2025-ci ilin hesabatı
Qəbələ Rayon İcra Hakimiyyəti başçısının 2025–ci ildə Qəbələ rayonunun sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatı
2025-ci il ərzində rayonumuzda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 517462,2 min manatlıq faktiki qiymətlərlə ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 54162,3 min manat, yaxud 11,7% artım olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən həcmi 4703 manat təşkil etmişdir.
Keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə sənayedə, 4138,9 min manat, yaxud 2,9 %, kənd təsərrüfatında 14493,4 min manat, yaxud 9,5 %, tikintidə 28177,9 min manat, yaxud 44,7 %, nəqliyyat və anbar təsərrüfatında 2610,1 min manat, yaxud 35,8 %, informasiya və rabitədə 1264,9 min manat, yaxud 34,1 %, ticarət və nəqliyyat vasitələrinin təmirində 3477,1 min manat, yaxud 3,7%, artım olmuşdur.
Məhsul və xidmətlərin 78,2 faizi istehsal sahələrinin, 21,8 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Əsas kapitala yönəldilmiş investisiyanın həcmi 94439,8 min manat, tikinti quraşdırma işlərinin həcmi 91164,5 min manat təşkil etmişdir.
Hesabat dövrü ərzində yeni açılmış daimi iş yerlərinin sayı 812 olmuşdur.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialı Qəbələ rayonu üzrə öz fəaliyyətini “Məşğulluq Haqqında” Azərbaycan Respublikası qanununun tələbləri səviyyəsində qurmağa çalışmış, ümumilikdə rayon əhalisinin sosial müdafiəsi sahəsində müəyyən işlərin görülməsinə nail olmuşdur.
Fəaliyyətin mütəşəkkilliyini artırmaq məqsədi ilə reklam və informasiya işlərinin inkişaf etdirilməsinə də diqqət ayrılmışdır. Belə ki, Filialın yerləşdiyi binada reklam və informasiya guşəsi yaradılmış və burada idarə və müəssisələrdən olan boş iş yerləri, Filialın nəzdində yaradılması nəzərdə tutulan peşə kursları və digər məlumatlar əks etdirilmişdir.
Əhalinin məşğulluğunu təmin etmək sahəsindəki işlərin səmərəliyini artırmaq məqsədi ilə geniş tədbirlər planı tərtib edilmiş və burada aktual məsələlərin əhatə edilməsinə diqqət yetirilmişdir.
Rayonun yerli gəlirləri 2025-ci ilin yekunlarına görə 29.532.0 min manat proqnoza qarşı 35.356.2 min manat (119,7 %) və ya 5.824,2 min manat çox, o cümlədən: “Avtomobil Yolları” Məqsədli Büdcə fonduna aid olan məbləği 22,0 min manat proqnoza qarşı 6,3 min manat (28,6 %) və ya 15,7 min manat az yerinə yetirilmişdir. Yerli gəlirlərə aid olan məbləğ 7.533,0 min manat proqnoza qarşı 9.057,2 min manat (120,2 %) və ya 1.519,2 min manat çox, yerli xərcləri 7.538,0 min manat proqnoza qarşı 6.557,8 min manat (87,0 %) və ya 980,2 min manat az icra olunmuşdur. Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsi 21.972,0 min manat proqnoza qarşı 26.292,8 min manat (119,7 %) və ya 4.320,8 min manat çox icra olunmuşdur.
Yerli gəlirlər üzrə proqnozlaşdırılmış 11 növ gəlirdən 5 növ vergi üzrə proqnoz tapşırıq kəsrlə yerinə yetirilərək qeyd olunan gəlirlər üzrə büdcəyə 124,0 min manat az vəsait daxil olmuşdur. Digər 6 növ gəlirlər üzrə 1.643,2 min manat çox vəsait daxil olaraq rayonun gəlirləri ümumilikdə 1.519,2 min manat çox yerinə yetirilmişdir.
