“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyası Qəbələ rayon məktəblilərinin xoş xatirələri və zəngin səfər təəssüratları ilə başa çatıb.
23 – 26 mart tarixlərində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Qəbələ rayon məktəblilərindən ibarət IX-XI sinif şagirdləri, eləcə də onları müşayiət edən qrup rəhbərləri və müəllimlər aksiya çərçivəsində Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illər şəhərdə inşa edilən turizm, istirahət və sosial obyektləri ilə yaxından tanış olmuşlar. 24 mart tarixdə məktəblilər Gəncə şəhərində böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi, Nizami Gəncəvi Muzeyi, İmamzadə Dini Memarlıq Kompleksi, Şah Abbas Məscidi, Çökək Hamam, Uğurlu xan Karvansarayına baxış keçirmiş, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan türbəsi, Açıq səma altında muzeyi xatırladan Cavad xan küçəsi, Məhsəti Gəncəvi adına Mərkəzə Gəncə çayı ətrafında yeni istifadəyə verilmiş Bulvar Kompleksi ilə yaxından tanış olmuşlar. Növbəti gün 25 mart tarixdə Qəbələ rayon məktəbliləri Şəmkir rayonuna səfər etmişlər. Aksiya iştirakçılarını Heydər Əliyev Mərkəzinin qarşısında Şəmkir rayon icra hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov qarşılayıb. Daha sonra məktəblilər Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini əks etdirən fotoşəkillərə, Ümummilli Liderə həsr olunan kitablara baxıblar. Məlumat verilib ki, mərkəzdə Ümummilli Lider Heydər Əliyevin müxtəlif vəzifələrdə olduğu dövrlərdə işlədiyi kabinetlərin və iş otaqlarının bənzərləri yaradılıb.Şəmkir rayonunda olduqları müddət ərzində rayon məktəbliləri Heydər Əliyev Mərkəzi, Şəmkir qalası, Bayraq Muzeyi, Alman Lüteran kilsəsi və Zəka Gənclər Mərkəzi ilə yaxından tanış olmuşlar. Günün ikinci yarısı tur-aksiya iştirakçıları Göygöl rayonuna gəliblər. Məktəbliləri şəhər mərkəzində Göygöl rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri - RİH başçısının müavini Kəmalə İbrahimova, rayon mədəniyyət və turizm şöbəsinin əməkdaşları, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri qarşılayıblar. Göygöl şəhərinin mahnı və rəqs kollektivləri məktəblilər qarşısında maraqlı musiqi proqramı ilə çıxış ediblər. Daha sonra tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, Bayraq muzeyi, Gənclər Mərkəzi və Alman evləri ilə yaxından tanış olublar. Göygöllə tanışlıqlarını başa vuran tur-aksiya iştirakçıları daha sonra Gəncə şəhərinə geri dönmüşlər. Daha sonra axşam saatlarında “Ölkəmizi tanıyaq” layihəsinin Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə maarifləndirici tur-aksiyasına qoşulan şagirdlər üçün Gəncə şəhərində Ramada Plaza oteldə “Nə? Harada? Nə zaman?” adlı intellektual yarış təşkil edilib. Yarışda Abşeron, Şəki, Şamaxı, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının məktəbliləri iştirak ediblər.
Əvvəlcə şagirdlər hər birində 6 nəfər olmaqla müxtəlif komandalara bölünüblər. On iki komandanın mübarizə apardığı turnirdə iştirakçılara müxtəlif sahələrə aid 20 sual təqdim olunub. İntellektual yarışda İsmayıllı rayonunun “Niyal” komandası birinci, “Babadağ” komandası isə ikinci yerə sahib olub. Qəbələ rayonunun “Qədim Qəbələ” komandası isə üçüncü yeri tutub. Qaliblərə münsiflər heyəti tərəfindən kubok və diplom, yarış iştirakçılarına sertifikatlar verilib. Həmçinin yüksək nəticə göstərən komandalara Qəbələ rayonundan qoşulan iştirakçılar tərəfindən qiymətli hədiyyələr təqdim olunub. Maarifləndirici tur-aksiyanın son günü 26 mart tarixdə “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları nəcib təşəbbüsə də qoşulublar. Onlar Heydər Əliyev Park Kompleksinin ərazisində xatirə olaraq ağac əkiblər. Beləliklə, Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə maarifləndirici tur-aksiyası Qəbələ rayon məktəblilərin xoş xatirələri və zəngin səfər təəssüratları ilə başa çatıb.