Tur-aksiya çərçivəsində Qəbələ rayon məktəblilərinin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaları başa çatıb.
Noyabrın 20-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ rayonunu təmsil edən ümumtəhsil məktəblərinin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası başa çatıb. Ekskursiyanın son günü 40 nəfər maarifləndirici tur-aksiya iştirakçıları Xaçmaz şəhərinin görməli yerləri ilə tanış olub. Tur-aksiya iştirakçılarını Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında rayon icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbələrinin nümayəndələri qarşılayıblar. Məktəblilər burada Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, Xaçmaz geniş turizm imkanlarına görə seçilən rayonlardandır. Həmçinin parklar və muzeylər şəhəri adlandırılan Xaçmaz ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Qonaqlar şəhərdə yeni inşa edilən Heydər Əliyev Mərkəzində də olublar. Şagirdlərin diqqətinə çatdırılıb ki, Heydər Əliyev Mərkəzinin yeni binasının açılış mərasimi Prezident İlham Əliyevin bu ilin sentyabr ayında Xaçmaza səfəri çərçivəsində keçirilib. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Daha sonra məktəblilər Xaçmaz şəhərində Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyinə gəliblər. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verilib. Tur-aksiyanın iştirakçıları Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Məktəblilər Xaçmaz Dövlət Rəsm Qalereyası ilə tanışlıqdan sonra Bayraq Meydanı Kompleksinə gəliblər. Meydan və Çənlibel parkında gəzintidən sonra şagirdlər ekskursiyanı başa vuraraq Qəbələ rayonuna yola düşüblər.