Yerli gəlirlər üzrə ümumilikdə daxil olmuş 35.356,2 min manat vəsaitdən 9.057,2 min manatı rayonun yerli gəlirlərinə, 6,3 min manatı qanunamüvafiq qaydada “Avtomobil yolları” Məqsədli Büdcə Fonduna, 26.292,8 min manatı isə mərkəzləşdirilmiş gəlirlərə aid edilmişdir.
Yerli büdcənin hesabında və təşkilatların ayrı-ayrı xərc maddələri üzrə limit qalığında 1 yanvar 2026-cı il tarixə 2.499,3 min manat vəsait qalığı yaranmışdır.
Əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə il üçün büdcədənkənar vəsaitlər üzrə icmal xərclər smetası 1945,7 min manat proqnoza qarşı 1929.6 min manat (99,17 %) və ya 16 min manat az icra olunmuşdur.
Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.
İl ərzində 10 kV-luq hava xətlərinin 25 km məsafəsində əsaslı və cari təmir işləri aparılmışdır. 10 kV-luq Bum h//x-nin Qəmərvan kəndi ərazisində hava xətlərində 150 ədəd fiziki köhnəlmiş ağac dayaq dəmir beton və metal dayaqlarla əvəz edilmişdir. 16,5 km.məsafədə SİP-3 kabel xətti çəkilmişdir. 10 kV-luq Pirəlli h/x-də, Vəndam-2 h/x-də, Şəhər-3,4 və 6 h/x-də , Nic h/x-də, Nohurqışlaq h/x-də 312 ədəd yeni dayaq quraşdırılmış, 58 ədəd mufti quraşdırılmışdır. 10 kV-luq EVHX-nin trassasında 197.2 km. budama işləri aparılmışdır. 10/0,4 kV-luq transfoprmator yarımstansiyasının TTQ və EQQQ qaydalarına əsasən 28 ədəd 250 A-lik, 12 ədəd 400 A-lik ayrıcı quraşdırılmışdır. Qəbələ EŞ-nin xidməti ərazisində 46,8 km.məsafədə 0,4 kV-luq fiziki köhnəlmiş naqillər 0,4 kV-luq ÖDİN (özünü daşıyan izolyasiyalı) naqillərlə əvəz edilmiş, 647 ədəd ağac dayaq dəmir-beton və metal dayaqlarla əvəz edilmiş, 112 ədəd transformator yarımstansiyasının qoruq zonası alaq və yabanı otlardan təmizlənmiş, 104 km məsafədə 0,4 kV-luq hava xəttinin trassasında ağac kütlələrdən təmizlənmə işləri aparılmışdır. 28 ədəd transformator yarımstansiyasının 0,4 kV-luq çıxışında zədəli kabellər yenisi ilə əvəz edilmişdir. Qəbələ EŞ-nin xidməti ərazisində əhali və qeyri əhali sektorunda 1785 ədəd yeni, 26 ədəd 3 fazlı sayğac quraşdırılmışdır.
Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ Xidmət Sahəsi il ərzində 23.611 əhali, 401 qeyri-əhali istehlakçılarına xidmət göstərmişdir. İl ərzində istismar müddəti bitmiş 3.349 ədəd qaz sayğacı yenisi ilə əvəzlənmiş, sayğaclarda və qaz xətlərində aşkar edilmiş 2.320 ədəd sızma ləğv edilmiş, yeni qeydiyyata alınmış 398 ədəd yeni sayğac quraşdırılmışdır. Yeni qeydiyyata alınmış 405 abonentin və təbii qaza olan borcunu ödəmiş 110 abonentin qaz xətti qoşulub, 128 ədəd sayğac həyətdən küçəyə çıxarılmış, yol kənarı qaz xəttlərinin 7300 metr hissəsinin üzəri kol- kosdan təmizlənmiş, sızmaların ləğvi və əymə üsuluna keçid zamanı 715 ədəd yarasız qaz kranı və sızmaların ləğvi zamanı 120 ədəd yararsız qaz tənzimləyici yenisi ilə əvəz olunmuşdur. Xidmət sahəsi ərazisində 889 ədəd sayğacdan əvvəlki yivli birləşmələri ləğv olunaraq əymə üsulu ilə quraşdırılmışdır. 104 xidmətinə gələn çağrılara əsasən 84 ədəd sayğac əvəz olunmuşdur. Qəbələ rayonu Yemişanlı kəndində müharibə veteranı Şəfiyev Şükrana məxsus fərdi yaşayış evi qazlaşdırılmışdır. Qəmərvan kəndi ərazisində yaşayan I (birinci) qrup əlil Osmanov Elsevər Məhəmmədiyə oğluna məxsus qeyri-yaşayış sahəsinin qarşısından keçən D108mm-lik yeraltı orta təzyiqli qaz xəttinin yeri dəyişdirilib, Tünütül kəndində şəhid ailəsi Yunusov İmrana məxsus fərdi yaşayış evi qazlaşdırılmışdır, Nohurqışlaq kəndində müharibə veteranı Mehdiyev Elvinə məxsus torpaq sahəsinin qarşısından keçən D108 mm- lik orta təzyiqli qaz xəttinin üzərində qapı keçidi quraşdırılmış, həmçinin fərdi yaşayış evi qazlaşdırılmışdır.
Rayonun içməli su tələbatının yaxşılaşdırılması məqsədilə Pastar məhəlləsi adlanan ərazidə yerləşən 2 nömrəli anbarın həyətində və Küsnət kəndi ərazisində yerləşən anbara xidmət göstərən subartezian quyusu əsaslı təmir olunmuşdur.
Rayonun yaşayış məntəqələrinin kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün suvarma kanalları 327 min kub metr lildən, daşqın və selə qarşı mübarizə məqsədilə 365 min kub metr çay məcrası daş və qumdan təmizlənmişdir. 75 kub metr qabion bəndlər və Dəmiraparan çay ərazisində 260 m daş beton bənd tikilərək istismara verilmişdir. Həmzəli kəndini sel sularından mühafizə məqsədilə 100 pm daş beton bəndin əsaslı təmirinə başlanmışdır.
Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələr Kombinatı il ərzində şəhər təsərrüfatına 461,3 min manat, ictimai yaşayış binalarına 100,5 min manat, idarə və müəssisələrə 111,5 min manat, kommersiya obyektlərinə 3,8 min manat və fərdi təsərrüfatlara 1.3 min manat cəmi 678.4 min manat dəyərində təmizlik və digər kommunal xidmətləri göstərmişdir.
Qəbələ Rayon “10 №-li Yol İstismarı” MMC tərəfindən rayon ərazisində il ərzində 1279.1 min manatlıq cari təmir və yolların saxlanması işləri görülmüşdür. Respublika və yerli əhəmiyyətli avtomobil yollarında körpü məhəccərlərinin, bardur daşlarının və təkər dəfedicilərinin rənglənməsi işləri, sel suları nəticəsində dağılmış çınqıl örtüklü yolların və su ötrücü boruların təmiri, respublika əhəmiyyətli yollarda çökmüş çiyinlərin təmiri və s. işlər yerinə yetirilmişdir.
