Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr hesabat yığıncağında müzakirə olunub.

10 fevral 2017 | 16:00

Qəbələ rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsi önünə tər güllər düzmüşlər.
Daha sonra Qəbələ Mədəniyyət Mərkəzinin foyesində sosial-iqtisadi inkişafı əks etdirən stendlərin və rayonda istehsal olunan məhsulların sərgisinə baxış keçirilmişdir. Mərkəzin tamaşaçı zalında təşkil olunan hesabat yığıncağını rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev  açaraq 2016-cı ildə Qəbələ rayonunda sosial-iqtsadi sahədə görülmüş işlər barədə ətraflı məruzə etmişdir. Qeyd olunmuşdur ki, 2016-cı il ərzində rayonda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 203.736 min manatlıq məhsul  istehsal  edilmiş, ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı 219,0 min manat, yaxud 0,1 % artmışdır. Bildirilmişdir ki, keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə  2.978 min manat, yaxud 12,9 %, kənd təsərrüfatında 5.746,0 min manat, yaxud   9,4 %, nəqliyyatda 57 min manat, yaxud  1,6 %,  ticarətdə 489 min manat, yaxud 1,8 % artmışdır. Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 1.951 manat təşkil etmişdir. Rayonda İl ərzində sənaye müəssisələrində çalışan 1.039 nəfər işçinin orta aylıq nominal əmək haqqı 334 manat olmuşdur. İl ərzində əsas kapitala yönəlmiş investisiyanın həcmi 80.016,4 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 78.607,6 min manat təşkil etmişdir. 2003-cü ilin oktyabr ayından 1 yanvar 2017-ci ilədək Qəbələ rayonunda 13.266-sı daimi olmaqla, 15.065 yeni iş yeri açılmışdır. Hesabat ili ərzində açılmış yeni iş yerlərinin sayı 1.393 olmuşdur. Diqqətə çatdırılmışdır ki, hər il olduğu kimi ötən ildə rayonda tikinti-quraşdırma və abadlıq işləri  uğurla həyata keçirilmişdir. Belə ki, 2016-cı il ərzində Qəbələ rayonunda YAP Qəbələ Rayon Təşkilatının inzibati binası, Xizəkçilik Mərkəzi və “Tufandağ” Oteli, Qəbələ Park-Bulvar Kompleksi, Dəmiraparan çayı üzərində 324 p/metrlik 10 aşırımlı dəmir-beton körpü,  Qəmərvan çayı üzərində 36 p/metrlik 1 aşırımlı dəmir-beton körpü,  Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi,  “Asan xidmət”in inzibati binası,  100 yerlik uşaq bağçası, Nohur gölü ərazisində Shenot Palace Health Wellnes Hotel Sanatoraiya Kompleksi, “Tufandağ” kanat yolunun “ Yatmış Gözəl” məntəqəsində restoran binası obyektlərində tikinti işləri başa çatdırılmış və həmin obyektlər istismara verilmişdir.  Bununla yanaşı Qəbələ Rayon Məhkəməsinin inzibati binası və Qəbələ Rayon Kənd Təsərrüfatı idarəsinin inzibati-laboratoriya binası obyektlərində tikinti quraşdırma işləri başa çatdırılmış, Soltannuxa kənd uşaq bağçası əsaslı təmir edilmişdir. Ötən il ərzində şəhərin Muxtar Abduyev küçəsindəki 11 ədəd beşmərtəbəli yaşayış binalarında cari təmir işləri, Heydər Əliyev prospektindəki beşmərtəbəli binaların həyətində,  28 May və Vahid Qəhrəmanov küçələrində, eləcə də şəhər 5 nömrəli tam orta məktəbin arxa hissəsindəki küçədə əsaslı təmir işləri görülmüşdür. Tikintisi yarımçıq qalmış “Qafqaz Aqua Land” Hotel, “Qafqaz Diamond Aquapark”, Qolf kompleksi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binası, Qəbələ Rayon Prokurorluğunun inzibati binası, Gömrük Akademiyasının inzibati binası, Qəbələ Peşə Məktəbi, Atçılıq mərkəzi sahəsində və Qəbələ şəhərinin içməli su və kanalizasiya sisteminin yenidənqurulması obyektlərində inşaat işləri davam etdirilir. Hazırda Qəbələ şəhərində yeni xalça toxuculuğu müəssisəsinin tikintisinə və Muxtar Abduyev küçəsində 5 ədəd 5 mərtəbəli binaların dam örtüklərinin dəyişdirilməsi işlərinə başlanılmışdır. Toplantıda çıxış edənlərdənQəbələ regional “ASAN xidmət” mərkəzinin direktoru Əbdül Əliyev, Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktoru, Bilik Fondunun rayon üzrə təmsilçisi Təranə Səlimova, sahibkar Oqtay Əzizov, ailə fermer təsərrüfatının rəhbəri Aydın  Mirzəliyev, fəal gənc Aynur Qədirova çıxış edərək fəaliyyət göstərdikləri sahələrdə əldə olunan uğurlardan söz açmışlar. Daha sonra hesabat yığıncağında çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Ulu öndər Heydər Əliyevin Azərbaycanda rergionların inkişafına daim böyük önəm verdiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir. Toplantıda Respublikanın bu günkü hərtərəfli inkişafından söz açılaraq qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi Qəbələ rayonunda da geniş abadlıq- quruculuq işləri həyata keçirilir. Yollar təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidənqurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir. Yığıncaqda çıxış edən Prezident Adminstrasiyasının nümayəndəsi Rüfət Əliyev 2016 -cı ildə görülən işlər və qazanılan nəaliyyətlər barədə ətraflı məlumat vermişdir. Hesabat yığıncağında  Ölkə başçısının tövsiyə və tapşırıqlarına uyğun  olaraq, qarşıda duran vəzifələr təhlil olunmuş, qarşıda duran vəzifələrin həyata keçirilməsinin təmin olunması üçün müvafiq qərar qəbul edilmiş, yığıncaq iştirakçıları adından Ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlanmışdır. Sonda rayonun sosial-iqtisadi inkişafında fərqlənən bir qrup şəxsə fəxri fərman və qiymətli hədiyyələr, Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan gənclərə isə YAP üzvlük vəsiqələri təqdim olunmuşdur.

Keçidlər