Qəbələ məktəbliləri tur-aksiya çərçivəsində respublikamızın qərb bölgəsi ilə yaxından tanış olacaqlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində martın 23-də Qəbələ rayon məktəblilərinin Gəncə şəhərinə, Şəmkir və Göygöl rayonlarına yola salınması mərasimi olub. Qəbələ şəhərində, Heydər Əliyev parkında təşkil olunan yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova ölkə rəhbərinin tapşırığına əsasən təşkil olunan aksiyanın əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir. Mərasimdə rayon təhsil şöbəsinin müdir müavini Yaşar Nəzirov çıxış edərək diqqətə çatdırıb ki, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Toplantıda Zarağan kənd 1 saylı tam orta məktəbin XI sinif şagirdi Dünya Rəsulzadə çıxış edərək indiyədək respublikamızın bir çox bölgəsində olduğunu bildirib. “Bu tur-aksiyada isə şagird dostlarımla birgə ilk dəfədir ki, Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının təbiəti, görməli yerləri ilə tanış olacağam. Səfər zamanı ölkəmizin tarixi, adət-ənənələri, inkişafı barədə zəngin məlumatlar toplayacağıq”. Daha sonra 40 nəfər tur-aksiya iştirakçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər. Maarifləndirici tur aksiyanın təşkil olunması üçün rayon icra hakimiyyəti tərəfindən qərargah yaradılıb. Rayon icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Zahir Kərimov qrupa rəhbər təyin olunub, şagirdlərə xüsusi geyimlər paylanılıb. Yolasalma mərasimində iştirak edən valideynlər və məktəblilər ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Sonda tur-aksiyada iştirak edən şagirdlər musiqi sədaları altında onlar üçün ayrılmış xüsusi avtobusla Gəncə istiqamətinə yola düşüblər.