Dövlər Sosial Müdafiə Fondunun 1 saylı Şəki-Zaqatala regional filialında Qəbələ rayonu üzrə 01 yanvar 2026-cı il vəziyyətinə Qəbələ rayonu üzrə orta aylıq pensiya məbləği 4178,4 min manat, bir pensiya işi üzrə isə orta aylıq pensiya məbləği 414.81 manat təşkil etmişdir. Hal-hazırda şöbədə əmək pensiyalarından əlavə 10.390 ədəd hərəkətdə olan sosial ödəniş işləri, o cümlədən 6.187 ədəd sosial müavinət 4.203 ədəd təqaüd işi vardır. 01.01.2026-cı il tarixə rayon üzrə 158 şəhid ailəsinin üzvünə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilməkdədir. Rayon üzrə elektron qaydada təyin olunmuş 259 ədəd hərəkətdə olan ünvanlı sosial yardım işi mövcuddur. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respulikası Prezidentinin 25.02.2019-cu il tarixli Sərəncamına müvafiq olaraq, 01.01.2026-cı il vəziyyətinə 639 nəfər birinci qrup əlilə və 608 nəfər 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxlərsə 120.00 manat, 1871 nəfər müharibə iştirakçısına 80.00 manat, 1 nəfər Milli qəhrəmanın 4 nəfər ailə üzvünə 2000 manat, 1 nəfər Vətən müharibəsi qəhrəmanının 4 nəfər ailə üzvünə isə 2200 manat məbləğində aylıq Prezident təqaüdü təyin olunaraq ödənilməkdədir.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli sərəncamına əsasən rayon üzrə ünvanlı sosial yardım alan 259 ailəyə 200 manat məbləğində birdəfəlik maddi yardım ödənilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin Azərbaycanda “Kostitutsiya və Suverenlik ili” elan edilməsi ilə əlaqədar ilin əvvəlində rayon icra hakimiyyətində təsdiqlənmiş “Tədbirlər Planı”na əsasən il ərzində silsilə tədbirlər-konfrans və dəyirmi masalar təşkil edilmiş, məktəblilər və gənclər arasında rəsm, musiqi, bədii qiraət müsabiqələri, idman və intellektual yarışlar, həmçinin ağacəkmə aksiyaları, ümumrayon iməcilikləri keçirilmişdir.
Bu gün Qəbələ nəinki ölkəmizdə, həmçinin beynəlxalq aləmdə multikulturalizm, tolerantlıqla yanaşı, həm də mədəniyyət və turizm mərkəzi kimi tanınmaqdadır. Qəbələ ölkə və beynəlxalq miqyaslı tədbirlərə, dünya siyasətçilərinin iştirakı ilə keçirilən zirvə görüşlərinə, sammitlər, forumlar, beynəlxalq idman yarışları, incəsənət sərgiləri və digər tədbirlərə ev sahibliyi edir. Ötən ilin ən yadda qalan hadisəsi 6-7 oktyabr tarixlərində Qəbələnin tarixi bir tədbirə - Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşünə ev sahibliyi etməsi olmuşdur. Təbiətin qoynunda, Qafqaz dağların ətəyində yerləşən və Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə Türk dünyasının gələcəyini müzakirə edən 8 dövlətin liderlərinin bir araya gəlməsi həm rəmzi, həm də strateji seçim idi.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən ənənəvi Qəbələ Beynəlxalq Musiqi Festivalının Qəbələnin bütün dünyada tanınmasında böyük rolu olmuşdur. 2025-ci ilin fevralında ilk dəfə keçirilən “Qış Nağılı” Beynəlxalq Musiqi Festivalı, may ayında təşkil edilən “Essenso” Lavanda Festivalı və iyul ayında keçirilmiş XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı istər Qəbələ sakinləri, istərsə də rayonumuzun yerli və əcnəbi qonaqları tərəfindən çox böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.
Qəbələ rayonu 2025-ci il üçün Azərbaycanda “İdman Paytaxtı”, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında isə “Gənclər Paytaxtı” seçilmişdir. Bu layihələr çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Qəbələ RİH-nin birgə təşkilatçılığı ilə “Qəbələ - İdman Paytaxtı 2025” layihəsinin açılış mərasimi, 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar təntənəli idman tədbiri, “Qəbələ-Xankəndi-2025” Ultramarafon yarışı, IV İdman Festivalı, “Prezident kuboku” uğrunda marafon yarışı keçirilmiş və “Qəbələ - MDB-də Gənclər paytaxtı - 2025” layihəsi çərçivəsində beynəlxalq proqramın təntənəli şəkildə açılış mərasimi təşkil edilmişdir.
