Peşə təhsilinə maraq artır.
İlk peşə-ixtisas təhsili təhsil sisteminin əsas istiqamətlərindən biri olmaqla, cəmiyyətin sosial-mədəni və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir, onların ətraf mühitə təsir etmək imkanlarını artırır, insanları yeni bilik və bacarıqlara yiyələnməyə istiqamətləndirir, peşəkar fəaliyyətdə davamlı inkişafa nail olmaqda onlara real köməkliklər göstərir.
Son illər Təhsil Nazirliyinin texniki peşə təhsili sahəsində bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirməsi nəticəsində ölkəmizdə texniki peşə təhsilinin inkişafı ilə bağlı bir sıra mühüm layihələr həyata keçirilmişdir.
Bütün bunların nəticəsində peşə təhsili müəssisələrində iqtisadiyyatın tələblərinə uyğun rəqabət qabiliyyətli, çevik usta və sənətkarların hazırlanması işi aparılmağa başlanmışdır.
Hal-hazırda peşə təhsilinə olan maraq geniş vüsət almışdır. Bunun nəticəsi olaraq Qəbələ rayonunda alman standartlarına uyğun yeni tipli Peşə Tədris Mərkəzinin tikintisi aparılır. Artıq tikintinin əsas mərhələsi başa çatmaq üzrədir. Növbəti tədris ilində məktəbin istismara verilməsi planlaşdırılır. Müasir tikintidə ixtisasların məzmun tələblərinə cavab verən yeni elektrik mantyoru, çilingər, qaynaq, dülgər və digər təmir emalatxanaları yaradılması nəzərdə tutulmuşdur.
Bütün bunlarla yanaşı cari tədris ilinin başlanması ərəfəsində rayon İcra hakimiyyətinin yaxından köməkliyi, Təhsil Nazirliyinin və Alman Texniki Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə məktəbə verilmiş yeni modul tipli ixtisasların təqdimatı olmuşdur. Cari tədris ili üçün məktəbə yeni modul təlim texnologiyası üzrə bitkiçilik mütəxəssisi, heyvandarlıq mütəxəssisi və aqroservis mütəxəssisi qrupları verilmiş, həmçinin qaz avadanlıqlarının təmir və istismarı üzrə çilingər, çilingər-santexnik, kimyəvi-bakterioloji analiz laborantı, bağban, tütün ustası, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru, dərzi ixtisasları üzrə büdcə və ödənişli əsaslarla da şagird qəbulu aparılmışdır. Qeyd olunan yeni ixtisaslar üçün modullar alman mütəxəssislərin iştirakı ilə hazırlanmışdır. İxtisaslar üzrə dərs vəsaitləri British Council, BP şirkətlərinin və BMT-nin İnkişaf fondunun dəstəyi ilə icra olunur.
Hazırda BMT İnkişaf Fondu ilə bağlanmış müqaviləyə əsasən Gəncə ADAU-nun professor-müəllim heyəti tərəfindən peşə məktəbinin müəllim və şagirdlər üçün təlim dərsləri tədris olunur. Yaxın günlərdə bir qrup şagird və müəllim yeni tədris modulları və praktika ilə bağlı Almaniyaya bir neçə günlük ezam olmaları planlaşdırılır. Dərslərin yeni təlim texnologiyalarına uyğun tədris olunması, nəzəriyyə ilə praktikanın əlaqələndirilməsi şagirdlər tərəfindən ixtisasları daha yaxşı mənimsəməsinə böyük stimul yaradır.
Rayonda aparılan quruculuq-abadlıq işlərinin geniş vüsət alması, istehsal və müxtəlif təyinatlı müəssisələrin yaranması burada öz işini bilən gənc və bacarıqlı kadrların işlə təmin olunması üçün zəmin yaradır. Qeyd etmək lazımdır ki, hal-hazırda rayonda aqrar sahə üzrə kadrların hazırlanması qarşıya qoyulmuş mühüm məsələlərdən biridir. Bunun nəticəsidir ki, cari tədris ilində kənd təsərrüfatı profilli ixtisaslara maraq daha üstün olmuşdur.
Yeni tədris ili üçün rayon Peşə məktəbi tərəfindən “Qəbələ Aqrar Tikinti” ASC, “Aqrolizinq” MMC, Aqro Kompleks Qəbələ» MMC, Qəbələ Suvarma Sistemləri idarəsi, Qəbələ Telekommunikasiya Qovşağı, Qəbələ Su-Kanal idarəsi, Qəbələ Kommunal Müəssisələri Kombinatı, “Qəbələnd” əyləncə mərkəzi, Qəbələ Konsrev zavodu və Qəbələ Elektrik şəbəkəsi ilə təcrübə mübadiləsi aparmaq üçün müqavilələr bağlanılmışdır.