Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

2024-cü ilin hesabatı

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının 2024–cü ildə Qəbələ rayonunun sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda  duran vəzifələrə dair hesabatı

2024-cü il ərzində fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən iqtisadiyyatın əsas sahələri (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət və nəqliyyat vasitələrinin təmiri) üzrə məhsul buraxılışı və xidmətlərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,5 faiz artaraq 452.730,3 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən həcmi  3.104,0  manat  təşkil etmişdir.

Hesabat dövründə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə151.783,2 min manatlıq və ya ümumi məhsulun (33,5 faiz), ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 94.241,4 min manatlıq (20,8 faiz), tikinti sahəsində 54.362,2 min manatlıq (12,0 faiz), sənaye sahəsində 141.340,6 min manatlıq (31,2 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 7.293,3 min manatlıq (1,6 faiz), informasiya və rabitə xidmətləri sahəsində 3.709,6 min manatlıq (0,9 faiz) məhsul istehsal edilmişdir.

Məhsul və xidmətlərin 76,8 faizi istehsal sahələrinin, 23,2 faizi isə xidmət sahələrinin payına düşmüşdür.

Əsas kapitala yönəlmiş investisiyanın həcmi 61.818,2 min manat, tikinti    quraşdırma işlərinin həcmi isə 54.362,2 min manat təşkil etmişdir.           

 İl ərzində açılmış yeni iş yerlərinin sayı 678 olmuşdur ki, hamısı da daimi iş yeridir.

 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialı Qəbələ rayonu üzrə öz fəaliyyətini “Məşğulluq Haqqında” Azərbaycan Respublikası qanununun tələbləri səviyyəsində qurmağa çalışmış, ümumilikdə rayon əhalisinin sosial müdafiəsi sahəsində müəyyən işlərin görülməsinə nail olmuşdur.

Fəaliyyətin mütəşəkkilliyini artırmaq məqsədi ilə reklam və informasiya işlərinin inkişaf etdirilməsinə də diqqət ayrılmışdır. Belə ki, Filialın yerləşdiyi binada reklam və informasiya guşəsi yaradılmış və burada idarə və müəssisələrdən olan boş iş yerləri, Filialın nəzdində yaradılması nəzərdə tutulan peşə kursları və digər məlumatlar əks etdirilmişdir.

Əhalinin məşğulluğunu təmin etmək sahəsindəki işlərin səmərəliyini artırmaq məqsədi ilə geniş tədbirlər planı tərtib edilmiş və burada aktual məsələlərin əhatə edilməsinə diqqət yetirilmişdir.

Rayonun yerli gəlirləri ilin yekunlarına görə 25.700,0 min manat proqnoza qarşı 32.986,5 min manat (128,4 %) və ya 7.286,5 min manat çox, o cümlədən: “Avtomobil yolları” Məqsədli Büdcə fonduna aid olan məbləği 22,0 min manat proqnoza qarşı 13,5 min manat (61,3 %) və ya 8,5 min manat az yerinə yetirilmişdir. Yerli gəlirlərə aid olan məbləğ 7.493,0 min manat proqnoza qarşı 9.261,5 min manat (128,4 %) və ya 2.128,5 min manat çox, gəlirlərin yerli xərclərdan artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsi 18.185,0 min manat proqnoza qarşı 23.351,5  min  manat (128,4 % ) və ya 5.166,5 min manat  çox, yerli xərcləri 7.493,0 min manat proqnoza qarşı 6.662,0 min manat (88,9%) və ya 831,0 min manat az icra olunmuşdur. 

Yerli gəlirlər üzrə proqnozlaşdırılmış 11 növ gəlirdən 3 növ vergi üzrə proqnoz tapşırıq kəsrlə yerinə yetirilərək qeyd olunan gəlirlər üzrə büdcəyə 82,7 min manat az vəsait daxil olmuşdur. Digər 8 növ gəlirlər üzrə  2.211,2 min manat çox vəsait daxil olaraq rayonun gəlirləri ümumilikdə 2.128,5 min manat çox yerinə yetirilmişdir.

Yerli gəlirlər üzrə ümumilikdə daxil olmuş 32.986,5 min manat vəsitdən 9.621,5 min manatı rayonun yerli gəlirlərinə, 13,5 min manatı qanunamüvafiq qaydada “Avtomobil yolları” Məqsədli Büdcə Fonduna, 23.351,5 min manatı isə mərkəzləşdirilmiş gəlirlərə aid edilmişdir.

