Qəbələdə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya başa çatıb.
Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya uğurla başa çatıb. Qəbələ rayonu ilə tanış tur-aksiyada iştirak edən Şirvan, Xızı, Tovuz, Siyəzən, Şabran, İmişli, Göygöl, Füzuli, Xaçmaz, Qusar və Quba məktəblilərindən ibarət 11 qrupun üzvləri noyabrın 20-də Qəbələdən yaşadıqları rayonlara yola düşüblər. Noyabrın 17-20-dək tur-aksiyada iştirak edən məktəblilərə Qəbələ rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri və muzeylərlə tanış olublar. Maarifləndirmə xarakteri daşıyan bu tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm obyektləri, tarixi-mədəni abidələri haqqında məlumat verilib. Yola düşməzdən əvvəl şagirdlər Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə “Qafqaz Karvansaray” otelində keçirilən “Nə? Harada? Nə zaman?” adlı intellektual oyunda iştirak ediblər. Məktəblilərin bilik və bacarıqlarını nümayiş etdirdikləri oyun gərgin mübarizə şəraitində keçib. Ümumilikdə 50-dən çox komandanın iştirak etdiyi oyunun nəticələrinə görə İmişli məktəbliləri 1-ci, Xaçmaz şagirdləri 2-ci, Qusar komandası isə 3-cü yerə layiq görülüb. Qaliblərə kubok, medal və sertifikatlar təqdim olunub. Qəbələ Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin məsul işçiləri tərəfindən yola salınan tur-aksiya iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Məktəblilər Qəbələdən xoş təəssüratlarla ayrılıblar.