28 sentyabr – 08 oktyabr tarixlərində ölkəmizdə keçirilmiş “III MDB oyunları” çərçivəsində Qəbələ rayonu stolüstü tennis, futbol, badminton və stent atıcılığı üzrə yarışlara ev sahibliyi etmişdir.
2025-ci il ərzində Yengicə su anbarında, Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər idarəsinin yeni inzibati binasında, Aquapark İstirahət Kompleksi və Aquapark Hotel kompleksində tikinti işləri davam etdirilmiş, alkoqollu və alkoqolsuz içkilərin istehsalı müəssisəsinin və beşmərtəbəli 42 mənzilli yaşayış binasının tikintisinə və Duruca yaşayış məntəqəsində “Turistik kənd” layihəsi çərçivəsində işlərə başlanılmışdır. Ötən il ərzində şəhərin prospekt və küçələrinə 86.884 kv.m asfalt örtük vurulmuş, şəhərin Heydər Əliyev prospektində yaşayış binalarının qarşısında və həmin prospektin kənarında yerləşən park əsaslı təmir olunmuş, beşmərtəbəli yaşayış binalarının fasadları müasir görünüşə uyğun olaraq yeni üzlük materialları ilə təmir edilmişdir.
Rayonun ümumtəhsil məktəblərində 2024-2025-ci tədris ilində şagirdlərin sayı - 18072 nəfər, müvəfəqiyyət göstəricisi - 98%, keyfiyyət göstəricisi- 64 % olmuşdur.
Tədris ilində keçirilmiş Respublika fənn olimpiadasının final mərhələsində şagirdlərimiz bir qızıl, iki bürünc medal qazanmışdır.
İl ərzində II-X sinif şagirdlərinin iştirakı ilə Beynəlxalq riyaziyyat müsabiqəsinin, VI,VII sinif şagirdlərinin iştirakı ilə Məktəblilərarası fənn müsabiqəsinin və V sinif şagirdlərinin iştirakı ilə keçirilən Lütvizadə adına riyaziyyat – məntiq olimpiadasının final turunda şagirdlərimiz yüksək fəallıq nümayiş etdirmişlər.
Ümummilli Lider H.Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilən “H.Əliyev məktəblilərin gözü ilə” inşa yazı müsabiqəsinin nəticələrinə görə Nic qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Dallari Milana I yer, Qəbələ şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Süleymanov Hüseyn II yer, Vəndam qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Abdullayeva Ayşən isə III yerə layiq görülmüşdür.
2025-ci il ərzində Uşaq Gənclər İnkişaf Mərkəzinin (UGİM) şagirdləri “Zəfər qurur tarixim” və “Konstitutsiya və suverenlik uşaqların gözü ilə” respublika rəsm müsabiqələrində uğurla çıxış edərək yüksək yerlər qazanmış, “FHN uşaqların gözü ilə” yaradıcılıq müsabiqəsində isə məktəbin 5 nəfər şagirdi yüksək yerlər tutaraq diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Belarus Respublikasının Qrodno şəhərində keçirilən Beynəlxalq turnirdə Uşaq Gənclər İdman və Şahmat Məktəbinin (UGİŞM) sərbəst güləş komandası üzvləri İsmayıl Əlyarov 65 kq, Əhməd Əhmədli isə 70 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür.
2024-2025-ci tədris ilinin yekunlarına görə rayonun ümumtəhsil məktəblərini bitirmiş 1233 nəfər məzundan 1210 nəfəri ali məktəblərə sənəd vermiş, 582 nəfəri tələbə adını qazanmış, onlardan da 30 nəfəri 600-dən yuxarı bal toplamışdır. Məzunları yüksək bal toplayaraq ali məktəblərə qəbul olan məktəblər sırasında Qəbələ şəhər 4, 5 saylı, Vəndam qəsəbə 1 saylı, Həmzəli, Nohurqışlaq kənd tam orta məktəbləri xüsusi olaraq fərqlənmişdir.