Yerli büdcənin hesabında  və  təşkilatların  ayrı-ayrı xərc maddələri  üzrə  limit  qalığında  01 yanvar 2025-ci il tarixə 2.959,5  min manat vəsait qalığı yaranmışdır.

Əsas bolmələrə aid edilməyən xidmətlər bölməsi üzrə il üçün büdcədənkənar vəsaitlər üzrə icmal xərclər smetası 952,7 min manat proqnoza qarşı 950,9 min manat (99,8 %) və ya 1,8 min manat az icra olunmuşdur.    

Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri  ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.

İl ərzində  10 kV-luq hava xəttinin 20,2 km məsafəsində əsaslı və cari təmir işləri aparılmışdır. 10 kV-luq hava xəttinin Bum qəsəbə, Dizaxlı, Tüntül, Böyük Pirəli, Laza , Zalam və Bayramkoxalı kəndləri ərazisində elektrik verilişi hava xətlərində 210 ədəd fiziki köhnəlmiş ağac dayaq dəmir-beton və metal dayaqlarla əvəz edilmiş, 12.000 metr məsafədə istismara yararsız, fiziki köhnəlmiş naqillər  AS-50 və AS-35 markalı naqillərlə əvəz edilmişdir.  10/0,4 kV-luq transformator yarımstansiyalarında TTQ və EQQQ qaydalarına əsasən 26 ədəd 250 A-lik, 21 ədəd 400 A-lik ayırıcı quraşdırılmışdır. Qəbələ Paylayıcı Şəbəkə Sahəsinin xidməti ərazisində 23,8 km məsafədə 0,4 kV-luq fiziki köhnəlmiş açıq naqillər 0,4 kV-luq ÖDİN (özünü daşıyan izolyasiyalı) naqillərlə əvəz edilmiş, 540 ədəd ağac dayaq  dəmir-beton və metal dayaqlarla əvəz edilmiş, 120 ədəd transformator yarımstansiyasının  qoruq zonası alaq və yabanı otlardan təmizlənmiş, 40,2 km məsafədə 0,4 kV-luq hava xəttinin trassasında ağac kütlələrdən təmizlənmə işləri aparılmışdır. 21 ədəd  transformator yarımstansiyasının 0,4 kV-luq çıxışında zədəli kabellər yenisi ilə əvəz edilmişdir. Əhali və qeyri əhali sektorunda 256 ədəd yeni, 47 ədəd 3 fazalı sayğac quraşdırılmış, 2316 ədəd qüsurlu sayğac yenisi ilə əvəzlənmişdir.

Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ Xidmət Sahəsi il ərzində 23.273 əhali, 379 qeyri-əhali istehlakçılarına xidmət göstərmişdir. İl ərzində istismar müddəti bitmiş 3.496 ədəd qaz sayğacı yenisi ilə əvəzlənmiş, sayğaclarda və qaz xətlərində aşkar edilmiş 1.581 ədəd  sızma ləğv edilmiş, yeni qeydiyyata alınmış 632 ədəd yeni sayğac quraşdırılmışdır. Müxtəlif diametrli qaz xətlərinin 500 metr hissəsi dayaq üzərinə qaldırılmış, 2 ədəd D80 mm-lik, 1 ədəd D100 mm-lik, 1 ədəd D50 mm-lik siyirtmə, 1 ədəd RDUK 100, 1 ədəd ŞQTM 300, 1 ədəd ŞQTM 500 quraşdırılmışdır. Qəbələ şəhəri ərazisində bir nəfər şəhid ailəsinin və Böyük Əmili kəndində bir nəfər müharibə iştirakçısının torpaq sahəsınin qarşısından keçən qaz xəttinin üzərində qapı keçidi quraşdırılmışdır. Üç nəfər şəhid ailəsinin və doqquz nəfər müharibə veteranının fərdi yaşayış evləri qazlaşdırılmışdır.O cümlədən yeni qeydiyyata alınmış 538 abonentin qaz xətti qoşulub, yol kənarı qaz xətlərinin 6.820 metr hissəsinin üzəri kol-kosdan təmizlənib, həyətlərdə yerləşən 299 ədəd qaz sayğacı həyətdən küçəyə çıxarılmışdır. Bir şəhid ailəsinə, məxsus torpaq sahəsinin qarşısından keçən qaz xəttinin yeri dəyişdirilmişdir. Azəriqaz İstehsalat Birliyinin Təmir Tikinti İdarəsi tərəfindən Zarağan kəndində 14.152 metr, Aydınqışlaq kəndində 1.036 metr qaz xətti çəkilmişdir.

