Qəbələdə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya başa çatıb.
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada iştirak edən Tovuz, Qazax, Göyçay, Daşkəsən, Ağstafa məktəblilərindən ibarət 5 qrupun üzvləri martın 26-da Qəbələ rayonundan yaşadıqları rayonlara yola düşüblər. Rayon icra hakimiyyətlərinin və təhsil şöbələrinin məsul işçiləri tərəfindən yola salınan tur-aksiya iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Sonra “Qafqaz Karvansaray” otelinin qarşısından şagirdləri yaşadıqları rayona aparan avtobus karvanı yola düşüb. Ümumilikdə 225 məktəbli tur-aksiyanın proqramına uyğun olaraq, martın 16-19-da Qəbələ rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm obyektləri, tarixi-mədəni abidələri haqqında məlumat verilib.Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub. Ekskursiya zamanı gözəl təbiət qoynunda istirahət edən, mənzərəli guşələrdə xatirə şəkilləri çəkdirən məktəblilər Qəbələdən xoş təəssüratlarla ayrılıblar.