Qəbələ TKQ-da 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Qəbələ Telekommunikasiya Qovşağında 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib. İlk öncə toplantı iştirakçıları Azərbaycan xalqının milli müstəqilliyi uğrunda qurban getmiş şəhidlərin əziz xatirələrin bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra tədbiri Qəbələ TKQ-nın rəisi Etibar İsayev açaraq bildirib ki, Azərbaycan xalqı 1990-cı ilin qanlı yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. 20 Yanvar hadisələri xalqımızın 1988-ci ildə başlanan milli azadlıq hərəkatının kuliminasiya nöqtəsi idi. SSRİ-nin ali dövlət hakimiyyəti orqanları Azərbaycan xalqının suveren hüquqlarını qorumaq sahəsində konstitusiya öhdəliklərini yerinə yetirmədi. Bu da 1988-ci ildə respublikanın ərazi bütövlüyünün müdafiəsi uğrunda kütləvi xalq hərəkatının yaranmasına gətirib çıxardı. Digər tərəfdən Azərbaycanın o vaxtkı siyasi rəhbərliyinin tam çaşqınlığı, xalqla əlaqəsinin itməsi, müstəqilliyinin olmaması onun iflasını və hakimiyyətsizliyini labüd etmişdi. Beləliklə, yanvarın 19-dan 20–nə keçən gecə Azərbaycanın o vaxtki satqın rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə ölkəmizdə kommunist rejimini saxlamaq məqsədilə Bakıya 15000 nəfərlik ordu yeridildi. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 147 mülki vətəndaş öldürülmüş, 700 nəfərdən çox insan yaralanmış, 321 nəfər isə itkin düşmüşdür. Qeyd olunmuşdur ki. öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın və uşaq var idi.
Toplantıda çıxış edənlər diqqətə çatdırdılar ki, 20 Yanvar Azərbaycan xalqının təkcə faciə günü yox, həm də tariximizin qanla yazılmış şərəfli səhifəsidir. 20 Yanvar şəhidləri millətin qeyrət rəmzidir. Bu qeyrəti, vüqarı həmişə uca tutmaq bizim borcumuzdur. 20 Yanvar tarixində baş verən hadisələr xalqımızın milli qürur hissini daha da formalaşdırdı. İndi biz müstəqilliyimizi, azadlığımızı qorumalı və daha da möhkəmləndirməliyik.