Yerli icma üzvləri ilə daşqınlar zamanı risklərin azaldılması yolları müzakirə olunub.
BMT-nin İnkişaf Proqramı (BMTİP) və Qlobal Ətraf Mühitin Mühafizəsi Fondu (GEF) Fövqəladə Hallar Nazirliyi ilə birgə Qəbələ şəhərindəki “Qafqaz Sport” hotelində daşqınların proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemi üzrə seminar təşkil edib. “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində keçirilən seminarda yerli dağ icmalarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının və tərəfdaş qurumların əməkdaşları, layihənin benefisiarları, yerli və beynəlxalq ekspertlər, icma rəhbərləri və layihə heyəti iştirak edib. Seminarda BMTİP-in strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev, Qəbələ rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov, Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə baş idarəsinin rəis müavini Gündüz Həmzəyev, Beynəlxalq ekspert Xuan Fernandes, David Milton quraqlıq və su çatışmazlığı zamanı kənd təsərrüfatı texnologiyalarının istifadəsinin əhəmiyyəti, bu sahədə meydana çıxan riskləri yumşaltmağa yönələn işlər, “İcma əsaslı erkən xəbərdarlıq sistemlərinin icra inkişafı, icmalarda daşqınlarla bağlı fövqəladə vəziyyətin planlaşdırılması” və Su problemləri və onunla mübarizə mexanizmləri” mövzuları ətrafında çıxışlar ediblər. Seminar zamanı layihə çərçivəsində əldə edilən yeni erkən xəbərdarlıq qurğuları icma üzvlərinə təhvil verilib Sonda tədbir iştirakçılarına və layihədə fəal iştirak edən yerli icma üzvlərinə sertifikatlar verilib.