Bayram günlərində Qəbələyə 4 minə yaxın turist gəlib.
Qəbələ rayonu coğrafi quruluşuna, paytaxta yaxın olmasına və müasir turizm infrastrukturuna görə nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistləri özünə cəlb edir. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ölkəmizdə 5 gün davam edən bayram tətilində Qəbələnin turizm məkanlarına üz tutan yerli və xarici turistlərin sayı ötən ildəkindən 2 dəfə çox olub. Qarlı dağlarda motorlu xizəklərlə, at və faytonlarla gəzintiyə çıxmaq, kanatla dağlarda gəzmək və buz üstündə xizəklə sürüşmək, meşələrdə heyvan və quş ovlamaq, göllərdə qayıqla gəzmək, balıq tutmaq barədə düşünənlərin arzusu bu günlərdə Qəbələdə gerçəkləşib. Son günlər rayonda əsl bayram ab-havası yaşanıb, bütün otellər, istirahət və əyləncə mərkəzləri turistlərlə dolu olub. Qonaqların istirahətinin mənalı təşkili üçün otellərdə, “Qəbələnd” istirahət və əyləncə mərkəzində yüksək şərait yaradılıb, tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçirilib. Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə yaxından tanış olublar. Burada yerləşən müasir otel və istirahət mərkəzləri bayram günlərində, ümumilikdə, 4 minə yaxın yerli və xarici turistə xidmət göstərib. Qəbələyə üz tutan turistlər təkcə rayon mərkəzini gəzməklə kifayətlənməyib, həm də dağlardakı ucqar kəndlərə gedərək mənzərəli yerlərlə tanış olublar. Bayram günlərində rayona gələnlər arasında yerli turistlər çoxluq təşkil edib. Yeni ili Qəbələdə qarşılayan xarici turistlər arasında Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Hindistan, Rusiya və Pakistandan gələnlər daha çox olub. Rayona gələn əcnəbi turistlər arasında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli artım müşahidə edilib.