Rayonumuzda fəaliyyət göstərən 23 məktəbəqədər təhsil müəssisəsinin mövcud maddi-texniki vəziyyəti, dərslik və tədris avadanlıqları ilə təchiz edilməsi nəzarətdə saxlanılmış, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələri fasiləsiz istilik sistemi və yanacaqla təmin olunmuşdur. İl ərzində rayonun bəzi məktəblərində cari təmir işləri aparılmışdır.
Qəbələ rayonunda fəaliyyət göstərən mədəni-maarif müəssisələrində 2025-ci il ərzində tarixi hadisələr, yubileylər və əlamətdar günlər qeyd olunmuş, bir çox maraqlı mədəni-kütləvi, bədii proqramlar hazırlanmışdır.
Bu gün rayonumuzda fəaliyyət göstərən 7-si 5 ulduzlu olmaqla, 20-dən artıq otel və istirahət mərkəzi bir gündə 3000-ə yaxın turisti qəbul etmək imkanına malikdir.
Ötən il ərzində rayona gələn turistlərin sayı 206925 nəfər olmuşdur ki, onlardan 122867 yerli, 84058 nəfəri isə əcnəbi turistlər olmuşdur. Bu da 2024-cü ilə nəzərən turistlərin sayında artım deməkdir.
Qəbələ RMX PHŞ-da 2025-ci il ərzində xəstələrin sayı 5102 nəfər, cərrahi əməliyyatların sayı 2299, onlardan təcili 222, planlı 2077, keysəriyyə əməliyyatı 233 olmuşdur. Bu müddət ərzində 774 doğuş baş vermişdir. Körpə ölümünün sayı (0-1 yaş) 0, 1-5 yaş uşaq ölümü 5, ölü doğulan 14, erkən neonatal ölüm 5 nəfər olmuşdur.
Qəbələ Rayon Gigiyena və Epidemiologiya Mərkəzində ilin əvvəlindən yoluxucu xəstəliklərin qarşısının alınması, sanitar profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı sahələr üzrə kompleks tədbirlər həyata keçirmişdir. 2025-ci il ərzində profilaktik peyvəndlərdən hepatit “B”-ə qarşı 835 peyvənd, Göyöskürək, Difteriya və Tetanusa qarşı 853 peyvənd, Qızılça, Parotit, Məxmərəyə qarşı 1905 peyvənd, Polimelitə qarşı 1581 peyvənd, 6 yaşlı uşaqlar arasında Difteriya və Tetanus əleyhinə 1282 peyvənd, Pk 2008, İPV 44, HİB 1266, doğumun 4-7 günlərində 845 uşağa BSJ və HEKSA-2204 peyvəndi edilmişdir. İl ərzində məqsədli qrup uşaqlar arasında aparılan aktiv immunizasiya işlərinin nəticəsi olaraq Qəbələ rayonunda cəmi 1 nəfərdə qızılça xəstəliyi qeydə alınmışdır.
Bununla yanaşı şəhərin Mərkəzləşdirilmiş su kəməri sisteminə daxil olan içməli su mənbələrindən, su anbarlarından, stasionar nöqtələrdən 32 su nümunəsi götürülərək Respublika GEM-nin laboratoriyalarına sanitar kimyəvi və bakterioloji müayinə üçün göndərilmiş, 1 nümunə bakterioloji göstəricilərə görə sanitar normalara cavab verməmişdir.
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən Qəbələ rayonunda 2025-ci il ərzində keçirilən 27 tədbirdən 13 tədbir Gənclərlə iş sahəsini, 14 tədbir isə İdman sahəsini əhatə etmişdir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi 2025-2026-cı tədris ili üzrə ümumilikdə 1161 nəfər tələbə ilə tədris ilinə başlamışdır. Onlardan 364 qadın, 797 isə kişi tələbədir.
