“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan 8 rayonun məktəbliləri Qəbələyə səfər ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, noyabrın 12-də respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə növbəti maarifləndirici tur-aksiyalara start verilib.
Tur-aksiyada iştirak edən Sabirabad, Saatlı, Zərdab, Biləsuvar, Cəbrayıl, Hacıqabul, Kürdəmir və Ucar məktəblilərindən ibarət 8 qrupun üzvləri Qəbələ rayonuna səfər ediblər. Şagirdləri Qəbələ şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri qarşılayıblar. Daha sonra “Qafqaz Karvansaray” və “Qafqaz Yeddi Gözəl” otellərində yüksək səviyyədə qarşılanan və yerləşdirilən şagirdlərə təşkil olunmuş maarifləndirici xarakter daşıyan tur-aksiyanın əhəmiyyəti barədə geniş məlumat verilib. Proqrama uyğun olaraq 8 rayonun orta ümumtəhsil məktəblərini təmsil edən 320 şagirdin və onlara rəhbərlik edən müəllimlərin iştirakı ilə Qəbələ şəhərində “Ölkəmizi tanıyaq” devizi altında ağacəkmə aksiyası keçirilib. Qəbələ rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yaşıllaşdırma aksiyası zamanı məktəblilər 400-dən çox küknar, ağcaqayın və palıd ağacı əkərək onları suvarıblar. Aksiya çərçivəsində məktəblilər rayonun tarixi məkanları, muzeyləri, əyləncə mərkəzləri, istehsal müəssisələri həmçinin turizm sektoru ilə yaxından tanış olublar. Maarifləndirici tur-aksiya davam edir.