İl  ərzində 6 №-li Regional Sukanal idarəsinin Qəbələ Sukanal sahəsi 8.678 əhali, 264 qeyri-əhali abonenti olmaqla cəmi 8.942 abonentə xidmət göstərmişdir. Xidmət göstərilən 8.554 əhali, 245 qeyri-əhali abonent sayğaclaşmışdır. Su şəbəkəsində 74, kanalizasiya şəbəkəsində 64 qəza baş vermiş, baş vermiş qəzalar aradan qaldırılmışdır.Texniki şərt əsasında müraciət etmiş 64 abonentə su xətti çəkilmiş və abonent bazasında kod açılmışdır.

Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələr Kombinatı il ərzində şəhər təsərrüfatına 444,3 min manat, ictimai yaşayış binalarına 92,0 min manat, idarə və müəssisələrə 107,1 min manat, kommersiya obyektlərinə 4,5 min manat və fərdi təsərrüfatlara 2,6 min manat cəmi 650,5 min manat dəyərində təmizlik və digər kommunal xidmətləri göstərmişdir.

Qəbələ Rayon “10 №-li Yol İstismarı” MMC  tərəfindən rayon ərazisində il ərzində 3318,0 min manatlıq  cari təmir və yolların saxlanması işləri görülmüşdür. Respublika və yerli əhəmiyyətli avtomobil yollarında körpü məhəccərlərinin, bardur daşlarının və təkər dəfedicilərinin rənglənməsi işləri, sel suları nəticəsində dağılmış çınqıl örtüklü yolların və su ötrücü boruların təmiri, respublika əhəmiyyətli yollarda çökmüş çiyinlərin təmiri və s. işlər yerinə yetirilmişdir.

Dövlər Sosial Müdafiə Fondunun 1 saylı Şəki-Zaqatala regional  filialında Qəbələ rayonu üzrə  01 yanvar 2025-ci il  vəziyyətinə 10.092 pensiya işi üzrə 10.142 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur.  Hesabat dövründə orta aylıq pensiya məbləği  3.872,4 min manat, bir pensiya işi üzrə isə orta aylıq pensiya məbləği 383,71 manat təşkil etmişdir. Hal-hazırda şöbədə əmək pensiyalarından əlavə 10.135 ədəd hərəkətdə olan sosial ödəniş işləri, o cümlədən 5.945 ədəd sosial müavinət 4.190 ədəd təqaüd işi vardır. 01.01.2025-ci il tarixə rayon üzrə 162 nəfər şəhid ailəsinin üzvünə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilməkdədir. Rayon üzrə elektron qaydada təyin olunmuş 248 ədəd hərəkətdə olan ünvanlı sosial yardım işi mövcuddur. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respulikası Prezidentinin 25.02.2019-cu il tarixli Sərəncamına müvafiq olaraq, 01.01.2025-ci il vəziyyətinə 619 nəfər birinci qrup əlilə və 624 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərə qulluq edən şəxslərə 100 manat, 1.892 nəfər müharibə iştirakçısına 80 manat, 1 nəfər Milli qəhrəmanın 4 nəfər ailə üzvünə 1.800 manat, 1 nəfər Vətən müharibəsi qəhrəmanının 4 nəfər ailə üzvünə isə 2.000 manat məbləğində Prezident təqaüdü ödənilməkdədir.

