Rayon icra hakimiyyətində müşavirə.
Qəbələ Rayon İcra Hakimiyyətində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2016-cı təqvim ilinin başa çatması ilə əlaqədar geniş müşavirə keçirildi.
Toplantıya rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, yerli inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri və ictimai birliklərin təmsilçiləri dəvət olunmuşdu.
Müşavirəni rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev açaraq bütün tədbir iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik etdi. Bu bayramın ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlilərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin yaradılması işində mühüm rol oynadığını bildirdi. O, qeyd etdi ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya yaşayan soydaşlarımızın milli birliyinin yaradılmasının əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.
Səbuhi Abdullayev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün xalqımızın birlik simvolu olduğunu və dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlıların arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynadığını diqqətə çatdırdı.
Sonra gündəlikdə duran digər məsələlərə baxıldı.
İclasda ilin yekunu ilə əlaqədar hesabat xarakterli sənədlərin və məlumatların icrasının vaxtında başa çatdırılması, təhsil müəssisələrində, uşaq bağçalarında, tibb məntəqələrində və digər sosial obyektlərdə mövsümi işlərin nəzarətdə saxlanılması, qeyri-iş günlərində xidmət təşkilatlarının gücləndirilmiş iş rejimində çalışması və s. aktual məsələlər ətraflı müzakirə olunmuş, müvafiq tapşırıqlar verilmişdir.
Müşavirəni Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yekunlaşdırmışdır.