ü Nazirlər Kabinetinə, 13-ü Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman), 4-ü Azərbaycan Respublikasının Baş Prokurorluğuna, 55-i digər təşkilatlara, 1258-i isə birbaşa vətəndaşlar tərəfindən rayon icra hakimiyyətinə ünvanlanmışdır. 

Daxil olan müraciətlər əsasən fərdi yaşayış evlərinin tikintisinə razılığın verilməsi, ictimai işlə təmin olunma, ünvanlı dövlət sosial yardımın təyin olunması, mənzillə təmin olunma, birdəfəlik maddi yardımın göstərilməsi, kənd təsərrüfatı üçün torpaq sahəsinin ayrılması, fərdi yaşayış evlərinin təmirinə və tikintisinə köməklik göstərilməsi, içməli və suvarma suyunun verilməsi, həyətyanı torpaq sahələrinin ayrılması, kənd və kəndarası yolların təmiri, odun yanacağının verilməsi, fərdi yaşayış evlərinin qazlaşdırlıması, elektrik xətlərinin yenilənməsi və digər məsələlərlə bağlı olmuşdur.  

 

Keçidlər