Rayonun yaşayış məntəqələrinin kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün suvarma kanalları 379 min kub/metr lildən, daşqın və selə qarşı mübarizə məqsədilə 306 min kub/metr çay məcrası daş və qumdan təmizlənmişdir. 250  kub/metr daş-beton bənd təmir edilmiş, 75 kub/metr qabion bənd vurulmuşdur. Yengicə su anbarında tikinti işləri davam etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il aprelin 9-da Qəbələ rayonuna səfəri zamanı bir sıra obyektlərin açılışında iştirak edib. Həmin gün ölkə başçısı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışını edib. Qəbələ elektrik şəbəkəsi ümumilikdə 31 min 502 abonenti əhatə edir. Yenidənqurma işləri çərçivəsində Qəbələ şəhərinin, 2 qəsəbənin və 13 kəndin elektrik təsərrüfatı yenilənib. İstehlakçıların elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi məqsədilə 110/35/10 kV-luq 26 meqavat-amperlik (MVA) “Hacıalılı” yarımstansiyasının gücü 41 MVA-ya çatdırılmaqla müasir tələblərə uyğun yenidən tikilib. “Hacıalılı” elektrik yarımstansiyasının qarşısında elektromobillər üçün “Azərişıq” tərəfindən iki enerjidoldurma stansiyası inşa olunub. Elektromobil enerjidoldurma stansiyalarının tətbiqi nəticəsində ildə 230 min ton karbohidrogen yanacağına qənaət edilməsi və 239 min ton karbon dioksid emissiyasının azaldılması mümkün olacaq. Yarımstansiyanın ərazisində Regional Təlim Mərkəzi də inşa edilib. Təlim Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. “Yaşıl Enerji” təlim poliqonunda isə Günəş və külək enerji mənbələri, ”Azərişıq” ASC-nin Mobil Yaşıl Enerji Qurğusu layihələri üzrə təlimlər təşkil olunacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla, o cümlədən maqnit rezonans tomoqrafiyası (MRT), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rəqəmsal teleskopik rentgen cihazı və rəqəmsal DR rentgen qurğusu ilə təchiz olunub. Ərazidə əsas korpusla yanaşı, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu Xəstəliklər Korpusu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsi üçün binalar tikilib. Bu cür müasir səhiyyə müəssisəsinin istifadəyə verilməsi yalnız Qəbələ sakinlərinə deyil, bütövlükdə region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan yaradır.

Dövlət başçısı həmin gün Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak edib. Qəbələ rayonunda 17 minə yaxın əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 41 kilometrdir. Yol üzərində bir körpü salınıb, 18 avtodayanacaq yaradılıb. Bu avtomobil yolunun tikintisi əhatə etdiyi 15 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə turizmin və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edir.

Ölkə Prezidenti həmçinin 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında da iştirak edib. Məktəb müasir maddi-texniki avadanlıqlarla tam təchiz edilmişdir. 

Bununla yanaşı özəl sektora aid tikinti obyektlərində Vəndam qəsəbəsində “Vəndam-Azərbaycan Limited” MMC-nin sifarişi ilə turizm və istirahət obyektində, Zarağan kəndində Ağammədov Qəhrəman Sabir oğlunun sifarişi ilə tikinti sahəsi 565 kvm olan ticarət mərkəzində, Böyük Pirəli kəndində İsgəndərov Arif Yavər oğlunun sifarişi ilə tikinti sahəsi 1581 kvm olan tibb obyektində, Qəbələ şəhərində Tahirov Altay Nazim oğlunun sifarişi ilə tikinti sahəsi 549 kvm olan ofis binasında, Musayev Ramin Nurəli oğlunun sifarişi ilə tikinti sahəsi 364,7 kvm olan ticarət obyektində,  Mərdanov Tural Babək oğlunun sifarişi ilə tikinti sahəsi 222,5 kvm olan ticarət obyektində, Əhmədzadə Əli Hikmət oğlunun sifarişi ilə tikinti sahəsi 170 kvm olan ticarət obyektində və Qəribov Rəşad Əlif oğlunun sifarişi ilə tikinti sahəsi 822 kvm olan ticarət obyektində  tikinti quraşdırma işləri davam etdirilmişdir.

 Həmçinin Əhmədzadə Əli Hikmət oğlunun sifarişi ilə tikinti sahəsi 170 kvm olan ticarət obyektində, Qəribov Rəşad Əlif oğlunun sifarışı ilə tikinti sahəsi 420 kvm olan ticarət obyektində, Əhmədzadə Əli Hikmət oğlunun sifarişi ilə tikinti sahəsi 170 kvm olan ticarət obyektində, ”Savalan-Aspi Vayneri” MMC-nin sifarişi ilə tikinti sahəsi 1644 kvm olan “Soyuducu anbar binası”, tikinti sahəsi 966 kvm olan “Şərab sərgi binası” və tikinti sahəsi 615 kvm “Şərab zavodu anbarı” binalarında tikinti işləri başa çatdırılmışdır.

RİH-nin sifarişi ilə Qəbələ şəhərinin Heydər Əliyev prospektində, yol örtüyünün 47000 kvm hissəsi təmir edilərək asfalt örtüyü vurulmuşdur.