2025-ci ildə 562 tələbə təhsilini uğurla başa vurmuş, 46 nəfər tələbə isə 3 illik (lisey) qrupları bitirərək diplomla bərabər orta təhsil haqqında attestat da almışdır.
2025-ci ildə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində aktiv terapiya məşğələsi, psixoloji konsultasiya, inkişafetdirici məşğələ, loqopedik məşğələ, dil məşğələsi, rəqs məşğələsi və s. xidmətlər göstərilmişdir. Ümumilikdə müxtəlif xidmət, tədbir və dərnəklərdən 2307 nəfər bəhrələnmişdir.
Mərkəzin əməkdaşları tərəfindən ötən il 118 ailəyə səfər edilmiş, 59 maarifləndirici tədbir keçirilmişdir.
2025-ci il ərzində Qəbələ Rayon İcra Hakimiyyəti başçısı aparatına daxil olan bütün müraciətlərə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılaraq icrasına ciddi nəzarət olunmuşdur.
Ötən il ərzində rayon icra hakimiyyətinə ümumilikdə 3383 ərizə daxil olmuşdur. O cümlədən 124 ərizə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 146 ərizə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyindən, 9 ərizə Milli Məclisdən, 41 ərizə Nazirlər Kabinetindən, 10 ərizə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilindən (Ombudsman), 5 ərizə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsindən, 45 ərizə digər mərkəzi icra hakimiyyəti orqanlarından, 3003 ərizə isə vətəndaşlardan birbaşa daxil olmuşdur.
Müraciətlərin 2389-u həll edilmiş, 112-i qismən təmin edilmiş, 851-nə müvafiq izahat verilmiş, 3-ü əsassız sayılmış, 28-i isə icradadır. O cümlədən 33 müraciət təkrar, 32-i isə kollektiv müraciət olmuşdur.
Daxil olan müraciətlər əsasən fərdi yaşayış evlərinin tikintisinə razılığın verilməsi, fərdi yaşayış evlərinin təmirinə və tikintisinə köməklik göstərilməsi, mənzillə təmin olunma, ictimai işlə təmin olunma, birdəfəlik maddi yardımın göstərilməsi, şəhər ərazisində yerləşən küçələrin, kənd və kəndarası yolların asfaltlaşdırılması, fərdi yaşayış evlərinin qazlaşdırlıması və digər məsələlərlə bağlı olmuşdur.
Ötən il ərzində vətəndaşların qəbulunun həyata keçirilməsi istiqamətində də müvafiq işlər görülmüşdür. Belə ki, 2025-ci il ərzində 593 nəfər vətəndaş rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişdir. Qəbula gələn vətəndaşların müraciəti ilə bağlı lazımi tədbirlər görülmüş, onların tələbləri qanunamüvafiq qaydada həll edilmişdir.
Eləcə də hesabat dövrü ərzində rayon icra hakimiyyəti başçısının 38 səyyar görüş-qəbulu keçirilmişdir. Qəbullarda 2086 nəfər iştirak etmişdir. Onlardan 452 nəfər çıxış edərək müxtəlif təkliflər irəli sürmüşlər. İrəli sürülən tələblərin və müraciətlərin 340-ı müsbət həll edilmiş, 34-ü ilə bağlı müvafiq izahat verilmiş, 80 məsələnin həlli isə respublikanın digər aidiyyəti təşkilatları tərəfindən icra edilməli olduğuna görə həmin təşkilatlar qarşısında təkliflər qaldırılmışdır. Bunlar əsasən yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, kəndarası yolların asfaltlaşdırılması, elektrik naqillərin və dirəklərinin dəyişdirilməsi, yeni məktəb binalarının, səhiyyə müəssisələrinin tikilməsi, subartezian quyularının qazılması və dağ çaylarında sahilbərkitmə işlərinin aparılması ilə bağlı olmuşdur.













