Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Qəbələ rayon məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarına tur-səfərinə yola salınıblar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil olunmuş “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Qəbələ rayon məktəblilərinin Quba, Qusar, Xaçmaz rayonlarına tur-səfərlərinə yola salınması mərasimi keçirilmişdir. Qəbələ Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan yola salma mərasimində çıxış edən rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri- RİH başçısının müavini Ətayə Osmanova ölkə başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın əhəmiyyətindən söz açmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaları da məhz bu amala xidmət edir. Mərasimdə rayon təhsil şöbəsinin müdiri Oqtay Hacıyev və rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək diqqət çatdırmışlar ki, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Toplantıda Vəndam qəsəbə 1 saylı tam orta məktəbin IX sinif şagirdi Səidə Yaşarlı çıxış edərək qeyd etmişdir ki, “Respublikamızın bir çox bölgəsində olmuşam. Bu tur-aksiyada isə şagird dostlarımla birgə Quba, Qusar və Xaçmaz rayonlarının təbiəti, görməli yerləri ilə tanış olacağıq. Səfər zamanı ölkəmizin tarixi, adət-ənənələri, inkişafı barədə zəngin məlumatlar toplayacağıq. Bunun üçün tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm. Daha sonra tur-aksiya iştirakçıları Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsi önünə tər güllər düzmüşlər. Maarifləndirici tur aksiyanın təşkil olunması üçün rayon icra hakimiyyəti tərəfindən qərargah yaradılaraq qrupa rəhbər təyin olunmuş, şagirdlər üçün xususi geyimlər paylanılmışdır. Yola salma mərasimində iştirak edən valideynlər və məktəblilər ölkə başçısı cənab İlham Əliyevə minnətarlıqlarını ifadə etmişlər. Sonda tur-aksiyada iştirak edəcək şagird və müşayiətçilər onlar üçün ayrılmış xüsusi avtobusla Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yola düşüblər.