Qəbələ rayon ümumtəhsil məktəblərində 2023-2024-ci tədris ilində (2024-cü il)  şagirdlərin sayı - 16563 nəfər olmuşdur. Müvəfəqiyyət göstəricisi  -  99.78 % Keyfiyyət göstəricisi- 65 %.Qəbələ Rayon Təhsil Sektoru rayon ərazisində təhsilin fasiləsizliyini təmin edərək, böyük uğurlara imza atmışdır.

Ümumi (9 illik) orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların 6 imtahan mərkəzində təşkil olunan buraxılış imtahanında 1563 şagird  iştirak etmişdir. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanlarında isə 1206 nəfər imtahan vermişdir ki, onlardan da 3 şagird 270-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmişdir.

2024-cü ilin I yarım ilində  keçirilmiş  Respublika fənn olimpiadasının final mərhələsində iştirak edən 13 şagirddən 3 nəfəri  yüksək nəticə göstərərək olimpiada qalibi ( bir gümüş, iki bürünc) adını qazanmışdır.     

Yarım il ərzində II-X sinif şagirdlərinin iştirakı ilə Kenquru Beynəlxalq  riyaziyyat müsabiqəsinin, VI,VII sinif şagirdlərinin iştirakı ilə Məktəblilərarası fənn müsabiqəsi və V sinif şagirdlərinin iştirakı ilə  Lütvizadə adına riyaziyyat –məntiq olimpiadalarının final turu keçirilmiş və şagirdlərimiz həmin müsabiqələrdə  yüksək fəallıq  nümayiş etdirmişlər. Müsabiqənin keçirilməsində əsas məqsəd riyaziyyat fənninə olan marağın artırılması və istedadlı  şagirdlərin  erkən yaşda müəyyən edilməsidir.

Ümumtəhsil müəssisələrində “20 yanvar” faciəsi ilə bağlı,  Xocalı soyqırımı ilə bağlı,  2 Fevral - Azərbaycan Gəncləri Günü, 8 mart beynəlxalq qadınlar günü, Novruz bayramı, 28 may respublika günü münasibəti ilə   “Müstəqilliyimiz daimidir” “Tək millət iki dövlət” “Biz birlikdə güclüyük” , Zərifə Əliyevanın 101 illiyi münasibəti ilə  “Zərifə Əliyeva-Heç zaman unudulmayan insan” “Böyük azərbaycanlılar” 1 iyun Uşaqların Beynəlxalq Müdfiəsi günü ilə əlaqədar Qəbələ RİH –nin təşkilatçılığı, rayonun bütün idarə və müəssisələrinin iştirakı ilə geniş tədbir keçirilmişdir. Qəbələ rayon ümumi təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər,intelllektual yarışlar, ədəbi-bədii kompozisiyalar, rəsm sərgiləri təşkil olunmuşdur. Keçirilən bütün tədbirlərdə fərqlənən məktəblilər və müəllimlər təhsil sektorunun fəxri fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.       Ulu Öndər  H.Əliyevin 101 illiyi münasibəti ilə bütün ümumitəhsil məktəblərində  “Ulu Öndər – sənin adınla”,”Sən elə bir zirvəsən””Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzularında silsilə tədbirlər; ədəbi-bədii kompozisiyalar, seminarlar, konfranslar, idman yarışları, ekskursiyalar ,gəzintilər təşkil edilmişdir.

Qəbələ rayon mədəniyyət müəssisələrində 2024-cü il ərzində bayram, tarixi və anım günləri, maarifləndirici tədbirlər, təqdimat mərasimləri keçirilmişdir.

Qəbələ RMX PHŞ-da  2024-cü il ərzində xəstələrin sayı 4618 nəfər, cərrahi əməliyyatların sayı 2006, onlardan təcili  241, planlı  1765, keysəriyyə əməliyyatı 194  olmuşdur. Bu müddət ərzində 798 doğuş baş vermişdir. Körpə ölümünün sayı (0-1 yaş) 2, 1-5 yaş uşaq ölümü 1,  ölü doğulan 13,  erkən neonatal ölüm 3 nəfər olmuşdur.

