"Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar" mövzusunda konfrans keçirilmişdir.
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Yevlax şəhərində Nazirliyin Aran Regional İnkişaf Mərkəzində yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin və sahibkarların iştirakı ilə "Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar" mövzusunda Konfrans təşkil olunub. Konfransda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Yevlax şəhəri İcra Hakimiyyətinin başçısı Qoca Səmədov və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Malena Mardın çıxış etmiş, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, "ASAN Xidmət", "Ərzaq məhsullarının tədarükü və təchizati" ASC, biznes assosiasiyaları, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri və PRİP ekspertlərinin təqdimatları dinlənilmişdir. Tədbir çərçivəsində regionlarda istehsal olunan ixrac yönümlü məhsulların sərgisi təşkil edilib. Konfransda sahibkarlarla kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməsi, keyfiyyətin yüksəldilməsi, ixracın genişləndirilməsi barədə müzakirələr aparılıb. Daha sonra konfrans iştirakçıları regionlarda fəaliyyət göstərən və ixracyönümlü məhsul istehsal edən 50-dən çox şirkətin öz məhsulları ilə təmsil olunduğu sərgi ilə tanış olublar. Sərgidə Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələrindən “Gilan” Qida şəhərciyin tərkibində olan sərinləşdirici içkilər istehsalı və kartof emalı müəssisəsinin, Qəbələ Konserv zavodu MMC-nin, “Aqro kompleks” Qəbələ MMC-nin, “Aqro-Azərinvest” MMC-nin, “Aspi – Aqro” MMC-nin, “Qəbələ Yeyinti məhsulları” MMC-nin və “Azərxalça” ASC-nin Qəbələ filialının istehsal etdikləri məhsullar da nümayiş olunub. Nümayiş olunan yerli məhsullar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.