Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Respublikasına işgüzar səfərləri çərçivəsində Ukrayna Respublikası Ali Məhkəməsinin sədr müavini Valentin Barbaranın başçılıq etdiyi nümayəndə heyətinin tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfərləri.

12 aprel 2013 | 15:00

Ukrayna Respublikası Ali Məhkəməsinin sədr müavini Valentin Barbaranın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına  işgüzar səfərləri çərçivəsində tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişlər. Səfər çərçivəsində qonaqlar rayonun bir sıra istehsal müəssisələrin fəaliyyəti və bölgənin turizm imkanları ilə yaxından maraqlanmışlar. Qəbələ Konserv zavodunda, "Beltmann" piano fabrikində istehsal prosesini yaxından izləyən qonaqlara müəssisələrin fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksinə baxış keçirən nümayəndə heyətinə məlumat verilmişdir  ki, burada atıcılıq idmanının daha çox yayılan və olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılmışdır. Kompleksin ərazisində olimpiya yarışlarında tətbiq edilən və bütün texniki inventarlarla təchiz olunan sahə də yaradılmışdır. Burada yarışların izlənilməsi üçün ayrıca tamaşaçı bölməsi qurulmuş, nəticələri qeydə alan elektron tablo yerləşdirilmişdir. Bundan əlavə, klubun ərazisində 1200 kvadratmetr sahədə 10 metrlik, 3 min kvadratmetr sahədə isə 25 metrlik tirlər quraşdırılmışdır. Burada uşaq və yeniyetmələr üçün tədris mərkəzi də yaradılmışdır. Ümumilikdə 300 kvadratmetr sahədə silah anbarı, 4,5 hektar ərazidə beş dairəvi və səngər stend atıcılığı meydançası, 4 min kvadratmetr sahədə səkkiz sporting meydançası inşa edilmişdir. Dairəvi və səngər stend atıcılığı avadanlığı Fransadan, sporting avadanlığı İngiltərədən, tir avadanlığı İsveçrədən, elektron tablo isə İtaliyadan gətirilmişdir. Burada idman-ovçuluq ləvazimatı mağazasının fəaliyyət göstərməsi kompleksin özəlliklərindən biridir. Daha sonra nümayəndə heyəti Qəbələ Üzüm emalı zavoduna baxış keçirmişlər. Qonaqların diqqətinə çatdırılmışdır ki, Qəbələ rayonunda da sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Qəbələ üzüm emalı zavodunun əsas məqsədi respublikada geniş yayılmış və qədim tarixə malik şərabçılıq sahəsinin əvvəlki şöhrətinin bərpa edilməsi və Azərbaycan süfrəsinin dünyanın ən gözəl, yüksək keyfiyyətli üzüm növləri və şərab çeşidləri ilə təmin olunmasıdır. Bildirilmişdir ki, müəssisə öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə və Azərbaycan şərabçılarının ənənələrinə əsaslanaraq, üzümün yetişdirilməsindən yüksək keyfiyyətli şərab və konyak məhsullarının buraxılışınadək tam bir istehsal prosesini özündə birləşdirir. Müəssisə üzümçülük tingləri istehsalı və satışı üzrə dünyanın ən qabaqcıl şirkətləri olan İtaliyanın "VİVA Cooperative Rausedo" VCR və Fransanın "Gontard Freres" şirkətləri ilə sıx əlaqə yaradaraq, Qəbələ rayonunda nadir iqlim şəraitinə malik, vaxtilə şərab sənayesinin çiçəkləndiyi yerdə - Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində geniş üzüm sahələri salmışdır. Ərazinin təbii şəraiti, dəniz səviyyəsindən 400 metr yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, illik temperatur göstəriciləri və müxtəlif yerlərdən götürülmüş torpaq nümunələrinin İtaliya və Fransa şirkətlərinin laboratoriyalarında aparılmış analizləri bu yerdə yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən ərazidə əkiləcək üzüm növləri və onların kök sistemləri seçilmişdir. Seçilmiş növlər üzrə yüksək keyfiyyətli üzüm tingləri gətirilmiş və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilmişdir. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınmışdır. Qeyd olunmuşdur ki, üzüm emalı müəssisəsinin illik istehsal gücü 1000 tondur. Zavod İtaliyanın ən məşhur şirkətlərinin avadanlığı ilə təchiz olunmuşdur. Hazırda burada 7 növ (“Chardonnary” ,”Viognier”, ”Syrah”, “Cabernet-Merlot”, “Limited- Release”, “Merlo-Desert”, “Reasling”)  məhsul istehsal olunur. Gələcəkdə 11 növ məhsulun istehsalı planlaşdırılır. Zavodda  bütün məhsullar  yüksək ixtisaslı  xarici mütəxəssislərin  rəhbərliyi ilə istehsal olunur və yoxlanılır. Şərablar bütün müəyyən olunmuş normalara riayət edilməklə zirzəmidə palıd çəlləklərdə saxlanılır ki, bu da ona əlavə ətir verir. İstehsal olunan şərab məhsulları bir çox dövlətlərə ixrac olunur. Şərabların gələcəkdə Ukrayna, İtaliya, İsveç kimi ölkələrə ixrac edilməsi də planlaşdırılır. Müəssisənin anbarıda minimum silkələnmə, ciddi şəkildə müəyyənləşdirilmiş temperatur, rütubət və işıqlandırma, zəruri mikromühit mövcuddur. Məhsullar Fransadan və İtaliyadan alınan yüksək keyfiyyətli palıd çəlləklərdə və çənlərdə saxlanılır. Məhsulun belə çəlləklərdə saxlanması bərk zərrəciklərin çəlləyin dibinə çökməsinə səbəb olur ki, onları da oradan təmizləmək asanlaşır. Bundan əlavə, palıd çəlləklərdə saxlanılan əksər şərablar sadə içkini nəfis şəraba çevirməyə qadir xüsusi ətir verir. Zavodda ən müasir avadanlıqla təchiz edilən laboratoriya yaradılmışdır. İstehsal olunan məhsullar İngiltərədən alınan və  MDB məkanında yalnız bu müəssisədə quraşdırılan lazer analiz aparatı ilə yoxlanır. Bu aparat kimyəvi preparatlarsız işləyir və bir dəqiqə ərzində şərabın və ya üzüm şirəsinin 24 parametrini maksimal dəqiqliklə müəyyən etməyə imkan verir.  Rayonun turizm obyektləri ilə yaxından tanış olan qonaqlar Qəbələnin güclü turizm potensialının olduğunu vurğulamışlar. Nümayəndə heyəti ölkəmizin sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan infrastrukturun, sürətlə iqtisadiyyatımıza verəcəyi töhfələri yüksək qiymətləndirmiş və Qəbələyə səfərlərindən məmnunluqlarını bildirmişlər.

Keçidlər