2019-cu ilin dekabr ayından bütün dünyanı cənginə alan, 2020-ci ilin fevral ayından isə ölkəmizdə yayılmağa başlayan yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 18 yanvar 2021-ci il tarixdən ölkəmizdə, 19 yanvar 2021-ci il tarixdən isə Qəbələ rayonunda əhalinin vaksinasiya prosesi başlanılmış ölkə ərazisində olduğu kimi Qəbələ rayonunda da əhalinin vaksinasiya prosesi uğurla davam edir. Qəbələ sakinləri vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib olduğunu nəzərə alaraq xüsusi fəallıq və mütəşəkkillik nümayiş etdirirlər. Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhali üçün əlçatanlığını təmin etdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

19 yanvar 2021-ci il tarixdən 01 yanvar 2025-ci il tarixədək Qəbələ rayonu üzrə əhalinin 58279 nəfəri vaksinasiya edilib ki, onlardan da 54235 nəfərinə hər iki doza, 45674 nəfərə vaksinasiyanın gücləndirici dozası olan “Booster” dozası tətbiq edilmişdir.

Qəbələ RMX PHŞ-ə xəstə gəlişlərinin sayı 317765 nəfər, EKQ müayinələrinin sayı 15892, stasionar şöbəyə daxil olan xəstələrin sayı 4618 nəfər, aparılmış cərrahiyyə əməliyyatlarının sayı 2006, şüa diaqnostika şöbəsində USM müayinələrinin sayı 10239, kompüter tomoqrafik müayinələrin sayı 1980, rentgen müayinələrin sayı 35634, fizioterapiya və tibbi bərpa şöbəsində prosedurların sayı 23173 olmuşdur. Kliniki laboratoriyada 2028614 növ müayinə aparılmışdır.

Qəbələ Rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilin əvvəlindən yoluxucu xəstəliklərin qarşısının alınması, sanitar profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı sahələr üzrə kompleks tədbirlər həyata keçirmişdir. 2024-cü il ərzində profilaktik peyvəndlərdən hepatit “B”-ə qarşı 813 peyvənd, Göyöskürək, Difteriya və Tetanusa qarşı 772 peyvənd, Qızılça, Parotit, Məxmərəyə qarşı 2007 peyvənd, Polimelitə qarşı 2486 peyvənd, 6 yaşlı uşaqlar arasında Difteriya və Tetanusa əleyhinə 1049 peyvənd, Pk 2062, İPV 973, HİB 1266, doğumun 4-7 günlərində 823 uşağa BSJ peyvəndi edilmişdir. Aparılmış profilaktik tədbirlərin nəticəsidir ki, son 10 il ərzində  rayonda uşaqlar arasında difteriya, göy öskürək, tetanus, parotit, məxmərək kimi idarə oluna bilən yoluxucu xəstəliklər qeydə alınmamışdır. Bu ilin aprel ayından başalayaraq respublikanın bir sıra ərazilərində olduğu kimi Qəbələ rayonunda da 277 qızılça xəstəliyi qeydə alınmışdır.

Qəbələ rayon Gənclər və İdman İdarəsi tərəfindən cari il ərzində 69 tədbir keçirilmişdir. Bunlardan 32 tədbir gənclərlə iş sahəsini, 37 tədbir isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edir.

“Qəbələ Olimpiya İdman Kompleksi” MMC öz işini 2024-cü il ərzində idmanın inkişaf etdirilməsi, olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması və s. ilə bağlı fəaliyyət istiqamətləri üzrə təşkil etmişdir. Hesabat dövrü ərzində kompleksin xidmətlərindən 1533 nəfər istifadə edmişdir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2024-cü ildə (2023-2024-cü il tədris ilində) 1050 nəfər tələbə təhsil almışdır. Tədris ilini bitirən məzunların sayı 445 nəfər, keçid qruplarında tələbələrin sayı 460 nəfər olmuş, Mərkəzi tam orta təhsil almaqla 235 tələbə bitirmişdir.

Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin regiondakı fəaliyyət imkanlarından Milli QHT-lər faydalanmışlar. Mərkəzlə 2024-cü il ərzində 22 milli QHT əməkdaşlıq edərək vətəndaş cəmiyyətinin inkişafına xidmət edən layihələr həyata keçirmişlər.

