Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gənc rəssam Dilbər Tahirovanın sərgisi açılıb.

10 aprel 2017 | 16:00

Qəbələ rayonundan olan gənc və istedadlı rəssam Dilbər Tahirovanın “İslam Həmrəyliyi İli”nə və IV İslam Həmrəyliyi Oyunlarına həsr edilən fərdi sərgisi açılıb. Qəbələ Mədəniyyət Mərkəzində təşkil edilən rəsm və əl işlərindən ibarət sərginin açılış mərasimində ölkənin tanınmış ziyalıları, Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, gənclər iştirak ediblər. Mərasimdə Qəbələ rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri- RİH başçısının müavini Ətayə Osmanova, filologiya elmləri doktoru, professor Abid Tahirli, İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsinin Qəbələ rayonu üzrə nümyəndəsi Nargilə Qafarova, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Namiq Muradov çıxış edərək, “İslam Həmrəyliyi İli” ilə əlaqədar təşkil edilən sərginin əhəmiyyətindən danışıblar. Natiqlər sərgidə sülhü, İslam birliyini, barışığı, təbiəti tərənnüm edən əl işlərini yüksək qiymətləndiriblər. Qeyd edilib ki, bir neçə gündən sonra ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarına start veriləcək. İxtisasca müəllim olan Dilbər Tahirovanın sərgilədiyi əl işlərində bu beynəlxalq idman tədbirinə də böyük önəm verməsi xüsusi vurğulanıb. Bildirilib ki, sərgi Qəbələ sakinlərinin və rayona gələn turistlərin böyük marağına səbəb olacaq. Sərgidə rəngkarlıq, tikmə, oyma, kətan üzərində rəsm əsərləri, dekorativ tətbiqi sənət nümunələri nümayiş etdirilir. Gənc və istedadlı rəssam Dilbər Tahirova çıxış edərək bildirib ki, uşaq yaşlarından rəsm çəkməklə, toxuma əl işləri və müxtəlif suvenir əşyalar hazırlamaqla məşğuldur. O, “İslam Həmrəyliyi İli” və gələn ay ölkəmizdə keçiriləcək mühüm beynəlxalq tədbir - IV İslam Həmrəyliyi Oyunları ilə bağlı fərdi sərgisinin açılışına qatılanlara təşəkkürünü bildirib. D.Tahirova sərgidə 70-ə yaxın rəsm əsəri və digər maraqlı əl işlərini təqdim etdiyini deyib: “Bu, mənim ilk fərdi sərgimdir. İndiyədək əl işlərim rayonda keçirilən bir çox sərgilərdə nümayiş olunub. Fərdi sərgimə xeyli vaxtdır ki, hazırlaşırdım. Ümid edirəm ki, əl işlərim hamının marağına səbəb olacaq”. Sonra rəsm əsərləri ilə tanışlıq olub. Sərgidə Dilbər Tahirovanın yağlı boya ilə müxtəlif mövzularda çəkdiyi şəkillər, eləcə də balıq qulaqlarından, şüşədən, taxta və daşdan hazırladığı qeyri-adi əl işləri maraqla qarşılanıb.

 

Keçidlər