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində ehtiyacı olan şəxslərlə aktiv terapiya məşğələsi, psixoloji konsultasiya, inkişafetdirici məşğələ,  loqopedik məşğələ, dil məşğələsi, rəqs məşğələsi və s. xidmətlər göstərilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ilin əvvəlində rayon icra hakimiyyətində “Tədbirlər Planı” təsdiqlənmişdir. “Tədbirlər Planı”na əsasən 2024-cü il ərzində silsilə tədbirlər-konfrans və dəyirmi masalar təşkil edilmiş, məktəblilər və gənclər arasında rəsm, musiqi, bədii qiraət müsabiqələri, idman və intellektual yarışlar, ağacəkmə aksiyaları, ümumrayon iməclikləri keçirilmişdir. Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyinə qarşı mübarizəni gücləndirmək, təmiz iqlim yaradılmasına nail olmaqdan ibarətdir.

 2024-cü il ərzində Qəbələ Rayon İcra Hakimiyyəti başçısı aparatına daxil olan bütün müraciətlərə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılaraq icrasına ciddi nəzarət olunmuşdur.

Ötən il ərzində rayon icra hakimiyyətinə ümumilikdə 2615 müraciət daxil olmuşdur. Onlardan 149-u Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 127-i Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyindən, 4-ü Azərbaycan Respublikasının Milli Məclisindən, 22-i Nazirlər Kabinetindən, 77-si digər təşkilatlardan, 2236-sı isə birbaşa vətəndaşlar tərəfindən rayon icra hakimiyyətinə daxil olmuşdur. 

Müraciətlərin 1759-u həll edilmiş, 68-i qismən təmin edilmiş, 735-nə müvafiq izahat verilmiş, 2-nin icrası Dövlət proqramında nəzərdə tutulub, 2-si əsassız sayılmış, 49-u isə icradadır. O cümlədən 17 müraciət təkrar, 43-ü isə kollektiv müraciət olmuşdur.

Daxil olan müraciətlər əsasən fərdi yaşayış evlərinin tikintisinə razılığın verilməsi, ictimai işlə təmin olunma, ünvanlı dövlət sosial yardımın təyin olunması, mənzillə təmin olunma, birdəfəlik maddi yardımın göstərilməsi, kənd təsərrüfatı üçün torpaq sahəsinin ayrılması, fərdi yaşayış evlərinin təmirinə və tikintisinə köməklik göstərilməsi, içməli və suvarma suyunun verilməsi, həyətyanı torpaq sahəsinin ayrılması, kənd və kəndarası yolların təmiri, fərdi yaşayış evlərinin qazlaşdırlıması və digər məsələlərlə bağlı olmuşdur.

Qəbələ  rayonu ərazisində 13 dekabr 2024-cü il tarixində gündüz saatlarından başlayan və 14-ü gecə saatlarında şiddətlənən güclü külək əsməsi nəticəsində rayonun bır sıra yaşayış məntəqələrində vətəndaşlara məxsus fərdi yaşayış evlərinə ziyan dəymişdir. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə 27 ailəyə 53,8 kub taxta, 36 ailəyə 4124 kv.m dam örtüyü, həmçinin rayonun Mirzəbəyli kəndində yerləşən 12 ailənin yaşadığı 2 mərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilməsi məqsədilə 1.2 kub taxta və 726 kv.m dəmir örtüyü verilmişdir.

Ümumilikdə 2024-cü il ərzində Qəbələ RİH başçısı aparatında 8225 vətəndaş qəbul edilmişdir ki, bundan da 903 nəfəri RİH başçısının qəbulunda iştirak etmişdir.

Həmçinin ötən il ərzində keçirilmiş 44 səyyar görüş-qəbulda 2649 nəfər vətəndaş iştirak etmiş, onlardan 471 nəfər çıxış edərək müxtəlif səpkili təkliflər irəli sürmüşdür.

İrəli sürülən tələblərin və müraciətlərin 136-sı müsbət həll edilmiş, 36-ı ilə bağlı müvafiq izahat verilmiş, 190 nəfərin müraciəti ilə bağlı onların ailə vəziyyətini nəzərə alaraq rayon icra hakimiyyəti tərəfindən maddi yardım edilmiş, 109 məsələnin həlli isə respublikanın digər aidiyyəti təşkilatları tərəfindən icra edilməli olduğuna görə həmin təşkilatlar qarşısında təkliflər qaldırılmışdır. Bunlar əsasən yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, kəndarası yolların asfaltlaşdırılması, elektrik naqillərin və dirəklərinin dəyişdirilməsi, yeni məktəb binalarının, səhiyyə müəssisələrinin tikilməsi, subartezian quyularının qazılması və dağ çaylarında sahilbərkitmə işlərinin aparılması ilə bağlı olmuşdur.

Keçidlər